Yarımçıq "Şikəstə"

 

Hekayə

     

 - O vaxt siz məni Həsənə ərə verəndə ürəyimdə Cümşüdü də apardım. Tale elə gətirdi ki, Həsən Qarabağ uğrunda gedən döyüşlərdə həlak oldu. Cümşüd isə sağ-salamat qayıtdı, indi məni rahat buraxmır. Neçə dəfə zəng edib, Sumqayıta gəlibdir. Əvvəlki məhəbbəti sönməyib, mənimlə evlənmək istəyir. Mən ona "yox" deyə bilmirəm, ana! Həsənin ruhu qarşısında da bilmirəm neyləyim?!

- Alın yazısına neyləmək olar, qızım? O qədər insan yarısını itirir, sonra ikinci dəfə ailə qurur. Onların içərisində xoşbəxt olanları, ailə-uşaq sahibləri azdır bəyəm? Sən də onlardan biri. Burada nə günah işlədirsən ki?! Vallah, Həsənin də ruhu səndən inciməz. Görünür, Allahdan belə məsləhət imiş…

- Bəs Nərminlə, Elçin? Onlar necə olsun?

- Əgər Cümşüd belə şərt qoyursa, əlacımız nədir, qızını da, oğlunu da biz saxlarıq.

Bayaqdan ana ilə balanın söhbətinə gizli qulaq asan Məhəmməd kişi də söhbətə qarışdı.

- Əlbəttə, qızım, biz baxarıq uşaqlara.

Artıq sərnişinlər yavaş-yavaş avtobusa yığışırdılar. Çinar ağacının altında iri bir çaylaq daşının üstündə oturan Məhəmməd kişi qəlyanının başını ehmalca oturduğu daşa vurub külünü boşaltdı. Sonra yenidən tənbəki ilə doldurub alışdırdı. Bir-iki qullab vurub qara-boz tüstünü burun deşiklərindən havaya buraxdı. Üzünü qənşərində oturmuş şairə tutaraq dərindən köks ötürdü:

- Bax oğul, beləcə, qarı da, mən də razılıq verdik ki, Nərminlə, Elçinə özümüz baxacağıq. Qız da söz verdi ki, hər ay uşaqların azuqələrini göndərəcək.

- Göndərdimi?

- Hə, oğul, qız uşaqlarını bizim üstümüzə atıb getdi. Toysuz-filansız gedib oturdu Cümşüdün evində. Adamın Allahı var, ilk vaxtlar kartofundan, lobusundan, yağından, pendirindən göndərərdi. Hərdən pul da gəlirdi. Uşaqların dəftər-kitabına, pal-paltarına xərcləyirdik o pulu. Ancaq axır vaxtlar deyəsən vəziyyətləri ağırlaşıb. Kömək, azuqə handan-hana gəlir. Qızın qayınanası da bir yandan deyinir ki, evdəki uşaqların azuqəsini çatdıra bilmirsiniz, niyə Sumqayıta azuqə, pul göndərirsiniz? Hə, oğul, nə başını ağrıdım, xülasə, vəziyyət ağırdır, çatdıra bilmirik. Qarım da, uşaqlar da yaman korluq çəkirlər. Bizim təqaüdümüz ancaq çörəyə çatır, bir az da şora bəs eləyir. Uşaqlara həmşə şirin çay verə bilmirik. Günəbaxan yağında kartof qızardıb yedizdirəndə onların bayramı olur. Əyin-başları nimdaşdır. Çox vaxt yol xərcinin dərdindən məktəbə də qoymuruq getsinlər. Elə evdə oturub pəncərədən anaları gedən yola baxırlar.

- Bəs analarının bu işlərdən xəbəri yoxdur?

- Niyə yoxdur?! Ancaq canıyanmışın əlindən nə gəlir ki?.. "Yox"un üzü qaradır, varı olsaydı, balalarına göndərməzdi məgər? Vallah, mən onları qınamıram, zəmanəni qınayıram. Gör zəmanə bizi hara gətirib çıxartdı, nə hala, nə vəziyyətə saldı?.. Baisin evi dağılsın, hamı pis-yaxşı yaşayırdı. Bir tikə çörəyimiz, başımızın üstə damımız vardı.

Kasıbı da, dövlətlisi də seçilmirdi. İndi necə? Bir para adamlar harınlıqdan partlayır, o biriləri də ehtiyacdan sürünürlər. Alimin, müəllimin, kasıb-kusubun maaşına bax. Aldığımız qəpik-quruş heç üç günə də çatmır. Gün-güzəranımız cəhənnəm əzabıdır, heç belə də dolanışıq olar? Elə məni götür, daha uzağa niyə gedirsən ki?.. Qarıyla qalmışıq iki yetimin əlində. Hərdən fikirləşirik ki, göndərək kəndə, analarının yanına. Onda da orada dava-mərəkə ərşə qalxacaq. Hamıdan çox da qayınana vay-şivən salacaq ki, evdəkiləri dolandıra bilmirik, bu yetimləri niyə gətirib tökmüsüz mənim üstümə…

Məhəmməd kişi xeyli susdu. Ürəyində nəyisə götür-qoy edirdi. Əsgi parçasından olan dəsmalı ilə üz-gözünü sildi və sonra ovcunda xışmalayıb pencəyinin yan cibinə qoydu. Kişi elə bil dərdini danışdıqca xeyli qocaldı. Mənə elə gəldi ki, Məhəmməd kişinin alnındakı qırışların sayı çoxaldı. O dərindən köks ötürərək sözünə davam etdi:

- Mən istəmirəm ki, nəvələrimə yetim desinlər, bağrım çatlar. Cümşüdü də qınamalı deyil. Üç uşaq özününkü, iki uşaq da bu yandan getsə, vallah, heç bilmirəm necə olar? Axı onlar da kasıbdırlar, özlərini zorla dolandırırlar. Yox, nəvələrimizin qayğısına özümüz qalmalıyıq.

- Axı necə? Hansı pula?

Məhəmməd kişinin rəngi bozardı, qəlyan tutan əli titrəyirdi. Dediyim sözə peşiman olmuşdum.

- Ay oğul, elə mən də səhər-axşam özümə bu sualı verirəm, necə? Qollarımı göyə açıb Allahı köməyimə çağırıram. O da köməyimə çatmır, bir imdad eləmir. Axı o gözəgörünməz də qınanmalı deyil ha… Bu qaçqınlar, köçkünlər birdi-ikidi bəyəm? Elə hey deyirəm, Allah kərimdir, görünür Kərimin də səbri çox dərindir, oğul…

Məhəmməd kişi sözünü qəfildən kəsib diqqətlə üzümə baxdı. O mənə elə baxırdı ki, bir anlığa çaşıb qaldım. Yalvarıcı, yazıq baxışların altında özümü itirən kimi oldum.

- Ay oğul, səhv etmirəmsə sən bayaq dedin ki, şairsən, qəzetdə işləyirsən. Deməli, sayılan, sözükeçən adamsan. De görüm, sənin mənə bir işdə köməyin dəyərmi?

- Buyur əmi!

- Bilirsən, bala, mən şuşalıyam. Cavanlıqda yaxşı səsim olub. İsa bulağında, Cıdır düzündə qohum-əqrəbayla, dost-tanışla toplaşanda, məclis qurub yeyib-içəndə həmişə deyərdilər ki, Məhəmməd, sən Allah, bir ağız oxu. Mən də onların sözünü yerə salmazdım, oxuyardım. Səsim o dağlara, qayalara yayılıb əks-səda verərdi…

Məhəmməd kişi dərindən bir ah çəkdi, yaşarmış gözlərini əlinin dalı ilə sildi. Kövrək, titrək səslə dedi:

- Mahnı qurtarandan sonra hər tərəfdən mənə əl çalar, "Mərhaba! Mərhaba!" - deyə alqışlayardılar. İllər keçdi, nəsillər dəyişdi, mən də yaşa doldum. İndi də nə Şuşa var, nə İsa bulağı, nə də Cıdır düzü. O məclislərin göynərtisi həsrətə dönüb sinəmi yandırır. Amma səsim kefin istəyən kimi qalıb. Hərdən həsrət güc gələndə oxuyuram. Bir də görürəm böyüklü-kiçikli qonşular pəncərədən, qapıdan boylanıb mənə qulaq asırlar. Onların dediyinə görə, pis oxumuram. Hə, indi gəlim mətləb üstə. Axır vaxtlar bir fikir gəlib başıma.

- Nə fikirdi, Məhəmməd kişi?

- Səbir elə, hövsələni bir az bas, hamısını deyəcəyəm. Qonşumuzda bir çopur İdris var. O da mənim kimi qaçqındır, Kəlbəcərdən gəlib, miyanə səsi var. Əlinə bir saz alıb özünü gah bu toya, gah o mağara verir. Aşıqlara, müğənnilərə qoşulub əməlli-başlı pul qazanır… Mənim də bir kor qarmonçalan dostum var, neçə ildir onunla qaçqın çörəyi kəsirik. Onun da dolanışığı ağırdı, arvadı da özü kimi dünya işığına həsrətdir. Hə, ay oğul, nə başını ağrıdım, deyirəm, bəlkə onu da götürüb Bakı-Sumqayıt yolundakı kababxanalardan birində oturaq, o çalsın, mən də bildiyim mahnılardan oxuyum. Çox demirəm, qarımın, bir də nəvələrimin azuqə pulunu çıxartsam, bəsimdir…

Məhəmməd kişi sözünü kəsib diqqətlə üzümə baxdı, deyəsən sözlərinin mənə təsir edib-etməməsini yoxlayırdı. Bir neçə dəqiqə baxdıqdan sonra baxışlarını üzümdən yığışdırıb başını aşağı saldı. Onun necə çətin nəfəs aldığını aydınca hiss edirdim. Başını əlləri arasına alıb asta-asta hıçqırdı. Elə bil göz yaşlarını içərisinə axıdırdı. Mənə elə gəldi ki, hıçqırıqlar ağrıdılmış, qanamış üsyankar bir ürəyin son döyüntüləridir. Sükutu yenə də Məhəmməd kişi pozdu:

- Təkcə yemək xərcidir məgər? O gün riyaziyyat müəllimi uşaqların qabağında nəvəm Elçini biabır eləyib…

- Neyləyib? Nə deyib müəllim ona?

- Daha nə qalıb ki, deməsin. Uşağın üzünü it üzü kimi, o ki, var danlayıb. Axırda da deyib ki, atan-anan yanıma gəlməsə, sinfə girmə! Elçin də ona cavab qaytırıb: "Atam Qarabağda şəhid olub, babamla nənəm qoca, xəstədirlər. Onlar məktəbə gələ bilməzlər!". Müəllim də cavabında deyib ki, bəs anan hanı, qoy anan gəlsin. Uşağı ağlamaq tutub, o ki var ağalyıb boşaldıqdan sonra: "Anam ərə gedib, kənddə yaşayır" - deyib. "Ərə gedib? Uşaqlarını burada qoca ata-anasının üstünə atıb kəndə ərə gedən ananın övladından nə çıxacaq?.." deyərək, uşaqların qəlbini tamam qırıbdır. Səhərisi günü bacı-qardaş məktəbə getmək istəmirdilər. Birtəhər dilə tutub göndərdim. Heç bir saat keçməmiş qız ağlaya-ağlaya üstümüzə qayıtdı. Müəllim onun corabını cırıq görüb: "Ay qız, o nə corabdır geymisən? Məgər anan görmür səni yola salanda?" - deyib. "Anam burada yoxdur, kəndə ərə gedib" - qız ona cavab verib. O da təəccüblə: "Necə? Ərə gedib… Əcəb işdir, belə ananın qızı necə olacaq?" - deyib. Oğul, axı onlar uşaqdırlar, qəlbləri şuşə kimi kövrəkdir. Niyə qırırlar axı?.. Bu tənələrdən qurtarmaq üçün əlacım bircə buna qalıb ki, Allahın mənə verdiyi səsdən istifadə eləyib nəvələri korluqdan qurtarım, əyin-başlarını, kitab-dəftərlərini təzələyim. O hesab müəlliminin də ağzını yumaram. O, həmişə tənə eləyir ki, Elçin riyaziyyatdan zəifdir, əlavə dərs keçmək lazımdır. Əlavə dərs də, bilirsən ki, müəllimlərin əlavə gəlir yeridir. Onların nə vecinə, bu uşaq qaçqındır, köçkündür, evsiz-eşiksiz yetimdir. Vallah, əgər işim düzəlsə, qazandığım puldan aparıb ona da verərəm. Halal-xoşu olsun, qoy uşağa əlavə dərs keçsin, təki nəvəm oxusun, geri qalmasın. Hər şey pulun başındadır, oğul, pul olsa yazıq qızı da sevindirərəm. Niyə o biri uşaqlar geyinib-kecinsinlər, mənim gül kimi balam onların yanında xar olsun, ürəyi sınsın?

Məhəmməd kişi yenidən susdu, sönmüş gəmisini təzədən odladı.

- Bu yaşımda oxumağa da xəcalət çəkirəm, amma neyləyim, dilənməyə əlim açılmır. Bəs mən çörək, yemək istəyən nəvələrimə nə verim? Bütün gümanım səsimədir, məni bada verməz.

Mən ehtiyatla, qocanın xətrinə dəyməmək üçün, çəkinə-çəkinə dedim:

- Bəlkə, bir balaca, yəni pəsdən oxuyasınız, səsinizi eşidək.

- Nə deyirəm, ay oğul, day deyirsən oxu, mən də oxuyum. Ancaq bir az çəkinirəm, bəlkə heç bəyənmədin.

Məhəmməd kişi papağını çıxarıb dizinə taxdı, əlini qulağının dibinə qoyub oxudu:

 

Əzizinəm Qarabağ,

Dağ başında qara bax.

Niyə qismətim oldu,

Qara tale, qara baxt?!

 

Mahnı yarıda kəsildi. Hər ikimiz susurduq. Bu susqunluq içərisində hardasa oxuduğum bir kəlam yadıma düşdü: "İnsan həyatı dəmirə bənzəyir. Əgər ondan iş üçün istifadə edərsənsə parıldayır, istifadə etmirsənsə pas atır. Ruhən güclü olan şəxs xoşbəxt və ya bədbəxt olmasına baxmayaraq, öz məqsədinə doğru gedəcək…"

- Hə necədir?.. Səsim xoşuna gəldi? - Məhəmməd kişinin sözləri məni indiki gerçəkliyə qaytardı.

- Xoşuma gəlir də sözdür? Çox yaxşıdır, lap təzə qalıb, sən əsl xanəndəsən. Belə səslə ancaq qarabağlı oxuya bilər. Bəs indiyə qədər niyə susubsunuz, niyə üzə çıxmamısınız?

- Oğul, bunun uzun tarixi var. Bir kitabda oxumuşdum ki, Qarabağda bülbüllər də başqa cürə oxuyur. Bu səsi biz o yerlərin havasından, şır-şır axan soyuq çaylarından, dodaq donduran bulaqlarından, əlqərəz, təbiətin özündən əxz etmişik. Rəhmətlik Bülbül Şuşaya tez-tez gələrdi. Onların evləri Daşlı dərə deyilən yerin yaxınlığında idi. Bir dəfə ahıl vaxtlarında onu Şuşada gördüm. Mənə dedi ki, belə səs beş yüz ildə bir dəfə yaranır. Xanın səsi kimi… Ancaq mənim bəxtim onda gətirdi ki, gedib İtaliyada oxudum, bütün dünya səsimi eşitdi, qiymətləndirdi. İndi bəziləri deyirlər ki, daha Bülbülün vaxtı keçib, qocalıb oxuya bilməz. Amma çox səhv edirlər. Mənim səsim korlanmayıb, təzə-tər qalıb.

- Demək istəyirsiz ki, siz də Bülbül kimi səsinizi qoruyub saxlamısınız? Sizin də səsiniz Bülbülünkü kimi…

- Ə tövbə!.. - deyə Məhəmməd kişi sözümü tezcə kəsdi. Bülbülün səsinə səsmi çatar? Mən hara, Bülbül hara? Mən heç Bülbülün damcısı da ola bilmərəm. Söhbət səsi qorumaqdan düşdü, mən də dedim ki, olan səsimi qoruyub saxlamışam…

- Əlbəttə, Bülbülün öz yeri var, sizin də öz yeriniz!

Çalışırdım ki, Məhəmməd kişinin könlünü alım:

- Səsiniz ürəyəyatandır, bir az da kədərlidir…

- Neçə illərdir bu kədər içimdə oturub. Onu çıxarmaq üçün oxumaq lazımdır.

Sürücü maşını çinarın altında saxlamışdı. Günəş qüruba meyilləndiyindən heç birisi avtobusdan düşməmişdi.

- Səsin çox gözəldir, mənim də xoşuma gəldi!

Bunu bir cavan oğlan söylədi.

- Kaş ki, bu şikəstəni axıra kimi oxuyaydınız, - deyə orta yaşlı bir qadın da gəncin sözünə qüvvət verdi.

- Mən də qarabağlıyam! - Başqa bir sərnişin sözə qatıldı. Bu şikəstəyə qulaq asanda elə bil ki, Şuşaya getdim. Gəlin qayası, Cıdır düzü, Ərimgəldi, İsa bulağı gözlərimin önündən keçdi. Qarabağ dərdi ürəyimi parçaladı. Görəsən bir də o yerlərə gedə biləcəyikmi?..

Sürücünün səsi gəldi:

- Oxu, oxu, Məhəmməd kişi, "Qarabağ şikəstəsi"ni axıra qədər oxumasan, qapıları açan deyiləm.

- Oxuyardım, amma Bakıya tələsirəm, gəl sən bizi ləngitmə.

- Hara belə tələsirsən? - Məhəmməd kişidən soruşdum.

- Bülbülün xatirə gecəsinə!

Məhəmməd kişi əyin-başına nəzər yetirib, köksünü ötürdü: - Mən də onun haqqında bir neçə xatirəmi demək istəyirəm.

- Yaxşı imkandır, ürəyini boşaldarsan. Deyirəm, birdən təzə mahnılardan sifariş verərlər. "Meşəbəyi", "Bala Nərgiz", "Xızı dağları" bilirəm. Amma indi oxunan mahnıları bilmirəm. "Qarabağ şikəstəsi"nin də sözlərinin hamısı yadımda deyil. Birdən deyərlər oxu, pərt olaram… Deyirəm, bəlkə sən mənə təzəli-köhnəli bir neçə mahnı sözlərini tapıb verəsən. Şikəstənin sözləri bayatılar kitabında var. O kitabdan məndə varıydı, heyif o köçhaköçdə Şuşada qaldı. İndi o kitab mənə işıq kimi, su kimi lazımdır. Oğul, sən bu arzumu yerinə yetirsən, yerdən-göyə qədər razı qalaram.

- Çatdıraram o kitabı sənə, mənim özümdə də var. Ünvanını ver, bu yaxın günlərin birində Sumqayıtda yaşayan bir işçimiz var, mahnıları da, kitabı da ona verərəm, sənə çatdırar.

Hava qaralanda avtobusumuz Bakıya çatdı. Mən qoca ilə vidalaşıb ayrılanda sürücünün dediyi sözləri eşitdim.

- Məhəmməd kişi, heç mənim maqnitafonuma qulaq asan olmadı, hamı sənin səsinə, söhbətinə qulaq asdı… Sağ ol, qoca…

Bir neçə gündən sonra Məhəmməd kişinin dediyi mahnıları və "Bayatılar" kitabını sumqayıtlı iş yoldaşıma verib ünvanı dedim. O da mənim xahişimlə Məhəmməd kişigilə gedib qapını döyür. Qapını qoca özü açır.

- Salam, sizə bir qovluq mahnı göndəriblər, - söyləyir ona mənim işçim.

- Sağ ol, ay oğul. Heç bilmirəm sənə və şairə necə minnətdarlıq edim. Allah sizi heç vaxt darda qoymasın, - deyib, qoca minnətdarlığını ifadə edir.

***

Aradan bir ilə yaxın vaxt keçmişdi. Sumqayıta yolum düşməmişdi ki, Məhəmməd kişiyə də baş çəkim. Nəhayət ki, vaxt tapıb Sumqayıta getdim. Məhəmməd kişinin qapısını tapıb həyətə girdim. Qarımış tut ağacının altında yaşlı bir qadın oturmuşdu. O, başını qaldırmadan zəif səslə soruşdu:

- Kimi istəyirsən? Sənə nə lazımdır?

- Məhəmməd kişi, ya da qarısı! - dedim.

Qadın yaxşı eşitsin deyə, bir az da yaxına gəldi:

- Onlar daha burada olmurlar… Qarısı bir neçə ay bundan qabaq rəhmətə getdi, qoca özü isə bu yaxınlarda…

Mən həyəcanımı saxlaya bilmədim.

- Sən nələr danışırsan? Necə yəni ölüblər? - Səsimin tonu qadına xoş gəlmədi, üzünü turşutdu.

- Səni and verirəm Allaha, söylə görüm, niyə birdən-birə ikisi də dalbadal öldü?

- Kababxanaya getmişdi, oxumağa. Deyən lazımdır, ay kişi, sənin bu yaşında oxumaq harana yaraşır? Bütün günü evdə məşq eləyirdi. Bu neçə vaxtda biz də başdan-beyindən olmuşduq. Bu qədər də oxumaq, bu qədər də məşq etmək olar? Daha mahnı qalmamışdı, hamısını oxuyurdu. Pis də alınmırdı. O, "Şikəstə" oxuyanda, qonşular tökülərdi bizim bu kasıb həyətimizə. Bir kor qarmonçalan dostu vardı. Özü kimi o da qaçqın idi, adı da Bilal. Onu da götürüb gedirlər həmin kababxanaya. Bilalın dediyinə görə, kababxanaya çatar-çatmaz kəlbəcərli aşıqdır-nədir, əlində saz çıxıb onların qabaqlarına, mehriban görüşüb, hal-əhval tutaraq zarafat da edir: "Məhəmməd kişi, deyəsən kefin sazdır, yeyib-içməyə gəlibsən?".

Məhəmməd kişi də ona cavab verir ki, rəhmətliyin oğlu, mən nə haydayam, sən nə hayda. Elə ki, Məhəmməd kişi bu sözləri deyir, İdrisin əhvalı pozulur, üzünü bozardaraq:

- Yoxsa kababxanaya konsert verməyə gəlmisən? Eşitməyibsən ki, iki qoçun başı bir qazanda qaynamaz? Hara gedirsən-get, amma bu həndəvərə dolanma, bura mənim sahəmdir. Burda mən oxuyuram, mən çalıram. Qandınmı? - deyib tutur Məhəmmədin yaxasından. Yazıq kişi boğazını çəkir ki, ümid yerim buradır. Evdə dolanışıq yoxdur, yetim nəvələrim ehtiyac içində yaşayır. Qarım da rəhmətə gedib, uşaqlar qalıb mənim üstümdə, qonşuya tapşırıb bura gəlmişəm.

Aşıq isə iki ayağın bir başmağa dirəyib ki: - Başına yerə qəhətdir? Gərək elə bura gələsən? Məhəmməd kişi də yalvarır ki, ikimiz də qaçqınıq, üstəlik qonşuyuq. Mənim tanıdığım yer elə buradır. Bu yaşımda dağa-daşa düşə bilmərəm. Gəl əl-ələ verib çörək pulumuzu qazanaq!

İdris gülüb onu dolayır: - Qoca vaxtında oxuya bilirsən, amma oxumağa yer tapa bilmirsən? Sənin görkəminə baxan kimi deyəcəklər: - Bunun oxuduğu nə olacaq? Allah bilir, bəlkə də sən oxuyanda, məclisdəkilər dağılışacaqlar. Bu yaşda nə səs? Yatıb-yatıb həştadında zurna çalmaq istəyirsən, a kişi?

Məhəmməd cinlənir: - Bura bax, ə, səsimlə işin olmasın. Bu səs Allah vergisidir, günaha batarsan!

Axırda İdris razılaşıb deyir ki, "Razıyam, bir halda ki, hazırlaşıb məşq eləyib, bu qədər yol gəlmisən, bu günlüyə səninçün keçirəm. Gir bu kababxananın otaqlarından birinə, ürəyini boşalt, qurdunu öldür. Amma bir də ayağınız buralara dəyməsin! Yoxsa səni də yanındakının halına salaram, qol-qola verib kor fərə kimi yerinizdə fır-fır fırlanarsınız!

Söhbətin bu məqamında qoca qadın qalxıb içəridən köhnə bir kətil gətirdi, mənim yanıma qoyub: - Otur! - dedi. Özü də yenidən daşın üstündə əyləşib sözünə davam elədi:

- Hə, oğul, uzun sözün qısası, Məhəmməd kişi qarmonçalan kor Bilalla birlikdə girirlər kababxanaya. Deyilənə görə yemək-içmək məclisi başlayanda Məhəmməd kişi əvvəl-əvvəl həyəcandan xeyli tər tökür. Çünki o elə yerlərdə oxumağa öyrəncəli olmamışdı. Eşitdiyimə görə, həmişə Şuşanın səfalı yaylaqlarında, açıq havada, bulaq başında oxuyarmış. Nə başını ağrıdım, elə birinci oxuduğu da "Qarabağ şikəstəsi" olub. Ağzını açıb oxuduğu yerdəcə keçinib. Şikəstə də yarımçıq qalıb. Camaat elə bilib ki, qoca müğənni oxuduğu şikəstədən feyziyab olub uyuyub. Qarmonçalan da ucadan musiqiyə dəm verib, təkrar-təkrar çalıb ki, Məhəmməd səs versin… Yox a, görüblər ki, qoca ona səs vermir…

Qadın yaşarmış gözlərini əlinin dalı ilə silib susdu.

- Bəs sonra? Sonra nə olub?

- Nə olacaq ki? - Qadının səsi titrədi: - Məclis pozulub, aləm bir-birinə qarışıb. Günah zəmanədədir, oğul! Gör neçə ildir atəşkəsdir, torpaqlarımızı geri ala bilmirik. Yaşlı nəsil hamısı məhv olub gedir. Bu yaşda onu oxumağa yoxsulluq apardı. Adamlar öləndə yumruqlarını bərk-bərk sıxırlar, bükürlər. Amma Məhəmməd kişi öləndə qollarını qabağa uzadıb, əllərini geniş açıbmış, sanki kömək diləyirmiş…

Qadın sussa da, mən öz içimlə danışırdım: "Daha neyləsin, səsi onun dadına çatmadı, yaman yerdə qoydu onu, gümanı son anında yenə açıla saxladığı əllərinə qaldı. Yəqin istəyib ki, heç olmasa son məqamda ehtiyacda olan nəvələri üçün insanlardan bir kömək alsın…"

Amma onu təkcə qocalıq öldürmədi, dərd öldürdü onu, qaçqınlıq dərdi, şəhid oğlunun, kürəkəninin dərdi, Qarabağ, Şuşa dərdi… Atəşkəs öldürdü onu. Dağ boyda dərdi vardı Məhəmməd kişinin. Bu dərd onu əydi, sındırdı. O, yaşamalı idi, onu Şuşanın dağları gözləyirdi.

- Bəs balaca nəvələri necə oldu?

- Babaları öləndən sonra qızı əri ilə kənddən gəldi.

- Necə yəni öləndən sonra, məgər basdırmağa gəlməmişdilər?

- Yox, basdırmağa çatdıra bilməməşdilər, sən demə, Cümşüdün də orda anası ölübmüş. Özlərini yeddi gündən sonra yetirdilər. Məhəmməd kişini biz qonşular - Qarabağ qaçqınları köməkləşib dəfn etdik. Qızı gəlib yeddisini verib getdi.

- Bəs uşaqları aparmadılar?

- Anası uşaqları kəndə aparmaq istəyirdi. Adamın Allahı var, gəlin ha əlləşdi, bir şey çıxmadı. Əri iki ayağını bir başmağa dirədi ki, əvvəlki şərtimizə əməl etməlisən. Bəs mən balalarımı neyləyim? - deyə, gəlin çox ağlayıb-sızladı. Xeyri olmadı, əri dediyindən dönmədi. Axırda gəlin məcbur olub oğlunu internat məktəbinə verdi. Qızı da mən götürüb saxlayıram. Qaçqın adamıq, ailəmiz də böyükdür. Dedim, Allah ruzusunu yetirər. Əlbəttə, çox çətindi, daha neyləyək, əlacımız nədi. Elə uşaqların nənəsini də bu balaların dərdi çərlədib öldürmədimi? Hey deyirdim at uşaqları analarının üstünə, sənin yetmiş yaşında uşaq saxlayan vaxtın deyil! Rəhmətlik isə deyərdi, elə demə, qız bimürvətin əlinə düşüb. Mən istəmirəm ki, qızım ər danlağında olsun. Birtəhər dözərəm, təki qızımın gün-güzəranı xoş keçsin, ordakı balalarına baxsın. Mənciyəz də nə qədər nəfəsim gəlirsə, qocamla birlikdə bu balalara baxacağıq.

Daha dözə bilmədim, yaşarmış gözlərimi silib ayağa qalxdım. Yaxşısı budur mən gedim, - deyərək, həyət qapısına doğru addımladım. Qapıya çatanda elə bil kimsə qulağıma pıçıldadı: - Dön geriyə bax…

Başımı arxaya çevirəndə gözlərimə inanmadım. Həyətin ortasındakı daşın üstündə Məhəmməd kişi oturmuşdu.

Əlini qulağının dibinə qoyaraq yarımçıq qalmış "Qarabağ şikəstəsi"ni oxuyurdu. Onun zil səsi balaca həyətdə dalğalanaraq havaya qalxır, qapı-pəncərəyə əks-səda verirdi.

Deyəsən məni qara basırdı…

  

 

Ədəbiyyat qəzeti.- 2013.- 12 aprel.- S.6-7.