Görkəmli qələm sahibi haqqında düşüncələr

  

Qələminə və şəxsiyyətinə həmişə dərin rəğbət bəslədiyim, maraqlı hekayələrin, orijinal pyeslərin, ssenarilərin, dərin elmi-nəzəri əsərlərin müəllifi, əməkdar incəsənət xadimi, xalq yazıçısı Elçin müasir Azərbaycan ədəbiyyatının sütunlarından biridir desəm, səhv etmərəm. Onu oxucularına və tamaşaçılarına sevdirən başlıca cəhət səmimiyyətidir. Elçin həyatda da, sənətdə də çox səmimidir. Sözü bir, əməli birdir. Mən onun çoxşaxəli yaradıcılığına bələdəm, xüsusən modern hekayələrini sevə-sevə oxuyuram. 60-70-ci illərdə mən ingilis, fransız, ispan və ərəb dillərində nəşr edilən “Moskoy-Nyus” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olanda bu modern sənət nümunələrindən birini həmin mətbu orqana göndərmişdim, dərhal çap etmişdilər, belə orijinal hekayəni təqdim etdiyimə görə təşəkkürlərini də bildirmişdilər.

Mən Elçinin Azərbaycan teatrlarında tamaşaya qoyulmuş bütün pyeslərinə maraqla baxmışam və onun yaradıcılığı haqqında tələbələrimə mühazirələr oxumuşam və bu gün də Mədəniyyət və İncəsənət Universitetində “Müasir Azərbaycan dramaturgiyası” fənnindən dərs deyərkən Elçin dramaturgiyasının özəlliklərindən, mövzu və sənətkarlıq baxımından onun dramaturgiyamıza gətirdiyi novatorluqdan məmnunluqla söz açıram.

Bu yaxınlarda mən Elçinin xalq yazıçısı Anarın 75 illiyi münasibətilə “Ədəbiyyat qəzeti”ndə (15 mart 2013-cü il) çap etdirdiyi “Qocalığa hələ çox qalıb” adlı əsərini (məqalə, yaxud xatirə deməyə dilim gəlmir) birnəfəsə oxudum. İlk cümləsindən məni ovsunlayan bu əsər poetik dili, şirin təhkiyə üslubu və məhrəm duyğuların usta təsviri ilə məni keçən əsrin altmışıncı illərinə apardı. 60-cı illər ədəbiyyatının sıra nəfəri kimi mən də sızıltılı nostalji hisslər keçirdim, çox şeylər yadıma düşdü və ilk olaraq Azərbaycan Dövlət Universitetində təhsil aldığım illəri xatırladım.

1958-ci il. Ziyalılar evi (indiki Atatürk mərkəzi). Ədəbiyyat aləmində ilk addımlarını atan tələbələrin fərəhli dəqiqələridir. “Gənclik nəğmələri” adlı almanax işıq üzü görüb və burada toplanan şeirlərin, hekayələrin müəllifləri olan bizlər Ziyalılar evinin işıqlı salonuna toplaşmışıq. Xitabət kürsüsündə müqtədir sənətkarımız İlyas Əfəndiyev görünür. O, bizdən danışır, əsərlərimizi təhlil edir. Bəyəndiyi hekayələr içərisində öz adımı eşidirəm. Dünya mənimdir! Sevincimin həddi-hüdudu yoxdur! Görüşdən sonra hamımız İlyas Əfəndiyevi üzük qaşı kimi dövrəyə alırıq. O, bizi təbrik edir, hər birimizə uğurlar arzulayır.

Sonralar mənə İlyas Əfəndiyevlə bir neçə dəfə görüşmək nəsib olub. Bu görüşlərdən biri Zuğulbada-pansionatdaydı. İlyas Əfəndiyevi gördüm, yaxınlaşıb salam verdim və Elçini soruşdum (bu yuxarıda qeyd etdiyim “Moskoy-Nyus” qəzeti ilə əlaqədar idi). Elçin şəhərdə idi. İlyas müəllim məni evə dəvət etdi. Eyvanda oturduq, maraqlı söhbətimiz oldu. Mən Elçinin yaradıcılığından, Abşerona həsr etdiyi əsərlərindən danışdım və belə dedim: “Mən bakılıyam, əslən bilgəhliyəm, yəni uşaqlıqdan Abşeron bağlarında böyümüşəm. Elçinin əsərlərini oxuyanda mənə elə gəlir ki, o da bakılıdır”. İlyas müəllim gülümsündü. Mən niyə bu qənaətə gəldiyimi izah etməyə başladım, ümumiyyətlə, Elçinin yaradıcılığı ilə bağlı ürək sözlərimi dedim. İlyas Əfəndiyevin çöhrəsində nur parladı...

Elçin o vaxt artıq ədəbiyyatda özünü təsdiq etmiş qələm sahibi idi. Onun haqqında həmin dövrdə və sonrakı illərdə məşhur yazıçı və alimlər dəyərli fikirlər qələmə almış, Elçinin bənzərsiz yaradıcılığını təqdir etmişdilər. Həmin fikirlərdən bəzilərinə nəzər salaq:

“Elçinin hekayə və povestlərini oxuyanda qələmindəki özünəməxsusluğun bədii çizgiləri dərhal nəzərə çarpır... Elçinin laboratoriyasında yerində istifadə oluna bilən bir çox vasitələr vardır... Nüfuzedici bir nəzərlə uzaqlara və dərinliklərə dalmaq, gözə görünən və görünməyən ara pərdələri qaldırıb əsl mahiyyətə, nüvəyə çatmaq meyli bu yazıçıya xas bir keyfiyyətdir. Adi məişət əhvalatlarını Elçin adilikdən çıxarıb xüsusiləşdirməyi, hətta qəribələşdirməyi bacarır. Buna yazıçı öz xüsusi görmə, duyma, təhsil və qiymətləndirmə məharəti ilə nail olur”.

Məmməd Arif

 

“Elçin müasir həyatdan, uşaq vaxtlarından bələd olduğu adamlar və mənzərələrdən yazır. Təsadüfi deyil ki, Abşeron bağları və kəndləri, Xəzər dənizi onun əsərlərində poetikləşdirilir, zahirən o qədər də parlaq və cazibədar olmayan, hətta ilk nəzərdə cansıxıcı görünən dar və əyri-üyrü küçələr, dalanlar, ağ neft pilətəsilə qızdırılan balaca otaqlar, boz, nahamvar daş divarlar belə şairanə rənglər kəsb edir, gözümüzdə yeni, xoş görkəmlə canlanır. Bizi əhatə edən xarici aləm, yaşadığımız evlər, gəzdiyimiz dəniz sahilləri, Bakı bağlarının sarı qumu, dadlı üzüm yetirən meynələri, çadır kimi kölgə salan tut ağacları, çılpaq qayaları Elçinin hekayə və povestlərində daim insan hisslərinin hərarətini, insan ürəyinin romantik çırpıntılarını əks edir; çünki yazıçı onları təsvir xarakterində deyil, qəhrəmanlarının həyəcan və iztirablarının, dəruni hisslərinin tərcümanı kimi əsərə daxil edir” .

Mirzə İbrahimov

 

“Elçinin ədəbi hadisələrə obyektiv yanaşması, yeri düşdükcə kəskin polemikalara girməsi, işin ağırlığından qorxmaması, mühüm elmi-bədii problemlərə nəzəri əsaslarla yanaşması əsərinin (“Tənqid və nəsr”) sanbalını xeyli artırmış, bu əsəri ləyaqətli bir tədqiqata çevirmişdir.

Elçin hələ universitetdə təhsil alarkən, mənim tələbəm olmuş, geniş dünyagörüşü, istedadı, fəallığı ilə diqqətimi cəlb etmişdir. Sonralar aspiranturada oxuyarkən, onun bu keyfiyyətləri daha da inkişaf etmiş və o, yaxşı bir müasir ədəbiyyatşünas-mütəxəssis kimi yetişmişdir”.

Mir Cəlal

 

Belə misalların sayını istənilən qədər artırmaq olar. Ədəbiyyat aləminə qədəm basan qələm sahibləri iki istiqamətdə özlərini təsdiq etmiş olurlar. Ya ilk əsərindən, ya da bir neçə kitabı nəşr olunduqdan sonra. Elçin ilk hekayələrindən ədəbiyyata gəldi və 60 illiyində ən yüksək zirvəyə ucaldı - Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olundu. Bu münasibətlə ulu öndərimiz Heydər Əliyev xalq yazıçısı Elçinə göndərdiyi təbrik məktubunda demişdir: “Siz ədəbiyyatımıza 60-cı illərdə qədəm qoyaraq tez bir zamanda tanınan istedadlı yazıçılarımızdansınız. Həmin dövrün ideoloji qəliblərinə sığmayan üslubda yazıb-yaratmış və ədəbiyyatımızın yeni mərhələsini formalaşdırmış nasirlər arasında adınız daim hörmətlə çəkilir”. Bu sözlər Elçin yaradıcılığına verilən qiymətin ən parlaq təzahürüdür.

60-cı illər ədəbiyyatından söz düşəndə professor Nizami Cəfərovun bir televiziya verilişində dediyi sözləri xatırlayıram. Alimin fikri təxminən belə idi: “60-cı illərdə ədəbiyyata gələnlərin böyük əksəriyyəti dissident yazıçılar idi”. Bu sözdə həqiqət var. Senzura məmurları bunu yaxşı bilirdilər. Ona görə də Elçinin, Anarın, Xəlil Rzanın, Fikrət Qocanın və başqa cəsarətli qələm sahiblərinin əsərlərinə zərrəbinlə baxırdılar. Bir müsahibəsində Elçin müəllim həmin illəri belə xatırlayır: “Mən ilk pyesimi - “Poçt şöbəsində xəyal”ı 26 yaşımda yazmışam. Onun ilk oxucusu, təbii ki, İlyas Əfəndiyev oldu. Sonra əlyazmanı, yaxşı yadımdadır, Yaşar Qarayevə, Yusif Səmədoğluna, Anara, Araz Dadaşzadəyə, Rəhman Bədəlova verdim, onda dostların arasında belə gözəl bir ənənə var idi: oxudular, xoşlarına gəldi. Ancaq o vaxt - 1969-70-ci illərdə “Qlavlit” bu pyesin tamaşasına icazə vermədi. Səbəb də bu idi ki, əsər bədbinlik aşılayır, gənc sovet qızlarının həyatını təhrif edir və s.” Bu sətirləri oxuyanda və ümumiyyətlə, bu gün həmin illərin ədəbiyyatına, o cümlədən Elçinin cəsarətli əsərlərinə nəzər saldıqda Nizami Cəfərovun yuxarıda qeyd etdiyim sözlərinə haqq qazandırmamaq mümkün deyildir.

Yuxarıda qeyd etdiyim kimi, Elçinin yaradıcılığı, ictimai fəaliyyəti çoxşaxəlidir. Bu çoxşaxəliliyi əhatə etmək, əlbəttə, çox çətindir. Elçin haqqında dissertasiyalar yazılıb, kitablar çap olunub, onun pyesləri Azərbaycanın hüdudlarından kənarda da tamaşaya qoyulub. Kitabları İsveçrədə, Çində, İraqda, İranda, Almaniyada, Slovakiyada, Rusiyada, Afrika ölkələrində nəşr olunub. Təkcə Türkiyədə Elçinin 10-dan artıq kitabı çıxıb, pyesləri qardaş ölkənin teatrlarında nümayiş etdirilib. Bunu göstərmək kifayətdir ki, bu qələm sahibinin kitablarının ümumi tirajı 5 milyondan çoxdur. “Ah Paris, Paris”, “Mənim sevimli dəlim”, “Arılar arasında”, “Teleskop” və s. pyesləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Onun kinodramaturgiya sahəsində də böyük uğurları var. Ssenariləri əsasında bir sıra yadda qalan filmlər çəkilmişdir. “Bağ mövsümü”, “Arxadan vurulan zərbə” ,“Gözlə məni” (İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesi əsasında) “Gümüşü furqon”, “Sahilsiz gecə” və s. Bir sözlə, 22 adda kino sənəti nümunələri yazıçının bir ssenarist kimi səmərəli fəaliyyətinin göstəricisidir.

Bu yaxınlarda Türkiyə və Azərbaycan kinematoqrafçılarının Elçinin “Mahmud və Məryəm” əsəri əsasında birgə lentə aldıqları eyni adlı film də yazıçının respublikamızın hüdudlarından kənarda qazandığı çoxsaylı uğurlardan biridir.

Elçin çox səriştəli, özü də rejissorla iş prosesində tələbkar ssenaristdir. Bu fikri söyləyərkən mərhum dostum, kinorejissor Kamil Rüstəmbəyovun sözlərinə istinad edirəm. O, deyirdi: “Elçin müəllimin “Gözlə məni” ssenarisi kino sənətinə dərindən vaqif olan peşəkar bir qələm sahibinin əsəridir. Mən rejissor ssenarisini yazarkən heç bir çətinlik çəkmədim. Hər şey yerindəydi. Elçin müəllim mənə inanırdı. Rejissor üçün bu vacib şərtdir”.

Elçin Əfəndiyev həm də nüfuzlu alimdir, filologiya elmləri doktoru, professordur. Onun nəzəri əsərləri öz aktuallığı, dərin elmi ümumiləşdirmələri və cəsarəti ilə seçilir. Onun “Azərbaycan bədii nəsri ədəbi tənqiddə” adlı namizədlik və “Ədəbiyyatda tarix və müasirlik” adlı doktorluq dissertasiyaları müasir ədəbiyyatşünaslığımızın ən sanballı əsərlərindəndir. Professor Nizaməddin Şəmsizadə yazır: “Məncə, elmi və bədii təfəkkürü öz şəxsiyyətində uğurla birləşdirə bilməsi Elçinin həm bədii yaradıcılığına, həm də tənqidinə fayda gətirib, bədii irsində analitik başlanğıcın, tənqidində isə emosionallığın güclənməsinə səbəb olub. “Tənqid və ədəbiyyatımızın problemləri”, “Klassiklər və müasirlər” kimi fundamental kitablarında, monoqrafiya və məqalələrində, qəzet və jurnal yazılarında o, həm klassik irsin öyrənilməmiş səhifələri, həm də cari ədəbi proseslə bağlı ağrılı problemlərdən professional səriştə ilə yazıb”.

Elçinin fədakar fəaliyyətinin bir sahəsi də “Vətən” cəmiyyəti ilə bağlıdır. Xaricdə yaşayan azərbaycanlıları öz ətrafında birləşdirən bu cəmiyyət ilk gündən görkəmli ictimai xadim Elçin Əfəndiyevin başçılıq etdiyi tarixi bir qurum idi. Yaxşı yadımdadır, bu qurumun iş təcrübəsi Azərbaycan Respublikasının Ali Sovetində geniş müzakirə olundu və “Vətən” cəmiyyəti xariclə əlaqəsi olan bütün sahələrə (o vaxt mən Azərbaycan radiosunun xarici verilişlərinə nəzarət edirdim) nümunə göstərildi.

Bu cəmiyyətin fəaliyyəti ilə bağlı mən çox mühüm bir məqama toxunmaq istəyirəm. 1990-cı ilin 20 yanvar faciəsindən sonra Azərbaycanın xariclə yeganə əlaqəsi “Vətən” cəmiyyəti ilə idi. O dəhşətli günlərdə “Vətən” cəmiyyəti sovet qoşunlarının Bakıda törətdikləri qanlı hadisələr haqqında materiallar hazırlayıb xarici ölkələrin informasiya agentliklərinə və məşhur dövlət xadimlərinə göndərirdi. Hətta o vaxt “Vətən” cəmiyyəti ümummilli liderimiz Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyindəki tarixi çıxışının da video kasetini əldə etmiş, xarici ölkələrə göndərmişdi. Bütün bu unudulmaz tarixi xidmətin sükanı arxasında bizim görkəmli vətəndaş-yazıçımız Elçin Əfəndiyev dayanırdı.

Bu gün Elçin Əfəndiyev yüksək dövlət vəzifəsində fəaliyyət göstərir, Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Öz sözləri ilə desək, o, əlbəttə, “ilk növbədə yazıçı, ondan sonra isə müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində iştirak edən və imkanları daxilində əlindən gələni əsirgəməyən bir vəzifə adamı”dır. Onun bütün fəaliyyət sahələrindəki yaratdıqları, gördüyü işlər təqdirə layiqdir.

Elçin müəllim çox diqqətcil insandır. Vəzifə heç vaxt onu bizdən ayırmayıb. Müxtəlif tədbirlərdə, görüşlərdə həmişə bizlərlə çox səmimi görüşür, hal-əhval tutur, qələm dostlarının problemləri ilə maraqlanır, ən başlıcası, insanlara yaxşılıq edir. Elçin Əfəndiyev Yazıçılar İttifaqının katibi olanda da biz onu qədirbilən, insanlara yaxşılıq etməkdən zövq alan, gənclərə böyük qayğı göstərən, xeyirxah bir insan kimi tanıyırdıq. Bu, çox böyük keyfiyyətdir və mən deyərdim İlyas Əfəndiyev ocağına xas olan bir özəllikdir.

Heç vaxt unutmaram, 75 yaşımla əlaqədar olaraq Elçin müəllim mənə, ev ünvanıma çox səmimi bir təbrik məktubu göndərmişdi. Həmin gün İlyas Əfəndiyevin oğlu, Elçin müəllimin qardaşı, görkəmli maarif xadimi, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev Elmi Şurada məni ad günüm münasibətilə təbrik edəndə dərin təşəkkürümü bildirdim və əlavə olaraq dedim: “Bu gün mən Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyevdən təbrik məktubu almışam. Bu məktubda Elçin müəllim mənə layiq olduğumdan da yüksək qiymət verib”.

Bir dəfə də Qafqaz Universitetində professor-müəllim heyəti və tələbələrlə xalq yazıçısı Elçinin görüşü zamanı adımı çəkən və məni Nazim Hikmət tədqiqatçısı kimi təqdim edən də məhz Elçin müəllim olmuşdu. Belə diqqət, belə nəciblik heç vaxt unudulmur!

Sözümün sonunda mən yenə Elçin müəllimin “Qocalığa hələ çox qalıb” adlı əsərinə qayıtmaq istəyirəm. Bu əsərdə mən, fəaliyyəti bir insan ömrünə sığmayan Elçin Əfəndiyevin böyük ürəyini gördüm. Bu ürəyin sahibi çox yaşamalı, bizi, ümumiyyətlə, bütün oxucularını, tamaşaçılarını varlığı və yeni-yeni əsərləri ilə sevindirməlidir.

70 yaşınız mübarək olsun, Elçin müəllim!

 

 

Aqşin Babayev,

filologiya elmləri doktoru,

professor

 

Ədəbiyyat qəzeti.- 2013.- 12 aprel.- S.3.