Nəsrin və səhnənin ağrı yaddaşı -Cəlil Məmmədquluzadə

     

Ümumiyyətlə, millətin və mədəniyyətin tarixləri bir-birindən heç vaxt ayrı olmayıb. İstiqlal və suverenlik idealı həmişə əvvəlcə ədəbi-mədəni fikirdə formalaşıb, yalnız sonra dövlət təfəkkürü, sosial-inzibati qurum və siyasi rejim gerçəkliyi kəsb edib. İndiki suveren Azərbaycanın da mənəvi memarları Axundovlar və Zərdabilər, Əli bəylər və Ağaoğlular, Sabirlər və Cavidlər, Nərimanovlar və Üzeyir bəylər, Cabbarlılar və Vurğunlar olmuşlar. Onların içərisində Cəlil Məmmədquluzadənin adı xüsusi yer tutur.

XX yüzilliyin ən böyük şüarını hələ əsrin əvvəlində hamıdan əvvəl o, elan edib: "Vətən, vətən, vətən! Millət, millət, millət! Dil, dil, dil!".

Bizim ədəbiyyatda ağlın dastanına zirvə - Nizamidir; eşqin və qəmin faciəsinə meyar - Füzulidir; qeyrətin ağrısına, namus yanğısına timsal - Sabirdir; həm eşq, həm ağır, həm də qeyrət üçün borcun, cavabdehliyin ölçüsünə əmsal - Cəlil Məmmədquluzadədir!.. XX əsrdə onu "zəmanə özü, təbiət özü yaradır", üstəlik, tarix və keçmiş də, orta əsrlər də, XIX yüzil də Məmmədquluzadə də özünü yenidən dərk edir! Hətta bu gün də - XXI yüzilliyin astanasında da "Nə etməli?", "Necə etməli?" suallarına ən yaxşı cavabı Mirzə Cəlilin əsərlərində tapırıq.

"Anamın kitabı" - bütün dövrlərin "ana kitabı" olaraq qalır. "Kiçik adamları" və "artıq adamları", "ölüləri" və "dəliləri", "saqqallı uşaqları" da millətə çevirən, xalqa öz "mən"ini genetik yox, milli səviyyədə dərk etdirən ibrətli əsərləri bizə yaxın yüz ildə hamıdan çox və hamıdan kəskin Məmmədquluzadə yazır. "Bir millət gərək bir kitaba, bir amala tapınsın" - əsrin əvvəlinin bu Mirzə Cəlil təlimi doxsanıncı illərin də aktual fəlsəfi-elmi təlimi, "milli ideologiyası" olaraq qalır…

Əsrin əvvəlinin çox hadisələri bu gün əsrin sonunda yenidən təkrar olunur və odur ki, Mirzə Cəlilin əsərləri də indi yenidən aktuallıq gücü kəsb edir. Özu də hadisələr ona görə təkrar olunur ki, biz tarixin təcrübəsinə, onun klassiklərdə, Mirzə Cəlildə əksini tapan ibrət dərslərinə biganə qalırıq, onları unuduruq. Tarixi unudanda isə o, təkrar olunur. Səhvimizdə, günahımızda təkrarlardan qaçmaq üçün "Molla Nəsrəddin"i təkrar-təkrar oxumalıyıq. Çox yaxşıdır ki, elə bu məqsədlə Akademiyanın Ədəbiyyat İnstitutu "Molla Nəsrəddin"in 12 cilddən ibarət (hər biri 70 müəllif vərəqi) transliterasiyalı mətnini nəşrə hazırlayıb və ilk cild artıq çapdan çıxıb. Bu işi sürətləndirmək lazımdır. "Molla Nəsrəddin"in tam halda yeni nəşri ona səbəb olacaq ki, milli-mənəvi və əxlaqi tərəqqimizdə öz tarixi rolunu, öz milli missiyasını o, ikinci dəfə, təkrar oynayacaq. Yalnız reklamlar yaymaq, plakatlar buraxmaq, təqvim, döş nişanı və konvertlər istehsal etməklə həmin məqsədə nail olmaq mümkün deyil. Mirzə Cəlil ideallarını dövrümüzdə həyata keçirməyin ən yaxşı üsulu onun fasiləsiz tədqiqi, tədrisi, nəşri və səhnəyə qoyulmasıdır. Təəssüf ki, xüsusən teatr bu sahədə çox az iş görür.

"Ölülər" və "Dəli yığıncağı" kimi şedevrlər indi artıq gör neçə ildir ki, səhnədə yox, arxivdə və muzeydə yaşayır.

Bütün tarix göstərir ki, özlüyündə qiyamlar, ordular, siyasi islahatlar, hakimiyyət dəyişmələri hələ heç nəyi həll etmir, mədəniyyət hər şeyi həll edir, yalnız o, inqilabi idealları real əxlaqi dəyərlərə çevirir. Milli himn və bayraq kimi milli təfəkkür və fəlsəfə də yeni dövrdə gərək yenidən müəyyənləşsin: "…xəyal, fikir və əqidə düzülməsə, əməl və haqq heç vaxt düzəlməz". Və "yüz illərlə yatmış millətin və məmləkətin qulağına dirilik şeypuru çalıb" oyatmaq lazımdır. Sözün gücü (şeypuru) Mirzə Cəlilə məhz xalqın milli intibahında iştirak etmək üçün lazım olur. Ədəbiyyat ona bütünlükdə oyanış və tərəqqi barədə bədii düşüncə kimi lazım olur. fəlsəfə və tarix, sosiologiya və hüquq, iqtisadiyyat və estetika, dil, psixologiya - hamısı həmin bədii düşüncənin daxili tərkib hissələridir. Və bütün bu sahələrin hamısında o, böyük islahatlara bütövlükdə İslam Şərqi miqyasında yenilikçi və novator ədib və ideoloq kimi başlayır.

Məhz Mirzə Cəlildən sonra Azərbaycanda bədii ədəbiyyatın əsas, aparıcı janrı dəyişir - milli hekayəni və novellanı ədib dünya nəsr prosesinin magistral yoluna çıxarır. Azərbaycan kəndinin ilk ictimai romanını, ilk sosial povestini yaradır. "Usta Zeynal"la "Poçt qutusu" ilə, "İranda hürriyyət"lə, bu əsərlərdəki fəlsəfi ironiya ilə mətnaltı məna qatı ilə, təhtəlşüur ifadə, üslub tərzi ilə o, özündən çox-çox sonrakıları - Platonovu, Bulqakovu, Markesi qabaqlayır. Həmçinin nahaq yerə Mirzə Cəlilin dram poetikasını yalnız Mirzə Cəlildən əvvəlkilərlə müqayisə edirlər və bu zaman Qoqoldan, "Müfəttiş"dən o yana getmirlər. Halbuki "Ölülər"də, "Dəli yığıncağı"nda Qoqolla yanaşı, İoneskonu, Sartrı xəbər verən aşkar novator cizgilər və şəksiz modern əlamətlər var!

C.Məmmədquluzadə yeni ədəbiyyatın obraz-qəhrəman tərkibini - bədii tipajını da dəyişir: "ölülər", "dəlilər", "artıqlar", "xırda adamlar", "saqqallı uşaqlar" və onların dünyası ilk dəfədir ki, nəsrin və dramın dünyasına gətirilir.

Nəhayət, C.Məmmədquluzadə realist milli ədəbiyyatın bədii əhvalını, psixoloji ovqatını dəyişir: çağdaş ədəbi fikirdə "ağrı ədəbiyyatı" deyilən qəhrəman, janr və üslubun əsasını qoyur. Dramaturgiyada M.F.Axundzadə tipajına - cəngavər bəylərə və maarifçi ziyalılara, qayğısız, nikbin sadə adamlara qarşı ağrılı, kədərli, tragik ironiya və parodiyaları - "psevdo ziyalı", "psevdo bəy", "psevdo ruhani", "psevdo kəndli" obrazlarını ortaya çıxarır. "Müdrik ziyalı" ilə "nadan xalq" konfliktini yox, "nadan intelligentlə" müdrik xalq arasında konflikti nəsrdə və səhnədə əsas konfliktə çevirir. Təkcə Şərqi yox, həm də Rusiyanı, Qərbi kor-koranə təqlid eləmək, yamsılamaq meyllərini sosial bəla kimi "uçtel" və "uşkol", "obrazovannılıq" və "intelligentlik" dərdi kimi, nadanlığın alt qatı, daha qorxulu iç üzü kimi təşrih, ittiham və ifşa edir. İlk dəfədir ki, "ölülər" monoloqu ilə və "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım" xitabı ilə doğma xalqa müraciət edir, onu bütün Novruzəliləri, bütün Usta Zeynalları, ölüləri, dəlilləri ilə birlikdə işıq üzünə - səhnəyə, nəsrə, publisistikaya çıxarır.

İntibah və demokratiya hərəkatında ədibin xidməti bütün İslam Şərqi miqyasında etiraf və təsdiq olunur. Həmin hüdudlarda o, yeni tipli realist ədəbiyyatın, satirik nəsrin və inqilabi mətbuatın "baniye karı" hesab edilir. Təkcə onu demək kifayətdir ki, "Molla Nəsrəddin" məcmuəsində ərəb, fars, türk, tatar, özbək, hind, türkmən, ləzgi, alban, əfqan, yunan, çin, bolqar, serb, alman… xalqlarının həyatı və taleyi ilə bağlı problemlər qaldırılır və məcmuə Tehran, İstanbul, Kəlküttə, Bağdad, Buxara, Səmərqənd, Aşqabad, Daşkənd, Peterburq, Moskva, Həştərxan, Ufa, Tiflis, İrəvan kimi şəhərlərdə yayılır və oxunurdu, Məcmuə müəyyən fasilələrlə düz 25 il (1905-1917-ci illərdə Tiflisdə, 1921-də Təbrizdə, 1922-1931-ci illər arası Bakıda) nəşr olunmuşdur. C.Məmmədquluzadənin burada işıq üzü görən əsərlərini bir yerə toplasaydıq, Azərbaycan ədəbiyyatında ən böyük külliyyat silsiləsi alınardı.

 

***

 

Özünə qədərki Azərbaycan yazıçılarından ən çox ideoloq olanı - C.Məmmədquluzadədir. "Azərbaycanın böyük siyasi xadimi" (Məmməd Cəfərin məqaləsinin adı) - haqqında bu sərlövhədə məqalə yazılan ayrı klassikimizi mən xatırlamıram. Mirzə Fətəli Axundzadədən sonra öz ictimai-siyasi görüşlərini bir ideoloq, dövlət adamı, ictimai xadim səviyyəsində şərh edən ikinci böyük yazıçımız məhz Mirzə Cəlildir və bu barədə daha geniş danışmağa indi açıq-aşkar ehtiyac var.

Vilhelm Almaniyasından və Stolıpin Rusiyasından tutmuş, Məmmədəli İranına və Əbdülhəmid Türkiyəsinə qədər ən müxtəlif ölkələr barədə öz fikrini o, dünya siyasəti miqyasında və səviyyəsində bildirirdi. Hamısında da İslam və Şərq siyasi mənafeyinin ideoloqu kimi çıxış edirdi; həm Avropa böyük dövlətlərinin, həm də Şərq müstəbidlərinin özünün antişərq siyasətini dərindən təhlil və ifşa edirdi. Onların hər ikisinin beynəlxalq "Şərq siyasəti" barədə heç bir Qərb və Şərq mənbəyində olmayan qədər elmi informasiyasını təkcə "Molla Nəsrəddin"dən əxz etmək olar.

Maraqlıdır ki, hələ o vaxtkı Şərqə ədib Avropa və dünya miqyasında geopolitik maraqların kəsişdiyi bir məkan kimi baxırdı və heyrətli bir uzaqgörənliklə deyirdi ki, suverenlik və istiqlal problemini lokal Şərq hüdudlarında həll eləmək qeyri-mümkündür. İstibdaddan azad olmaq üçün Şərq əvvəlcə böyük Qərb dövlətlərinin nüfuz və təsir dairəsindən azad olmalı, qapalı çevrədən, kənardan idarə olunan tilsimli dairədən kənara çıxmalıdır. Məsələn, Birinci Dünya müharibəsi ərəfəsində Berlindən Bağdada dəmir yolu çəkilməsinə o, "Molla Nəsrəddin"də dəfələrlə karikatura və replika həsr etmişdi, bunu Türkiyəyə, İrana, Hindistana Qərb yürüşünün başlanğıcı kimi qiymətləndirirdi. Təşviş ifadə edən və kinayə ilə səslənən xəbərlər dərgidə silsilə təşkil edirdi: "Germaniya dövləti islamlar ilə siğə qardaşı oldu". "İran səfiri iranlıların qəbiristan yerini almanlara altmış manata satmışdır" və s.

Yaxud hələ 1905-ci ildə, "Binəsiblər" və "Xeyir-dua" məqalələrində ədibin Azərbaycana, Şərqə qarşı çevrilmiş imperiya siyasəti və müstəmləkəçi ambisiya barədə dedikləri elə bil bu gün yazılmamışdır. "Haaqa sülh konfransı" ətrafında böyük dövlətlərin mahiyyətcə islam xalqları əleyhinə çevrilmiş ikiüzlü, saxta siyasi diplomatiyasına Məmmədquluzadə görün necə dəqiq diaqnoz qoyurdu: "Avropadakı mövcud ictimai-siyasi həyat şəraitində ümumi sülh mümkün ola bilməz. Nə qədər ki, böyük dövlətlərin qoluzorluluğu və yeni müstəmləkələr uğrunda didişmə davam edir, ümumi sülh və ya hərbi xərclərin məhdud edilməsi haqqında diplomatik boşboğazlıqlar məzlum xalqları aldatmaqdan və müstəmləkə hərislərinin bir-birinə kələk gəlməsindən başqa bir şey deyildir: "Müstəmləkəçi böyük dövlətlərin adı bəşər tarixində biabırçılıqla yazılacaqdır. Xalqların salnamələrində gələcək nəsillərə onlardan ancaq mənhus sifətlər yadigar qalacaqdır" ("Vozrojdeniye" qəzeti, 1905, N-9).

Fransız, ingilis, yapon, Amerika müstəmləkə dairələrinə qarşı Şərq xalqlarının mübarizə və azadlıq hərəkatına böyük, nikbin ümüdlərini də gizlətməyən yazıçı hərarətlə yazırdı: "Qolçomaq hökumətlər Şərq zəhmətkeşlərini bir zindan üstə qoyub böyük çəkiclər ilə tapdalayıb döyürlər. Əmma onu düşünmürlər ki, indi səbəbsiz yerə döyülən zəhmətkeşlər döyüldükcə başlayırlar yavaş-yavaş qızarmağa…

Zaman ki, nahaq yerə indi tapdalanan Şərq əhalisi mirur ilə isindilər, qızardılar, onda dəxi onlardan elə bir atəş zühur edə bilər ki, istibdad dəmirçixanasının çəkicini də yandırar və dəmirçinin özünü də yandırıb puç edə bilər".

Məmmədquluzadənin rəhbər tutduğu və təbliğ etdiyi milli dövlət qurumunun tipi - Xalq hakimiyyəti prinsiplərinə əsaslanan demokratik, suveren respublika quruluşu idi. Bu respublikanın perspektiv fəaliyyət proqramını isə o, üç əsas tərkib hissəsini - milli dövlət, xalq hakimiyyəti, torpaq islahatı - özündə birləşdirən "nasionalizm" kimi təsəvvür edirdi. Belə respublika eyni vaxtda həm çar monarxizmini, həm də despotik Şərq hakimiyyət qurumlarını kökündən rədd edir, onların hər ikisinə qarşı çevrilmiş Məmmədquluzadə satirasının siyasi pafosunu şərtləndirirdi.

Eyni ayıq, oyaq milli-siyasi şüuru Cəlil Məmmədquluzadə Azərbaycan miqyasında "daxili siyasət" (xüsusən, din, mənəviyyat, qeyrət və mədəniyyət sahəsində) problemlərinə münasibətdə nümayiş etdirirdi. Bu problemlərlə bağlı ən böyük daxili "fəsadı" o, cəmiyyətdə hakim olan ifrat ictimai bərabərsizlik hallarında və bu hala cəmiyyətin sütunlarının - "millət vəkillərinin", sahibkarlarının, ziyalıların və ruhanilərin laqeydliyində görürdü. Özü də bütün başqa "fəsadlar"ın da mayası məhz bu təzadlı, qeyri-bərabər bir güzəranda, daxildəki soyğunçuluqda, tüfeylilikdə, özü-özünü çapıb-talayan millətin özündə idi. Ədibə görə bir cəmiyyətdə ki, "yüz adamın biri şama kəklik plov yeyə və isti otaqda buğlana-buğlana yata və doxsan doqquzu soyuqdan və aclıq sancısından sübhədək vayıldaya - bu, elə bir hərc-mərc və elə fəsaddır ki, dəxi bundan savayı qeyri bir hərc-mərc və fəsada ehtiyac yoxdur". Çox müasir səslənir, elə deyilmi?

Ümumiyyətlə, ali bir vətəndaşlıq, milli mənafe meyarı və prinsipi Mirzə Cəlil - üslubunun hər komponentində özünü göstərir - adlardan, rəmzlərdən tutmuş problemlərə və onların təhlil üsullarına qədər. Yalnız bir neçə detalı xatırlatmaq istəyirəm. O, Məhəmmədağa Şahtaxtlıdan aldığı Şərqi-Rus" ("Rusun Şərqi") mətbəəsinin adını da dərhal dəyişdirir: "Qeyrət" mətbəəsi adlandırır. Bu özü çox rəmzi hadisə idi - Məmmədquluzadə hələ o vaxtdan özünü "Rusiyanın Şərqi" yox, "Azərbaycanın qeyrəti" kimi dərk eləmişdi!.. Sonralar nəinki Qafqazda, bütün Yaxın və Orta Şərqdə, Rusiyanın, Avropanın islam paytaxtlarında inqilabi, realist və satirik mətbuat "Qeyrət"dən doğuldu. Tiflisdəki "Qeyrət" sosial-demokrat təşkilatı, İranın "fədayi" inqilabi qurumu, Bakıdakı "Hümmət" qrupu o vaxt bu mətbəə ilə sıx bağlı idilər. Təəssüf ki, həmin adı və missiyanı özündə daşıyan müasir mətbəə və qəzet indi Azərbaycanda yoxdur.

Maraqlıdır ki, ədib çıxarmaq istədiyi ilk qəzetə də rəmzi ad - "Novruz" adı vermək istəyirmiş: "Ümüdüm bu idi ki… hökumət insafa gəlib bu qəzeti bizə şəfaət etməklə bəlkə bizim də novruzumuzun yaxınlaşmasına səbəb oldu".

O da maraqlıdır ki, daha sonralar da mənalı təxəllüs axtararkən Məmmədquluzadə həm özünə, həm də məcmuəsinə eyni adı götürür: "Molla Nəsrəddin". Bu ad bir rəmz kimi əksər islam xalqları üçün müştərəkliyi ifadə edirdi, müştərək bir ayıq, oyaq, iti ağlı, yumorlu, satirik təhlil və təşrih pafosunu, təbiət, el, xalq müdrikliyini ifadə edirdi. Nəhayət, bu ad dini xürafatı, mövhumatı və cəhaləti ifadə eləyən "Molla Nəsrəddin"ə əks qütbü, inkarı, təzadı ifadə eləyən ünvan və imza kimi seçilmişdi.

Mirzə Cəlilin demək olar ki, hər əsərinin adı ayrılıqda simvolik məna ifadə edir: "Ölülər", "Dəli yığıncağı", "Nigarançılıq", "Şeir bülbülləri", "Danabaş kəndinin məktəbi", "Lal", "Kamança"…

Günümüzün ən ağrılı dərdlərini, müşküllərini açmaqda bu simvollar bizə indi də kömək edir. "Ölülər"dəki məşhur səhnəni xatırlayın: o vaxta qədər ki, ölüləri diriltmək Şeyx Nəsrullahdan asılı olur, hamı bir səslə ölüləri diriltməyin tərəfdarı olur; amma o vaxt ki, ölüləri diriltmək "ölülərin" özündən asılı olur, hamı "gedir fikirləşməyə". Bizim də suverenliyimiz nə vaxta qədər ki, imperiyadan, Politbürodan, KQB-dən asılı idi, hamımız yumruqda birləşmişdik və müstəqillik tələb edirdik. Amma o vaxt ki, müstəqilliyi, xalqın ərazi bütövlüyünü və siyasi taleyini qorumaq bizim özümüzdən asılı oldu, hərə bir tərəfə çəkdi, hamı "getdi fikirləşməyə". Ölülər dirilsin, ya dirilməsin? - O dövrün "ölüləri" bu suala həmrəy, yekdil cavab verə bilməmişdilər. "Bəs qaçqınlar qayıtsın, ya qayıtmasın?" - Bu suala da biz yekdil və həmrəy cavab verə bilmədik. Oğulları Vətənə xəyanət edən, torpağı naminə bütünlükdə cihada qalxa bilməyən xalqa beynəlxalq dünya da qəhmər çıxmadı və ayağa qalxmadı. Heç olmasa torpağımızın xilası, qaçqınların "mənəvi diriliy" naminə hələ də axıra qədər birləşə bilmirik!..

Yaxud "Danabaş kəndinin əhvalatları" əsərini götürək. Orada bir "Xudayar bəy" obrazı var. Bu vaxta qədər deyildiyi kimi, bu obraz bəyliyin tənqidi deyil, "psevdo bəyliyin" tənqididir. Özünə "bəy" adı qoyan gədanın ifşası, təşrihidir. Köhnə "gəda" və "cır" mənşəyini kim yadına salırsa, bu Xudayar onu tutub salır ya qamçısının altına, ya da dama. Və "bəy" donu geyib "gəda işləri" görməyə başlayır. Məgər azmı oldu yaxın keçmişimizdə belə "gəda-bəy" oyununa oxşayan hadisələr?!

Yaxud, lap elə "Kişmiş oyunu" pyesini alaq. Növbəti "seyid oyunu"ndan (camaatdan israrla pay, sədəqə yığmaq mərasimindən) yaxa qurtarmaq üçün kəndlilər fikirləşib seyidlərlə "kişmiş oyunu" oynamaq qərarına gəlirlər: yalandan cavanlar guya kişmiş karvanına basqın edir, kişmiş tayları ilə və iki "meyitlə" geri qayıdırlar. İzi itirmək, şahidlərdən yaxa qurtarmaq adı, bəhanəsi ilə kim isə təklif edir ki, gəlin çağrılmamış qonaqları da "öldürək". Seyidlər kələyə inanır, fürsət axtarıb dərhal qaçırlar. Ədibin hətta bu sadə, yumorlu, bir erkən qələm təcrübəsi də çağdaş gerçəkliyin çox həqiqətlərini açmağa açar ola bilər: son illərdə kim qalmadı ki, bizim Milli Məclislə "kişmiş oyunu" oynamasın? Hamısı da baş tutdu, bircə indiki iqtidarla sabiq baş nazirin oynamaq istədiyi son "kişmiş oyunu"ndan başqa!..

Çağdaş hadisələr yuxarıdakı nümunələrdən də sərt, bəzəksiz, çılpaq şəkildə bu gün üstümüzə ədibin başqa əsərindən - "Poçt qutusu"ndan düşən işıqda görünür. C.Məmmədquluzadənin böyük estetik kəşfi - Novruzəli psixologiyası günümüzdə baş verən hadisələrin də mahiyyətində çox şeyi açıb-tökür. Mən deməzdim ki, biz onları görmürük. Yox, görürük, amma Mirzə Cəlil cəsarəti ilə açıb ortaya tökmürük. Həqiqətin düz gözünün içinə baxıb, günahkarın düz gözünün içinə demirik.

Yəqin ki, yadınızdadır, hekayədəki təsvirə görə Novruzəli heç də güzəran baxımından kasıb deyil. Bunu onun Vəli xana gətirdiyi sovqat da təsdiq edir: "İki çuval un, bir neçə toyuq-cücə, yumurta, hətta toyuqlar üçün dən". Lakin ədib onun "mənəvi kasıblığı", ictimai şüur və fəaliyyət kasıblığı ilə məşğuldur, narahatdır və bu barədə bizi də düşündürür, narahat edir: poçt qutularının və teleqraf tellərinin fəaliyyət göstərməyə başladığı dövrdən və hadisələrdən öz yüklü ulağı ilə birlikdə Novruzəli nə qədər uzaqdır!.. Novruzəli "maddi" kasıblıqdan başqa, kasıblığın digər bütün növləri və çeşidləri baxımından kasıbdır!..

Milli qeyrət, "ittihad", hümmət, birlik və həmrəylik şüurunun kasıblığı - məgər bumu deyil günümüzün problemi? Var-dövlət yox, məhz "şüur kasıblığı" səbəb oldu ki, suverenlik, müstəqillik hərəkatı vəzifə, rəyasət, hakimiyyət uğrunda fərdi dava, savaş və "hərəkat" səviyyəsinə ensin. Orduda da, iqtidarda da və müxalifətdə də "elələri" tapıldı ki, "hakimiyyət cəbhəsini" və mənafeyini hətta Qarabağ cəbhəsinə və mənafeyinə tərcih etsin və ondan üstün tutsunlar. Yüzlərlə fərari, milyondan çox qaçqın məgər "maddi kasıblıqdanmı" aran Qarabağın beş şəhərini - beşini də birdən qoyub qaçdı?! Yox, milli düşüncə, qeyrət və vicdanla bağlı sərvətlər, dəyərlər azlıq elədi. Elə hala gəlib çatdıq ki, indi artıq bağırsağın, mədənin yox… mənəviyyatın, ruhun "humanitar yardım"a ehtiyacı var. Bəlkə millət vəkillərinə, diplomatlara, müraciət edək, səfirlərə tapşıraq ki, Birləşmiş Ştatlara, İslam bankına, Ərəb əmirliyinə yox… Xorvat müsəlmanlarına, çeçen fədailərinə müraciət etsinlər: qoy onlar süd tozundan, ət qaxacından yox, yurd-yuva hissindən, torpaq duyğusundan, qeyrətdən, heysiyyətdən bizə kredit və borc ayırsınlar. Və millət əxlaqi iflas, mənəvi talan içində itib-batmasın.

Təəssüf, min təəssüf ki, həqiqətin gözünün içinə dik baxan və onu Mirzə Cəlil qədər açıq, sərt deyən bugünkü yazıçımız yoxdur, varsa da susur, susmasa idi, məncə, bax, bu şəkildə, tarixin artıq dediyi və Mirzə Cəlilin deyəcəyi şəkildə deyərdi…

Belə yazıçıları da ədib yaddan çıxarmayıb və onlara da həqiqəti dik gözlərinin içinə deyib: "…axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxaran yazıçıların qiyməti bir qara puldur, o da qəlp".

Yaxud "Dəli yığıncağı" məzhəkəsini alaq. Son iki-üç ildə daha yer qalmadı ki, orda "Dəli yığıncağı"na rast gəlməyək. Meydanlarda, küçə və bazarlarda, mətbuat səhifələrində, banklarda, hətta Təhlükəsizlik Nazirliyində və DİN-də, prokurorluqda, Ali Sovetdə və xüsusən Milli Məclisin yığıncağında "dəli yığıncağı"na bənzər hadisələr məgər azmı oldu? Əksinə, burada qızışan elə ehtiraslara şahid olduq ki, hətta Mirzə Cəlil qələmi özü ona həsəd çəkə bilərdi!..

Ümumiyyətlə, qeyri-sabit, prinsipsiz parlamanla-duma ilə, İran və Türkiyə konstitusiyası ilə, məclisi, müəssisanla, milli məclislə Məmmədquluzadənin heç arası olmayıb: "Qanuni-əsası yazılanda mən sevinirdim ki, İran da düzəldi. Ümid edirdim ki, axırda iranlılar da nəfəs çəkə biləcəklər. Amma indi bildim ki, qanuni-əsasi nədən ibarət imiş… Nə oldu nəticəsi? Bir dılğır parlaman… Bu olmadı. Belə qanuni-əsasinin üstə xətt çəkməli…" Xalqın mənafeyini, millətin iradəsini ifadə etməyən hər hansı "parlamentarizm" və "Qanuni-əsasi" həmişə Molla Nəsrəddinin kəskin siyasi satirasına məruz qalıb.

Dövrümüzün daha mükəmməl, realist, analitik təhlili olan əsər isə şübhəsiz, "Anamın kitabı"dır. Üç qardaş bir evi üç guşəyə bölüb, biri "xüsuf-küsuf" duası oxuyur, biri - "elmi-qafiyə" öyrənib nəzm yazır, biri də heç kəsə lazım olmayan, qəribə, əcaib lüğət düzəldir, hərə yad bir kitab oxuyur, "Anamın kitabı" isə sahibsiz ortada qalır, oxuyanı yoxdur. Üçü də Vətən, millət dil, "milli mənafe" anlayışından tamam xəbərsizdir. Qardaşların guya gizli "istiqlal dərnəyi" düzəltdiyi barədə, həm Bakıda, həm də Təbrizdə Rusiya və İran əleyhinə çevriliş hazırladığı barədə şayiəyə inanıb bunların mənzilini yoxlamağa gələn polis arxayın nəfəs alır və həqiqətən etibarlı, dəqiq qənaətə gəlir: bunlar kolonial imperiyalar üçün "ən zərərsiz, ən salamat çar və şah bəndələri" imiş!

"Anamın kitabı" - hər şeydən əvvəl "anamın dili" demək idi. Gülbaharın monoloqu əslində hələ "Molla Nəsrəddin"in lap birinci nömrəsindən başlayırdı: "…Salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi… hərdən bir ana dilində danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?" Dil bəlası qoca Nəsrəddinin yaralı yeri və köhnə dərdi idi: mən hələ ömrümdə görməmişəm ki, iki müsəlman obrazovannısı bir-birinə rast gələ və ana dilində danışa.

İkinci tərəfdən, "Anamın kitabı" - mənəvi və sosial ekologiya", proqnoz kitabı idi. Və bu baxımdan da günümüzlə çox həmahəng səslənir.

O ideyalar ki, nəticə, yekun etibarilə təbiətdə və cəmiyyətdə iflasa, fəlakətə gətirib çıxarır, bu gün xalqlar, ölkələr, millətlər hamısı elliklə sənətdə, ədəbiyyatda, fəlsəfədə onlardan imtina edirlər. Əksinə, tarixləri və mədəniyyətləri birləşdirən, sivilizasiyaları bütövləşdirən ideyalar çağdaş ədəbi-bədii fəlsəfi dövriyyədə əsas ağırlıq və diqqət mərkəzinə çervilir. Lokal ədəbi tarixlər vahid zaman axarının qapalı olmayan, açıq tarixində birləşir. Nəsillərarası bədii estafet, irs və varis əlaqələrinin fasiləsizliyi elə bu tarixlərdən yaranmırmı?

Mənəvi və sosial ekologiyanın bu yazılmamış qanununu da hələ əsrin lap əvvəlində Cəlil Məmmədquluzadə özünün müqəddəs kitabında məhz "Anamın kitabı"nda yazır: "Yer, göy, ay və ulduzlar göylərdə seyr edib, gəzə-gəzə yenə əvvəl-axır günün başına dolanırlar, çünki bunlar hamısı qədimi-əzəldən gündən qopub-ayrılmış parçalardır. …Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib-dolanlar, yenə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar, çünki ay və ulduzlar şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdırlar.

Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insaf və vicdanı ona mədənülhəyat əziyyət verəcək, nə qədər ki, canda nəfəs var, peşiman olacaq".

Göründüyü kimi, cəmiyyətdə, ictimai və mənəvi həyatda Mirzə Cəlilin toxunmadığı mətləb qalmayıb. "Poçt qutusu"nda kəndlinin "poçt qutusu anlayışı", "Usta Zeynal"da fəhlənin "vaxt və teleqraf" anlayışı, "Nigaranlıq"da ziyalının "millət və vətən" anlayışı, "İranda hürriyyət" hekayəsində isə onların hər üçünün. "Hürriyyət" anlayışı milli təlaşın və həyəcanın, "vətəndaşlıq" narahatlılığının hədəfinə çevrilib.

Mirzə Cəlilin "azərbaycançılıq" idealı, "türkçülüyü" və millətçiliyi öz daxilində xalqa, millətə məhəbbətlə yanaşı, çox iti, ayıq və oyaq bir tənqidi münasibəti də cəm edib, birləşdirib.

İki yabançı əcnəbi kəlməsi öyrənən kimi evdə də, doğma anası və övladı ilə söhbətdə də rusca kəkələyən, gecələr qumarxanada və kazinoda "barışna"ya, gündüzlər isə qəzetdə və dərgidə xalqa "eşq" elan eləyən, zahirdə "vətənpərəst", batində "padşahpərəst" "intelligentin", məsləksiz, əqidəsiz "oxumuş"un millətə oxuduğu "mədhiyyəyə" Məmmədquluzadə gülürdü: "… ay mənim yaxşı millətim, hazıram sənə canımı fəda edim, ay mənim gözəl millətim! Ay millətlərin padşahı millətim! Amma mənə qalsa bu sözlərin qiyməti bir dənə çürük qəpikdir. Biz deyirik ki, belə milləti biz cani-dildən istəyə bilmərik. Bəlkə içində bir-iki yaxşısı tapıla".

Ruhanilərin simasında isə onun qəbul edə bilmədiyi ən çox şükür, təvəkkül etiqadı idi, əxlaqdan, mənəviyyatdan ayrılan zahiri ibadət, əsl həqiqətdən, mahiyyətdən, fəaliyyətdən ayrılan, mütləqləşən ehkam, sxolastika idi: "…boş-boş Allahı çağırmaqla Allah işlərini ötürüb, göydən yerə pilləkan qoyub, enib gəlib sənə kömək eləməz. Lazımdır çalışmaq, çalışmaq".

Bəs "intelligentliyin" təşrihində və təhlilində Məmmədquluzadə satirasının əsas hədəfi nədir? Hər şeydən əvvəl, yenə də mahiyyətcə eyni bir sxolastika, dirilikdən, fəallıqdan, Vətən təəssübündən, milli yaddaşdan və intibahdan, ana dilindən, baba əxlaqından, ümumiyyətlə, müasirliyin gerçəkliyindən və əməli tələblərindən eyni dərəcədə uzaqlıq: "…"Sahibi-qələm", "vətənpərəst"… zəhrimar olsun onun "qələmi", cəhənnəm olsun onun "pərəsti"… Bunlar mənim qulağıma girməz. Mənə əməl lazımdır, əməl, əməl!"

Əsl, xalis ziyalını isə Cəlil Məmmədquluzadə özü təmsil edirdi (Sabirlər, Üzeyir bəylər, Köçərlilər, Ömər Faiqlər, Nərimanovlarla birlikdə), özü də təkcə yaradıcılığı ilə yox, həm də "mən"i, şəxsiyyəti ilə təmsil edirdi. Nə tirandan, nə despotdan, nə də üləmadan qorxmurdu. Əksinə, "Nikolay, Əbdülhəmid, Məmmədəli ondan qorxurdu" (M.Cəfər). Hətta KQB, kazarma rejimi ondan çəkinirdi. Əgər belə olmasaydı, lazım gələndə qələmi, lazım gələndə isə sözün hərfi mənasında silahı əlinə alıb düşmənlə vuruşmazdı.

Ölümünə Nəcəfdə və Xorasanda fitva verildiyi halda, Təbrizə getməzdi. Cümhuriyyətin talan və pamal edildiyini gördüyü halda, Təbrizdən Bakıya qayıtmazdı.

Bu yaxında yenicə çap olunan bir məktubdan bəlli olur ki, o, silah götürüb Əsgərana düşmənlə döyüşməyə gedib. Qatı, müdhiş duman Şuşada cəm olanda Şuşaya, Təbrizdə cəm olanda Təbrizə, Bakıda qatılaşanda Bakıya tələsib.

Təbriz Məmmədquluzadə publisistikasının əsas obrazına və qəhrəmanına iki dəfə çevrilib; hər dəfə də Təbriz özü "qaynar nöqtəyə" çevriləndə: Səttarxan hərəkatı (1908-1909) dövründə və Xiyabani hərəkatı (1920) dövründə: "Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. … hər kimin ürəyində bir cüzi namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur! Bu gün, ən böyük vətənpərvərlik oraya kömək etməkdir".

1920-ci ildə isə o, şəxsən özü yenidən üsyan bayrağı qaldıran Təbrizə yola düşür. Milli hökuməti, "Azadstan" cümhuriyyətini salamlayır. Cümhuriyyət məğlub olandan sonra da orada qalıb, "Molla Nəsrəddin"in Təbrizdə çıxan səkkiz nömrəsi ilə qanlı şah istibdadına qarşı öz mübarizəsini davam etdirir.

Təxminən, eyni vaxtda Şimali Azərbaycanda da cümhuriyyət devrilir. Və bu birinci və sonuncu dəfə deyildi ki, Azərbaycan dövlətçiliyi Bakıda rus, Təbrizdə fars şovinizminin qurbanı olur. Bunu gözü ilə görən və candan yaşayan ədib öz haray səsini bu dəfə Təbrizdən qaldırır: "Millət boğulur. Tüstülər milləti hər tərəfdən əhatə eləyib, əgər dad, fəryada tez yetişməsək, mümkündür ki, millətdən bir əsər dəxi qalmaya. Tələsmək lazımdır".

Lakin intelligentlə, Çar Nikolayla, Sultan Əbdülhəmidlə, Şahənşah Məmmədəli ilə yanaşı, bu satiranın bir böyük, bir "şahənşah hədəfi" də var idi - cahil, fanatik din xadimləri: "… Mənim zehnimi məşğul edən o qədər sultanlar və padşahlar deyildi, nə qədər ki, ruhanilər idi".

Şübhəsiz, Məmmədquluzadə özü də müsəlman idi və üstəlik, özü də molla idi: Molla Nəsrəddin (Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Molla Məhəmməd Füzuli kimi). Lakin bu mollanın o molladan fərqi də var idi: "Mən də mollayam, siz də molla, əmma mən müsəlman qardaşlara deyirəm: "Ey müsəlmanlar, gözünüzü açınız, mənə baxınız", əmma siz mollalar deyirsiniz: "Ey müsəlmanlar, gözünüzü yumunuz, mənə baxınız". Xudayar bəy - saxta, əldəqayırma, qondarma bəy olduğu kimi, teleqrafçı Heydər ağa, "şair" Səməd Vahid, yaxud dilmanc Əli bəy saxta ziyalı olduğu kimi, Məmmədquluzadə ruhaninin də saxtasını, mərsiyəxanın lotusunu, dərvişin hoqqabazını, seyidin dələduzunu təsvir edirdi.

"Yaşadığımız əsr elə bir əsrdir ki, müntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec məhv olasıdır" - məhz belə bir milli əxlaqı, ideologiyanı tərbiyə etməkdə Mirzə Cəlil irsi bu gün də bizə çox kömək edə bilər. Belə bir milli təlimə indi hava və su kimi ehtiyac var.

Belə ki, marksizm Rusiyanın və MDB ölkələrinin rəsmi dövlət təlimi və doktrinası olmaqdan qalıb. Elə bununla da cəmiyyət miqyasında bütün mədəni-humanitar qurumlar və onlar arasında ideoloji dövriyyə öz vahid enerji mənbəyini itirib. Vulqar sinfi və ifrat partiyalı qalibdən, çərçivədən azad olan sərbəst, suveren, humanitar şüurda həm xalis milli, həm də ümumbəşəri dəyər və meyar axtarışı eyni vaxtda başlayıb. Fəlsəfə, sənət və ədəbiyyatda ənənəvi, milli genotipin strukturu, bədii tərəqqidə idrakın və inikasın Şərq, islam, azəri-türk modeli əvvəlki hüququnda bərpa olunur.

Hərtərəfli, obyektiv - tarixi inkişaf təkcə o zaman baş tutur ki, o, öz kamilliyini yalnız keçmişlə yox, həm də gələcəklə əlaqələrinin tamlığında və bütünlüyündə tapsın. Tamamlanmaqda olan son min il bizə iki labüd, iki qaçılmaz taledən birini vəd edir: ya apokalipsis, qiyamət və məşhər finalı, ya humanitar ekologiya, xalis mənəvi intibah səciyyəli sivilizasiya. Qeyri-zor və ümumbəşəri dəyərlərin prioriteti! - Bu gün bəşəriyyət həmin keçidi belə yekunun və çağırışın əlaməti altında qarşılamağa hazırlaşır. Zorakılığı ən ifrat hüduda - sinifləri və irqləri məhv etmək səviyyəsinə gətirib çıxaran vulqar ekstremist təlimin hər ikisini - faşizmi də, bolşevizmi də tarix arxada buraxır və xüsusən son yüz ilin təcrübəsi bütünlükdə bir daha göstərir ki, nə təbiətə, nə də cəmiyyətə zor qəsdi ilə müdaxilə özünü doğrultmur: birinci halda təbiət özü, ikincidə - sosial-mənəvi ekologiya - insanlardan qisas alır.

Bu əyri və ifratlardan azad, "korlanmamış", ekoloji cəhətdən təmiz nəzəri fikir - klassiklərdə var. Buna ən qabarıq nümunə yenə də Cəlil Məmmədquluzadənin bir ziyalı, nasir, dramaturq, filosof və xüsusən ideoloq kimi fikirləridir… Onun xalq hakimiyyətinə əsaslanan suveren, demokratik respublika anlayışı da bu gün üçün aktual siyasi məzmundan məhrum deyildir: "Cümhuriyyət elə bir hökumətə deyilir ki, orada məmləkətin idarəsi camaatın, xalqın öz öhdəsində və ixtiyarındadır və vicdan azadlığı, yığıncaq azadlığı, birləşmək azadlığı, söz azadlığı, mətbuat azadlığı, siyasi firqələr düzəltmək azadlığı, şəxsiyyət azadlığı, qanun qarşısında bərabərlik, seçki üsulunda həmrəylik, bərabərlik və müstəqillik, gizli səsvermə pinsipləri cümhuriyyət quruluşunda əsas olmalıdır".

Həm suveren "Azərbaycan Cümhuriyyəti" dövründə, həm də indiki "Azərbaycan Demokratik Respublikası" vaxtı xalqımızın müstəqillik əldə etməsindən sonra ayrı-ayrı rus hakim dairələrinin milli istiqlalımıza münasibətində eyni, oxşar məqamlar oldu. Rusiyada fevral inqilabından sonrakı Müvəqqəti hökumətin (nazir Milyukovun) baş vermiş hadisələrdən peşimanlıq çəkməsi və "Qafqaz millətlərinə azadlıq verməyin hələ məqsədyönlü olmaması" barədə fikrinə fövri reaksiya olan aşağıdakı sözlər də bu gün nə qədər aktual səslənir: "Gorbagor Stolıpin əsrini geri qaytarmaq siyasəti yürüdür… Dəxi nə azadlıqbazlıqdır? Dəxi bu hürriyyət olmadı".

 

***

 

Məmmədquluzadə yalnız böyük satirik deyildir, böyük Molla Nəsrəddinin həm qəlbində, həm də qələmində həzin bir lirika və işıqlı romantika da var. O, muğama pərəstiş etmiş, Üzeyirlə yanaşı Motsartı, Bethoveni, Qlinkanı, Şuberti çox sevmiş, onlar barədə yazılara öz dərgisində yer ayırmışdır. Hətta sənətşünaslıq janrında "Elmi musiqi" adlı ayrıca elmi bir əsər də yazmışdır.

C.Məmmədquluzadənin milli musiqini mənəviyyat, əxlaq və fəlsəfə kimi tərənnüm edən bir bədii əsəri də vardır. "Kamança". Erməni-Azərbaycan savaşının ən qızğın vaxtında yazıb, 1918-ci ildə, Şuşada. Onu ölümə məhkum edən yüzbaşının önündə qoca və topal Baxşı son dəfə kamanda "Zabul segahı" çalır. Bütün tarix, olub-keçənlər, "namərd dünya" gəlib durur Qəhrəman yüzbaşının gözü önündə. Qan, qətl vəd edən dramatik hadisəyə silahla yox… segahla, şurla, muğam fəlsəfəsi və əxlaqı ilə yekun vurulur. Qəhrəman yüzbaşı topal ermənini əşafotdan qovur: "Ədə erməni, tez kəmənçəni yığışdır. İtil get buradan. Yoxsa atamın goru haqqı, bu yoldaşlarımın başına and olsun, bu qəməynən bu sahat səni də öldürrəm, özümü də öldürrəm, çıx get". Hətta qisas anında da ədib nifrət tərbiyə eləmir! Və mən bunu bizim ədəbiyyatın zəifliyi yox, gücü hesab edirəm!

Sənət nifrətlə hamilə olanda ondan Raffi doğulur, Füzuli yox, Balayan doğulur, Mirzə Cəlil yox! Dünyada ən böyük nifrət ədəbiyyatı bizim qonşuların ədəbiyyatıdır. Elə ona görə də dahilər və nəhənglər baxımından ən qısır ədəbiyyat da onlarındır. Naqis patalogiya, küdurət kompleksi dahi doğura bilməz, Xanzadyan, Qdlyan, İgidyan doğura bilər.

Bəlkə elə bu da növbəti Mirzə Cəlil dərsidir. Bu gün də, yenə də "silah səsini kaman səsi əvəz etməlidir!" - deyən böyük Molla Nəsrəddinin bizə müdriklik vəsiyyətidir?!. Bu vəsiyyət təkcə "Kamança"da yox, həm də Cəlil Məmmədquluzadənin şah kitabında - "Anamın kitabı"nda yazılmışdır. "Ana kitabı"nı oxumaq və əməldə, işdə uca tutmaq isə bütün nəsillərin, o cümlədən, bizim mənəvi borcumuzdur.

 

 

Yaşar Qarayev,

AMEA-nın müxbir üzvü

 

Ədəbiyyat qəzeti.- 2013.- 12 aprel.- S.1; 4.