Ədəbi
yolun vaqif yolçusu
Özü və
sözünün sadəliyi, səmimiliyi
ilə seçilən, tanınmış tənqidçi,
Respublikanın əməkdar mədəniyyət işçisi, Beynəlxalq Rəsul Rza mükafatı və Məmməd Araz mükafatı laureatı Vaqif
Yusiflinin 65 yaşı tamam
olur. Onunla bağlı hər hansı bir əziz
gün ədəbiyyatçıların,
onu tanıyanların ürəyində xoş duyğular
oyadır. Çünki Vaqif
müəllim üçün ailə,
qohum-əqrəbalar kimi ədəbiyyat və
onu yaradanlar da doğmadır. Ədəbiyyatsız yaşaya bilməmək, ondan
ayrı durmamaq kimi bir sevdaya tutulub
Vaqif müəllim.
İlk elmi axtarışları, fəlsəfə doktorluğu müdafiə etdiyi
illər bir zamanlar “inkişaf etmiş sosializm dövrü” kimi xarakterizə olunan vaxta təsadüf edir. Lakin ədəbi
prosesdəki dinamikanın, hərəkətin yönünü
düzgün tuta bilən
ədəbiyyatşünas-alim məhz elə seçdiyi
mövzunun özündə, artıq başlanan yenilikləri qavraya
bildiyini göstərir. 1979-cu ildə
müdafiə etdiyi “Müasir
Azərbaycan nəsrində konfilikt və xarakter” adlı namizədlik
dissertasiyası üzərində aspirantura
illərində (1975-1978) apardığı iş
onun ədəbi prosesdə fəal
iştirakına ciddi zəmin
hazırlayır. Bu fəallıq o həddə çatır ki,
uzun müddət doktorluq
dissertasiyasını müdafiə etməyə vaxt tapmır. Namizədlikdən
31 il sonra
yaxınlarının və iş
yoldaşlarının təkidindən sonra,
axır ki, “Müasir
Azərbaycan poeziyasında ənənə və novatorluq problemi (1960-2000-ci
illər)” mövzusunda dissertasiya
işini müdafiə edərək elmlər
doktoru diplomunu
alır. Müdafiəsi zamanı çox
adam inanmırdı ki,
Vaqif müəllim, bu
qədər imzası və fikirləri yayılmış bir alim, hələ elmlər
doktoru deyil.
23 kitab,
800-dən artıq məqalə müəllifi olan,
məqalələri təkcə respublikamızda deyil, Türkiyə, Amerika,
Almaniyanın nüfuzlu elmi
jurnallarında da işıq üzü görən tənqidçinin
imzası hələ tələbəlik illərindən mətbuatda
görünməyə başlamışdır. Müəllifi
olduğu məqalə və kitablar keçən əsrin ikinci
yarısından başlayaraq Azərbaycan
nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi
tənqidinin inkişaf prosesini,
mənzərəsini əks etdirir. Budur, onun çap
olunan və ədəbi ictimaiyyətdə
rəğbət doğuran kitabları: “Məmməd
Araz dünyası”, “Tənqid
yarpaqları”, “Karvanbaşı, yolun
hayanadır”, “Tənqid və bədii söz”,
“Tənqid də yaradıcılıqdır”,
“Yolayrıcı”, “Poeziyanın yolları və illəri”, “R.Rza və müasir Azərbaycan
poeziyası”, “Poeziya və zaman”
və s. O, tənqidin müxtəlif
janrlarında (problem məqalə, esse, resenziya, icmal) qələmini sınamışdır.
Kitablarını oxumaqla Azərbaycan ədəbiyyatının
sovet və possovet
dövründə keçdiyi yol haqda dolğun
təsəvvürə malik olmaq mümkündür. Ola bilər ki, hansısa fikri,
mülahizəsi mətnə ondan fərqli
kriteriyalarla yanaşan
oxucunu, tədqiqatçını qane etməsin, mübahisə yaratsın, lakin əsərləri həmin oxucu, tədqiqatçı üçün
də ədəbi prosesi izləmək
baxımından kifayət qədər əhəmiyyətlidir.
Vaqif
müəllimin kitablarını nəzərdən keçirəndə
diqqətimi bir neçəsinin adında
istifadə etdiyi “yol” sözü çəkdi. Hələ
bu adlardakı “yol sistemini” tutmadan əvvəl
Vaqif müəllimin klassik
poeziya və çağdaş
ədəbiyyat, fərqli ədəbi növlər, janrlar, cərəyanlar,
dolaylı-cığırlı ədəbi proses,
nəhayət, Akademiya və
Yazıçılar Birliyi, mətbuat
arasındakı “gəzişməsini”, “gəl-gedini”,
axtarışlarını göz önünə
gətirərək yazımın adına “vaqif
yolçusu” ifadəsini daxil
etdim. Bu ədəbiyyat,
poeziya vurğununun yolu çoxdan
başlayıb, sözü ilə
görüşdüklərinin, hardasa, elə
özü ilə də görüşüb,
hərəsindən bir ərməğan
alıb və onu sərgiləyərək
gəzir. Vaqif müəllimin yaddaş xəzinəsində Füzulinin, Nişat Şirvaninin, Seyid Əzimin, Səməd Mənsurun, Əliağa
Vahidin söz inciləri
var. O bu şairlərin
şeirlərinin vurğunudur, onları təhlil
etməkdən çox əzbərdən
söyləməyi sevir. Bəzən yol gedə-gedə hissə qapılıb həmin
şeirləri öz-özünə dediyi
də kənardan müşahidə olunur.
Klassik poeziyaya heyranlığı onu
müasir ədəbiyyatdan ayırmır.
Beynində, ruhunda onları
qarşılaşdırır və “yol”da kimlərin sıralandığını
müəyyənləşdirməyə
çalışır. O, bəzən elə şairlərdən,
hekayə müəlliflərindən söz
açır ki, onlar
özlərini ədəbi ictimaiyyətdə tanıtmağa
və təsdiqləməyə çətinlik çəkirlər.
Lakin prosesi bütöv təqdim etməyə
çalışan V.Yusifli öz palitrasında onlara aid rənglərə də yer
ayırır.
V.Yusifli müasir ədəbiyyata fraqmentallıqla bələddir.
Bu, bələdlilik
bir tərəfdən onun
maraqları, ruhi tələbatı, tənqidçilik
peşəsi ilə əlaqədardırsa, digər tərəfdən
hər hansı bir ədəbi nəsildən,
yaşadığı bölgədən asılı olmayaraq əksər şair
və yazıçıların üz tutduğu və üzə
çıxdığı “Azərbaycan” jurnalında çoxillik əmək fəaliyyətilə
bağlıdır. O, 1979-cu ilin dekabr ayından “Azərbaycan” jurnalının
tənqid şöbəsinin müdiri kimi fəaliyyətə başlamış,
1997-ci ildən həmin jurnalın baş redaktor müavini vəzifəsinə
təyin edilmişdir. Bir
yerdə ardıcıl əmək stajının özü də onun
peşəsinə sədaqətindən, səbrindən və
insanlarla işləmək mədəniyyətindən
xəbər verir. Onda
şifahi ünsiyyətdən başqa, həm də yazma
mədəniyyəti var. Fikirlərində haqlı olduğuna şübhə olmadığı
məqamlarda belə, tez-tez, “mənim
fikrimcə” ifadəsindən istifadə edir.
Bununla həm
də ədəbiyyatdan, sənətdən bəhs edərkən
elmi hazırlıqla bərabər,
“görmə”nin də xüsusi yeri olduğuna
inamını ifadə edərək başqalarının da mülahizələrinə açıq olduğunu bildirir. Hər
bir tənqidçi, ədəbiyyatşünas
bir də öz
görmə qabiliyyəti ilə seçilir.
Məhz bu münasibətin
davamı kimi V.Yusifli
haqqında az yazılan hər hansı bir şairi bəzən onun zəifliyində yox,
qavranmağının çətinliyində olduğunu
göstərir və bunun üçün
də şairi qınamır, onu açmağa, təqdim
etməyə çalışır. Məqalələri
müxtəlif dövrlərə, fərqli
yaradıcılıq məhsullarına həsr olunsa
da, yaradıcılığında
dağınıqlıq yoxdur. İnadla təbliğ etdiyi
sənətkarlar və üzərində durduğu
fikirlər var. Maraqlıdır, V.Yusifli ayrı-ayrı zövqlü
insanların sevdiyi, oxuduğu
şairləri, yazıçıları bir
araya gətirir. Bu təbiidir,
tənqidçi məhz bu cür
hərəkət etməlidir. Lakin diqqət
çəkən odur ki,
Vaqif müəllim bunlara
son dərəcə sadəlik və səmimiyyətlə,
qardaşı, bacısı, övladı, doğması kimi yanaşır. Tənqid etdiyində də
mütləq bir işıqlı tərəf
görməyə və göstərməyə
çalışır.
Ədəbi prosesi
ardıcıl izləyən və təqdim edən tənqidçi
onun dinamikasında baş
verən dəyişiklikləri xırdalıqlarına qədər
çatdırmağa çalışır və mərhələlərin
əhatə etdiyi illəri azaldır. Ədəbiyyatşünaslıqda,
tutaq ki,
60-cıların ardınca possovet
ədəbiyyatından bəhs edilirsə, V.Yusifli
70-cilər, 80-cilər, 90-cılar və sonunculardan
söz açaraq
onların hər birinin öndə gələnlərini
və əsas təmsilçilərini müəyyənləşdirməyə
çalışır. Bu, yenə də onun tənqidçiliyindən,
fraqmentallığından irəli gəlir. Bu
fraqmental təqdimatlar isə praktiki baxımdan tədqiqatçılar
qarşısında zəngin bir ədəbi
mənzərə canlandırır.
Vaqif
müəllim yaradıcılığında normativ
nəzəriyyəçilikdən daha çox, təhlilə, tənqidə üstünlük verir. Nə
dediyi aydındır. Məqalələrindən
daha çox təhlil
olunan mətni, şairi,
yazıçının özünü
öyrənirsən. Elə anlar olur ki, bilərəkdən
ədəbi terminlərdən uzaqlaşır, şairin
yaradıcı xarakterini açmaq
üçün bədii üsullara
keçir. Bu tənqidçinin
zəifliyi və ya üstünlüyü
deyil, özünəməxsusluğu və
sadə ünsiyyət üsuludur.
V.Yusifli, eyni zamanda, həm də nəzəriyyəçidir.
Təsadüfi deyil ki,
o, “Azərbaycan” jurnalından başqa Ədəbiyyat İnstitutunda
da əmək fəaliyyəti ilə məşğuldur.
Müxtəlif dövrlərin ədəbiyyatına, xüsusən
poeziyasına bələdlilik tədqiqatçının
müqayisə imkanlarını genişləndirir. Baş elmi işçi
(0,5 ş.v.) olduğu
Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi
şöbəsində ciddi elmi problemlər üzərində işləyir.
XX əsr ədəbiyyatını tarix, ideologiya və poetika
istiqamətində araşdırmaq elmi tədqiqatlarının
əsas istiqamətidir. Araşdırmalarında poeziya və epik ədəbiyyatın
ən maraqlı və aparıcı janrı olan
roman əsas yer tutur. Rəhbəri olduğu
dissertantlar var. Təkcə
dissertantları yox, ədəbi proseslə,
XX-XXI əsr ədəbiyyat tarixilə məşğul olan hər bir institut əməkdaşı onunla
ünsiyyət qurmağa, sual
verib cavab almağa maraqlıdır.
İstər
tənqidçi, istərsə də nəzəriyyəçi
kimi olsun, V.Yusifli ədəbiyyatsız nəfəs ala bilməz. Fiziki qidadan daha artıq Vaqif müəllimi yaşadan
poeziya, söz,
ustalıqla işlədilmiş bir ifadədir.
Ədəbiyyatla məşğul olmaq onun həyat tərzidir. Həyatınız
tükənməsin! Yaşayın, yaradın, Vaqif
müəllim!
Tahirə MƏMMƏD,
filologiya elmləri doktoru,
professor
Ədəbiyyat qəzeti.- 2013.- 12 aprel.- S.7.