Fəryadın
kəsmə şikəstəsi
Əsədulla
Nikfal yeni - "Fəryad"
kitabını həsr etdiyi ünvanları belə təqdim
edir: "Bu kitab yaşayışımın üç sevgi
nöqtəsinə təqdim olunur: Bir ömür şərəflə
yaşamış atam Şəkur Nikfal, sədaqəti evimizi
işıqlandıran anam Mərziyə Həsənxani, məhəbbəti
bu kitabı sona çatdıran həyat yoldaşım Nəsrin
Əlizadəyə".
Kitabın
ilk səhifələrində müəllifin qəzəlləri
dərc edilmişdir. Nikfalın şeirləri həm məzmun,
həm ideya, həm də müasir səslənmələri
ilə qələm dostlarının əsərlərindən
fərqlənir. Dili rəvan, şeirlərinin məna tutumu zəngindir.
Şair
xalqın taleyindən, başqa sözlə hakim dairələr
və onların çaldığı rəqs havasına
oynayan rəqqasların doğma diyar üçün
yaratdıqları mühitdən narazılığını
məhz öz lirasına uyğun gələn bir ladda səsləndirir.
Onun bu gərəkli mövzuya həsr etdiyi misraları hər
qəbil qondarma motivdən uzaqdır. O düşündüklərini
açıq söyləyərkən daha tutarlı təsir
bağışlayır.
Şairə
görə xalq istədiyi mətləbi yuxarılara
çatdırmaq sahəsində də güclü məntiqə
malikdir. Vəziyyət belə ikən xalqının ölkəni
idarə edən məqamlarda hələ öz-özünə
layiq yer tutmasından heyrətə dalır və bunun səbəbini
aramaqdan yorulmur. Şairin məqbul hesab etdiyi nəticə də
çox siqlətlidir: Sonsuz zəmanə bir qarıtək hey
sağır bizi - bəs bunun təqsiri kimdədir və nədədir?
Şairin qənaəti belə səslənir:
Bilməm
kim tanıtdırıb ona kim fağır bizi?
Koroğludur
bizim ata, Babək nişanlıyıq.
Şair
bu sorğunun cavabının sorağında olarkən son dərəcə
məntiqi səslənən bir qərara gəlir, başqa
sözlə, tarixin verdiyi dərsi misralarının tərənnüm
obyektinə çevirir:
Koroğludur
bizim ata, Babək nişanlıyıq,
Yaddan
çıxılsalar çağırarlar sağır bizi.
Müəllifin
bu misralarda tərənnüm obyektinə çevirdiyi rəy
azacıq tərəddüdə belə yer qoymur. Deməli,
müasir nəsil elə sələflərin
övladlarıdır ki, o heç bir baxımdan
özünü sağır, aciz hesab etməməlidir.
Fəryadın
"özüm kimiyəm" ünvanlı gəraylısı
şairin kimliyi və hansı amallarla yaşadığı
barədə kifayət qədər aydınlıq gətirir.
Şairin vurğuladığı ümdə mətləb həyatı
duyduğu kimi oxucusuna təqdim etməkdir. Fəryadın poetik məntiqi
ondan soraq verir ki, o daxilən bağlı olmadığı, dərk
edilməsi çətin olan varlıq barədə oxucuda
yanlış təsəvvür yaratmaqdan çox uzaq olan qələm
sahibidir. Yəni əslində bu sifətlər həqiqi qələm
sahibləri üçün zəruri olan əxlaq
normalarıdır. O, daxilindən nəşət edən bir rəyinin
hökmü ilə yazır ki, necə ki, yazıram, o cür
də varam.
Bəs
şair hansı əməllərinə görə bu
iddialarını oxucusunun mütaliəsi kimi təqdim edir?
Qorğa tək
sac içrə oynamaram mən,
Hər
aşda qarışıb qaynamaram mən.
Necə ki,
yazıram o cür varam mən.
Şerimdə
yaşaram sözüm kimiyəm,
Hər nəyəm,
özüməm özüm kimiyəm.
Fəryadın
sələflərinin irsi ilə yaxından
tanışlığı poetik sərvətlə zəngindir
desəm, mübaliğə etməmişəm. Təbii ki, bu
tanışlıq adi oxucu marağı çərçivəsində
sıxılıb qalmır. Bir sənət yolçusu kimi bu
ünsiyyətdən doğan intibahı oxucuları ilə
tanış etmək sahəsində atdığı
addımlar onların da köksündə xoş təəssürat
doğurur. Bu klassik irslə tanışlığın
şair tərəfindən məqbul sayılan lirik nəğmələrdir:
Düzdür,
ellər söylədi hər aşiqin dövranı var,
Tər-təmizdir
eşq, çirkinlətmə dövrandan sarı.
Şəmə
söylə: can nədir pərvanəyə bax, əri!
Baş əyirsən,
yaş tökürsən bir quru candan sarı.
Şairin
oxucusunu pərvanənin hansı hünəri ilə ünsiyyətə
dəvəti az qala əfsanə şöhrəti kəsb
etmişdir. Şəmi pərvanənin hansı hünərini
yada salmağa dəvətində misralara sığmayan mənalar
olduğunu yada salmağına dəyər. Bu klassik
poeziyanın rəyidir:
Pərvanə
eşqi var dolanır şəm başına,
Şəm isə
yandırır, ona pərvanə neynəsin.
Bu sorğu
bizim günlərdə də özünün cavabını
gözləyir. Pərvanənin göstərdiyi hünərlə
çox doğma səslənən şairin bu
misralarını da xitabət kürsüsünə dəvət
etmək artıq səslənməzdi:
Od var cəhənnəmin
odudur, od var eşq odu.
Yansam da el
yolunda gərəkdir yanam, yaşıl.
Bəşər
övladının ən çox gileyləndiyi mətləblər
sırasında fəraq, hicran, başqa sözlə, sənsizlik
ünvanlı ayrılığın doğurduğu kədər
çəkili yer tutur. Dünyanın ulu söz ustaları, fərağı
ən çətin dözülməli olan əzab hesab
etmişlər. Ulu Nizami bu mövzudan söhbət
açdığı qəzəlində yazır ki,
sevgilisindən uzaq düşəndə ah-fəryad ərşə
dayanır. Nikfal həmin mövzuya həsr etdiyi qəzəlində
çox səmimi hisslərlə söz açır, oxucuya
belə gəlir ki, şair onun sənsizlikdən çəkdiyi
əzablarla yaxından tanışdır. Söz yox ki, oxucuda
belə duyğu doğuran qəzəlin yüksək qiymətləndirilməyə
səbəb olan uğuru hesab edilməyə layiqdir. Şairin
lirik qəhrəmanı dərin təəssüf hissləri
ilə gileylənərək yazır:
Min varaq sənsizliyə
yandım, cavabın almadım,
Düz deyirsənsə,
özün ver imtahan sənsizliyə.
Lakin şair
oxucusuna verdiyi bu təskinliyi kafi hesab etmir. O, sənsizlik
adlı rəqibin qarşısına daha güclü məntiqlə
çıxmağa ehtiyac olduğunu etiraf edir:
Bir acı
çaydır bu dünya - nə dadı var, nə duzu,
Min Araz
ağlar içən bir stəkan sənsizliyi.
Hər halda, əriş-arğacına
qədər məqbul səslənən bir qənaətdir.
Şairin
lirik qəhrəmanının bir inamı da son dərəcə
təqdirəlayiq səslənir. Bu klassik şeirin qənaətidir:
Canı canan
diləmiş, verməmək olmaz, ey dil,
Nə niza eyləyəlim
ol nə sənindir, nə mənim.
Bəs
Nikfalın lirik qəhrəmanının qənaəti
hansı ladda səslənir? Mən deyərdim onun qənaəti
zəmanəsində hakim olan rəylə çox doğma səslənir.
Müasir nəsil qurtuluşa aparan yollarda xalq
üçün, vətən üçün, onların hər
qəbildən olan sıxıntılara qalib gəlmək
üçün, hətta canlarını belə fəda etməyə
hazır olan nəsli təmsil edir. Müasir nəslin bu əhval-ruhiyyəsi
Nikfalın lirik qəhrəmanına da yaxşı məlumdur.
Bu tanışlıq şairə bəraət qazandırmaq
üçün mötəbər özül kimi qəbul
edilə bilər. Onun misraları bu tanışlıq üzərində
azacıq tərəddüd kölgəsi salmasına meydan
vermir.
Təbii ki,
bu rəyləri onda yaradan real həyat həqiqətləridir.
Şairin özünün etirafına görə bu keyfiyyətləri
heç bir qüvvə noğul-nabat içində göydən
endirib ona çatdırmır. Ümdə mətləb ondan
ibarətdir ki, sənsizliyin törətdiyi
ağrı-acılar barədə şair əlindən gələn
qədər rəyini misralara çevirir.
Nikfal yeri gəldikdə
şair və şeir, ümumiyyətlə, söz sənəti
barədə baxışını oxucularına
çatdırmağa hədsiz meyl göstərir. Əlbəttə,
ilk baxışda bəlkə də buna ehtiyac duyulmasın.
Çünki onun çox səmimi səslənən
misraları şair, şeir, ümumiyyətlə, söz sənəti
barədə mülahizələrinə aydınlıq nuru
çiləyir. Lakin bir söz sənəti yolçusu kimi bu
barədə də rəyini misralarının məntiqi ilə
açıqlaması oxucuları tərəfindən maraqla
qarşılanır. Mən müəllifin bu barədə rəyini
təqdim edən misralarını oxucuların diqqətinə
çatdırmağı uğurlu yol kimi seçdim:
Bülbül
tək oxudum bağda beş-on gün,
Sonra
qanadıma vurdular düyün,
İndi bir qəfəs
də yoxdu mənimçün
Bahar
yağa-yağa, bar yağa-yağa.
Şair odur
ki, həm yağa, həm də guruldaya,
Fəryada yaxşı
ki, hər ikisindən həvəs yağır.
Nikfal eldən-obadan,
vətəndən xəbərsiz olmağı sənətin ən
zəngin ilham mənbəyindən məhrum olması hesab
edir. Məşhur fəlsəfədir: aşıq
gördüyü, şahidi olduğu hadisələrdən
oxucusuna söhbət aça bilər. Şair Əsədulla
Nikfal əsrlərin sınağından müzəffər
çıxmış bu baxış barədə qəlbindən
su içən misralarının dili ilə söz
açır. Təəssüf doğuran əsas mətləb
ondan ibarətdir ki, şair ömrünün son illərini
amansız yağı hesab etdiyi qürbətdə
yaşamalı olmuşdur. O, həmin çağlarda
keçirdiyi hisslərini bir söz sərrafı qabiliyyəti
ilə misralara çevirir. Necə və nə səviyyədə?
Yenə bir həqiqətin yanından sükutla ötüb
keçməyi ədalətli yol hesab etməzdim. Bu
sorğulara ən qənaətbəxş cavabı şairin qəlb
evinin sədaqətli və etimadlı elçiləri olan
misralarından almaq olar. Orasını xatırladım ki,
şairin qələmi ona bəslənən etimadı,
ümidi yetərincə doğrultmağın öhdəsindən
uğurla gəlir:
Qəriblik
odunda sənsiz yanıram,
Yandıqca
ayrılıq dərdin qanıram.
Dənsiz dəyirman
tək boş fırlanıram,
Tayfadan xəbərsiz,
eldən xəbərsiz.
Bir zaman
itmişdim eşq həvəsində
İndi
boğuluram qəm ərəsində.
Qanadım
bağlıdır bağ qəfəsində,
Gülşəndən
xəbərsiz, güldən xəbərsiz,
Tayfadan xəbərsiz,
eldən xəbərsiz.
Düşündüklərimi
yetərincə açıqlamaq niyyətim yoxdur. Amma məsələnin
bu cəhətini açıqlamaqdan vaz keçmək istəməzdim.
Mən həmin misraları şairə diktə edən kədərdən
xəbər tutmaq izinə düşsəm də, nəticədə
yazı masamla görüşə əliboş
qayıtdım. Məsələnin qəribəliyi bir də
orasındadır ki, bu hal məni heç də kədərləndirmədi.
Şairin doğurduğu xoş əhval-ruhiyyə ilə
müvəqqəti olsa da, onunla vidalaşdım. Əminəm
ki, onun könül sazında dil söz açan, gələcəyə
inamdan güc alan gümrah ruhlu nəğmələri ilə
müsahib olmaq mənə nəsib olacaqdır. Onda daha
Nikfalın "Tayfadan xəbərsiz, eldən xəbərsiz"
misralarını təkrar etməyə ehtiyac olmayacaqdır.
Sabir NƏBİOĞLU
Ədəbiyyat qəzeti.- 2013.- 5 aprel.-
S.6.