"Qarabağ
şikəstəsi"nin sədası
Çağdaş Azərbaycan nəsrinin
tanınmış nümayəndəsi Qərib Mehdinin bu günlərdə
"Vektor" Beynəlxalq Elm Mərkəzi tərəfindən çap olunmuş yeni kitabı "Qarabağ
şikəstəsi" adlanır.
Xalqın
dərdlərini musiqi dili
ilə söyləyən "Qarabağ
şikəstəsi"nin adı təsadüfən bir hekayənin adından bir
kitabın adına çevrilməyib. Müəllifin bu kitabdakı "Qarabağ
şikəstəsi" adlı hekayəsində xalqın torpaq dərdi, Vətən həsrəti orijinal bir tərzdə əks
olunmuşdur.
Kitabda toplanan
4 povest və 4 hekayənin mövzuları
nə qədər rəngarəng olsa da, onların hamısını bir xətt birləşdirir: şəxsiyyət
və cəmiyyətin qarşılıqlı münasibətinin
əks olunması.
Müəllifin
30 illik müşahidələrinin məhsulu
olan, redaksiya
işçilərinin həyatından bəhs edən "Nekroloq", cəmiyyəti bir
şirkətin timsalında təsvir edən
"Altıbarmaq", ali məktəbdə
müəllim və təcrübəli mütəxəssis olan Məmmədağa Əlizadə
haqqında
"Sona
yaxın", mövzusu adından məlum
olan "Yazıçı Altay Məmmədovu xatırlayarkən"
povestləri, "Qarabağ şikəstəsi",
"Dəyişmə", "Kürsü
bülbülü", "Elçi daşı" adlı sənədli
hekayələri maraq doğuran
məziyyətləri ilə seçilir.
Onların hər birində müəllifin orijinal
deyim tərzi, obrazları uzunmüddətli
müşahidələrin nəticəsi kimi
bədii ümumiləşdirmə ilə təsvir etməsi
diqqəti cəlb edir.
"Qarabağ şikəstəsi", "Sona yaxın" əsərlərində
kövrək notlar özünə yer tapır, "Altıbarmaq" povesti və "Elçi
daşı" hekayələri isə Qərib Mehdi lirizmi ilə
satirasının qovuşuğunun yeni nöqtələrini təşkil edir. Bu əsərlərin
birində palaza bürünüb
ellə sürünən kütləyə qarşı duran yeganə insan, digərində
isə xalqın dərd və qəzəbini özündə
cəmləşdirən daş bədii obraz səviyyəsinə yüksəlir. "Dəyişmə" və "Kürsü bülbülü"
hekayələrində müəllif kinayəli təsvir tərzini
axıradək ustalıqla aparsa da, "Altıbarmaq" və "Elçi daşı"nda kinayə qəzəblə
birləşir, sarkazma dönür
və bir də sətirlər
arxasından müəllifin acı göz
yaşları sezilir. Bu
görünməyən, hadisələrin inkişafı
gedişində oxucu tərəfindən
sezilən göz yaşları çox acı və
yandırıcıdır. Bununla belə,
müəllifin qəhrəmanları məğlub deyillər:
onların Günəşə doğru
addımları qəti və inamlıdır
("Altıbarmaq"), qəzəbləri mənfilikləri
məhvə məhkum etmək qüvvəsinə malikdir ("Elçi
daşı").
Firəngiz
İDRİSQIZI
Ədəbiyyat
qəzeti.- 2012.- 27 yanvar.- S.6.