Ata nisgili

 

Ağacavad Əlizadə - 85

  

Martın 21-də hamı bayram edir. Bizim ailədə isə bu gün ikiqat əlamətdar gündür. Həmin gün atamın doğum günüdür. Həmişə evimizdə çoxlu adam olurdu. Atamı təbrik etmək üçün öz ailə üzvlərimizdən başqa onun qələm yoldaşları, rəhbərlik etdiyi ədəbi dərnəyin üzvləri olurdu. Təəssüf ki, belə təmtəraqlı günlər 1995-ci ilə qədər oldu. Atam dünyasını dəyişdi. Bu 18 ildə nəinki onun dostları, televiziya, radio, demək olar ki, onu yada salmadılar.

Atam şair Ağacavad Əlizadə 1928-ci il martın 21-də Salyanda anadan olub. Şeirə, sənətə məhəbbətini müəllim, şair olan böyük qardaşı Tofiqdən alıb. Maraqlısı budur ki, ilk dəfə qafiyəbazlıq edəndə Tofiq ona deyib ki, "Hə, qardaş, mən qələmi yerə qoyub yolu verirəm sənə…" Heyif ki, bu acı həqiqət olub. Müharibə başlayan kimi Tofiq cəbhəyə yollanıb. Rus zabitlərinə dərs deyən tank komandiri Tofiq qəhrəmancasına həlak olub. O illərdə ata-anasını da itirən Ağacavad uşaq yaşlarından işləməyə başlayıb. Əvvəlcə kitabxanada işləyib. Sonralar "Kürün töhvələri" adlı ədəbi dərnək yaradıb. Bir neçə ildən sonra Bakıya gəlib. ADU-nun filologiya fakültəsini bitirib. "Bakı" axşam qəzetində məsul katib, tərcüməçi, "Azərbaycan" jurnalında ədəbi işçi, şöbə müdiri, məsul katib, "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib, "Yazıçı" nəşriyyatında böyük redaktor vəzifələrində çalışıb. Eyni zamanda, ədəbi dərnəklərə də başçılıq etmişdir.

1960-80-ci illərdə ədəbiyyata gəlmiş İsa İsmayılzadə, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Novruz Süleymanlı, Mənzər Eynullayeva, Zəlimxan Yaqub, Dilsuz, Vaqif Bəhmənli, Adil Cəmil, Musa Ələkbərli və başqaları həmin dərnəklərin yetirmələridir.

A.Əlizadə 10 kitab müəllifi olmuş, onun şeirləri müxtəlif dillərə tərcümə edilmişdir.

Yaşının çox olmasına, xəstəliyinə gözünün zəif görməsinə baxmayaraq, 1994-95-ci illərdə ən qaynar nöqtələrdə əsgərlərimiz qarşısında odlu-alovlu, sinədəftər çıxışları ilə onları ruhlandıraraq ermənilərə qarşı amansız olmağa səsləmişdir. Şübhəsiz ki, bu çıxışlara görə Azərbaycan ziyalılarının təsis etdiyi mükafatlara layiq görülmüşdür. O, ayrı-ayrı qəhrəmanlarla görüşüb, onlara şeirlər yazmışdı. Bu şeirlər yığılıb, kitab halında çapa hazırlanmış, lakin "Şəhidlərin biri mənəm" adlı bu kitab çap edilməmişdir. Kitaba daxil edilən şeirlərin çoxu müxtəlif qəzetlərdə çap edilmişdir. Ölüm bu kitabın nəşr olunmasına mane olmuşdur.

Şair Ağacavad Əlizadə 1995-ci il aprel ayının 25-də vəfat etmiş, "Şəhidlərin biri mənəm" adlı kitabın şəkli qəbrinin üstündə həkk olunmuşdur.

Son vaxtlarda tez-tez gileylənərdi ki, ölsəm, heç kim məni yaşatmayacaq. Deyərdi ki, filankəs öldü, oğlu onu yaşadır, o biri öldü, qızı onu yaşadır.

O vaxtdan 18 il ötür. Atamı bu müddətdə nə dərəcədə yaşatmışam? Düzü, o vaxtdan zəmanə də çox dəyişib. Şeirə, sənətə maraq xeyli azalıb. İmkanlı şəxslər kitab, qəzet almaq əvəzinə ehtiyaclarını internetlə ödəyirlər, kasıblar isə pulu saxlayıb çörək alırlar. Əgər mənim yaxşı bir imkanım olsaydı, atamın özünün də arzuladığından artıq onu yaşadardım. Təəssüf ki, bu belə deyil. Ancaq yenə də nəsə etmişəm.

2003-cü ildə atamın 75 illiyi ilə əlaqədar Yazıçılar Birliyinə gedib xalq şairi Fikrət Qoca ilə görüşdüm. Sağ olsunlar, o vaxt mənim xahişimlə o və Ədalət müəllimin təşkilatçılığı ilə yubiley keçirildi. Eyni xahişlə atamın doğulduğu Salyanda da oldum. Onlar da sağ olsunlar ki, orada da bu tədbiri keçirdilər.

Təxminən ona yaxın ayrı-ayrı qəzetlərdə atam haqqında məqalələrim çap edilib.

Dəfələrlə xahişlərdən sonra nəhayət ki, Salyanda salınan yeni qəsəbədə küçələrin birinə atamın adı verildi. Əlbəttə, mən Salyanın icra hakiminə öz təşəkkürümü bildirirəm. Ancaq bu, atamın neçə illik zəhməti qarşısında cüzi bir qiymətdir. Çünki son vaxtlar şahidi olduğumuz olaylara görə vətənini, dinini sevməyən Əkrəm Əylisliyə əvvəllər verilən adların heç biri atama verilməmişdir. Gözünün nurunu özgə kitablarını redaktə etməyə və demək olar ki, çoxlarının yerinə kitab yazmağa sərf edən atamın cəmi 10 nazik kitabı çıxmışdır. Halbuki o, vaxtını və enerjisini özünə sərf etsəydi, bu kitabların sayı çox olardı. Gözlərinin görməməsi ilə əlaqədar şəhərdə kimsəsiz gəzə bilmirdi, ancaq elə halda Qarabağa döyüşçülər qarşısında çıxışlar etməkçün gedirdi.

Bu yaxınlarda bizim ailədə yeni bir hüzür oldu. Yanvarın 7-də anam da dünyasını dəyişdi. Allah hər ikisinə rəhmət eləsin. Təsəllim odur ki, anamı atamın yanında dəfn etdik. İki qəbri yan-yana görəndə atamın məşhur şeiri yadıma düşür:

 

Yüz sınaqdan çıxaram -

Sən yanımda olanda!

Dağı belə yıxaram -

Sən yanımda olanda!

 

Mənimdir söz meydanı,

Səsim tutar hər yanı.

Səsim tutar cahanı -

Sən yanımda olanda!

 

Sözlü çıraq olaram,

Qaynar bulaq olaram,

Oynaq uşaq olaram -

Sən yanımda olanda!

 

Çaylar kimi daşaram,

Sahilləri aşaram.

İki ömür yaşaram -

Sən yanımda olanda!

 

 

Mətin Əlizadə

 

Ədəbiyyat qəzeti.- 2013.- 5 aprel.- S.4.