Mirzə
Cəlil günləri
Şərqin
ilk satirik mətbuat
orqanı olan “Molla Nəsrəddin”
jurnalının nəşri tarixi hər il Naxçıvan Dövlət Universitetində
milli jurnalistika və ictimai fikir tarixində mühüm hadisə kimi qeyd olunur. Universitetdəki
“XII Cəlil Məmmədquluzadə günləri”nə isə
“Cəlil Məmmədquluzadənin sənət idealları və
müasir dövr” mövzusunda keçirilən elmi
konfransla start götürdü.
Konfransda
giriş sözü
ilə çıxış edən rektor,
akademik İsa Həbibbəyli
böyük mütəfəkkir, demokrat yazıçı Cəlil Məmmədquluzadənin
Azərbaycan ədəbiyyatında, ictimai-fikir
tarixindəki əvəzsiz yerindən danışdı.
Görkəmli mirzəcəlilşünas İsa
Həbibbəyli Cəlil Məmmədquluzadəni milli istiqlal ədəbiyyatının
sərkərdəsi kimi dəyərləndirərək
onun milli dirçəliş
və tərəqqi, müstəqillik uğrunda
apardığı əhəmiyyətli mübarizədən bəhs
etdi. Konfransda tarix-filologiya fakültəsinin
dekanı, filologiya üzrə fəlsəfə
doktoru, dosent İman Cəfərov “Azərbaycan ədəbiyyatşünaslığında
Cəlil Məmmədquluzadə yaradıcılığı
və dünya ədəbiyyatı məsələsi”,
Beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə doktoru,
dosent Yusif Hüseynov “Cəlil Məmmədquluzadə
və milli mənafe məfkurəsi”, Azərbaycan
ədəbiyyatı kafedrasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Əzimli “Cəlil Məmmədquluzadə
yeni dövrün yeni üslublar yazıçısıdır”,
Azərbaycan dilçiliyi
kafedrasının dosenti, filologiya
üzrə fəlsəfə doktoru Qalibə
Hacıyeva “Cəlil Məmmədquluzadə
yaradıcılığında dil problemi və anomastik vahidlərin
üslubi xüsusiyyətləri” mövzusunda məruzələr etdilər. Məruzəçilər böyük
yazıçı və nasir, jurnalist Cəlil Məmmədquluzadənin həyat
və fəaliyyəti, nəsr, dramaturgiya
yaradıcılığı, bədii publisistikası, dramaturji üslubu,
yaradıcılığını dil və
janr cəhətdən səciyyələndirən
xüsusiyyətlər barədə ətraflı məlumat
verdilər. Azərbaycan ədəbiyyatında
kiçik hekayənin böyük ustadı, tənqidi-realist nəsrin
dahi yaradıcısı kimi
geniş şöhrət qazanmış,
Azərbaycan dramaturgiyası tarixində tragikomediya
mərhələsinin, mətbuatda isə bütün
Şərqdə satirik publisistikanın
yaradıcısı olan Mirzə Cəlilin
bədii irsi vətəndaş ziyalılıq,
milli məfkurəyə sədaqət
nümunələri kimi hər zaman aktualdır, gənc nəslin
faydalanacağı böyük məktəbidir.
Tarix-filologiya fakültəsinin tələbələri
görkəmli ədibin əsərlərindən nümunələr,
ona ithaf olunmuş şeirləri bədii qiraət etdilər.
Qeyd edək
ki, “Cəlil Məmmədquluzadə
günləri” çərçivəsində, muzey ekskursiyaları, karikatura və
kitab sərgiləri, ustad
- Mirzə Cəlildən bəhs edən bədii və sənədli
filmlərə baxış keçiriləcək.
Mehriban SULTAN,
NDU-nun Mətbuat
şöbəsinin müdiri
Ədəbiyyat qəzeti.- 2013.- 19 aprel.- S.8.