Mədəniyyət və incəsənətimizin Heydər Əliyev zirvəsi

  

Bu il may ayının 10-da dövlətçilik tariximizdə müstəsna yeri olan, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur. Bu tarixi gün ərəfəsində ümummilli liderimiz Heydər Əliyevin şərəfli, bənzərsiz həyat yolu bir daha bütün əzəməti ilə gözlərimiz önündə canlanır. Bu fenomen şəxsiyyətin dediyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı həmişə, hər birimizin qürur və iftixar mənbəyi olmuşdur. Biz fəxr edirik ki, Heydər Əliyevin mənsub olduğu bir xalqın-Azərbaycan xalqının nümayəndələriyik.

Məlumdur ki, ulu öndərimiz bütün ömrünü, mübarizəsini, bir sözlə, fədakar fəaliyyətini Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatının inkişafına sərf etmiş, respublikamızın beynəlxalq aləmdə geniş miqyasda tanınması üçün əlindən gələni əsirgəməmişdir. Ümummilli liderimizin xüsusi diqqət yetirdiyi sahələrdən biri Azərbaycanın mədəniyyəti və incəsənəti olmuşdur. Ulu öndərimiz deyirdi: “Mədəniyyət başqa aləmdir. Mədəniyyət uşaq kimidir, həmişə tumar və qayğı istəyir. O, həssasdır. Əlinin tumarı, ürəyinin qayğısı azca azalan kimi, o, hiss edir, küsür, inciyir. Siyasi rəhbər, dövlət xadimi bunu bilməlidir, bir an yadından çıxarmamalıdır”. Heydər Əliyev özü məhz belə həssas, qayğıkeş, diqqətcil dövlət başçısı idi.

Heydər Əliyev Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edirdi. Ona görə də bu sahədə qazanılmış uğurları dünya ictimai fikrinə çatdırmaq üçün böyük səy göstərirdi. Onun ədəbiyyat və incəsənət xadimlərinə, o cümlədən Azərbaycan bəstəkarlarından Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, Rəşid Behbudova, rəssamlarımızdan Tahir Salahova, Mikayıl Abdullayevə, Ömər Eldarova, Lətif Kərimova, şair və ədiblərimizdən Süleyman Rüstəmə, Rəsul Rzaya, İlyas Əfəndiyevə, Mirzə İbrahimova, Süleyman Rəhimova və başqa müqtədir sənətkarlara göstərdiyi qayğı ulu öndərimizin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi idi. Bəxtiyar Vahabzadə və Xəlil Rza kimi həqiqətpərvər şairlərimizin Moskva təhlükəsizlik orqanları tərəfindən təqiblərinin qarşısının alınmasında da Heydər Əliyevin xidmətləri danılmazdır.

Gördüklərimə, oxuduqlarıma və şəxsi müşahidələrimə əsaslanaraq xüsusilə vurğulamaq istəyirəm ki, Heydər Əliyev mədəniyyət və incəsənətin bütün sahələrinə dərindən bələd olan nadir bir şəxsiyyət idi. Söhbət rəssamlıqdan gedirsə, ümummilli liderimiz sənətşünas, musiqi sahəsində musiqişünas, teatr aləmində teatrşünas, ədəbiyyatdan söhbət gedirsə, bir filoloq kimi mühakimə yürüdür, maraqlı fikirlər söyləyirdi.

Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud”un 1300 illik, Nizaminin 840 illik, Nəsiminin 600 illik, M.F.Axundzadənin 170 illik, Hüseyn Cavidin 120 illik yubileyləri bilavasitə ulu öndərimizin təşəbbüsü və təşkilatçılıq məharəti sayəsində həyata keçirilmişdir. Repressiya qurbanı Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi də ulu öndərimizin adı ilə bağlıdır və bu hadisə xalqımızın tarixinə əbədi həkk olunmuşdur.

1979-cu ildə ulu öndərimiz sovet nümayəndə heyətinin başçısı kimi Suriyada olarkən səfər proqramı xaricində Nəsiminin məzarının yerləşdiyi Hələb şəhərini ziyarət etmək istədiyini bildirmişdi və onun bu arzusu dərhal yerinə yetirilmişdi. Nəsiminin 600 illik yubileyinin Yunesko-nun tədbirləri siyahısına daxil edilməsi məhz Heydər Əliyevin xidməti idi.

Məlum olduğu kimi, ulu öndərimizin şəxsi təşəbbüsü ilə Bakıda və respublikamızın müxtəlif bölgələrində bir sıra sənət xadimlərimizin abidələri ucaldılmışdır. Bu abidələrdən biri də Molla Pənah Vaqifin məqbərəsidir. Heydər Əliyev Vaqifin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirləri xatırlayaraq deyirdi: “Biz Şuşada Vaqifin qəbri üzərində gözəl bir məqbərə yaratdıq... Biz o vaxt gedib onun açılışını böyük bir təntənə ilə keçirdik, orada respublika ictimaiyyətinin nümayəndələri-ədəbiyyat, incəsənət xadimləri iştirak edirdilər. Təəssüf ki, indi Şuşa işğal altındadır. Mən əminəm ki, Şuşa işğaldan azad olunacaq və Vaqifin məqbərəsi də öz xalqımıza qayıdacaq”.

Heydər Əliyevin böyük diqqət yetirdiyi sahələrdən biri də Cənubi Azərbaycanın tarixi, ədəbiyyatı və incəsənəti idi. AMEA Ədəbiyyat İnstitutunda “Cənubi Azərbaycan ədəbiyyatı,” Tarix İnstitutunda “Cənubi Azərbaycan tarixi” şöbələri bilavasitə Heydər Əliyevin təklifi ilə yaradılmışdır. Azərbaycan Yazıçılar İttifaqında “Cənubi Azərbaycan ədəbiyyatı” üzrə ayrıca katibliyin təsis edilməsi də bu qəbildəndir.

Heydər Əliyev fəaliyyəti dövründə Azərbaycan yazıçılarının bütün qurultaylarında iştirak etmişdi. Bu qurultaylardan biri də Heydər Əliyevin Moskvada vəzifədən kənarlaşdırıldığı bir dövrə təsadüf edirdi. Yazıçılar Birliyinin rəhbərliyi Heydər Əliyevi qurultaya dəvət etmişdi. Qurultay Azərbaycan Dövlət filarmoniyasında keçirilirdi. Heydər Əliyev salonda arxa cərgədə oturmuşdu. Yazıçılar İttifaqının sədri Anar Heydər Əliyevi rəyasət heyətinə dəvət etdi. Heydər Əliyevin dediyi sözlər yadımdadır: “Mən rəyasət heyətlərində çox oturmuşam. İndi sizi burdan seyr etmək istəyirəm”. Hamımız ulu öndərimizin sözlərini alqışlarla qarşıladıq.

Heydər Əliyev həmişə Azərbaycan şair və ədiblərinin qayğısına qalmışdır. Xəstələnəndə onlara baş çəkmişdir. ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı fundamental əsərində öz şəxsi müşahidələrinə əsaslanaraq ümummilli liderimizin böyük sənətkarımız İlyas Əfəndiyevə necə həssaslıqla yanaşmasını belə ifadə etmişdir: “Mən ulu öndərimizin İlyas Əfəndiyevə göstərdiyi böyük diqqətin şahidi kimi onu deyə bilərəm ki, Heydər Əliyevin qayğısı sayəsində insanlar şəfa tapırdılar. İlyas Əfəndiyev Moskvada xəstəxanada yatarkən Heydər Əliyevin ona baş çəkməsi, qayğı göstərməsi bu günə qədər bizim xatirimizdədir və biz həmişə ulu öndərimizi şükranlıqla xatırlayırıq.

Bu qayğı təkcə İlyas Əfəndiyevlə bağlı deyildi. Onun Süleyman Rüstəmə, Mirzə İbrahimova, Rəşid Behbudova, Qara Qarayevə, Fikrət Əmirova, Hökumə Billuriyə, Yusif Səmədoğluna göstərdiyi qayğı xalqımızın yaddaşındadır. İlyas Əfəndiyevdən söz düşmüşkən bir faktı da xatırlamaq yerinə düşərdi. Dramaturqun “Mahnı dağlarda qaldı” tamaşasının dövlət mükafatı alması şəxsən Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuşdu. Dövlət komissiyasının yekun iclasından sonra ona təqdim olunan siyahıda “Mahnı dağlarda qaldı” tamaşasının adını görməyən ulu öndərimiz soruşur: “Niyə bu əsərin adı siyahıda yoxdur? Mən bu əsərə baxmışam və bəyənmişəm, - o vaxt komissiya üzvlərinin bir çoxu da teatrda idi.” Heydər Əliyev sənətin və sənətkarın qədrini bilən nadir şəxsiyyət idi.”

Heydər Əliyev Azərbaycan televiziyasına kütləvi informasiya vasitəsi olmaqla bərabər, həm də mədəniyyət və incəsənətimizin ayrılmaz bir hissəsi kimi diqqət yetirir, bu sahənin inkişafı üçün müxtəlif qərarlar qəbul edir, sərəncamlar imzalayırdı. Bu cəhətdən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin “Dövlət Radio Verilişləri və Televiziya Komitəsi haqqında” 1969-cu il 30 sentyabr tarixli qərarının komitənin gələcək fəaliyyəti üçün çox böyük əhəmiyyəti oldu. Belə ki, radionun və televiziyanın təşkilat quruluşunda bir sıra dəyişikliklər edildi, respublikanın ayrı-ayrı zonalarında komitənin daimi müxbir məntəqələri yaradıldı. Maddi-texniki bazanı inkişaf etdirmək yolunda da mühüm addımlar atıldı.

1970-ci ildə Azərbaycan Radio Verilişləri və Televiziya Komitəsi Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə çevrildi. Bu, televiziya və radionun dövlət statusunu müəyyən edirdi. Sonrakı illərdə də ulu öndərimiz radionun, xüsusən televiziyanın inkişafına böyük əhəmiyyət verirdi.

Heydər Əliyev teatr sənətinə sıx tellərlə bağlı olan dövlət xadimi idi. O, deyirdi: “Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir”.

Məlumdur ki, ulu öndərimiz tez-tez teatr tamaşalarına baxar, əsər bitdikdən sonra səhnə arxasına keçib rejissor və aktyorlarla görüşər, sənət söhbətləri edərdi. Belə tədbirlər bir qayda olaraq televiziya kanalları ilə nümayiş etdirilirdi. Bu görüşlərdə ümummilli liderimiz qarşıya çıxan problemləri də operativ şəkildə həll edir, müvafiq göstərişlər verirdi.

Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyəti dövründə teatr, kino, musiqi, təsviri və tətbiqi sənət sahələrində böyük inkişaf müşahidə olunurdu. Teatrşünas İnqilab Kərimov “Heydər Əliyev sənət, sənətkarlar və sənətkarlıq haqqında” adlı kitabında yazırdı: “Görüşüb söhbət etdiyim bütün sənətçilər... belə bir yekdil fikri söylədilər ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib seçilməsi bütün xalqımız, xüsusilə mədəniyyət işçiləri, eləcə də teatr və kino sənətkarları üçün böyük sevinc oldu. Bu sahədə də intibah baş verdi”. Bəli, Heydər Əliyevin mədəniyyət və incəsənətimizə hamiliyi bu sahənin əsl intibah mərhələsi oldu.

Azərbaycan teatrının 100 illik yubileyi münasibətilə keçirilən yığıncaqda Heydər Əliyevin proqram səciyyəli, dolğun məruzəsi də o vaxt təkcə teatr işçilərinin yox, bütün xalqımızın ürəyindən xəbər verdi. Bu dəyərli məruzə Azərbaycan teatrının keçmişini, bu gününü və hər şeydən əvvəl sabahını göz önündə canlandırırdı. Heydər Əliyev deyirdi: “Əgər Azərbaycan xalqı müsəlman şərqində ilk dəfə 1873-cü ildə milli teatrı yaratmış və dünya mədəniyyətinə qovuşmuşsa, bu xalqın nə qədər böyük mənəviyyatı var. O nə qədər böyük mədəniyyətə, nə qədər yüksək intellektə malikdir və onun nə qədər böyük daxili qüdrəti var”. 1998-ci il avqust ayının 27-də Heydər Əliyev “Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında” fərman imzalamışdı. Bu tarixi sənəd də teatrımızın inkişafına böyük təkan verdi.

Heydər Əliyev kino sənəti sahəsinə də böyük diqqət yetirir, bu sahənin inkişafı üçün böyük səy göstərirdi. “Bir cənub şəhərində”, “Uzaq sahillərdə”, “İstintaq” filmləri ilə bağlı problem hadisələr çoxlarımızın xatirindədir. “Bir cənub şəhərində” filmi ilə bağlı Heydər Əliyevin kino xadimlərimizi yersiz hücumlardan qoruması, müdafiə etməsi, onlar üçün yaşıl işıq yandırması həmişə sonsuz minnətdarlıq duyğuları ilə xatırlanır. Eyni sözləri “İstintaq” filmi ilə əlaqədar da demək olar. “Uzaq sahillərdə” filmi isə ulu öndərimizin şəxsi təşəbbüsü ilə meydana gəlmişdir. O, bu film ilə əlaqədar belə demişdir: “Uzaq sahillərdə” filmi Azərbaycan xalqına nə qədər şöhrət gətirdi! Mən bunu bir dəfə demişəm. Ancaq bunu fürsətdən istifadə edib bir də demək istəyirəm. Ümumiyyətlə, Mehdi Hüseynzadənin kəşf olunmasında mənim şəxsi xidmətim var.”

Heydər Əliyev təkcə Azərbaycana başçılıq etdiyi dövrdə deyil, Moskvada işlədiyi illərdə də (keçmiş SSRİ-nin Kinematoqrafiya Komitəsi də ulu öndərimizin tabeliyində idi) Azərbaycan kinosunun inkişafı üçün var qüvvəsini sərf edirdi.

Azərbaycan incəsənətinin mühüm sahələrindən biri olan rəssamlıq məktəbinin tərəqqisi üçün də ümummilli liderimiz çox işlər görmüşdür. O, bu sahəyə böyük dəyər verirdi. Heydər Əliyev deyirdi: “Azərbaycan rəssamlıq məktəbi çox yüksək səviyyəyə malikdir. Mədəniyyətimizin böyük nailiyyətlərindən biri də XX əsrdə Azərbaycanda böyük rəssamlıq məktəbinin yaranması, çox görkəmli rəssamlarımızın, heykəltəraşlarımızın, memarlarımızın yetişməsi və onların yaratdıqları əsərlərdir.”

Ümummilli liderimizin Tahir Salahovun, Mikayıl Abdullayevin, Səttar Bəhlulzadənin, Maral Rəhmanzadənin və başqa rəssamlarımızın fərdi sərgilərində müntəzəm iştirakı sənətsevərlərin yadındadır. Ulu öndər fırça və tişə ustalarımız üçün lazımi şərait yaradır, onların dünya miqyasında tanınması üçün əlindən gələni əsirgəmirdi. Məşhur rus rəssamı Nikas Safronov Heydər Əliyev şəxsiyyətinə böyük qiymət verərək yazırdı: “Heydər Əliyev dahi bir insandır. Heydər Əliyev kimi tarixi şəxsiyyətlər min ildə bir dəfə doğulur. Belə insanlar dünyanın ləl-cəvahiridir. Onları qorumaq, hifz etmək gərəkdir. Çünki onlar bütün varlığını, həyatını əminəmanlığın, səadətin bərqərar olmasına həsr edir, özlərini isə düşünmür, qorumurlar.”

Heydər Əliyev dahi bəstəkarımız Üzeyir Hacıbəylidən başlamış müasir musiqi xadimlərinə qədər bütün sənətkarlara yüksək dəyər vermiş, bu sahənin daha geniş miqyasda tanınması üçün böyük əmək sərf etmişdir. Bununla bağlı ümummilli liderimizin aşağıdakı sözlərini xatırlamaq yerinə düşər: “XX əsrdə mədəniyyətimiz yeni bir inkişaf mərhələsi keçirir. Xüsusən incəsənətimizin böyük sahəsi olan musiqidə professionallıq yaranıbdır. Bu sahədə də dünya miqyasında yüksək zirvələrə çatmış professional musiqi nümunələrindən istifadə edən, eyni zamanda, fitri istedada malik olan şəxsiyyətlərimiz tərəfindən böyük bir məktəb yaradılmışdır”.

Musiqi xadimlərimizin hər biri, o cümlədən Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Səid Rüstəmov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Arif Məlikov, Lütviyar İmanov və başqaları fəaliyyətlərinin hər addımında Heydər Əliyev qayğısını hiss edir, həmişə minnətdarlıqlarını bildirirdilər. Bu minnətdarlıq hissləri Arif Məlikovun ulu öndərimizə həsr etdiyi “Əbədiyyət” simfoniyasında öz parlaq əksini tapmışdır. Lütfiyar İmanov isə Heydər Əliyev şəxsiyyətini belə dəyərləndirirdi: “Siyasət adamının, dövlət başçısının boş vaxtı yoxdur. Çünki taleyüklü məsələlərlə məşğuldur. Heydər Əliyevin sənətə, sənətçiyə bu qədər vaxt ayırması, onun həssaslığı, böyüklüyüdür. İncəsənət xadimlərinə, elm adamlarına, yazıçılara, ümumiyyətlə, sənət adamlarına Heydər Əliyevin göstərdiyi qayğını mən heç bir dövlət rəhbərində görməmişəm”.

Heydər Əliyevin Azərbaycan dilinə, dil və nitq mədəniyyətinə verdiyi diqqət də xüsusi olaraq vurğulanmalıdır. Mahir natiqlik məharətinə malik olan ulu öndərimiz hamıdan dil mədəniyyətinə önəm verməyi, ana dilini yaxşı bilməyi və savadlı danışmağı tələb edirdi. O, deyirdi: “Dil böyük bir aləmdir. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır.”

Heydər Əliyevin Azərbaycanın mədəniyyət və incəsənət sahəsində fədakar əməyi və bu əməyin nəticəsində əldə edilən cahanşümul nailiyyətlər haqqında cild-cild kitablar yazmaq mümkündür. O, böyük siyasi, iqtisadi, ictimai problemlərlə yanaşı, çoxşaxəli fəaliyyətində Azərbaycan mədəniyyəti və incəsənəti üçün, ümumiyyətlə, xalqımızın səadəti üçün rus rəssamı N.Safronovun dediyi kimi, “özünü qorumayaraq” bütün varlığını müqəddəs amalına fəda etmişdi. Bu yerdə Ukrayna Milli Müdafiə Akademiyasının general-mayoru, Heydər Əliyevi yaxından tanımış hərbçi Boris Voroviçin dediyi sözlər səciyyəvidir. O, Heydər Əliyevin əbədiyyətə qovuşmasını belə mənalandırmışdı: “Heydər Əliyev vəfat etmədi. O, öz xalqının səadəti və öz müstəqil ölkəsinin tərəqqisi naminə qəhrəmancasına həlak oldu”.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra mədəniyyət və incəsənət xadimlərinə verdiyi qiymət - onların müxtəlif ad və mükafatlarla təltif edilməsi yuxarıda istinad etdiyim “Heydər Əliyev sənət, sənətkarlar, sənətkarlıq haqqında” (teatrşünas İnqilab Kərimov) adlı kitabda konkret fakt və rəqəmlərlə əks olunmuşdur. Kitabda oxuyuruq:

“1993-2002-ci illər ərzində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 405 nəfər elm, incəsənət və mədəniyyət xadimi vətənin yüksək mükafatları ilə təltif olunmuşdur. Onlardan 16 nəfəri “İstiqlal” ordeni, 70 nəfəri “Şöhrət” ordeni, 2 nəfəri “Tərəqqi” medalı, 1 nəfəri fəxri fərmanla, 7 nəfəri xalq yazıçısı fəxri adıyla , 5 nəfəri xalq şairi adıyla, 30 nəfəri xalq artisti fəxri adıyla , 3 nəfəri xalq rəssamı fəxri adıyla , 29 nəfəri əməkdar artist fəxri adıyla , 3 nəfəri əməkdar rəssam fəxri adıyla , 8 nəfəri əməkdar memar fəxri adıyla, 28 nəfəri əməkdar incəsənət xadimi fəxri adıyla, 21 nəfəri əməkdar mədəniyyət işçisi fəxri adıyla , 86 nəfəri fəxri təqaüdlə, 6 nəfər gənc istedad isə xüsusi təqaüd və yardımla mükafatlandırılmışlar. Bu sıraya ölkə başçısının 18 dekabr 2000-ci il tarixli Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi kimi fərmanı da daxildir ki, məhz həmin fərmana görə eyni vaxtda 5 nəfər kino xadimi xalq artisti fəxri adına, 3 nəfər kino xadimi xalq rəssamı fəxri adına, 11 nəfər kino xadimi əməkdar artist fəxri adına, 16 nəfər kino xadimi əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür”.

Heydər Əliyev mədəniyyət və incəsənət sahəsində kadr hazırlığı məsələlərinə də xüsusi diqqət yetirir, respublikamızın unikal təhsil ocağı olan ADMİU-nun fəaliyyəti ilə yaxından maraqlanır, böyük qayğı göstərirdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, prof. Timuçin Əfəndiyev bu il 90 yaşı qeyd olunacaq universitetin keçdiyi inkişaf yoluna həsr etdiyi “Mədəniyyət və incəsənətimizin məbədgahı” kitabında yazır: “Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə azərbaycanlı gənclər keçmiş Sovetlər birliyinin ən nüfuzlu ali məktəblərində təhsil almış və doğma respublikaya qayıtmışlar. Onların içərisində yüzlərlə gənc böyük yaradıcılıq ənənələrinə malik olan respublikadankənar ali məktəblərdə - Moskvadakı Şepkin və Şukin adına Ali Teatr məktəblərində, dünyada daha çox VQİK, QİTİS adları ilə tanınan kinematoqrafiya, teatr institutlarında, Leninqraddakı Repin adına Ali Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbində, Surikov adına Rəssamlıq Akademiyasında və digər ali təhsil müəssisələrində təhsil almışdır. Bütün bunlar Heydər Əliyevin milli mədəniyyətimizə tükənməz qayğısı sayəsində həyata keçirilmişdir. Bu gün universitetimizin aparıcı professor-müəllim heyətinin xeyli qismini məhz həmin mütəxəssislər təşkil edir”.

Heydər Əliyevi görmək, onunla təmasda, ünsiyyətdə olmaq səadətdir, xoşbəxtlikdir. Fəxr edirəm ki, bu səadət mənə də nəsib olub. Mən Heydər Əliyevin keçirdiyi yüksək məqamlı toplantılarda iştirak etmişəm, 1976-cı il iyul ayının 7-də ulu öndərimizin qəbulunda olmuşam və onun xeyir-duası ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini təyin edilmişəm və ümummilli liderimiz Ali Sovetin sədri olarkən bu nadir şəxsiyyətin birbaşa tabeliyində mətbuat katibi kimi çalışmışam. Bütün bu dövr ərzində mən Heydər Əliyevin respublikanın siyasi, iqtisadi tərəqqisi ilə yanaşı, Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi böyük diqqətin canlı şahidi olmuşam.

1976-cı il iyul ayının 7-də ilk dəfə ulu öndərimizin qəbulunda olarkən onun Cənubi Azərbaycana yayımlanan verilişlər haqqında dediyi bu sözlər biz radio işçiləri üçün proqram sənədi oldu: “Verilişlərinizi Cənubi Azərbaycan dialektində aparmağınız doğru deyil. Bizim dilimiz Cəlil Məmmədquluzadənin dilidir. Ümumiyyətlə, Cənuba, müasir Azərbaycan ədəbiyyatı nümunələrini geniş təbliğ etmək lazımdır.”

Həmin illərdə mən eyni zamanda, “Moskoy-Nyus” adlı ingilis, fransız, ərəb və ispan dillərində nəşr olunan qəzetin Azərbaycan üzrə xüsusi müxbiri idim. Ulu öndərimiz bu qəzetlə əlaqədar dedi: “Ancaq informasiya verməklə kifayətlənmək olmaz. Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tahir Salahov, Mikayıl Abdullayev, ümumiyyətlə, ədəbiyyat və incəsənətimizin məşhur nümayəndələri haqqında portret oçerklər çap etdirmək lazımdır”. Ali Sovetdə işlədiyim dövrdə də mən müxtəlif qəbul və görüşlərdə ulu öndərimizin Azərbaycan mədəniyyət və incəsənətinə nə qədər böyük önəm verdiyinin şahidi olurdum.

Ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyaları bu gün də yaşamaqdadır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev zəkasının izi görünməsin. 2004-cü il dekabr ayının 29-da Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədəbiyyat və incəsənət xadimlərinin bir qrupuna yüksək dövlət mükafatları və fəxri adlar təqdim edərkən demişdir: “Bilirsiniz ki, Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin mədəniyyət, incəsənət, elm xadimlərinə diqqəti daim yüksək olmuşdur. O, şəxsən özü bütün məsələlərlə məşğul olurdu, çalışırdı ki, maksimum dərəcədə diqqət göstərilsin, qayğı göstərilsin. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illərin çətinliklərinə baxmayaraq, bu sahəyə də daim diqqət göstərirdi... Mən də öz növbəmdə çalışıram ki, bu ənənələri davam etdirəm”.

Bu il respublikamızın Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərliyinin 10 ili tamam olur. Son 10 il ərzində həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət aləmində qazanılmış nailiyyətlərə nəzər saldıqda hər bir Azərbaycan vətəndaşı sonsuz iftixar hissi keçirir. Respublikamızın iqtisadi inkişafı, mədəniyyət və incəsənətimizin dünya miqyasında yeni uğurları Heydər Əliyev ənənələrinin davamıdır.

Prezidentimiz mədəniyyət və incəsənətimizin inkişafı üçün əlindən gələni əsirgəmir. Onun bu gün respublikanın regionlarında, habelə xarici ölkələrdə mədəniyyət mərkəzlərinin açılışında iştirakı, sənət xadimlərimizə göstərdiyi böyük qayğı, teatr və kino sənətinin inkişafı üçün imzaladığı sərəncamlar, teatrlarımızı bərpa və yenidənqurma işlərini müntəzəm olaraq nəzarətdə saxlaması, mədəniyyət xadimlərinə yüksək fəxri adların verilməsi, onların yaradıcılıq şəraitinin yaxşılaşdırılması üçün müxtəlif tədbirlərin həyata keçirilməsi Heydər Əliyev ideyalarının ölməzliyi və əbədiyyəti deməkdir. Prezidentimizin sözləri ilə desək: “Heydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir”.

 

 

Aqşin Babayev,

filologiya elmləri doktoru,

professor

 

Ədəbiyyat qəzeti.- 2013.- 19 aprel.- S.1-3.