Bağdad ərəb dünyasının mədəniyyət mərkəzi seçildi

     

Təxminən iki ay əvvəl İraq Mədəniyyət Nazirliyindən və İraq Yazıçılar İttifaqından dəvətnamə almışdım. Mart ayının son ongünlüyündə Bağdadda keçiriləcək möhtəşəm bir beynəlxalq tədbirə dəvət olunurdum.

İraqın paytaxtı Bağdad şəhərinin Ərəb Dünyasının Mədəniyyət Mərkəzi seçilməsi ilə bağlı keçiriləcək tədbirə Azərbaycan Respublikasından bu sətirlərin müəllifi və iraqşünas alim, professor Qəzənfər Paşayev dəvət olunmuşdu. Çox təəssüf ki, bəzi obyektiv səbəblərə görə Qəzənfər müəllim İraqa gedə bilmədi.

Novruz bayramı ərəfəsində İraqa səfərə çıxdım, təyyarə ilə Bakı-İstanbul-Ankara-Bağdad istiqamətində.

Bu, mənim İraqa beşinci səfərim idi.

İraq torpağını bir neçə dəfə gəzmişəm. 1996-2002-ci illərdə müxtəlif tədbirlərlə bağlı İraqda dörd dəfə səfərdə olmuşam. Və İraqla tanışlıqdan sonra bu ölkəyə, bu torpaqda yaşayan insanlara dərin və sonsuz rəğbət və məhəbbət hissi yaranıb məndə. İraqa məni bağlayan tellər bunlar olub: İraqda yaşayan qan qardaşlarımız türkmanların varlığı; Kərkük folkloru; Bəşər mədəniyyətinin və insanlığın İraqdakı ən əski mədəniyyət abidələri; çox qədim tarixə və mədəniyyətə malik Bağdad, Bəsrə, Samara, Kərbəla, Nəcəf, Kufə, Kərkük, Ərbil, Süleymaniyə, Mosul, Tikrit şəhərləri; Babil, Akkad, Şumer abidələri; Məhəmməd Füzulinin Kərbəla şəhərindəki İmam Hüseyn məqbərəsi yanındakı türbəsi; Nəsirəddin Tusinin Bağdaddakı Museyi Kazım məscidi yanında ucaldılan məqbərəsi; Müsəlman dünyasının ən tanınmış müqəddəs şəxslərinin İraqın müxtəlif güşələrindəki məqbərələri; Xəlifə Harun-ər Rəşidin türk kökənli (Azərbaycan türkü) zövcəsi Zübeydənin məqbərə və türbəsi; XI-XIX əsrlərdə Bağdad universitetində dərs demiş Azərbaycan kökənli alimlər; Əl-Mərbid poeziya festivalları; Ata Tərzibaşının araşdırmaları; Əbdüllətif Bəndəroğlunun poeziyası; Fövzi Əkrəmin «Azərbaycan dastanı», Qəzənfər Paşayevin İraqla bağlı kitabları, monoqrafiyaları və bir də Museyi Kazımın Bakıda Bibiheybətdəki, Nardarandakı pirlərdə dəfn edilmiş qızlarının məqbərələri.

Bağdad hava limanında məni İraq parlamentinin üzvü, İraq-türkman Yazıçılar Birliyinin sədri Fövzi Əkrəm və təhlükəsizlik xidmətinin adamları qarşıladılar.

Qonaqlar Bağdadın məşhur «Şeraton» mehmanxanasında yerləşdirilirdi. Əkrəm Fövzi məni mehmanxanaya yerləşdikdən bir saat sonra öz evindən Azərbaycan Respublikasının milli bayrağını gətirərək mehmanxana qarşısında İraq bayrağı ilə yanaşı qaldırtdı…

Səhərisi günü mən də daxil olmaqla bir dəstə qonağı İraq mədəniyyət naziri Saudim Billəm və tədbirin təşkilat komitəsinin digər üzvləri ilə tanış etdilər və qısa görüş keçirildi.

Xatırladım ki, ərəb dünyasında mədəniyyət mərkəzləri iyirmi ildə bir dəfə seçilir. Bu dəfə Bağdad şəhəri ərəb dünyasının mədəniyyət mərkəzi seçilirdi. Tədbir beynəlxalq simpozium və festival səviyyəsində keçirildi. 22 ərəb ölkəsindən 400-dən artıq qonaq çağırılmışdı. Qeyri-ərəb dövlətlərindən isə yalnız Türkiyədən və Azərbaycandan nümayəndələr dəvət olunmuşdu.

Bağdadda, eləcə də ölkənin digər şəhər və əyalətlərindəki daxili gərginliyə (müxtəlif təxribatlara, partlayışlara, dinlər və təriqətlərarası toqquşmalara) baxmayaraq, çox yüksək səviyyədə təşkil olunmuş təhlükəsizlik tədbirləri nəticəsində elə ilk görüşdən qonaqlarda və tədbir iştirakçılarında təskinlik və əmin-amanlıq təəssüratı yaradırdı.

Səfərimizin ikinci günü bir neçə qonaq üçün müqəddəs Kərbəla şəhərinə səfər-ziyarət təşkil edildi (Bağdaddan Kərbəlaya 160 km. məsafədir).

İmam Hüseynin, İmam Əbülfəzl Abbasın məqbərələrini, Məhəmməd Füzuli Bağdadinin qəbrini ziyarət etmək hər birimizdə olduqca xoş təəssürat yaratdı…

Səhərisi gün əvvəlcə Bağdadın mərkəzindəki saat qülləsinin açılışı oldu (Bu 40 metrlik nəhəng saat 2003-cü ildəki toqquşmalar nəticəsində dağıdılmışdı. Həmin saat 1951-ci ildə Namiq Paşa tərəfindən hazırlanıb). Dəclə çayının sahilində ucaldılan Bağdad saatı ədəbiyyatçılar, şair və yazıçılar, jurnalistlər və rəssamlar üçün tikilmiş park-pasajın bir güşəsində ucaldılıb.

Tədbir İraqın dövlət himni səsləndikdən sonra Bağdad şəhərinin valisi Salam Əbdürrəzzaqın təbriki ilə açıldı.

Maraqlı bədii hissədən sonra qonaqların adından mənə söz verildi və mən bağdadlıları və qonaqları salamlamaqla yanaşı, özümün bir neçə kitabımı və Fövzi Əkrəmin 2001-ci ildə Bakıda nəşr olunmuş «Azərbaycan dastanı» kitabını valiyə bağışladım. Bağdad valisi Salam Əbdürrəzzaq mənə Bağdad medalını təqdim etdi. Elə onun ardınca isə valiliyin qocaman bir əməkdaşı mənə şirniyyat və qırmızı təsbeh bağışladı. Bu maraqlı tədbir təxminən iki saat çəkdi.

Bağdadda belə bir ənənə var. Hər həftənin cümə günü yaradıcı ziyalılar, şeir, sənət, publisistika vurğunları, həvəskarları onlar üçün tikilmiş park-pasaja toplaşır, müxtəlif görüşlər, ədəbi tədbirlər, kitab, jurnal və qəzet satışı təşkil edirlər. Şairlər öz yeni şeirlərini oxuyur, müəlliflər yeni kitablarının imza mərasimlərini keçirirlər. Elə məhz bizim bu park-pasaja cümə günü gəlməyimiz İraqın tanınmış ziyalıları - ərəb, türkman və kürd şair, yazıçı, rəssam və jurnalistləri ilə tanışlığımızla nəticələndi, bizə çoxlu sayda kitab, jurnal və buklet bağışlandı.

Təxminən iki istiqamətdə, hərəsi bir km.-dən uzun olan ərazidə kitab satışının təşkili istər-istəməz adamda fərəh hissi oyadırdı. Elə cavanlı-qocalı, kişili-qadınlı oxucuların, şeir-sənət vurğunlarının böyük həvəslə bu park-pasajda iştirakı da diqqətdən yayınmırdı…

Günortadan sonra Bağdadın ən böyük milli parkında yerləşən Zavra sarayında beynəlxalq tədbirin açılışı oldu. Təxminən min nəfərdən artıq iştirakçının toplaşdığı tədbir dövlət himninin səslənməsindən və Qurandan ayənin oxunuşundan sonra İraq mədəniyyət nazirinin giriş sözü ilə açıldı.

Sonra İraq Respublikasının Baş naziri Maliki (İraqın Prezidenti Cəlal Tələbani xəstə olduğu üçün bu tədbirdə iştirak etmirdi) məruzə ilə çıxış etdi və 22 ərəb ölkəsi rəhbərliyinin və mədəniyyət xadimlərinin təklifi ilə Bağdad şəhərinin ərəb dünyasının mədəniyyət mərkəzi seçildiyini elan etdi.

Baş nazirin ardınca Ərəb Ölkələri Mədəniyyət Birliyinin sədri Nəbil əl-Ərabi (Misir) beynəlxalq tədbir iştirakçılarını salamladı.

22 ərəb ölkəsindən gələn tanınmış ədəbiyyat elm və mədəniyyət xadimlərinin Türkiyədən və Azərbaycandan gəlmiş qonaqların iştirakı xüsusi olaraq vurğulandı. Baş nazir Malikinin və İraqın dövlət, elm, mədəniyyət xadimlərinin bəzi qonaqlarla (həmçinin mənimlə) əl verib görüşməsi tədbir iştirakçılarının gurultulu alqışları ilə müşayiət olunurdu.

Açılışın ən maraqlı hissəsində bir neçə saat ərzində ekranda və səhnədə İraqın tarixinin, mədəniyyətinin sənədli filmlərlə, ayrı-ayrı tamaşalardan hazırlanmış parçalarla təsviri və əksi olduqca maraqlı idi. Babil, Mesopotamiya, Assuriya mədəniyyətinin ən qiymətli heykəl və abidələrinin ekranda əksi, Harun-ər Rəşidin və digər ərəb - Bağdad xəlifələrinin, “Gilqamış” dastanının səhnədə yaradılan obrazları İraqın tarixi və mədəniyyəti barədə tədbir iştirakçılarında kifayət qədər təsəvvür yaradırdı. Eyni zamanda, müasir İraqın 18 şəhərinin tarixinə və mədəni həyatına həsr olunmuş sənədli filmlər də çox maraqla qarşılandı. Bədii hissənin sonunda «İraq həqiqətləri» mövzusunda olduqca maraqlı bir operetta nümayiş etdirildi.

Növbəti gün ayrı-ayrı ölkələrdən gəlmiş nümayəndə heyəti başçılarının dəyirmi masa arxasında görüşü keçirildi.

Qonaqların Qədim İraq tarixi muzeyinə baxışı da maraqlı oldu. Muzeydə Babil, Mesopotamiya, Assuriya tarixlərinə, mədəniyyətlərinə dair saxlanılan xeyli sayda nəhəng tarixi abidə və əşyaların qorunduğunun şahidi olduq. Hətta üç, beş, on metrlik bu nəhəng abidələrə baxdıqca qədim İraq barədə düşüncələr aləminə dalmamaq çox çətin idi.

Günortadan sonra məni Bağdadın «Əl-Məsar» televiziyasına dəvət etdilər və yarım saatlıq verilişdə Azərbaycan-İraq ədəbi-mədəni əlaqələrindən danışdım, keçirilən tədbirdə Azərbaycanla, İraqla bağlı müxtəlif suallara cavab verdim.

Bundan sonra «Əl-İraq» radiosunun qonağı olduq. Mən təxminən bir saatlıq verilişdə yenə Azərbaycan-İraq ədəbi əlaqələrindən, İraqla bağlı səfərlərimdən, Ata Tərzibaşının, Əbdüllətif Bəndəroğlunun, Əkrəm Fövzinin, Məhəmməd Bayatın və İraq şairlərinin Bakıda çap olunmuş kitabları barədə danışdım.

Axşam yenidən Zavra Sarayında toplaşdıq. Bəzi nümayəndə heyətlərinin başçılarının çıxışları oldu.

Bədii hissədə ərəb, türkman, kürd və aysori (xristian) folklor və rəqs ansambllarının çıxışları alqışlarla qarşılandı. Hər bir etnik qrupun təmsilçiləri öz folklor və rəqs bacarıqlarını məharətlə ifa etdilər.

Həmin gün gec də olsa bizi daha bir görüş gözləyirdi. İraq-türkman ocağında. Bu görüşə İraq-türkman şeyxi Məhəmməd Təqul, İraq idman və gənclər naziri Casim Məhəmməd Cəfər, türkman millət vəkilləri Yılmaz Nəcəfoğlu, Əmir Bayatlı, Fəryad Tuzlu, Həsən Vahab ilafərli (hamısı etnik türkmanlardır) toplaşmışdı. Azərbaycandan gələn qonaqların şərəfinə Azərbaycan türkləri ilə türkmanları, Azərbaycanla İraqı bağlayan etnik, tarixi, ədəbi-mədəni tellərdən danışdıq. Görüş iştirakçılarının hamısı məndə çox böyük təəssüratlar yaratdı.

Mən bir neçə kitabımı İraq-türkman ocağına bağışladım.

Şeyx Məhəmməd Təqul isə görüşün sonunda mənə İraq-türkman şeyxinin Müqəddəslik ödülünü bağışladı. Görüş iştirakçıları ayağa qalxaraq bu mükafatı xeyli alqışladılar.

Növbəti gün səhər erkən Bağdadın «Türkman eli» televiziya proqramı elə «Şeraton» mehmanxanasında məndən geniş müsahibə götürdü. «Türkman eli» İraqda yaşayan türkmanların ən böyük televiziya kanalıdır. Ərəb və türkman dillərində verilişlər yayımlayır.

İraq Milli Komitəsində keçirilən ərəb ölkələri mədəniyyət təşkilatlarının keçirdiyi dəyirmi masa da maraqlı görüşlərlə yadda qaldı. Yəmən, İordaniya, Küveyt, Liviya, Əlcəzair, Səudiyyə Ərəbistanı nümayəndə heyətlərinin başçıları ilə tanışlıqlarımız və ölkələrimiz arasındakı ictimai, ədəbi-mədəni əlaqələrimiz barəsindəki söhbətlərimiz, fikir mübadilələrimiz çox maraqlı keçdi.

Günortadan sonra İraqın ən böyük televiziya kanalı “Əl-Rəşad”da olduq. Yenə də səfərlə bağlı təəssüratlar, ölkələrimiz arasında tarixi, mədəni əlaqələr barədə söhbət etdik. Bu veriliş zamanı bir ay bundan əvvəl İraqın Tuz Xurmat şəhərində təxribat - partlayış zamanı həlak olmuş, ədəbiyyatımızın və xalqımızın dostu, görkəmli türkman şairi Məhəmməd Bayata Bakıdakı «Vektor» Beynəlxalq Mərkəzinin fəxri doktorluq diplomunu və geyim dəstini Fövzi Əkrəmə verdim ki, mərhum ədibin ailəsinə çatdırsın (növbəti gün doğrudan da Məhəmməd Bayatın oğlu «Şeraton» mehmanxanasına gəldi və Fövzi Əkrəmlə birlikdə diplomu və geyimi ona təqdim etdik).

Həmin gün keçirilən ən maraqlı görüşlərdən biri də İraq Yazıçılar Birliyində oldu. Tanınmış şair və yazıçıların iştirakı ilə keçirilən bu tədbirdə İraq folklor nümunələrinin, İraq şairlərinin əsərlərinin Azərbaycanda nəşri, Azərbaycan ədəbiyyatı nümunələrinin İraqda nəşri barədə fikir mübadiləsi apardıq.

Görüşün sonunda bildirildi ki, Azərbaycan-İraq ədəbi əlaqələrinin inkişafında göstərdikləri xidmətlərinə görə professor Qəzənfər Paşayev və professor Vaqif Arzumanlı İraq Mədəniyyət Nazirliyinin və İraq Yazıçılar Birliyinin fəxri diplomuna layiq görülmüşlər. Mənim diplomum təqdim edildi və xahiş olundu ki, Bakıya qayıdarkən professor Qəzənfər Paşayevin diplomunu ona təqdim edim.

İraq Yazıçılar Birliyindən birbaşa «Əl-Bağdad» televiziya kanalına yollandıq. Qabaqcadan planlaşdırılmış bu veriliş də maraqlı keçdi. İraq Yazıçılar Birliyində layiq görülmüş fəxri diplomlar bir daha mənə təqdim olundu.

Təxminən birbaşa 40 dəqiqə davam edən bu veriliş zamanı da verilişin aparıcıları mənə xeyli suallar verdilər. İraqı Azərbaycanla bağlayan tarixi tellər, ədəbi-mədəni əlaqələrimizin bir sıra qiymətli səhifələri barədə apardığımız söhbətlərə hətta tamaşaçı zəngləri də oldu. Onları ən çox maraqlandıran məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallar da vardı.

Tədbirin sonuncu günü qonaqlar Bağdaddakı İmam Kazım məqbərəsini və Şeyx Gilaninin məqrəbəsini ziyarət etdilər.

Biz Kazımiyyə məscidində olarkən mən fürsət tapıb Nəsirəddin Tusinin türbəsini də ziyarət etdim. Hər iki ziyarətgahda çoxsaylı insan axınına baxmayaraq (minlərlə insan bu müqəddəs ocaqlara ziyarətə gəlir), Kərbəlada olduğu kimi Bağdadda da ciddi təhlükəsizlik tədbirləri diqqətdən yayınmırdı.

Alim, filosof və böyük din xadimi Şeyx Gilaninin məqbərəsində qonaqlar və ziyarətçilər üçün hazırlanmış xüsusi proqram - dini mahnıların oxunuşu və rəqslər möcüzəli çıxışlar, gözbağlayıcı hərəkətlər, ayrı-ayrı ekstrasenslərin çıxışları olduqca maraqlı idi.

Elə həmin gün «Əl-Bağdad» radiosunun Türkman redaksiyasında görüşümüz oldu. Bir saatlıq veriliş zamanı (həftədə iki dəfə türkman dilində verilişləri hazırlayan tanınmış jurnalist və şair Sakit Əhməddir) türkmanlarla bizi bağlayan xoyratlar, bayatılar, digər folklor nümunələri barədə söhbətlər etdik. Aparıcı Sakit Əhməd Nizamidən, Füzulidən, Süleyman Rüstəmdən, Səməd Vurğundan, Şəhriyardan, Rəsul Rzadan, Bəxtiyar Vahabzadədən xeyli sayda poetik nümunələri misal çəkdi. Müasir İraq türkman poeziyasının nümayəndələri - Əbdüllətif Bəndəroğlunun, Fövzi Əkrəmin, Məhəmməd Bayatın və digər şairlərin Azərbaycanla bağlı şeir və poemaları xatırlandı, onlardan misralar səsləndirildi.

«Bağdad Ərəb Dünyasının Mədəniyyət Mərkəzidir» beynəlxalq tədbirinin sonuncu günü böyük ziyafətin təşkili ilə yekunlaşdı. İraqın dövlət, hökumət nümayəndələrinin, bir sıra nazirlərin və qonaqların iştirak etdiyi ziyafətin həm birinci - rəsmi hissəsi, həm ikinci - bədii hissəsi, həm də üçüncü - İraq mətbəxinin müxtəlif nümunələrinin tədqimatı hamı tərəfindən rəğbətlə qarşılandı. Arzu edən hər kəsə imkan yaradılırdı ki, öz ürək sözlərini desin.

Qonaqlara müxtəlif hədiyyələr və suvenirlərin verilməsi mərasimi də maraqlı keçdi.

İraqla, Bağdadla bağlı xüsusi hazırlanmış kitab və bukletlər bütünlükdə bir daha sübut edirdi ki, Bağdad doğrudan da ərəb dünyasının mədəniyyət mərkəzi adını qazanmağa tam layiqdir.

Növbəti gün beynəlxalq tədbirin iştirakçıları Bağdadı tərk etmələrinə baxmayaraq, Azərbaycandan və Türkiyədən gəlmiş qonaqların şərəfinə İraq-türkman Yazıçılar Birliyi əlavə olaraq daha iki günlük (martın 26-sı və 27-si üçün) proqram hazırlamışdı.

Martın 26-da Bağdad universitetinin dillər fakültəsinin «Türk dili və ədəbiyyatı» bölməsində olduqca maraqlı bir tədbir keçirildi. Universitet tələbələrinin növbəti tətilə çıxmaları ilə bağlı keçirilən bu tədbirə qonaqların da qatılması - bizim qarşılanma mərasimimiz çox təntənəli oldu. Bu görüş bir növ başa çatmış beynəlxalq tədbirin son akkordları idi.

Rektorluğun, dekanlığın və bölmənin qonaqları salamlamasından sonra mənə söz verildi. Mən bu çıxışımda da Azərbaycan - İraq ədəbi əlaqələrindən, eləcə də, Bağdada və İraqın digər əyalətlərinə Azərbaycan türklərinin köçürülməsindən, XI-XIX əsrlərdə Bağdad Universitetində dərs demiş Azərbaycan alimlərindən söhbət açdım.

Böyük rəğbətlə qarşılanan bu çıxışımdan sonra mənə bəzi suallar da verildi.

İraqlı, türkiyəli, təbrizli tələbələrin də təhsil aldığı «Türk dili və ədəbiyyatı» bölməsinin tələbələri tərəfindən hazırlanmış xüsusi bədii proqram (ərəb, türkman və türk dillərində) olduqca maraqlı və rəngarəng keçdi. Tələbələr və müəllimlər bizimlə xeyli fotoşəkil çəkdirdilər. Çoxlu sayda tələbəyə onların xahişi ilə avtoqraf verdik.

Həmin gün Bağdadın daha bir sıra park və xiyabanları, tarixi abidələri ilə tanış olduq, Dəclə çayında qayıqla üzdük.

Martın 27-də İraq Mətbuat tarixi muzeyində olduq. 1896-cı ildə Bağdadda nəşr olunan ilk ərəb qəzeti - «Cəridət əl-İraq», 1889-cu ildən nəşrə başlayan «Əs-Saura» (Bağdad), «Əl-Mosul» (Mosul), «Əl-Bəsrə» qəzetlərinin ayrı-ayrı nüsxələri ilə tanış olduq.

Maraqlıdır ki, adları çəkilən ilk İraq qəzetləri ərəb və türk dillərində çıxmış (bu qəzetlər Türkiyə hökuməti tərəfindən nəşr olunmuşdur), sonralar həmin nəşrlərin davamı kimi «Cəridət Bağdad», «Əl-Əhd», «Əş-Şəab», «Sadaal-Vatan» qəzetləri işıq üzü görmüşdür. Muzeyin əməkdaşları adları çəkilən qəzetlərin bəzilərinin fotosurətlərini bizə hədiyyə etdi.

Növbəti görüşümüz Bağdadın «Nablis» ibtidai məktəbində (I-VI siniflər. İraqda təhsil sistemi 12 illikdir) keçdi. Təxminən otuz metrlik məktəb həyətində yolun sağında və solunda duraraq əllərində gül-çiçəklə bizi salamlayan kiçik yaşlı məktəbliləri görmək çox xoş idi.

Bu ibtidai məktəb də növbəti tətilə çıxmağa hazırlaşırdı. Həm bu münasibətlə, həm də bizim gəlişimiz münasibətilə şagirdlərin əl işlərindən ibarət sərginin və bədii müsabiqənin açılışı oldu. Sərginin lentini kəsmək məndən xahiş olundu.

Məktəbin direktoru xanım Sərab əl-Rəmzi İbrahim bizi salamladıqdan sonra şagirdlərin alqışları altında maraqlı əl işləri ilə tanış olduq.

Şagirdlərin ifasında keçirilən mahnı və rəqs müsabiqəsi də bizə xoş təsir bağışladı. Qaliblərə - 1-3-cü yeri tutmuş rəqs və mahnı qruplarına kubok və hədiyyələri biz təqdim etdik. Məktəbin şagirdləri ilə yanaşı, müəllimləri də bizimlə xeyli foto-şəkil çəkdirdilər, avtoqraflar götürdülər…

Bağdadda keçirilən beynəlxalq tədbir günlərində bütün mərasimlərdə bizi müşayiət edən, bütün çıxışlar, görüşlər və çəkilişlər zamanı tərcüməçimiz ədəbiyyatımızın və xalqımızın dostu, Azərbaycanın vurğunu Fövzi Əkrəm idi. Yorulmadan, usanmadan hər gün səhərdən axşama qədər bizim bütün qayğılarımızı çəkməkdən zövq alan bu insan həqiqətən İraqla Azərbaycan arasındakı ən etibarlı körpülərdən biridir. Mən uzun illərdir ki, Fövzi Əkrəmlə təkcə Bağdadda deyil, Azərbaycanda da, bir sıra xarici ölkələrdə də keçirdiyim görüşlər zamanı bunun canlı şahidi olmuşam.

Martın 28-də Bağdadla, İraqla, dostlarla vidalaşdıq. Bağdaddan Ankaraya, oradan İstanbula, sonra da Bakıya uçduq. Beləliklə, bizim İraqa doqquz günlük səfərimiz başa çatdı…

İraqla bağlı son səfər qeydlərimi Azərbaycanı görmədən ona nəğmələr və dastan qoşmuş şair Fövzi Əkrəmin bəzi poetik misraları -

 

Fövzi Əkrəm Tərzi oğlu ismimdi,

Bakı, Gəncə, Ərdəbil, Durr

cismimdi

İraq, Kərkük, Azərbaycan

özümdi…

Uşaq çağdan aşiq oldum Bakıya.

Kür, Arazla coşdum, doldum Bakıya.

Barış quşu təkin qondum Bakıya.

Dua etdim yad əl sənə dəyməsin,

İgid xalqın acı möhnət görməsin.

 

***

Qafqaz, Bakı sizinlədir ürəyim,

Qarabağın diləyidir, diləyim.

Gözəl məkan - Azərbaycanı

Kaş öz gözümlə görəydim.

 

Və İraqla Azərbaycan arasında ədəbi körpü yaratmış professor Qəzənfər Paşayevin iki hikmətli deyimi ilə -

 

İraq bizə iraq deyil

 

***

 

Bağdad yolu Gəncədi,

Gülü pəncə-pəncədi.

Demə sizdən irağam,

Bu sevda ölüncədi

 

- bitirməyi özümə borc bildim!...

 

 

Vaqif Arzumanlı

Bakı - Bağdad - Kərbəla

19-28 mart 2013-cü il

 

Ədəbiyyat qəzeti.- 2013.- 12 aprel.- S.5-6.