Salam, hamımızın doğması Qərib

     

Ötən əsrin 60-cı illərində qədim Gəncədə yaşayıb-yaradan Qərib Mehdinin "Qərib hey…" adlı səmimi silsilə hekayələri ədəbi ictimaiyyətin diqqətini çəkmişdi. Az keçməmiş onun "Rast" povesti işıq üzü gördü. Tezliklə Qəribin ədəbi boyartımı çox uğurlu qələm nümunələri hesabına kifayət qədər göründü. "İşıq", "Yaralı mərmər", "Təmiz hava", "Səndən sonra", "Qəhqəhə", "Kentavr-lətifələr", "Gül əvəzinə söz" və s. kitabları işıq üzü gördü. Müxtəlif illərdə, ömrünün ayrı-ayrı yolayrıcında yazılıb işıq üzü görən bu maraqlı kitablarla tanışlıq zamanı yetirməsi İlham Məmmədlinin dediyi kimi, baxıb görürəm sənətə, qələmə Qərib Mehdi həqiqətinin meyarı dəyişməyib. Bütün zamanlarda sözü vicdanına Tanrı olan bu istedadlı qələm adamı həqiqət axtarışı yolçuluğuna vəfalı qalıb.

Bəri başdan deyim ki, Qərib bir qələm adamı, şəxsiyyət kimi mənim ruhuma yaxın, həssas, eyni dərəcədə də zərif bir yazıçıdı. Onunla ilk ünsiyyətim "Qərib hey…" hekayələr silsiləsindən başlayır. O zaman rəhmətlik Cəlal Məmmədov bu hekayəni çox bəyənmiş, rəhbərlik etdiyi jurnalda bu silsilə hekayələrə yaşıl işıq yandırmışdı. Söhbət düşəndə ürək genişliyi, heyranlıqla deyirdi: "Balam, zalım oğlu yazıb də!" Təbii ki, bu "zalım oğlu" sözünün içindən keçən rəğbət, həmrəylik o zaman çox sayda qələm adamının həmin hekayəyə və müəllifə olan rəğbətini ifadə edirdi. Həmin illərdə Teleradioda mənimlə bərabər çalışan şair Gəray Fəzli də Qəribin bu qələm nübarlarından bərk təsirlənmişdi, onunla yaxın ünsiyyəti də elə həmin əsərlərlə başlamışdı. Görkəmli yazıçı Mir Cəlal çox geniş ürəklə, səxavətlə "Gənclik" nəşriyyatında çapı nəzərdə tutulan kitabının iki çap vərəqi hesabına Qərib Mehdinin ilk hekayələr toplusunun buraxılmasını xahiş etmişdi. İndi könül rahatlığı ilə xatırlayıram ki, o zaman Qəribin bir neçə hekayəsi mənim və Gəray Fəzlinin seçməsində ekrana yol tapdı, radioda səsləndirildi. Çox-çox sonralar o, içdən gələn bir səmimiyyətlə, yarı zarafat-yarı gerçək, deyərdi ki, əgər həmin vaxtlarda hekayələrim televiziyaradiodan yayımlanmasaydı və rəhmətlik qayınatam, qaynım o verilişləri görməsəydilər, mənim ailə həyatımın tufanına heç bir sahil-filan tab gətirməzdi, siz məni o tufandan xilas etdiniz.

Əlbəttə, bu səmimi etirafı doğuran xatirələr çox uzaqlarda qalıb. İndi o, peşəkar bir yazıçı olaraq öz imzasını ədəbi aləmdə yetərincə təsdiqləyib, əməkdar jurnalist, BMT-nin ədəbiyyat üzrə təsis etdiyi beynəlxalq "Şərəf və vicdan" ordeninin sahibi, Məmməd Araz mükafatçısı kimi ləyaqətlə qələm işlədib, ədəbi aləmdə neçə-neçə yetirməsinin sənət uğurlarının nəşəsini dadıb. O, ədəbi uğurlarına dəstək olduğu Aydın Murovdağlının "Kişilər üzərrik olub yandı ki, Səni bədnəzərdən qorusun, Vətən" misralarının ünvanlarından biri kimi həmişə ədəbi gəncliyin yanında olub, qayğıkeşliyini, təcrübəsini onlardan əsirgəməyib. Bu, hər şeydən əvvəl ondan irəli gəlir ki, Qərib Mehdi öz yetirmələrinin də dönə-dönə yazıb nəzərə çatdırdıqları kimi, həmişə ədəbiyyat üçün yaşayan, onun yelinə uçan adam olub, sözün haqqını qorumaq yoluyla gedib. Çağdaş ədəbi həyatımızda özünəməxsus imzaları ilə seçilən Musa Urud, Qəşəm Nəcəfzadə, Sərvaz Hüseynoğlu, Elçin İsgəndərzadə, Mahir Rəfizadə, Xəzangül, Valeh Bahaduroğlu, Xosrov Natil, çox istedadlı şəhid şairimiz Nizami Aydın, Hüseyn Əsgəroğlu, Elçin Məmmədov, Fərruxə Pərişan, Firəngiz İdrisqızı, Gülafət və başqaları dönə-dönə, ürəkdən gələn bir səslə vurğulayıblar ki, bizim ədəbiyyatla, daha doğrusu, içimizlə ilk tanışlığımız Qərib Mehdi ilə başlayıb. Öz növbəsində, Q.Mehdi də yetirmələrinin ədəbi boyartımlarını obyektiv ustad nəzərlərilə həmişə diqqət mərkəzində saxlayıb, kölgəsini əsirgəməyib, "nə yoğurub - nə yapdığının" fərqində olub, doğru münasibətini həssaslıqla ortaya qoyub. Bu mənada, o, ədəbi ata, xeyirxah missiyasına yetərincə sadiq qalıb. Yetirməsi Vüsal Hicranın:

 

Daşı daşıyıram, çəki çəkirəm,

Şuşanı, Dərbəndi, Ərki çəkirəm,

Kağızda bir Araz şəkli çəkirəm,

Mən Vətən şeri yaza bilmirəm.

 

yaxud, "Dərdini çəkməkdən başım ayılmır - mən Vətən şeiri yaza bilmirəm" misralarının poetik tutumunu ürək genişliyilə təqdir edən Qərib, eyni zamanda da ədəbi xeyirxahları heç zaman yaddan çıxmaz Fəridə Əliyarbəylinin, Altay Məmmədovun unudulmaz yaxşılıqlarını bir örnək kimi sərgiləyir, istedadlı qələmdaşları Məmməd Alim, Bahadur Fərman, Sahib İbrahimli, Əhməd İsayev, Nüşabə Məmmədli, Məzahir Hüseynzadə, Rübail, İnqilab İsaq, Ələsgər Əlioğlu Vaqif Qoca haqqında eyni səmimiyyətlə söz açır, onların sənət uğurlarına münasibət bildirir. Onun bu səpkidə qələmə aldığı maraqlı məqalələri "Xatırlamaq xoşbəxtliyi", "Əlim çatan, ünüm yetən sənətçilər", "Gül əvəzinə söz" kitablarında geniş yer alıb. Bu kitabların araya-ərsəyə gəlməsinə əsas səbəb böyük bir zaman kəsiyində məmləkətimizin yaradıcı insanlarının şəxsi keyfiyyətlərinə və sənət sirlərinə doğru bucaqdan nəzər yetirmək olub. Əsasən Gəncədə yaşayıb-yaradan sənət adamlarını daha yaxından tanımaq üçün Qəribin yazdıqları maraqlı, nəzərçəkən örnəklərdi. Gəncə örnək olan ziyalılığın ümumi mənzərəsi Q.Mehdi yaradıcılığında parlaq şəkildə öz əksini tapıb. O, doğru olaraq vurğulayır ki, sənətə tez də gəlmək olar, gec də: "Sənətin necəliyini tələsənlər və ya gecikənlər həll etmirlər. Sənətin meyarında kamillik və zəriflik əsas rol oynayır".

Bu meyar Qəribin öz sənət yolunu da dolğun şəkildə əhatə edir. Razılıq doğuran cəhətlərdən biri odur ki, onun yaradıcılıq diapazonu məhdud deyil, əlvan janr müxtəlifliyi ilə yadda qalır.

Çox təəssüflənirəm, iş-gücün çoxluğu, həyat qayğıları haradasa məni Qərib Mehdi yaradıcılığından bir az uzaq salmışdı. Nə yaxşı ki, bu yaxınlarda (ötən ilin lap son aylarında) "525-ci qəzet"də onun xalq yazıçısı Elçinin yaradıcılığından bəhs edən, böyük ürək genişliyiilhamla yazılmış, bu görkəmli yazıçının yaradıcılığına dərindən bələdçiliklə diqqəti çəkən maraqlı məqaləsini həvəslə oxudum, uzaqdan-uzağa olsa da, ürəyimin dərinliyində "sağ ol, ay Qərib, yaxşı ki, qələmin qocalmayıb, əvvəllərdə olduğu kimi, yenə də şirin yazırsan" - deyə sevindim. Eyni zamanda Gəncədə Qərib müəllimlə olan görüşlərim, evində qonaq kimi qarşılandığım an gəlib gözlərim önündən keçdi. O görüş, söhbət əsnasında da Qərib müəllim daha çox yetirmələrinin uğurlarından söz açdı, ala gözləri onlara boylanırmış kimi, ətrafına dolandı. Sevinirdim, həm də təəccüb dolusu bir heyrətlə görürdüm ki, o, yetirmələrinin ayrı-ayrı keyfiyyətlərini, yaradıcılıq imkanlarını necə dəqiqliklə, həssaslıqla yəqinləşdirə bilmişdi. Məsələn, vaxtilə rəhbərlik etdiyi "İlham" ədəbi birliyinin fəal üzvləri olmuş Q.Nəcəfzadə və S.Hüseynoğlu haqqında deyirdi: "Qəşəm hərdən heç nəyi nəzərə almayan çılğın, hərdən məqsədi ardıcıl izləyən praqmatikdir. Sərvaz adlı çayın sahilləri narahatlıq keçirmir, arxayın sahillər yaxşı bilirlər ki, bu dumduru çay azğın selə çevrilib ətrafı fəlakətə düçar etməyəcəkdir. Birincinin yaradıcılığında hiss, digərində ağıl, məntiq aparıcıdır". Bu dediklərini o, "Gül əvəzinə söz" kitabında da yazıb. Əslən bərəkətli Muğandan olan bu iki qələm adamı ilə ədəbi məclislərdə, müzakirələrdə, yerimdə hər dəfə üz-üzə gələndə Qəribin ustad müşahidələri yenidən yadıma düşür, gülümsünüb soruşuram ki, Qərib müəllimlə əlaqə saxlaya bilirsinizmi, necədi?

"Nasirin şeir bağçası"ndan çap etdirdiyi bir şeirində "Zərif kəpənəyəm, çıxmışam yola, siz Allah dəyməyin qanadlarıma" - deyən və bu kövrəkliklə yazıb-yaradan qələm dostum ömrün 75 yaşına sənət uğurları ilə qol-qola yetişib. Hələ də qəlbinin gəncliyi yazdıqlarında ifadə olunur.

 

 

Nahid HACIZADƏ

 

Ədəbiyyat qəzeti.- 2012.- 27 yanvar.- S.6.