Georgi Dvanadzenin "Qarabağlı qaçaq Aslan bəy" poeması
XIX əsrdə Azərbaycan həyatı, xalqımızın
adət və ənənəsi, keçdiyimiz
şanlı tarixi yol, Azərbaycan və gürcü xalqlarının yadelli işğalçılara qarşı
birgə mübarizədə
möhkəmlənmiş dostluğu
gürcü ədəbiyyatını
maraqlı mövzularla
zənginləşdirirdi. Bu dövrdə Azərbaycanda
baş verən böyük ictimai, iqtisadi və siyasi irəliləyişlər
gürcü ədəbiyyatında,
bu ədəbiyyatın
əsas təbliğ vasitələrindən biri
olan mətbuatda öz parlaq əksini tapırdı. Humanizm və demokratiya bayrağını
yüksək tutan, gürcü yazarlarının
köhnə nəsli ilə çiyin-çiyinə
gedən yeni ədəbiyyatçılar nəsli
Azərbaycan xalqının
həyatını unutmur,
öz sələflərinin
ənənələrinə sədaqətlə yanaşırdılar.
Gürcü ədəbiyyatında
Azərbaycan mövzusunda
çoxlu əsərlər
XIX əsrin ortalarından
başlayaraq yaranmağa
başlamışdı. Gürcü
dilində çıxan
qəzet və jurnallarda, toplu və kitablarda Bakı, Gəncə, Zaqatala, Quba, Qazax, Şəki, Qarabağın müxtəlif
guşələri, o cümlədən
Şuşa şəhəri
haqqında İ.İvlitelinin,
D.Kalandarişvilinin, İ.Macavarianinin,
O.Sersvadzenin, İ.Qvaramadzenin,
K.Vezirişvilinin, V.Zedginidzenin,
V.Kipianinin, İ.Eliaşvilinin,
İ.Xositaşvilinin və
bir çox başqalarının müxtəlif
janrlarda yazılmış
publisistik və bədii əsərləri
çap olunmuşdur.
Hələ biz P.Eristavinin,
İ.Çavçavadzenin, A.Seretelinin, T.Yevdoşvilinin,
Ş.Araqvispirelinin və
digərlərinin Azərbaycana
həsr etdikləri nəzm və nəsr əsərlərini
demirik. Bütün bunlar gürcü oxucusuna Azərbaycanla, onun keçmişi və indisi ilə tanış olmaq imkanı verirdi.
Burada məqsədimiz həmin dövrdə Azərbaycan mövzusunda yazılmış əsərlərin
heç də hamısından bəhs etmək deyildir. Müasir dövrdə, uydurma Qarabağ problemi ətrafında baş verən hadisələr, min cür
fırıldaqlar işlədildiyi
bir zamanda xüsusi aktuallıq kəsb edən yalnız bir əsər - XIX əsrdə
yaşayıb-yaratmış gürcü şairi Georgi Dvanadzenin 1878-ci ildə Tiflisdə gürcü dilində ayrıca kitabça şəklində çapdan
çıxmış "Qarabağlı qaçaq Aslan bəy" poeması (Tərcüməni
S.S.Orbelani adına
Tbilisi Dövlət Pedaqoji
İnstitutunun dosenti Emin Mahmudov etmişdir)
haqqında danışmaq
lap yerinə düşərdi.
XIX əsrdə çar mütləqiyyətinə qarşı
mübarizənin formalarından
biri kimi qaçaqçılıq Zaqafqaziyada,
Rusiyada və digər bölgələrdə
geniş yayıldığı
bizə məlumdur. Bu
hərəkat yazıçılara,
o cümlədən gürcü
yazıçılarına mövzu verirdi. Onlar Azərbaycanda qaçaqçılığı xüsusi diqqətlə izləyir, öz ədəbiyyatlarını qəhrəmanlıq
mövzusunda əsərlərlə
zənginləşdirirdilər. Zurab Antonov məhz
belə etmişdi. Onun yaratdığı
"Koroğlu" pyesində
Koroğlu surəti gürcü səhnəsində
xalqın havadarı olan, onun azadlığı
uğrunda bəylərə
və xanlara qarşı vuruşan ilk qəhrəman idi. Georgi Dvanadzenin ondan təxminən iyirmi il sonra
yaratdığı qaçaq
Aslan bəy surəti də gürcü xalqında mərdlik, ədalət hissləri tərbiyə etmək məqsədi daşıyır.
Poema hər cür sərvətlə zəngin olan, tarlaları göz işlədikcə uzanan, pambıq və yun, ipək və düyü, arpa və buğda,
kilim və xalça kimi məhsulları, köhlən
atları ilə şöhrət qazanmış
Qarabağın tərifi
ilə başlanır:
Qarabağ dediyin ulu
bir diyar,
Sərvətlə, nemətlə dolu bir diyar.
Tarlalar uzanır göz işlədikcə,
Onları suvarır dumduru çaylar.
Ətrafda ucalan möhtəşəm
dağlar
Bu gözəl torpağa keşik çəkirlər.
Yerlərin sahibi igid
türklərdir,
Pambıq becərirlər, çəltik əkirlər.
Bolluq məskənidir başdan-ayağa,
Heç kəs möhtac deyil çörəyə, yağa,
İpəyi, parçası aşıb-daşıbdır,
Kilimi, xalçası məşhurlaşıbdır.
Dünyada tanınır atları onun,
Min dərdə dərmandır
otları onun.
Ətrafa baxanda ürək
sevinir,
Arzu qanadlanır, dilək sevinir.
Tərcümənin ikinci bəndinə
diqqət yetirsək görürük ki, gürcü şairi:
Ətrafda ucalan möhtəşəm
dağlar
Bu gözəl torpağa keşik çəkirlər
-
misraları ilə söhbətini Qarabağın
dağlıq hissəsindən,
yəni indiki Dağlıq Qarabağdan getdiyini, sonrakı misralarda isə Qarabağın yalnız türklərin, yəni azərbaycanlıların əlində
olduğunu göstərir.
Gürcü şairi Qarabağın əsrarəngiz
gözəlliyinə, füsunkarlığına,
heyvanlar aləminə
vurğundur. O, yazır
ki, ceyranlar, cüyürlər sürüsünü
görəndə insan
dərdini tamamilə unudur, təbiətin gözəlliyindən sonsuz
ləzzət alır.
Bu diyar öz igid
qaçaqları ilə
məşhurdur. Georgi
Dvanadzeni, hər şeydən əvvəl,
məhz bu məsələ maraqlandırır,
Qarabağda qaçaqçılığın
qəhrəmanlıq işi
olduğunu, insanın
ləyaqətinin onunla
ölçüldüyünü göstərir:
Bilməsə qaçaqlıq hər hansı oğlan,
Qızlar ötüb keçər eləsindən
yan.
Aslan poemada mərd,
cəsarətli qəhrəman,
bəylərə qan udduran bir qaçaq
kimi təsvir edilmişdir. Yeri-yurdu qalın və keçilməz meşələr
olan bu igid
üç dəfə
həbsxanadan qaçmışdır.
Onu yenidən tutmaq son dərəcə çətindir, çünki
sərrast atəş
açmağı hamıdan
yaxşı bacarır,
başına topladığı
dəstə ilə güclü və qorxmazdır. Çar mayoru Qriqoryev və Qarabağ xanı Şirvan bu dəstəyə qarşı mübarizədə
zəif görünürlər:
Qovğalardan çıxmış
dəstəsi hər
an,
Güzəştə getməmiş yada heç zaman.
Vuruşmuş, çarpışmış
hədsiz hünərlə,
Dönmüş məskəninə yalnız zəfərlə.
Müəllif Aslan bəyin
igidliyindən çox
böyük həvəs
və ilhamla söhbət açır,
onu "polad qəlbli insan" adlandırır, "zəhmli
qılıncı ilə
düşmənin bağrını
yardığını" göstərir.
"Qarabağlı qaçaq Aslan bəy" poeması gürcü ədəbiyyatında qəhrəmanlıq
mövzusunda yazılmış
qiymətli əsərdir,
bizə isə tariximizə nəzər salmağımız, keçmişimizə
qanrıldığımız üçün əvəzsiz
ədəbi abidədir.
Burada Qarabağ xanlığı, İbrahim
xan, Cavanşir xan haqqında söhbət gedir. Bunlar tarixi şəxsiyyətlərdir.
Çox ehtimal ki, Aslan bəyə
qarşı mübarizədə
aciz olan, qaçağı yalnız
hiylə işlətmək
yolu ilə ələ keçirməyə
çalışan çar
zabiti - mayor Qriqoryev də polisdə xidmət etmiş adamdır. Belə olduğu halda Aslan bəy surətini gürcü şairinin təxəyyülünün
məhsulu hesab etmək düzgün olmazdı.
Tarixi şəxsiyyətlərin
əhatəsində olduğuna
görə, bundan əlavə, poemada verilən bəzi cizgilərdən göründüyü
kimi, Aslan bəy Georgi Dvanadzenin müasiri olmuşdur. Deməli, Aslan bəy özü də qaçaq Nəbi, qaçaq Kərəm kimi xalqın azadlığı uğrunda
mübarizə aparan tarixi şəxsiyyət olmuşdur.
Gürcü şairi Aslan bəy surətini yaratmaqla və onu gürcü
ədəbiyyatında xalqın
azadlığı uğrunda
mübariz kimi təsvir etməklə gürcülərdə qəhrəmanlıq
və vətənpərvərlik
hissi tərbiyə etmək məqsədi güdmüşdür.
Onlarla gürcü şair və yazıçılarının Azərbaycan mövzusunda yazdıqları əsərlər
gürcülərlə azərbaycanlıların
tarixi dostluq ənənəsidir və
bu gün də həmin dostluq davam edir.
Tarixi qədim olan xalq inkişafı
və tərəqqini
mehriban dostluqda, millətlərarası münasibətlərdə,
dilindən, dinindən
asılı olmayaraq, ənənələrə hörmətdə
və onu qiymətləndirməkdə görür.
Almaz Koxalı
Ədəbiyyat qəzeti.- 2013.- 5 aprel.-
S.8.