Elmə
“öz mətnləri” ilə gələn alim
Professor
Qəzənfər Paşayevin dilçi-alim dialektoloq, ədəbiyyatşünas,
folklorşünas, etnoqraf, salnaməçi, publisist, tərcüməçi,
pedaqoq kimi zəngin yaradıcılığı və
çoxşaxəli fəaliyyətindən xaricdə və
ölkəmizdə görkəmli elm xadimləri dərin
ehtiramla bəhs ediblər.
Bizim
isə bu yazıda məqsədimiz Q.Paşayevin
çoxşaxəli yaradıcılığının,
yalnız bir istiqamətinə, amma, elmə gəlişinə
binagüzarlıq etmiş və sonrakı
araşdırmalarının da təməlində
dayanmış, haqqında yazanların «toplama və tərtib
işi» adlandırdıqları çox ciddi bir sahəsinə
toxunmaq, bu fəaliyyət növünün məğzinə
və mahiyyətinə aydınlıq gətirməkdir.
Məlumdur
ki, hər hansı bir xalqın tarixini, dilini, ədəbiyyatını,
bütövlükdə mədəniyyətini «unikal sistem»,
tarixin yaddaşı və informasiya
daşıyıcısı olan mətnlər vasitəsilə
öyrənmək mümkündür. «Mətn elə zəruri
gerçəklikdir ki (düşüncə və
yaşantı gerçəkliyi), bütün ideyalar və təlimlər,
yalnız onun əsasında reallaşa bilir. Mətn
bütün elmlərin, eləcə də bütövlükdə
humanitar-filoloji təfəkkürün (dini və fəlsəfi
düşüncənin də) təməlində dayanır.
Mətnin olmadığı yerdə nə tədqiqat obyekti, nə
də elmi təfəkkür var» (M.Baxtin).
Şübhəsiz
ki, müəllif qənaətində tamamilə
haqlıdır, eyni zamanda buradakı incə, amma tədqiqatın
qarşısında dayanan vəzifələri, bununla da onun
istiqamətini, elmin
hansı sahəsinə mənsubluğunu müəyyənləşdirə
biləcək bir məqama diqqət yönəltmək istəyirik: doğrudur,
bütün filoloji araşdırmalar mətnlər üzərində
aparılır, amma filoloqların böyük əksəriyyəti
tədqiqatlarını mətnlərin hazır, son çap məhsulları
üzərində aparır, az bir qismi isə tədqiqata cəlb
etdikləri mətnləri özləri toplayır (folklor
nümunələrini), mətnləri topladıqdan sonra onlar
üzərində araşdırmalar aparırlar (yazılı
ədəbiyyatda isə mətnlərin tarixçələrini
əldə olan mənbələri ilə müqayisə etməklə
öyrənib, əsərlərin əsas, mötəbər mətnlərini
özləri müəyyənləşdirirlər), başqa
sözlə, tədqiqat obyektlərini özləri əldə
edir, elmə «öz mətnləri» ilə gəlirlər.
Bu
azsaylı və zəhmətkeş alimlərdən biri də
Q.Paşayevdir: o da elmə «öz mətnləri» -
özünün topladığı mətnlərlə gəlib
və tədqiqat obyektini böyük zəhmətlə
özü əldə edib. Mətnlərin toplanması və
nəşrə hazırlanması professorun elmi fəaliyyətinin
təməlində dayanır (sonrakı
araşdırmalarının da böyük bir qismi «öz mətnləri»nə
əsaslanır) və çoxşaxəli
yaradıcılığının böyük bir hissəsini
təşkil edir: o hər biri ədəbiyyatşünaslığımızda
hadisəyə çevrilən 15 elmi əsərin müəllifi
olmaqla yanaşı, 21 çox dəyərli kitabın da tərtibçisidir.
Professorun toplayıb tərtib etdiyi «Kərkük
bayatıları» (1968, R.Rza ilə), «Arzu-Qəmbər
dastanı» (1971), «Kərkük mahnıları» (1973),
«İraq-Kərkük atalar sözləri» (1978), «Kərkük
tapmacaları» (1984), «İraq-Kərkük bayatıları»
(1984), «Kərkük folkloru antologiyası» (1987) kitabları,
adlarından da göründüyü kimi, Kərkük-türkman
folklor mətnlərini ehtiva edir.
Q.Paşayevin
nəşrə hazırladığı kitabların içərisində
Nəsiminin İraq Divan nüsxəsinin (1987) ayrıca yeri və
əhəmiyyəti var (professorun tərtiblərinin qalan hissəsi
çağdaş türkman şeirindən seçmələr,
müasir Azərbaycan şair və
yazıçılarının, aşıqların əsərləri
və kitab-bukletlərdir ki, bunların da filoloji elmimizdə əhəmiyyəti
danılmazdır).
Elə
buradaca qeyd edək ki, «toplama və tərtib», yaxud «mətnlərin
nəşrə hazırlanması» adlandırılan fəaliyyət
növü, çoxlarının güman etdiyinin əksinə
olaraq, «texniki iş» yox, elmi yaradıcılığın
böyük zəhmət və ciddi axtarışlar tələb
edən zəruri tərkib hissəsidir. Çünki mətnlər
çap edilməzdən əvvəl böyük zəhmətlə
əldə edilir, tarixçəsi öyrənildikdən sonra
nəşr edilir. Bu səbəbdən də mətnlərin nəşrə
hazırlanması «iynə ilə gor qazmaq» əzabı ilə
müqayisə edilir…
Görkəmli
alimin monoqrafiyaları, elmi-publisistik əsərləri və tərcümələri
kimi tərtibləri də, təkcə ədəbiyyatşünaslığın
yox, bütövlükdə filoloji elmlərin (dilçiliyin və
folklorşünaslığın da) diqqət mərkəzində
olmuş və çox nüfuzlu mütəxəssislər
onun yaradıcılığının bu istiqamətini də
yüksək dəyərləndirmişlər. Məsələn,
Y.Qarayev «Azərbaycana İraqdan yayılan türkman folklorunun
mətn və janr coğrafiyasının Bakıda hamıdan
çox, məhz Qəzənfər müəllimin elmi irsində
sabitlik və bütövlük təşkil etdiyi» qənaətindədir.
B.Vahabzadə
də Q.Paşayevin toplama və tərtib fəaliyyətini
yüksək qiymətləndirir və onu S.Mümtazla
müqayisə edir: «…bunların nəticəsində
(Q.Paşayevin tərtib etdiyi “Kərkük folkloru
antologiyası” nəzərdə tutulur - A.S.) xalqımız
İraqda yaşayan doğma qardaşlarının mənəvi
dünyası ilə tanış olub, sən demişkən,
«Bu, bizdə də belədir», - dedi. Xalqa «bu, bizdə də
belədir» - deyə böyük bir inam aşılamaq, bilirsənmi
nə boyda xidmətdir? Bu xidmətin ölçüsü
yoxdur! Bu yerdə yada türkdilli ölkələri öz xərci
ilə qarış-qarış gəzib xalq ədəbiyyatı
incilərini toplayan, onları təsnifləşdirib çap
etdirən S.Mümtaz düşür».
B.Vahabzadənin
bu müqayisəsi, əlbəttə ki, təsadüfi deyil: fəaliyyəti
dövründə folklor nümunələri və klassik ədəbiyyatı
ehtiva edən 15 kitab tərtib etmiş S.Mümtaz kimi,
Q.Paşayev də İraqda işlədiyi müddətdə
«Kərkük və yörəsini addım-addım, kənd-kənd
dolaşıb, yaşlıların söylədiyi» folklor
nümunələrini toplamış, eləcə də “hər
gün Bağdaddan 45 km uzaqda yerləşən fəllucə
şəhərindən Bağdada gəlib”, Əbdüllətif
Bəndəroğlu ilə birgə Nəsiminin İraq Divan
nüsxəsini transfonoliterasiya etmiş, üzərlərində
uzun illər ciddi şəkildə işləyib sonra
onları nəşr etdirmişdir. Bu iki böyük alim -
S.Mümtaz və Q.Paşayevin fəaliyyətlərində təmaslaşan
məqamlardan biri də onların hər ikisinin Nəsimi
Divanını nəşrə hazırlamalarıdır.
Xatırladaq
ki, folklorşünas alim S.Mümtaz görkəmli tekstoloq,
«…yeni dövr Azərbaycan mətnşünaslığının
ön cərgəsində duranlardan biridir» (Ə.Mirəhmədov).
Biz eyni fəaliyyətlə məşğul olan - həm
folklor mətnlərini, həm klassik ədəbiyyat nümunələrini
nəşrə hazırlayan, həm də əski şərh
və təfsir sənətini yaşadan və davam etdirən
Q.Paşayevin də zəhmətkeş və səriştəli
bir mətnşünas olduğu qənaətindəyik. Və
qətiyyətlə onu da deyə bilərik ki, professorun elmdə
uğur qazanmasının başlıca səbəbi onun elmi əsərlərinin
də tekstoloji metoda əsaslanmasıdır. Amma bizdə mətnşünaslığın
nə olması və nəyi necə öyrənməsi,
başqa sözlə, filoloji elmlər sistemində mətnşünaslığın
yeri və mövqeyi haqqında kifayət qədər konkret təsəvvür
olmadığına görə, həm bu elmin vəzifələrini
qısa da olsa xatırlatmağı, həm də
Q.Paşayevin bu yöndəki fəaliyyətinin tekstologiya ilə
nə dərəcədə əlaqəli olduğuna
aydınlıq gətirməyi lazım bilirik.
Mətnşünaslıq
ədəbiyyatı öyrənən elmlərin ən qədimi
və ən dəqiqidir. Ədəbiyyat haqqında
bütün elmlər filoloji mətnşünaslıq (əski
təfsir və şərh) əsasında
formalaşmışdır. Filoloji elmləri mötəbər mətnlərlə
təmin edən də mətnşünaslıqdır. Ədəbiyyat
tarixləri də məhz mətnşünaslığın
üzə çıxardığı ədəbi-tarixi və
tekstoloji faktlar əsasında qələmə alınır.
Bu səbəbdən də “Mətnşünaslıq
özünün həm tədqiqat, həm də tətbiqi
aspektləri ilə ədəbiyyatşünaslığın
başlanğıcı və əsası” (D.Lixaçev)
hesab edilir.
Nəşrə
hazırladığı, adlarını yuxarıda çəkdiyimiz
kitabları ilə tanışlıq Q.Paşayevin tekstoloji
qaydalara əməl etdiyini təsdiq edir.
İlk
olaraq onu nəzərə çatdıraq ki, Q.Paşayev nəşrə
hazırladığı kitabların hər birinə ədəbi-tarixi
və tekstoloji müqəddimə yazmış, burada nəşrlərin
tərtib prinsipləri, mətnləri harada, nə vaxt, kimlərdən
toplaması və onların variantları barədə ətraflı
məlumat vermişdir.
«İraq-Kərkük
bayatıları» (B., 1984) kitabına yazdığı «Kərkükdən
gələn qardaş səsi» adlı müqəddimədə
onun «bayatıların bir qismini iraqlı folklorşünaslar
Molla Sabir və Ə.Tərzibaşının kitablarından,
«Qardaşlıq» jurnalından əldə etməsi, digər
qisminin isə kərküklülərin «Mədəniyyət
mərkəzi» hesab edilən «Qardaşlıq nadisi»ndə
günaşırı görüşdüyü vətənpərvərlərdən,
Bağdad radiosunun türkmanca qismindən, eləcə də Kərkük,
Tuz Xurmatu, Altun Körpü və s. şəhər, qəsəbə
və kəndlərə ziyarəti zamanı yaşlı
adamlardan toplaması haqqında ətraflı məlumat yer
alıb. Eyni xarakterli məlumatlar tərtibçinin «Kərkük
tapmacaları» (B., 1984) kitabına yazdığı «Kərkük
tapmacaları haqqında» ön sözdə və digər
kitablara yazdığı müqəddimələrdə də
verilib. Onu da qeyd edək ki, Q.Paşayevin topladığı
bayatıların, mahnıların, atalar sözlərinin,
tapmacaların, lətifələrin böyük bir qismi
İraqda çap edilməmiş, ilk dəfə onları azərbaycanlı
və iraqlı oxuculara “ruhunda və yaddaşında
uzağı - İraqı yaşadan bakılı türkman”
(Y.Qarayev) çatdırmışdır.
Q.Paşayev
folklor mətnlərinin nəşrində materialın
xarakterindən asılı olaraq müxtəlif tərtib
prinsiplərindən istifadə etmişdir. Məsələn,
Kərkük bayatılarını əlifba sırası ilə,
tapmacaları isə tematika əsasında
qruplaşdırıb kitablara daxil etmişdir.
O,
nəşrə hazırladığı kitablara daxil etdiyi
folklor mətnlərini nəşrə hazırlıq prosesində
dərindən öyrənmiş, onları həm İraq
variantları, həm də Azərbaycan dilindəki
qarşılıqları ilə tutuşdurub, müqayisə
etmiş, etimoloji, eləcə də oxşar və fərqli
struktur-semantik aspektlərini üzə çıxarıb
şərh etmişdir. Tərtibçi Kərkük
bayatıları kitabına daxil etdiyi 2000-ə yaxın
bayatını 5000-dən artıq bayatının içindən
seçmişdir.
Q.Paşayevin
folklor mətnlərini seçmə meyarı da elmi prinsiplərə
əsaslanır. Belə ki, tərtibçi kərküklülər
arasında, deyək ki, eyni bayatının 3-4 variantına təsadüf
etdikdə, kitaba onların biri digərindən ciddi şəkildə
fərqlənməyən daha mükəmməl və poetik
bir variantını, «dil faktı və təsir gücü»
baxımından daha ciddi olduqda isə digər
variantlarını da daxil etmişdir.
Burada
bir məqamı da xatırlatmaq istəyirik: «…elmdə bir
çox mütəxəssislər var ki, tekstoloji tədqiqatla
heç də nəşr naminə məşğul olmur»
(A.Qrişunin). Yəni, tekstoloji araşdırmalar heç də
həmişə mətnləri nəşrə hazırlamaq məqsədilə
aparılmır, tekstoloji araşdırmaların nəticələri
monoqrafik tədqiqatlarda və elmi məqalələrdə də
yer ala bilir. Bir qədər də dəqiq desək, tekstoloji tədqiqatların
nəticələrindən həm mətnlərin nəşrə
hazırlanmasında, həm də elmi-tədqiqat əsərlərində
istifadə olunur.
Tekstologiyanın
bu aspektini xatırlatmaqda məqsədimiz Q.Paşayevin kərkükşünaslıq
və nəsimişünaslıq istiqamətində
apardığı monoqrafik tədqiqatlarının da tekstoloji
təmələ söykənməsidir (tekstoloji
araşdırmalarda bir çox metodlardan (linqvistik, paleoqrafik,
atributiv, kamparativ və s.) istifadə edildiyi kimi,
tekstologiyanın özü də digər filoloji tədqiqatlarda
metod kimi çıxış edə bilir. Onun «Kərkük
dialektinin fonetikası», «İraq-türkman folkloru», «Kərkük
folklorunun janrları». «Nəsimi haqqında araşdırmalar»,
«İraq-türkman ləhcəsi» (şərikli) və s.
monoqrafiyalarında istifadə etdiyi əsas metodlardan biri də
tekstoloji, xüsusilə linqvistik-tekstoloji metoddur. Professor
monoqrafiyalarında folklor nümunələrini, dil tarixi,
etimologiya və xüsusilə linqvistik-tekstoloji baxımdan daha
ətraflı araşdırmış və şərh
etmişdir. Onu da qeyd edək ki, tekstoloji araşdırmalarda
linqvistik metoddan, ümumiyyətlə geniş istifadə
edilir. Bu da təbiidir, çünki mətnin məzmununu
anlamaq və anlatmaq üçün mətndəki sözlərin
mənasının, xüsusilə ilkin, etimoloji mənasının
öyrənilməsi başlıca şərtdir. Q.Paşayev
bu tədqiqatlarında «türkman» sözündən
başlayaraq, Azərbaycan dilinin türkman ləhcəsi və
Azərbaycan dilində işlənən yüzlərlə
sözün mənşəyinə, ilkin mənalarına
mötəbər mənbələrə istinad etməklə
aydınlıq gətirmişdir. Xatırlatmaq yerinə
düşər ki, çağdaş mətnşünaslığın
Şərqdə babası hesab edilən əski təfsir və
şərh, Qərbdə isə hermenevtika, elə linqvistika əsasında
formalaşmış, bu sahədə ilk istifadə edilən
metod linqvistik metod olmuş, ilk şərhlərdə mətnin
dil baxımından izahı geniş yer almışdır.
İlk təfsirçi və şərhçilərin, eləcə
də hermenevtlərin dilçi olmaları təsadüfi
deyil. Dilçi kimi elmə gələn Q.Paşayevin həm də
mətnşünas alim kimi fəaliyyətində də bir
qanunauyğunluq, ənənə və varislik əlaqələri
var (Bu faktı Q.Paşayev haqqında yazdığı məqaləsində
tanınmış şərqşünas-mətnşünas
alim İ.Həmidov da vurğulayır).
Biz
bu qənaətdəyik ki, Q.Paşayevin kərkükşünaslıq
istiqamətində apardığı araşdırmaların
«bənzərsiz, fərqli tədqiqatlar» kimi qəbul edilməsinin
əsas səbəbi də bu, yəni onların tekstoloji
yönüdür. Professorun «İraq-türkman folkloru»
monoqrafiyasını «şah əsər» adlandıran Ə.Bəndəroğlu
yazır: «Qəzənfər Paşayevin «İraq-türkman
folkloru» kitabına bənzər bir kitab indiyə qədər
nə İraq türkmanları tərəfindən, nə də
İraq türkmanlarının folkloru ilə məşğul
olan xarici alim və tədqiqatçılar tərəfindən
yazılmışdır. Qəzənfərin
yazdığı bu əsər bizim üçün, yəni
İraq türkmanları üçün sevgi və sevinc
doğuran, könüllərdə yaşayıb-unudulmayan,
işıqlarla dolu bir hadisə kimi qalacaqdır. Bu əsər
bizim folklor araşdırıcılarının
yollarını işıqlandırmaq, aydınlandırmaq və
yeni bir metodla, yeni tədqiqatlar aparmaq sahəsində doğru
və düzgün bir yol olacaqdır». Əslində Kərkük
folkloru Q.Paşayevə qədər də həm iraqlı, həm
də azərbaycanlı alimlər tərəfindən, qismən
də olsa, öyrənilib. Amma Qəzənfər müəllimin
bu yöndəki araşdırmalarının bənzərsizliyini
təmin edən onun, Ə.Bəndəroğlunun «yeni yol»
adlandırdığı metoddan istifadə etməsidir: bu yeni
yol, üsul isə, şəksiz, tekstoloji metoddur.
Bir
qədər də irəli gedib, bir gerçəyi də
vurğulamaq istəyirik: öyrəndiyi materialın xarakterindən
asılı olaraq mətnşünaslıq şərti olaraq
dörd sahəyə bölünür: antik ədəbiyyat mətnşünaslığı;
orta əsrlər ədəbiyyatı mətnşünaslığı;
yeni dövr ədəbiyyatı mətnşünaslığı
və folklor mətnşünaslığı.
Folklor
mətnşünaslığı rus-sovet filologiyasında bir
elm kimi 1960-cı illərdən formalaşmağa
başlamışdır. B.Putilovun “Müasir folkloristika və
mətnşünaslıq problemləri” (M., 1963) və
S.Azbelevin «folklorun tekstoloji tədqiq prinsipləri» (M., 1966) əsərləri
bu istiqamətdə aparılan ilk araşdırmalardandır.
Bizə görə Q.Paşayev «Kərkükşünaslığın
əsasını qoymaqla» (T.Hacıyev) yanaşı, həm də
Azərbaycanda folklor tekstologiyasının təməlini qoyan
və onu inkişaf etdirən zəhmətkeş alimlərimizdən
biridir.
Nəşr
etdirdiyi Nəsiminin İraq Divan nüsxəsinin Q.Paşayevin
tekstoloji fəaliyyətində məxsusi yeri var. Divanı nəşrə
hazırlayarkən professor aşağıdakı tekstoloji
işləri həyata keçirmişdir:
1.
Divanı ərəb əlifbasından transfonoliterasiya
etmişdir;
2.
Kitaba yazdığı «Nəsiminin İraq Divanı» adlı
tekstoloji müqəddimədə nüsxənin ətraflı
təsvirini (kim tərəfindən və nə vaxt
köçürülməsi, cildi, vərəqlərin
sayı, tərtib prinsipi, mühafizə vəziyyəti,
divanda neçə əsərin yer alması, təxəllüslər
və s.) vermişdir;
3.
Divanın İraq nüsxəsini S.Mümtazın tərtib
etdiyi «Seyid İmadəddin Nəsimi» (1926), M.Quluzadənin «Nəsimi.
«Seçilmiş şeirləri» (1962), H.Araslının
«İmadəddin Nəsimi» (1972) və «Nəsimi.
«Seçilmiş əsərləri» (1973), C.Qəhrəmanovun
«Nəsimi. «Məndə sığar iki cahan» (1973) və «Nəsimi.
«Əsərləri», 3 cilddə (1973) kitabları ilə
tutuşdurub müqayisə etmiş və müəyyənləşdirmişdir
ki:
a)
Divanın İraq nüsxəsində olan 14 şeir şairin
adları çəkilən kitabların heç birinə
düşməmiş və onlar, ümumiyyətlə, nəsimişünaslığa
məlum deyil;
b)
İ.Nəsimiyə mənsubluğu şübhə
yaratdığından C.Qəhrəmanovun tərtib etdiyi 3
cildliyin əsas korpusuna deyil, «Əlavələr» bölməsinə
daxil edilmiş 129 şeirdən 68-nin İraq nüsxəsində
olduğunu müəyyənləşdirmiş, bununla da həmin
şeirlərin Nəsiminin olduğunu yəqinləşdirmişdir;
c)
Nəsiminin İraq Divanında yer alan dini məzmunlu 109 şeirinin ilk və son beytlərini
(sovet dövründə məlum səbəbdən onları
tam şəkildə verə bilməmişdir) tərtib etdiyi
kitaba daxil etmişdir (yeri gəlmişkən xatırladaq ki,
professorun üzə çıxardığı bu şeirləri
elə özünün də tam şəkildə nəşr
etdirməsinin vaxtı çoxdan çatmışdır);
d)
Nəsiminin İraq Divanında yer alan, lakin adları çəkilən
kitablara düşməmiş 50 beytini üzə
çıxarmışdır;
e)
Bir sıra şeirlərin əvvəlki çaplarında, eləcə
də İraq Divanının özündə yol verilmiş
katib xətalarını aradan qaldırmışdır
(Çaxdı sərvim aləmə - Çıxdı sirrim,
aləmə - Çıxdı sərvim, aləmə; Bu
«quş dili»dir, munı Süleyman bilür ancaq - Bu «quş
dili»dir, bunu Süleyman dəxi bilməz - Bu quş dəgidir,
bunu Süleyman dəxi bilməz; Çün fəna
darını Mənsurə olubdur istəyən - Çün
fəna darını ol Mənsur olubdur istəyən və bu
xarakterli onlarca təhrif və xətaların təshihi);
4.
Divana ətraflı şərhlər yazılıb,
lüğət verilmişdir ki (redaktor M.Əsgərovla
birlikdə), bunlar da əsərlərin məzmununun
anlaşılmasına yaxından kömək etmişdir.
Sadalanan
işlər birbaşa elmi edisiyaya (redaktə), yəni
tekstologiyanın tətbiqi sahəsinə aiddir. Bundan əlavə
Q.Paşayev «Nəsimi haqqında araşdırmalar» (2010)
adlı monoqrafiya yazmış (monoqrafiya yuxarıda
vurğuladığımız nəşr məqsədilə
aparılmayan tekstoloji araşdırmalar sırasına daxildir)
və burada Nəsiminin həm bioqrafiyası, həm də
yaradıcılığı ilə bağlı xeyli yeni
tekstoloji faktlar üzə çıxarmışdır.
Q.Paşayevin həm nəşrə hazırladığı
Nəsiminin İraq Divan nüsxəsi, həm də ustad
şair haqqında monoqrafiyası ədəbiyyatşünaslığımızın
diqqət mərkəzində olmuş və bu barədə
çox nüfuzlu mütəxəssislər dəyərli
fikirlər söyləmişlər.
Nəsimi
Divanını Q.Paşayevin İraq səyahətində əldə
etdiyi «ən böyük uğurlarından biri» hesab edən
Y.Qarayev yazır: «İlk dəfə elm aləminə Qəzənfər
müəllim tərəfindən təqdim edilmiş bu
divandan sonra onlarla yeni Nəsimi qəzəli bədii və
elmi dövriyyəyə daxil edilmiş, iyirmidən çox məlum
qəzəlin, məhz Nəsimiyə məxsusluğu barədə
həqiqətə elmi və estetik möhür
basılmış, onlarca bədii nümunəyə təshihlər
verilmişdir».
Nəsiminin
İraq Divanına məxsusi məqalə həsr etmiş
şair-alim A.Vəfalı, mətn və ədəbiyyat nəzəriyyəçisi
R.Əliyev, eləcə də digər mütəxəssislər
bu nəşrin məziyyətlərini ətraflı şərh
etmiş, onun əvvəlki nəşrlərdən
üstün cəhətlərinə də diqqət yönəltmişlər.
R.Əliyev yazır: «Nəsiminin ən yaxşı dini
şeirləri nə onun H.Araslı tərəfindən
hazırlanmış 1973-cü il nəşrinə, nə də
ki, sonrakı nəşrlərə düşüb. Bizcə,
1987-ci ildə «İraq Divanı»nı tərtib edən və
nəşrə hazırlayan Qəzənfər Paşayev və
Məmmədəli Əsgərov (kitabın redaktoru) bu buzu
qismən sındırıblar və Nəsiminin İraq
Divanında olan «Müxtəlif şeirlərin ilk və son
beytləri» adı altında 256-279-cu səhifələrdə
100-ə qədər şeir (əslində bu şeirlərin
sayı 109-dur - A.S.) veriblər. Biz hesab edirik ki, Nəsiminin dini
görüşlərini və Allah haqqında təsəvvürlərini
öyrənmək baxımından onlar ən yaxşı və
mühüm şeirlərdir».
Nəhayət,
Q.Paşayevin çağdaş filologiyamızda və tərcüməşünaslığımızda
orijinallığı ilə seçilən “Nostradamusun
möcüzəli aləmi” (professor bu əsəri
“Ömür kitabı” adlandırıb) əsəri
haqqında da bəzi mülahizələrimizi bildirmək istəyirik.
Amma bundan əvvəl “təfsir” və “şərh”, eləcə
də “hermenevtika” terminlərinin leksikoqrafik aspektlərini
qısaca xatırlatmağı zəruri sayırıq.
Q.Paşayevin
“Nostradamusun möcüzəli aləmi” əsəri klassik
şərh janrında qələmə alınmış tərcümə-şərhdir.
O da, Nostradamusun katrenlərini, orta əsr mütərcimləri
kimi, orijinalda olduğu kimi deyil, görmək istədiyi,
lazım bildiyi şəkildə tərcümə-şərh
etmişdir. Yeddi il üzərində işlədiyi bu əsərlə
də orijinalı arasında həm məzmun, həm həcm,
həm də tərtib baxımından çox ciddi fərqlər
var.
Ümumiyyətlə
təfsir və şərh, xüsusilə Nostradamus kimi bilici
və görücünün əsərlərini - gizli və
möcüzəli fikirlərini anlamaq və anlatmaq bir
çox elmlərə və dillərə aşina
olmağı tələb edir. Görkəmli alim həm elmi təfəkkürünün,
məntiqinin gücü, həm də müxtəlif dillərdə
istifadə etdiyi onlarca sanballı əsərlərin köməkliyi
ilə Nostradamusun möcüzəli aləminə dərindən
nüfuz etmiş və onu azərbaycanlı oxuculara ilk dəfə
olduğu kimi təqdim etmişdir.
Beləliklə,
yaradıcılığı
və haqqında yazılanlar ilə ətraflı
tanışlıq nəticəsində Q.Paşayevin tekstoloji
fəaliyyətini qısaca şəkildə belə ümumiləşdirmək
olar:
1.
O, Kərkük-türkman folklorunu toplayıb nəşr etdirmək
və üzərlərində ciddi tekstoloji araşdırmalar
aparmaqla:
a)
“Kərkükşünaslığın əsasını
qoymuş”;
b)
kərkükşünaslığı mötəbər mətnlərlə
təmin etmiş;
c)
kərkükşünaslıqla bağlı sonrakı
araşdırmalara həm nəşr etdirdiyi mətnlər, həm
də elmi-tekstoloji tədqiqatları ilə öncüllük
edib, istiqamət vermiş;
d)
folklor mətnləri üzərində apardığı
tekstoloji tədqiqatlarla özünü Azərbaycan mətnşünaslığında
yeni bir istiqamətin - folklor tekstologiyasının əsasını
qoyan və onu inkişaf etdirən mütəxəssislərdən
biri kimi təsdiq etmiş;
e)
Türkman ədəbiyyatı tarixinin (xüsusilə
folkloristikasının) yazılmasına zəmin
hazırlamışdır.
2.
Nəsiminin İraq Divan nüsxəsini nəşrə
hazırlamaq və “Nəsimi haqqında araşdırmalar”
monoqrafiyasını yazmaqla:
a)
divanı ilk dəfə elm aləminə və oxuculara təqdim
etmiş;
b)
Nəsiminin olduğu ümumiyyətlə, məlum olmayan 14, Nəsimiyə
mənsubluğu şübhə doğuran 68, dini mövzuda
yazdığı 109 şeri və 50 beyti müəllifinə
qaytarmış;
c)
gələcəkdə Nəsiminin əsərlərinin
akademik nəşrinin hazırlanmasına əvəzsiz xidmət
göstərmiş;
d)
Nəsiminin diqqətdən yayınmış əsərlərini
elmi dövriyyəyə gətirmək və şairin
bioqrafiyası və yaradıcılığı ilə
bağlı naməlum ədəbi-tekstoloji faktları üzə
çıxarmaqla nəsimişünaslıqda yeni bir mərhələnin
yaranmasına binagüzarlıq etmişdir;
3.
“Nostradamusun möcüzəli aləmi” əsərini qələmə
almaqla:
a)
klassik şərh janrının layiqli davamçısı
olduğunu təsdiq etmişdir.
Bütün
bunlar isə humanitar-filoloji elmlərin bir çox sahələrində
özünü sanballı bir mütəxəssis kimi təsdiq
etmiş Q.Paşayevdən zəhmətkeş və səriştəli
bir mətn mütəxəssisi - tekstoloq kimi söz
açmağa da tam haqq verir.
Aslan SALMANSOY,
filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat qəzeti.- 2013.- 19 aprel.-
S.7.