Bizim
alimlər
Həmişə
ehtiramla yad etdiyimiz akademik Heydər Hüseynov sovet elminin
görkəmli simalarından biridir. O, sözün əsl mənasında
zəmanə oğlu, zəmanə alimi, zəmanə xadimi
idi.
Çoxu
lirik şeirlərdən ibarət olan ilk ədəbi əsərlərini
otuzuncu illərin əvvəlində, Bakıda
"Hücum" jurnalında çap etdirən H.Hüseynov
bir neçə il əsasən pedaqoji işlə məşğul
olur. Zəkalı gəncin, eyni zamanda, elmi-ictimai işə, fəlsəfə
və ədəbiyyatşünaslığa da böyük
şövqü vardı. Odur ki, çox keçmədən
biz onu Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun
aspiranturasında, 1936-1940-cı illərdə isə SSRİ
Elmlər Akademiyası Azərbaycan filialının ensiklopediya
və Lüğətlər İnstitutunun direktoru vəzifəsində
görürük. "Dialektik materializm" adlı ilk fəlsəfi
kitabını 1935-ci ildə çap etdirir, sonralar "M.F.Axundzadənin fəlsəfi
görüşləri" mövzusunda namizədlik və
"Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixindən
(XIX əsr)" mövzusunda doktorluq dissertasiyası yazır.
Müharibə ərəfəsində o, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında,
1945-ci ildən isə yenicə yaranmış Azərbaycan SSR
Elmlər Akademiyasında rəhbər vəzifələrdə
işləyir.
...Müharibənin
ağır illərində H.Hüseynov... faşizmə
qarşı mübarizəmizə kömək edən aktual,
mübariz məzmunlu mühazirələr oxuyur,
"faşizmin irq nəzəriyyəsi", "faşist cəlladların
"fəlsəfəsi", "faşizm elmin düşmənidir"
kimi elmi-kütləvi və publisist məqalələr,
kitabçalar çap etdirirdi. Biz, Azərbaycan alimlərinin o
zaman böyük fədakarlıq
göstərərək iki cildlik "Azərbaycan ədəbiyyatı
tarixi"ni, dörd cildlik "Rusca-azərbaycanca
lüğət"i yaratmalarında H.Hüseynovun bir elmi rəhbər,
müəllif, tərtibçi, redaktor kimi çox
böyük rol oynadığının, lazım gələndə
gecəni-gündüzə qatdığının şahidi
olmuşuq.
Respublikada
partiya tarixinə aid elmi ədəbiyyatın yaranması və
nəşri sahəsində fəal çalışan
H.Hüseynov "Kommunist Partiyasının manifesti",
"Böyük Oktyabr sosialist inqilabının qələbəsi",
"Azərbaycanın
inqilabi keçmişi", "26 Bakı komissarının qəhrəman
mübarizəsi" barədə qiymətli elmi və
publisist məqalələr müəllifidir.
Məlumdur
ki, Azərbaycan ədəbi sərvəti geniş
ölçüdə toplanılıb nəşr olunmağa
və öyrənilməyə başlamışdı. Bununla
bərabər, hətta otuzuncu-qırxıncı illərin
özündə də klassiklərdən bir çoxunun ədəbi
irsi çap olunmamışdı, ədəbiyyatşünaslığın
neçə-neçə problemi hələ öz həllini
gözləyirdi. Bu problemlərin həlli alimlərin yeni nəslinin
- M.Arif, H.Araslı, F.Qasımzadə,
V.Xuluflu, M.İbrahimov, Mir Cəlal, H.Səmədzadə, M.Rəfili,
M.Cəfərov və Ə.Sultanlının öhdəsinə
düşmüşdü. H.Hüseynov da bu nəslin nümayəndəsi
idi. Ona görə, çox təbiidir ki, onun fəlsəfi
irsindən savayı, məxsusi ədəbiyyatşünaslıq
əsərləri də vardır. Bu əsərlər əsasən
"Ədəbi qeydlər", "A.Bakıxanov", "Vətənpərvər
şair Səməd Vurğun", "A.N.Radişşev"
kitablarından, Nizami Gəncəvi, M.F.Axundzadə, H.Zərdabi, C.Cabbarlı,
S.Rüstəm, M.İbrahimov kimi söz ustaları haqqında
çoxlu məqalə, resenziya və oçerkdən ibarətdir.
1945-ci ildə çap etdirdiyi "Elm və mədəniyyətimizin
inkişafı tarixindən" başlıqlı məqalələr
silsiləsində də Azərbaycan klassiklərinin
yığcam, elmi cəhətdən düzgün, dolğun
yaradıcılıq xarakteristikası verilmişdi.
Otuz-qırxıncı
illərin ictimai elmlərindən danışarkən biz bir həqiqəti
ayrıca nəzərdə tutmalıyıq ki, o zaman
...sistemli, sanballı Azərbaycan tarixi hələ
yaranmamışdı. H.Hüseynov bizim o alimlərimizdən idi ki, bu və
ya başqa klassiki, konkret tarixi aspektdə alıb qiymətləndirmək
üçün, eyni zamanda, onu şərtləndirən real
varlığı tədqiq edib öyrənməli olurdu. Qələm
yoldaşları kimi, H.Hüseynov da məsələn, bu və
ya başqa mütəfəkkir və sənətkardan yazarkən
onu yetirən tarixi zəmini də öyrənir,
işıqlandırırdı. Azərbaycan tarixinin, habelə
bizim milli mədəniyyət və ədəbiyyatımıza
aid həqiqətlərin, elmi məxəzlərin, arxiv sənədləri
və mətbuat materiallarının xeyli hissəsinin birinci dəfə
üzə çıxarılıb elmə gətirilməsi məhz
bu yorulmaz tədqiqatçı-alimin adı ilə
bağlıdır. Əlbəttə, bu müsbət keyfiyyəti
H.Hüseynovun əsərlərini ictimai elmlərin
bütün mütəxəssisləri üçün
yararlı, faydalı etmişdir.
Alim
ilk ədəbi-tənqidi məqalələrindən birini belə
adlandırmışdı: "Ədəbiyyat
xalqımızın iftixarıdır". Məqalənin
altındakı tarix də diqqət cəlb edir: "May,
1943-cü il!" Məqalə müəllifi milli vüqar
hissi ilə, qəhrəmanlıq və rəşadət
ab-havası ilə dolu olan bir dövrün alimi kimi iftixarla
yazırdı ki, bizim xalqımızın "duyğu və
arzuları, nisgil və kədərləri, mübarizə və
qələbələri" qərinədən-qərinəyə,
nəsildən-nəslə keçən ədəbi abidələrdə
öz ifadəsini tapmışdır. "Biz böyük
iftixar hissi ilə ədəbiyyatımızın səhifələrini
vərəqləyir, xalqımızın dünya mədəniyyəti
xəzinəsinə Nizami, Xaqani, Nəsimi, Füzuli kimi böyük mütəfəkkir
sənətkar və alimlər verdiyini oxuyuruq". Sonra Azərbaycan
ədəbiyyatının özünəməxsus keyfiyyətlərinin
izahına keçən müəllif buradakı
orijinallığı, əvvələn, yüksək humanizmdə,
"insana olan böyük məhəbbətdə"
görürdü. Məqalənin diqqətəlayiq müddəası
bir də bu idi ki, "bizim ədəbiyyatımız əsl
mahiyyəti etibarilə fəlsəfi fikir və hökmlərlə
zəngin bir ədəbiyyatdır", özü də burada
"fəlsəfi fikirlər, elmi prinsiplər, ümumbəşəri
ideallar" qətiyyən epizodik, təsadüfi mahiyyətdə
olmayıb, "ədəbiyyatımızın üzvi
xüsusiyyətidir". Bu tezis Nizami poeziyasının elmi-fəlsəfi
kökləri, qədim yunan fəlsəfəsi, xüsusilə
Aristotel, fales və başqa klassiklərlə əlaqəsi, Füzuli
dünyagörüşü və ilk növbədə
şairin "Mətləül-etiqad" traktatı
haqqında mülahizələrlə izah olunmuşdur. Belə
mühakimə və mülahizələrin xeyli hissəsi M.F.Axundzadəyə aiddir.
Klassik
irsin müasirlik baxımından daha münasib, daha əhəmiyyətli
nümunələrini ön plana çəkib təbliğ
etmək H.Hüseynov üçün həmişə səciyyəvi
xüsusiyyətlərdən olmuşdur. Buna görədir ki,
o, Nizamidən yazanda şairin xəlqiliyi, dərin humanizmi,
sosial utopiyası, estetik idealı, elmi-fəlsəfi
dühası üzərində, Axundzadədən yazanda onun
realizmi, satirası, materialist-ateist
dünyagörüşü üzərində, Zərdabidən
yazanda onun demokratizmi, təbiətşünaslıq sahəsində
xidmətləri, qabaqcıl sosial-iqtisadi və elmi
görüşləri, zəmanəsindəki siyasi irtica ilə
mərdanə mübarizəsi üzərində daha çox
dayanır. Beləliklə, "Klassik irs və
müasirlik" probleminin həlli üçün
yaxşı açar tapan tənqidçi Azərbaycan sovet ədəbiyyatında
tarixi mövzunun işlənməsi məsələsini də
eyni yolla izah edir. Onun Səməd Vurğun
dramaturgiyasının, "Vaqif", "Xanlar", "Fərhad və Şirin" əsərlərinin
təhlilinə həsr etdiyi ədəbi-tənqidi məqalələri
buna gözəl sübutdur. Tənqidçi vətən məhəbbətini,
yadelli işğalçılara qarşı mübarizə
ideyasını müharibə dövrü ədəbiyyatında
o, cümlədən Vurğun poeziyasında tarixi mövzuda
yaranmış əsərlərin ən qüvvətli cəhəti
sayır.
H.Hüseynovun
ən sanballı əsəri olan "XIX əsr Azərbaycan
ictimai-fəlsəfi fikir tarixindən" monoqrafiyası elmə
qiymətli töhfədir. Bu monoqrafiyada XIX əsr Azərbaycan
tarixinin, mədəni həyatının, bədii fikrinin,
estetik ideyalarının, publisistikasının bir çox
mövzusuna toxunulmuş və onların ətrafında bu
gün də öz əhəmiyyətini saxlayan fikirlər irəli
sürülmüşdür. Həmin qiyməti, məsələn,
əsərin təkcə bir fəslinin - dünyaşöhrəti
qazanmış Azərbaycan alimi Mirzə Kazım bəyə həsr
olunmuş oçerkin təhlili yolu ilə çox
yaxşı əsaslandırmaq mümkündür. Bu
oçerk Kazım bəy haqqında bizdə ilk sanballı tədqiqat
məhsuludur.
Müasir
Azərbaycan ədəbiyyatşünaslığının
mühüm nailiyyətlərindən biri, şübhəsiz,
bizim doğma ədəbiyyatımızın dünya
klassikası ilə qarşılıqlı münasibətlərinin
ardıcıl tədqiqidir. Bu problemə həsr olunmuş elmi
ədəbiyyatda H.Hüseynovun fəaliyyətinə yüksək
qiymət verilir. O, xüsusən XIX əsr Azərbaycan-Rusiya
qarşılıqlı əlaqələrinin tədqiqi sahəsində
çox səmərəli işləmişdir. Alim bu
inkişafda Puşkin və Qoqol realizminin, Belinski və
Çernışevski inqilabi demokratizminin böyük rolunu
xüsusilə qabarıq göstərir.
H.Hüseynovun
təşəbbüsü ilə hələ 1945-ci ildə Azərbaycan
Dövlət Universitetində fəlsəfə şöbəsi
açılmışdı. Bu gün nəinki
respublikamızda, hətta ondan kənarda çalışan
bir çox filosof alimlərin yetişməsində onun
böyük xidməti olmuşdur.
Akademik
Heydər Hüseynov görkəmli xidmətlərinə
görə Azərbaycan SSR Ali Sovetinə deputat
seçilmişdi, SSRİ Dövlət mükafatına, orden
və medallara layiq görülmüşdü. Xalq çox
tez - 42 yaşında itirdiyi müdrik oğlunu bu gün yenə
həmin xidmətlərinə, həmin əsərlərinə
görə qiymətləndirib ehtiramla yad edir.
Əziz MİRƏHMƏDOV
Ədəbiyyat qəzeti.- 2013.- 5 aprel.-
S.3.