Yadındamı...
Bizim
gənclik illərimizdə tez-tez səslənən bir
mahnı var idi. Elə beləcə də adlanırdı:
”Yadındamı”. Oqtay Ağayevin çox pəsdən
oxuduğu bu mahnı adamı çəkib uzaqlara aparar, sanki
ötən günləri qaytarardı. İndi mən də
istəyirəm ki, yaşanması bir daha mümkün olmayan o
illəri birgə xatırlayaq.
Yadındamı,
bir gün Vaqif küçəsindəki evinizdə imtahana
hazırlaşırdıq. Birdən atan Məmməd Əkbər
gəldi. Bizimlə çox mehribancasına salamlaşdı.
Oxuduğumuz kitablara baxdı və belə dedi:
-
Bunlar öz yerində. Amma qızlar, bir şeyi unutmayın ki,
hər gün, hər gün yazmaq lazımdır. Mövzu tapa
bilməsəniz sadəcə bir-birinizə məktub yazın.
Təki yazın. İstəsəniz sonra cırın atın.
Amma əliniz yazı vərdişindən qalmasın.
Onun
bu öyüdü mənim qulaqlarımda elə qaldı ki,
qırx ildən çox bir müddət ərzində hər
gün yazdım. Lap elə onun dediyi kimi, elə
yazılarım oldu ki, onu sonradan cırıb atdım. Elələri
də oldu ki, ünvanlarına yolladım. Allah Məmməd Əkbərə
qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun. O zaman
qələm, kağız götürüb yazardıq. Amma
indi nə qələm-kağıza, nə də poçt
qutusuna ehtiyac var. İndi məktub yazmaq üçün sadəcə
kompyuterin önünə keçib, düşündüklərini
monitora köçürmək kifayətdir. Elə mən də
belə elədim. Sən yadıma düşüncə Məmməd
Əkbərin öyüdünü xatırladım. Amma bu məktubu nə Vaqif küçəsindəki
evinizə nə də indi yaşadığınız
ünvana yox, sənə, mənə, əsl söz sərraflarına,
həm də bir zamanlar Məmməd Əkbərin özünə
belə doğma olan “Ədəbiyyat qəzeti”nə göndərdim.
Ümidvaram ki, yazdıqlarım bu ünvandan sənə
mütləq yetişəcək.
Yadındamı, oxuduğumuz 190
nömrəli məktəbdə tez-tez dövrün
tanınmış şair və yazıçıları,
teatr xadimləri, rəssamları, bəstəkarları ilə
görüşlər keçirilər, yeni kitabların, yeni
tamaşaların müzakirələri təşkil
olunardı. Biz bu qəbil tədbirlərə xüsusi səylə
hazırlaşardıq. Kitabları oxuyar, tamaşalara
baxar,onları öz düşündüyümüz tərzdə
təhlil edər, qonaqlara suallar hazırlayardıq.
Bütün bunları xatırlayanda düşünürəm
ki, sanki jurnalistikanın ilkin əsaslarına elə məktəb
illərindən yiyələnmişik. Bəlkə elə ona
görə 1970- ci ildə o məktəbin üç məzunu
yüksək balla o zamankı Azərbaycan Dövlət
Universitetinin jurnalistika fakültəsinə daxil oldu. Sən, mən
və Şəlalə Əlibəyli. Etiraf etmək gərəkdir
ki, həmin il jurnalistika fakültəsi bir çox
yaşıdlarımız üçün əlçatmaz
idi. Amma biz bacardıq.
Yadındamı,
tələbəlik illərimiz sadəcə Universitet
auditoriyaları ilə məhdudlaşmadı. Biz birinci kursdan
başlayaraq təcrübə ilə nəzəriyyəni birləşdirdik.
Sənin səs tembrin, telegenik görkəmin, yüksək
nitq mədəniyyətin Azərbaycan televiziyası rəhbərliyinin
diqqətindən yayınmadı. Gənclik baş
redaksiyasında hazırlanan bir sıra verilişlərdən
dəvətlər aldın. Bəzi verilişlərin
aparıcısı oldun, bəzi verilişlər
üçün süjetlər hazırladın. Amma hər
birinə böyük məsuliyyətlə yanaşdın. O zaman indiki kimi internet yox idi ki,
istədiyin məlumatı dərhal əldə edəsən.
Bir veriliş hazırlamaq üçün saatlarla kitabxanalarda
vaxt keçirməli olurduq. Amma bunun çox böyük səmərəsi
olurdu. Verilişdən-verlişə insan təkmilləşirdi.
Qeyd etmək gərəkdir ki, Azərbaycan televiziya
jurnalistikası da məhz həmin illərdə böyük təkmilləşmə
dövrünü yaşadı.
Nəticədə bir televiziya məktəbi yarandı.
Bu gün bəlkə də çoxu bilmir ki, sən də o məktəbin
həm yaradıcılarından, həm də müdavimlərindən
biri olmusan. Həmin illərdə Azərbaycan
televiziyası öz üzərinə çox böyük məsuliyyətlər
götürmüşdü. Ədəbi dilin inkişaf
etdirilməsi, estetik tərbiyə, maarifləndirmə,
tamaşaçı auditoriyasının musiqi
zövqünün düzgün istiqamətləndirilməsi və
bu kimi müxtəlif sahəli fəaliyyətlər.
Yadındamı,
bir “Romans axşamı” verilişi var idi. Sən onun həm müəllifi,
həm də aparıcısı idin. Sən
o verilişə çox yaraşırdın. Həm verilişə uyğun danışıq tərzinlə,
həm zahiri görünüşünlə, ən
başlıcası isə musiqi savadınla. Sən bu verilişdə musiqini, təqdim olunan
romansın özünəməxsusluğunu, onun bəstəkarının
fərdi yaradıcılıq xüsusiyyətlərini
çox gözəl aça bilirdin. Çünki
son dərəcə həssas musiqi duyumun və musiqi təhsilin
vardı. Bir də ki, ümumiyyətlə,
o illərdə televiziyada jurnalist-diktor yox idi. Həmin illərdə sən ilk jurnalist-diktor idin.
Bu, Azərbaycan televiziyası üçün
çox böyük uğur idi. Çünki
o zaman diktorların böyük əksəriyyəti İncəsənət
Universitetinin məzunları idi. Ona görə
də sənin verilişə yanaşma tərzin tam fərqli
idi. Bunu tamaşaçı da həm
seçə bilirdi, həm də dəyərləndirə
bilirdi. Axı o söz ki, insanın öz
təfəkkürünün məhsuludur, o dərhal
seçilir. Həmin sözün sahibinə
inam da çox olur. Sən o
tamaşaçı inamını hələ tələbə
ikən efirə çıxdığın günlərdə
qazanmışdın.
Gülşən
Əkbərova deyəndə Azərbaycan televiziyasında informasiya
proqramları da göz önünə gəlir. Məsələn,
“Günün ekranı”. Rəsmi və son
dərəcə məsuliyyətli bir proqram. Burda diktorun jurnalist olması tam müstəsna bir hal
idi.
Yadındamı,
Gülşən, sən o müstəsnalığı
qazanmışdın. Sən o proqramda həm
aparıcı idin, həm də bir sıra süjetlərin
müəllifi. Bu gün üçün
bu, bəlkə də adi bir haldır. O da baxır
hansı televiziya kanalında. Amma təqribən otuz il bundan əvvəl üçün bu
böyük uğur idi.
Şair
Tofiq Bayramın bir şeiri var. Şeir tam yadımda deyil. Amma bu misralarını
yaxşı xatırlayıram.
Diqqət!
Danışır Bakı.
Diqqət!
Göstərir Bakı.
Ünvanımız
belədir:
Mehdi
Hüseyn küçəsi.
İndi
onun təbirincə desək, sənin qırx ildən artıq
bir müddət ərzində bir sənət ünvanın
olub. Mehdi Hüseyn küçəsi-1. Sanki Səyyarə anan səni bu ünvan
üçün dünyaya gətirib. Elə
bil bu ünvanda böyümüsən. Həyatın
gerçək üzünü bu ünvanda dərk etmisən.
Sevincinə sevinmisən, təzadlarına heyrətlənmisən.
Bəzən olub bir acını uf demədən
udmusan. Bəzən olub bir şirini gülə-gülə
dadmısan. Sağından, solundan əsən
küləklər çox olub. Hər
küləyin səmtinə üz tutmamısan. Özün kimi qalmısan. Bu
ünvanda sözlə ifadəsi çətin olan bir
böyük sevgi yaşamısan. Adı sənət
sevgisi. Bu sevginin istisinə
qızınmısan, amma olub ki, oduna da çox yanmısan.
Deyim ki, bu qırx illik bir müddət ərzində
usanmısan, yox usanmamısan. Bu sənət
sevgisinə bütün varlığınla sadiq qalmısan.
Zaman-zaman da onu səni sevən
tamaşaçılarınla paylaşmısan. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin
inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdən
söhbət açmısan.
Onların
sənət məziyyətlərini tamaşaçıya bircə-bircə
anlatmısan. Amma öncə özün onların sənət
dünyalarını qarış- qarış gəzmisən.
Hər birinin həyat və sənət fəlsəfəsini
dərk etməyə çalışmısan. Dərk etdikcə də bir fəxarət
yaşamısan. Çünki
yazdıqlarını yalnız bir veriliş xatirinə
yazmamısan. Qəlbinin istəyi ilə, həm
də istisi ilə yazmısan. Sanki günləri,
ayları, illəri qova- qova yazmısan. Bir də
baxıb görmüsən ki, nə az, nə
çox, altı onillik bir yolu arxada qoymusan.
Yadındamı,
bir zaman illərin sürətini heç hiss etməzdik. İndi bu sürət heyrətə
gətirir bizi. Nə etmək olar? Şair Bəxtiyar kimi “Dayan, zaman” - deyib, onu nə
durdurmaq, nə də sürətini azaltmaq olar. Çünki o da öz işini görür. Zaman sadəcə ötüb keçmir. Zaman tarix yazır. Azərbaycan
televiziyasının tarixi də beləcə yazılıb.
Bu gün qürur hissi ilə demək olar ki, sən
Azərbaycan televiziya jurnalistikasının dünənində
də olmusan, bu günündə də varsan, hələ uzun
illər bundan sonrakı dövründə də olacaqsan.
Yadındamı,
Gülşən, bir zamanlar hər yeni il gələndə
çox sevinərdik. Görüşünə
tələsərdik. Amma bir var, təqvim ili,
bir də var, hər kəsin ömrünə qədəm
qoyan öz yeni ili. İndi sənin də ömrünə yeni
bir il qədəm qoyur. Qədəmləri
sayalı olsun. Qoy, bu il sənə
bol-bol sevinc, fərəh, səadət, yeni
yaradıcılıq uğurları gətirsin. Ən
başlıcası sənət sevgin bitib-tükənməsin.
İki övlad anasısan. Qəlbində
min bir arzun var. Qoy, ömrünə qədəm qoyan bu Yeni
ilinin bu gözəl baharında arzuların çiçəklənsin,
ləçəklənsin, çin olsun! Özəl ilin, yeni
ilin mübarək olsun!
Hörmətlə,
ZƏRXANIM
Ədəbiyyat qəzeti.- 2013.- 12 aprel.-
S.8.