Xalqdan qidalanan fəlsəfi təfəkkür

     

Otuzuncu illərin əvvəllərində tale bizi rastlaşdırmışdı. O illər isə ölkənin həyatında maraqlı və mürəkkəb illərdən idi. ...Yeni həyat, yeni iqtisadiyyat və yeni sənaye uğrunda qızğın mübarizə gedirdi. Lakin bu mübarizə çox ziddiyyətli idi.

Kütləvi repressiyalar, "xalq düşməni" adı ilə milyonlarla insanların həbsi, sürgünlərə göndərilməsi, məhv edilməsi ilə nəticələnən ictimai-siyasi irtica baş qaldırmaqda idi. O dövrdə biz gəncləri ən çox narahat edən kəndlərdə baş verən qanlı hadisələr, "qolçomaq" adı ilə yüz minlərlə adamın sürgün edilməsi idi. Lakin ölkədə başlanmış sənayeləşmə və mədəni yüksəliş Stalinin adı ilə bağlandığından, həbslər, sürgünlər haqq işi kimi qələmə verildiyindən biz gəncləri çaşdırırdı, rəyimizi açıq bildirməkdən çəkinirdik. Ancaq bir-birilə çox yaxın olan, ürəkdən bir-birinə inanan gənclər öz aralarında düşündüklərini deməkdən çəkinmirdilər. Heydər Hüseynov, Səməd Vurğun, Rəsul Rza, Mikayıl Müşviq belələrindən idi.

Mən texnikumu bitirdikdən sonra bir müddət mədənlərdə işləyib Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun hazırlıq kursuna qəbul olundum. Heydər Hüseynovla, Məmməd Ariflə, Rəsul Rza ilə, Səməd Vurğunla tanışlığım da bu dövrdə başlandı. O zaman mənim ilk hekayə və şeirlərim mətbuatda çap olunduğundan Heydər Hüseynov birinci görüşümüzdəcə ədəbiyyatdan söhbət saldı:

- Yazıçılıq, şairlik böyük sənətdir, - deyib gözümün içinə baxdı və əlavə etdi, - böyük əmək, istedad və qabiliyyət istəyir.

Bu sətirləri yazıram və xəyal məni o dövrə aparır. Axı onda Heydərə heç bir söz demədim. Çünki heyrət məni almışdı. İlk qələm təcrübələrimin kiminsə diqqətini cəlb edə biləcəyi barədə düşünməmişdim.  Ancaq yadımdadır ki, biz, yəni o dövrün gəncləri oxumağı çox sevirdik. "İnqilab və mədəniyyət" jurnalının növbəti nömrəsini səbirsizliklə gözlər, tapıb oxuyardıq. Arı güllərin, çiçəklərin şirəsini soran kimi biz də mətbuatı, kitabları oxuyur və öz aramızda müzakirə edirdik.

Heydər Hüseynovu mən bu cəhətdən də yeni nəsillərə nümunə sayıram. O zaman mənə elə gəlirdi ki, o ömrünün bir saatını belə boş keçirmir - oxuyur, düşünür, yazırdı. O, həm filosof, həm də ədəbiyyatşünas idi. Əslinə baxanda burada təəccüblü bir şey yoxdur. Neçə dəfə onunla bu barədə söhbət etmişdik. O deyirdi: "fəlsəfə elmini özünə əsas ixtisas seçən bir adam bədii ədəbiyyatsız keçinə bilməz. Çünki obrazlı təfəkkürsüz cəmiyyətin həyatına nufuz etmək olmaz, fəlsəfi təfəkkürsüzsə insanı olduğu kimi təsəvvür etmək mümkün deyil. Bədii əsərlərin zəifliyini, uca zirvələrə qalxa bilməməsini müəllifin dayaz, səthi idrakı ilə izah edənlər məncə, haqlıdırlar". Heydər Hüseynov yaradıcılıqda və insanın ruhi inkişafında cəmiyyətin, mənəvi saflığın rolunu ayrıca qeyd edirdi. Bir dəfə biz "Kommunist" küçəsilə üzü aşağı gedərkən Heydər bu barədə söz saldı: "İnsan üçün düzlükdən uca heç şey yoxdur, - dedi. - Mən fikri gizlətməyi, bir şey düşünüb, başqa şey deməyi rəzalət hesab edirəm. Yadıma Nərimanovun sözləri düşür: "Amandır heç vaxt ağa qara, qaraya ağ deməyin!..."

Heydər Nərimanovdan Zərdabiyə, Zakirə, Vaqifə keçdi. Məlumdur ki, o klassik ədəbiyyatımızı sevirdi, müntəzəm mütaliə və tədqiq edirdi. Heydər yorulmadan təkrar edirdi: "Ədəbiyyat və fəlsəfə daima vəhdətdədir. Belinski, Mirzə Fətəli Axundzadə, kimi böyük şəxsiyyətləri yadımıza salaq. Onların ədəbi əsərləri və cərəyanları tədqiq edən məqalələri məgər fəlsəfi fikirlərlə parlamırmı? Parlayır! Ən yaxşı əsərlər, bədii-estetik problemlərə həsr olunmuş yazılar fəlsəfi mündərəcəsi ilə də oxucunu cəzb edir və idrakı zirvələrə qaldırır. Dünyada elə bir xalq ədəbiyyatı yoxdur ki, öz fəlsəfi məna çalarları ilə oxucu ürəyini fəth etməsin. Təsadüfi deyil ki, bir sıra xalqların keçən əsrlərdə yaranmış bədii əsərləri estetik cəhətdən də dolğundur və mənsub olduğu xalqın fəlsəfi fikrinin tarixini öyrənmək üçün etibarlı mənbə hesab olunur".

Heydər Hüseynovu ədəbiyyata çəkən keyfiyyətləri araşdırarkən bir xüsusiyyəti gözdən qaçırmaq olmaz. Onun fəlsəfi tədqiqatları bədii gözəlliklə, ədəbi-tənqidi məqalələri fəlsəfi fikirlərlə aşılanmışdır. Otuzuncu illərdə bu, ədəbi-fəlsəfi həyatımızda maraqlı olduğu qədər də nadir hadisə idi. Axı bir elm olaraq müasir fəlsəfi fikrimiz yeni-yeni qanadlanırdı.

O illəri xatırlayanda, xüsusən rəhbər işçilərin tez-tez dəyişdiyi yadıma düşür. Dörd-beş ildə Mərkəzi Komitə katibləri az qala elə o qədər də təzələnmişdi. Bu qeyri-sabitliyin gündəlik işə və həyata necə təsir etdiyini təsəvvürə gətirmək o qədər də çətin deyil. 1931-32-ci illər - Mir Cəfər Bağırovun Respublika Xalq Komissarları Sovetinə və tezliklə Mərkəzi Komitənin birinci katibi vəzifəsinə keçməsilə respublikada vəziyyət mürəkkəbləşməyə başladı. Hələ o zaman xalq arasında onun haqqında ziddiyyətli sözlər gəzirdi. Bir yandan güclü, iradəli, təcrübəli adam olduğundan, o biri yandan da amansızlığından, despotik təbiətindən danışırdılar. Əlbəttə, açıq fikirli ziyalılar, o cümlədən Heydər Hüseynov, özlərini müşahidəçilər kimi aparmırdılar. İzləyir, müşahidə edir, düşünür, öz aralarında fikir mübadiləsi edirdilər.

Heydər Hüseynovun maraq dairəsi çox geniş idi. O, Azərbaycan ədəbiyyatı və mədəniyyətini qədimlərdən bizim günlərə qədər öyrənir, araşdırır və bu barədə ümumən elmi, ədəbi fikrimizə istiqamət verən mülahizələr söyləyir, məqalələr çap etdirirdi. 1945-ci ildə çap etdirdiyi "Ədəbi qeydlər" kitabında yazırdı: "Xalqımızın əsrlər boyu inkişaf edib gələn qədim mədəniyyət və ədəbiyyat tarixi vardır. Ədəbiyyatımız həmişə xalqımızın ümumi inkişaf səviyyəsini, mədəniyyətini, məişətini, mənəvi aləmini əks etdirən bir güzgü olmuşdur".

Bu fikir onun bütün yaradıcılığına istiqamət vermiş, həm də necə hərarətli, ağıllı, müdrik bir alim-vətənpərvər olduğunu göstərmişdir. Heydər Hüseynovun həmin axtarışlar yolunda gəldiyi nəticələr bu gün üçün də səciyyəvi və maraqlıdır.

Heydər Hüseynovun keçdiyi yol əməklə açılmışdı. Şüurlu həyat yolu, fəlsəfi, ədəbi axtarışları, tapıntıları ona ziyalıların və bütün xalqın ürəyində dərin məhəbbət oyatmışdı.

Elmin müxtəlif sahələrində görkəmli alim, həqiqi yaradıcı ixtisas sahibi olmaq, əlbəttə, böyük şərəfdir. Belələrinin arasında öz insanlığı, mənəvi paklığı ilə seçilən adamlar isə ikiqat şərəfə layiqdirlər. Heydər Hüseynovda bu keyfiyyətlər hər an gözə dəyir və onu qat-qat şərəfli edirdi.

Bununla əlaqədar olaraq mən bir epizodu qeyd etmədən keçinə bilmirəm. Müharibə illəri idi. Heydər bütün varlığı ilə xalqının qəhrəmanlığından ilham alır və Hitler kimi yırtıcının məğlub olacağını qəti inamla deyirdi: "Bu cür vəhşi uzun müddət meydan sulaya bilməz. Onun çıxışlarına diqqət et: üz-gözündən zəhrimar tökülür, danışığı, əl-qol atması hər dəfə məndə belə təsir oyadır ki, o insan deyil, yırtıcı canavardır". Heydər ürəyiaçıq, alicənab adam idi. Yazılarında monumentallığa meyl edirdi. Məlumdur ki, o dövrdə sırf fəlsəfi məzmunu ilə seçilən orijinal əsərlərimiz yox idi. Bu yolda ilk sanballı əsərləri yaradan da Heydər Hüseynov olmuşdur. O, ehtiraslı tədqiqatlarında Azərbaycan xalqının ictimai fikir tarixini böyük klassiklərimizin əsərləri ilə üzvi vəhdətdə araşdırırdı. Bu addımlar onun elmi fəaliyyətini ümumbəşər fəlsəfə xəzinəsini öyrənib tədqiq etmək kimi geniş yola gətirib çıxarmışdı. Nəticədə o, zamanın və elmin vacib tələblərinə cavab verən, Nizaminin "İqbalnamə"si, Həsən bəy Zərdabi, Səməd Vurğun, Süleyman Rüstəm barədə məqalələrlə yanaşı, monumental elmi tədqiqat əsəri olan "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixi" kitabını yaratdı. Humanizm bu kitabın şah damarıdır - desək, yanılmarıq. Həmin əsər müəllifinə böyük şöhrət qazandırmaqla yanaşı, həm də onun taleyində uğursuz rol oynadı. Baxmayaraq ki, kitab ölkənin elm aləmində şöhrət qazanmışdı. Məsələn, məşhur şərqşünas-alim, akademik Kraçkovski müəllifə göndərdiyi məktubda onun əsərinə böyük qiymət vermişdi.

O vaxt mən Moskvada idim. Bir gün dedilər ki, Aleksandr Fadeyev məni görmək istəyir. O, həm SSRİ Yazıçılar İttifaqının, həm də "Stalin mükafatları komitəsi"nin sədri idi. Mən də həmin komitənin üzvü olduğumdan, Fadeyev görüşümüz zamanı özünəməxsus bir işgüzarlıqla söhbəti birbaşa Heydər Hüseynovun kitabından başladı. Çox mənalı və qiymətli tədqiqat əsəri olduğunu və Stalin mükafatına irəli sürmək istədiyini bildirib, mənim rəyimi soruşdu. Söz yox ki, bu fikir mənə də xoş gəldi və sevinclə dedim ki, əla olar. O zaman mənim ağlıma gəlməzdi ki, bu təklif kimə və ya kimlərəsə xoş gəlməyə bilər.

Demə, mən yanılırammış. Kitabı SSRİ Yazıçılar İttifaqı dövlət mükafatına irəli sürəndə respublikanın rəhbər təşkilatları buna etiraz etmədilər. Mükafatlar komitəsində müzakirə zamanı danışanlar kitabı təriflədilər. Həm açıq, həm də gizli səsvermədə əsər mükafata layiq görüldü.

Bu münasibətlə Heydər Hüseynovu təbrik edənlər saysız-hesabsız idi. Lakin…

Lakin "yuxarı" susurdu.

Nə üçün, nə səbəbə? Məlum deyildi. Mən Bakıya qayıtdıqda anlaşılmaz bir vəziyyətlə üzləşdim. Heydər Hüseynovun adı gələndə və mükafata layiq görülmüş kitabından söz düşəndə ən xeyirxah adamlar belə tutulur, eyhamlı sözlərlə danışığa son qoyurdular.

Bir müddət sonra həmin kitab haqqında filarmoniyada geniş iclas keçirildi və orada Bağırov müəllifin Şeyx Şamil haqqındakı müsbət fikirlərini bəhanə edərək ona hücum etdi. Şamili isə xarici dövlətlərə casusluqda, panislamizmdə, pantürkizmdə təqsirləndirdi. Əlbəttə, bu gözlənilməz və dəhşətli fırtına kitabın müəllifi Heydər Hüseynovu sarsıtmaya bilməzdi. Onun həyatının ən ağır dövrü başlamışdı. Bu dövr təkcə Heydər Hüseynov üçün deyil, hamı üçün ağır və gözlənilməz faciələr dövrü idi. Şəxsiyyətə pərəstişin amansız dalğaları gah yatır, gah da tuğyan edirdi.

Belə bir sual ortaya çıxır: nə üçün M.C.Bağırov Heydər Hüseynovu əsassız və ağır ittihamlara, dözülməz zərbələrə məhkum etmişdi? Görünür bunun kökləri dərinlərdə idi: həm Bağırovun, həm də Heydər Hüseynovun təbiətlərinin biri-birinə zidd olan keyfiyyətlərində tale onları üzləşdirmişdi. Biri müstəbid, despot, şöhrətpərəst, o biri humanist, insanpərvər, ədalətli. Mənim taleyim elə gətirmişdi ki, şəxsiyyətə pərəstişin müəyyən dövrlərində Bakıdan və Azərbaycandan kənarlarda - 1933-35-də Naxçıvanda "Sürət" qəzetinin redaktoru işləmiş, 1935-37-də Leninqradda SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı olmuşdum. 1937-ci ilin axırlarında məni Bakıya çağırıb Opera teatrının direktoru, incəsənət işləri idarəsinin rəisi vəzifəsinə təyin etdilər. Bu zaman teatr və filarmoniya Moskvada birinci Azərbaycan incəsənəti dekadasına çox qızğın hazırlaşırdı. O illərin müşahidələrinə əsasən deyə bilərəm ki, M.C.Bağırov çox mürəkkəb və olduqca ziddiyyətli adam idi. Bağırovun fəaliyyətində, hərəkətlərində mənfi, qəddar, insafsız halları unutmaq mümkün deyil.

Təbiətən möhkəm iradə sahibi kimi tanıdığım Heydər Hüseynovun həyatının son dövründəki ziddiyyətlər də zamanın amansızlığından doğmuşdu. Böyük alim təhqirlərə, buz kimi soyuq gözlərin neştəri ilə hamını əzən həyata dözə bilməzdi. Ağır fikirlər kükrəyən, şahə qalxan dəniz dalğaları kimi onu gah bu sahilə, gah o biri sahilə - dumanlı, qaranlıq sahilə atırdı. Axı o filosof idi və yaxşı bilirdi ki, həyat mübarizədir. Lakin kiminlə? Nə ilə mübarizədir? O, mərdi-mərdanə vuruşda heç bir alçağın, heç bir cəlladın qabağından qaçmazdı. Burada isə özündən güclünün qarşısında ikiqat olanlar, üzə gülənlər, dalda əleyhinə danışanlar!

Bəli, bu anlarda Heydərin sinəsində Hamlet qəlbi döyünürdü. "Olum, ya ölüm" sualı onu rahat buraxmırdı. Hər halda bu alçaqlara müti olmaqdansa ölüm yaxşıdır. Bu, onun son və qəti qərarı idi. Yox, nə son idi, nə də qəti. O, mənəvi ikiləşmiş adam kimi tərəddüdlər içində yaşayırdı. Onu qəti qərar çıxarmağa qoymayan yazı masası idi. O masa ki, arxasında qəlbinin dərin hissləri, beyninə dolmuş fikirləri kağıza tökülürdü.

Bəlkə tərəddüd edirdi ki, nə yazsın, nədən yazsın?

Yox, onun üçün mövzu qıtlığı, fikir kasadlığı yox idi. Əksinə, illər uzunu başına dolmuş müxtəlif fəlsəfi, ədəbi, tarixi mövzular hey bir-birini sıxışdırır və onu yazı masasına tərəf çəkirdi. Daima ona hər şeydən əziz, mənalı və sirli görünən bu masaya yaxınlaşmaq istəyəndə əcaib, anlaşılmaz möcüzə baş verirdi. Bütün vücudu palıd ağacından yonulmuş kimi görünən kobud, qaraqabaq, heybətli kölgə yolunu kəsirdi.

...Bütün bu əcaib metamorfozalara baxmayaraq, o, xəyala dalır, zehnində canlanan keçmiş günlərin qəribə-qəribə mənzərələri, ictimai əhvalatları bir-birini əvəz edirdi.

Həyatının xoş çağları - texnikumda oxuyarkən tələbə yoldaşlarla May nümayişinə çıxdıqları yadına düşdü. Nə gözəl, nə xoşbəxt çağlar idi Bakıda May nümayişləri!.. Onlar gəncliyə məxsus ürək açıqlığı ilə danışır, gülür və deyirdilər: Mayda da, başqa bayramlarda da Bakı nümayişləri çox gözəldir! Adamın ürəyi açılır!..

Bəli, Bakı nümayişləri!

Heydər hamısını yaxşı xatırlayırdı. Bu xatirələr onu başqa bir aləmə aparırdı. Ruhu oxşayan bahar çiçəkləri ilə ətirlənmiş xoş günlərə qaytarırdı. Bu fonda həyat necə gözəl idi! May günəşi, yamyaşıl don geymiş bağlar, bağçalar, ətirli qızılgülə, zanbağa, bənövşəyə oxşayan qızlar, oğullar, uşaqlar dünyası, sən nə gözəlsən! Bu gözəl, bu ətirli hava qocaları da cavanlaşdırmış, gözlərinə işıq vermişdi.

Birdən qəribə bir sual onu aldı: Nə üçün belə uzaqdan başlamışam? Nə üçün xəyal və qələm məni belə uzaqlara apardı? Facianə suallar içində sıxılan dostumun necə filosof olduğunu mən yaxşı bilirdim. O, həssas və uca fikirli idi. O, həyatla elə beləcə, faciə içində, qaranlıq duyğularla vidalaşa bilməzdi.

...Əlbəttə, o xatirələr, tərəddüdlər içində bir an unuda bilmədiyi həyat yoldaşını, övladlarını da düşünürdü. Nəhayət, "onlar məni bağışlar, məni başa düşər" - deyib qəti qərarını verdi…

Bir gün keçməmiş qara xəbər Bakıya yayıldı: Heydər Hüseynov bu dünyadan köçdü…

Düzdür, köçdü. Amma əsərləri yaşayır və onu da yaşadır!..

Azərbaycan xalqı onun xatirəsini əziz tutur və tutacaq! O bizim qəlbimizdə, respublikamızın hər cəhətdən inkişafı üçün görülən işlərimizdə yaşayır, gələcək nəsillərin də ürəyində, əməllərində yaşayacaqdır!..

 

 

Mirzə İbrahimov

 

Ədəbiyyat qəzeti.- 2013.- 5 aprel.- S.1; 3.