Ulu öndər və türk xalqları ədəbiyyatı

  

Böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin çoxşaxəli möhtəşəm fəaliyyətində və mükəmməl nəzəri-ideoloji təlimində ədəbiyyat məsələləri də mühüm yer tutur. Bütün fəaliyyəti boyunca görkəmli sənətkarlarımızın yubileylərinin qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünya miqyasında tanıtdırılması, respublikamızda ədəbi-mədəni mühitin əsaslı yüksəlişi istiqamətində hərtərəfli tədbirlər həyata keçirən dahi rəhbər həm klassik, həm də müasir ədəbiyyatın məşhur simalarının yaradıcılıqları barədə konseptual qənaətlər, son dərəcə dəyərli fikirlər də irəli sürmüşdür. Başqa sözlə desək, ulu öndərimiz həm ədəbiyyatın böyük qayğıkeşi, hamisi, həm də mükəmməl bilicisi olan dahi şəxsiyyətdir.

Geniş mütaliəyə və fenomenal erudisiyaya malik dahi rəhbərimiz Azərbaycan ədəbiyyatı ilə yanaşı, ümumən dünya söz sənəti, Şərqin və Qərbin görkəmli ədiblərinin yaradıcılığı ilə də yaxından tanış olmuş, müxtəlif xalqların bir çox şair və yazıçıları, eləcə də ədəbi əlaqələr barədə qiymətli fikirlər söyləmişdir. Bu baxımdan Heydər Əliyevin türk xalqları ədəbiyyatlarının dünəninə, bu gününə, qarşılıqlı əlaqələrinə, türk dünyasının məşhur yazarlarının yaradıcılığına verdiyi qiymət də diqqətəlayiq olub bütöv bir sistem təşkil edir.

Ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə SSRİ tərkibindəki ayrı-ayrı respublikalar, o cümlədən türkdilli respublikalar ilə qarşılıqlı ədəbiyyat və mədəniyyət günlərinin keçirilməsinə mühüm diqqət yetirməsi ədəbi əlaqələrin inkişafına, söz sənətimizin təbliğinə rəvac verən mühüm addım idi. Ulu öndərin sözləri ilə desək: “Bu cür tədbirlərdə çoxdilli və əlvan dünya ədəbiyyatının ustaları, öz adları ilə bu ədəbiyyatın şanlı tarixinə zinət verən sənətkarlar burada yenidən görüşürdülər”. Müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də müdrik dahi dünya, o cümlədən türk xalqları ilə qarşılıqlı ədəbi-mədəni əlaqələrin sağlam əsaslar üzərində inkişafına ardıcıl diqqət yetirmişdir.

Keçmiş SSRİ tərkibində olmuş bir sıra türk xalqlarının ədəbiyyatları haqqında həm o zaman, həm də Sovetlər birliyi dağılandan sonra Heydər Əliyev çox maraqlı və qiymətli fikirlər söyləmişdir. Azərbaycanda sovet ədəbiyyatı günləri ilə əlaqədar nitqində (oktyabr 1975) ulu öndər “bütün xalqların böyük zəka və qüdrətli istedad sahibləri” sırasında türk xalqlarının Əlişir Nəvai, Abay, Məhdimqulu, Toktoqul Satılqanov və b. tanınmış nümayəndələrinin də adlarını xatırlatmış, onların “təravətini itirməyən əsərləri”nin əhəmiyyətini vurğulamışdır. 1980-ci ildə o zamankı sovet yazıçılarının Bakıda keçirilən ümumittifaq yaradıcılıq konfransında etdiyi məruzə ulu öndər Heydər Əliyevin SSRİ-də yaşayan xalqların, o cümlədən türk xalqlarının, hətta muxtar qurumlarda yaşayan türklərin ədəbiyyatlarının məşhur nümayəndələrinin ədəbi irsi ilə yaxından tanış olmasının parlaq təzahürüdür. Həmin məruzəsində dahi rəhbər “cəmiyyətin mənəvi səviyyəsinin yüksəlməsində, ideya-əxlaqi potensiyasının artmasında” xüsusi xidmətləri olan rus, ukraynalı, gürcü, eston, moldovan və b. xalqların məşhur ədəbi simaları ilə yanaşı, türk xalqlarının bir sıra görkəmli sənətkarlarının da adını çəkmiş, yaradıcılıqlarına yüksək qiymət vermişdir: özbəklərdən Aybək, Q.Qulam, K.Yaşen, Zülfiyyə, qazaxlardan M.Avezov, C.Cabayev, S.Mukanov, S.Seyfullin, qırğızlardan Ç.Aytmatov, A.Tokombayev, türkmənlərdən B.Kerbabayev, Q.Qurbannepesov, tatarlardan Q.Bəşirov, M. Cəlil, başqırdlardan M. Kərim, S. Kudaş, balkar Q. Quliyev və b.

Türk xalqlarının söz sənətinə hələ o zamanlarda böyük diqqət yetirən Heydər Əliyev sonrakı mərhələlərdə də bu tendensiyanı davam etdirmişdir. Müstəqil Azərbaycanın Prezidenti kimi onun humanitar sahədə həyata keçirdiyi çoxsaylı tədbirlər sırasında türk xalqlarının ədəbi-mədəni əlaqələrini daha da genişləndirmək və möhkəmləndirmək mühüm yer tutmuşdur.

Ədəbiyyatımızın böyük ustadı Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasında çıxışı zamanı (23 iyul 1996-cı il) türk dünyası yazıçılarının üçüncü qurultayının Bakıda keçirilməsi təşəbbüsünü dəyərləndirərkən ümummilli liderimiz onun əhəmiyyətini və zərurətini ayrıca vurğulamış, tədbirin təşkili ilə əlaqədar çox müdrik bir tapşırıq da vermişdir: “Belə bir qurultayı Azərbaycanda keçirmək lazımdır. Özü də mütləq. Bir halda ki, 1926-cı ildə Bakıda keçirilmiş ilk qurultayın bu il 70 ili tamam olur, o qurultayı keçirmək vacibdir. Onu füzulunin yubileyi ilə eyni vaxta salmaq məqsədəuyğundur”. Beləliklə, iki böyük ədəbiyyat tədbiri Bakıda bir-birinin ardınca keçirildi və hər ikisi də yüksək səviyyədə təşkil olundu. Türk xalqlarının mənəvi birliyinə yönələn bu mühüm tədbirlər, eyni zamanda, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin geniş miqyasda təbliği sahəsində də mühüm səhifəyə çevrildi.

Türk dünyası yazıçılarının üçüncü qurultayının 1996-cı ilin noyabrında Bakıda keçirilməsi məhz Heydər Əliyev dühasının işığında, onun yüksək himayəsi və qayğısı sayəsində gerçəkləşmişdi. Həmin möhtəşəm ədəbi tədbirdə ulu öndərin dərin məzmunlu çıxışı siyasi-ideoloji və elmi-konseptual mükəmməlliyi ilə seçilən, əsl fəaliyyət proqramı sayılmağa layiq olan qiymətli sənəddir. Türk dünyasının ortaq tarixini, ədəbiyyatını və mədəniyyətini dərindən bilən müdrik dövlət xadimi qurultaydakı çıxışında türk xalqları arasında həmrəyliyin möhkəmləndirilməsi, əlaqələrin dərinləşdirilməsi sahəsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, ədəbiyyatı, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran prinsiplərdir, vəzifələrdir. Bu sahədə yenə də ədəbiyyatın, mədəniyyətin rolu böyükdür”. Ulu öndər türk dünyasında milli-mənəvi dəyərlərin, mədəniyyətin qorunmasında, yaşadılmasında ədəbiyyatın, söz-sənət adamlarının mühüm xidmətlər göstərdiyini ayrıca xatırlatmışdır: “Bizim dilimizi, mədəniyyətimizi, milli dəyərlərimizi yaşadanlar həmişə, bütün mərhələlərdə yazıçılar olublar”.

“Manas” eposunun 1000, Abay Kunanbayevin 150, Məhəmməd Füzulinin 500 illik yubileylərinə həsr olunmuş tədbirləri, yazıçıların müvafiq toplantılarını türk xalqlarının hamısı üçün böyük hadisə sayan ulu rəhbər ədəbi-mədəni əlaqələrin daha da genişləndirilməsinə ardıcıl diqqət yetirilməsi, bu sahədə boşluqlara yol verilməməsi zərurətinə də xüsusi önəm vermişdir: “Ona görə də indi xalqlarımızın böyük simalarının yubileylərinin keçirilməsi, ... türk dünyası yazıçılarının bu qurultaylarının keçirilməsi, TÜRKSOY təşkilatının fəaliyyəti ilə əlaqədar biz keçən illərdə müəyyən sahələrdə yaranmış boşluğu aradan götürməliyik”.

Görkəmli dövlət xadimi Heydər Əliyev qurultaydakı çıxışında türk xalqlarının yaratdığı mənəvi sərvətlərin şanlı ənənələrindən, bəşəri şöhrətindən vəcdlə danışmış, türk xalqlarının həm folklorunun, həm də yazılı ədəbiyyatının məşhur nümunələrini dünyanın söz xəzinəsini zənginləşdirən əsərlər kimi önə çəkmiş, onların ideya-tərbiyəvi əhəmiyyətini xüsusi vurğulamışdır: “Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamış”, ”Koroğlu” dastanları, xalqlarımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız - Nizami, Yunus İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhdimqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqlarımızı özünəməxsus milli-mənəvi dəyərlər, o cümlədən ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, vətənə sədaqət hisslərini daim gücləndirmişdir”.

Dahi rəhbər haqlı olaraq qeyd edirdi ki, türk xalqlarının ədəbiyyatı, mədəniyyəti zəngin, həm də keşməkeşli tarixə malikdir. Müxtəlif mərhələlərdə xalqlarımız, o sırada onların ədəbiyyatı və mədəniyyəti də cürbəcür çətinliklərə məruz qalmış, lakin heç bir qüvvə onu öz yolundan döndərə bilməmişdir: “Türkdilli xalqların ...çətinliklərdən, sınaqlardan keçib gəlmiş mədəniyyəti, ədəbiyyatı, şeri indi dünyada, bəşəriyyətdə özünəməxsus görkəmli yerini tutubdur”. Keçmiş SSRİ-də yaşayan türk xalqlarına, onların məşhur ədəbi simalarına qarşı törədilmiş repressiyaları da ulu öndər bu aspektdə yada salmışdır: “Böyük, dahi şəxsiyyətlərimiz repressiya qurbanları olmuş, onların əsərləri uzun illər qadağan edilmişdir”. SSRİ-nin dağılması nəticəsində bir sıra müstəqil türk dövlətlərinin yaranmasının ədəbi-mədəni əlaqələrə də geniş imkanlar açmasını vurğulayan Heydər Əliyev demişdir: “Türk dünyası yazıçılarının üçüncü qurultayı da, ümumiyyətlə, belə bir qurultayın yaranması, ənənəyə çevrilməsi də əldə etdiyimiz azadlığın, müstəqilliyin bəhrələridir”.

Ümummilli liderimiz türk xalqlarının mədəni ünsiyyətində dil faktorunun mühüm rol oynadığını, bu ünsiyyəti daha da optimallaşdırmağın və dərinləşdirməyin vacibliyini də önə çəkmişdir. Ulu öndər türk dünyası yazıçılarına xitabən öz qiymətli düşüncələrini onlara çatdırmışdır: “Bizim dillərimiz bir kökə mənsubdur və biz bir-birimizi anlayırıq. Ancaq yaxşı olardı ki, dediyim bu sözləri mənim özbək, qırğız, qazax qardaşlarım da azərbaycanlılar kimi anlasınlar və eyni zamanda, bu qurultayda Başqırdıstandan, Qırğızıstandan olan yazıçıların çıxışlarını bizim azərbaycanlılar da tamam anlaya bilsinlər”.

Müdrik şəxsiyyət Heydər Əliyev türk xalqlarının ədəbiyyatlarını Şərq-Qərb kontekstində, dünya sivilizasiyası fonunda qiymətləndirmək istiqamətində də konseptual fikirlər irəli sürmüşdür. Hərtərəfli və unikal biliyə, qeyri-adi dərin təfəkkürə malik dahi rəhbərimiz hər bir xalqın ədəbiyyat və mədəniyyətinin ayrılıqda, təcrid olunmuş halda inkişaf edə bilməyəcəyini qeyd etmiş, yüksəliş üçün qarşılıqlı əlaqələrin varlığını vacib saymış, dünya sivilizasiyasını da məhz ayrı-ayrı xalqların qarşılıqlı faydalanma və təsir zəminində inkişaf edən ədəbi-mədəni dəyərlərinin vəhdəti kimi mənalandırmışdır. Görkəmli siyasi xadimin aşağıdakı qənaətləri bu baxımdan xarakterikdir: “Bütün ümumbəşəri mədəniyyət kimi, dünya ədəbiyyatı da eləcə olaraq milli mədəniyyətlərin və ədəbiyyatların məcmusu deyildir, ən əvvəl onların məhz tarixi qarşılıqlı təsir və qarşılıqlı nüfuz prosesində yaranan müəyyən vəhdətidir... Demək olar ki, bədii ədəbiyyat xalqların mənəvi ünsiyyətinin, onların bir-birini başa düşməsinin, sərvət və nailiyyətlər mübadiləsinin ən geniş, səmərəli, dərin nüfuz edən vasitəsidir”.

Böyük dahinin türk dünyası yazıçılarının üçüncü qurultayındakı nitqində söylədiyi aşağıdakı fikri də analitik təhlildən, dərin düşüncədən yoğrulmaqla türk xalqları ədəbiyyatlarının Qərb söz sənətinə təsirini də önə çəkir: “Eyni zamanda, Qərb də Şərqin və xüsusən türkdilli xalqların, müsəlman Şərqinin yaratdığı böyük, tarixi əsərlərdən istifadə etmişdir. Şərqin və Qərbin mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin sintezi həm Qərbə, həm də Şərqə çox böyük müsbət nəticələr gətirmişdir. Bu proses XIX-XX əsrlərdə bizim xalqlarımız üçün çox müvəffəqiyyətli olmuşdur”.

Azərbaycan xalqının möhtəşəm ədəbi abidəsi “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyini “bizim üçün, bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir hadisə” sayan dahi şəxsiyyət qırğız xalqının məşhur “Manas” eposuna da yüksək qiymət vermişdir. Belə ki, “Manas”ın 1000 illik yubileyi ilə əlaqədar Bişkekdə 28 avqust 1995-ci il tarixdə keçirilən təntənəli yubiley tədbirində çıxış edən Heydər Əliyev bu monumental dastanın mahiyyəti, ideyası, ədəbi-mədəni dəyəri, dünya sivilizasiyasında yeri barədə sanballı fikirlər söyləmişdir: “Manas” qırğız xalqının müdrikliyinin rəmzidir, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzidir. “Manas” qırğız xalqının daim vətənpərvər olduğunu, ədalətsevər, azadlıqsevər olduğunu bütün dünyaya nümayiş etdirir. “Manas” qırğız xalqının böyük mədəni və mənəvi sərvətidir, bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, islam dünyasının böyük mənəvi sərvətidir”. Dahi rəhbər çıxışının davamında “Manas”ın respublikamızda yaxşı tanındığını da önə çəkmişdir: “Şairlərimiz “Manas”ı Azərbaycan dilinə tərcümə etmişlər. Sənətçilərimiz “Manas”ın sözlərini çox böyük məharətlə və həvəslə oxuyurlar”. Bu irihəcmli dastanın qırğız xalqı tərəfindən böyük məhəbbət və məsuliyyətlə qorunaraq yüz illərin sınağından çıxmasını, dövrümüzə çatmasını yüksək qiymətləndirən Heydər Əliyev demişdir: “Qırğız xalqı çoxlu çətinliklərə, həyatın keşməkeşlərinə baxmayaraq, min il “Manas”ın sözlərini qəlbində qoruyub saxlamış, onun göstərdiyi yolla azadlığa və müstəqilliyə doğru getmişdir”. Müdrik rəhbərimiz Qırğızıstanın Talas bölgəsində “Manas” muzey kompleksinin açılışında da ürək sözlərini bildirmiş, fikrini belə ümumiləşdirmişdir: “Manasın qəbrini min illər boyu qoruyub saxlayan talaslılara, Talasın hörmətli adamlarına, o cümlədən Talasın, Qırğızıstanın hörmətli adamlarından biri olan əziz dostumuz Çingiz Aytmatova xüsusi hörmətimi, məhəbbətimi bildirirəm”.

Ulu öndərin qazax ədəbiyyatı barədə də dəyərli fikirləri vardır. Böyük qazax ədibi Abay Kunanbayevin 150 illik yubileyi ilə əlaqədar 9 avqust 1995-ci ildə Almatıda keçirilən yubiley tədbirində çıxış edən Heydər Əliyev görkəmli sənətkarın öz xalqına başucalığı gətirdiyini, dünya şöhrəti qazandığını bildirmiş, onun yaradıcılığına yüksək qiymət vermişdir: “Abay, onun yaradıcılığı bütün bəşəriyyətə, bütün xalqlara məxsusdur. Təbii ki, bu qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var və o, öz xalqını xoşbəxtliyə və firavanlığa aparan düzgün yol göstərmişdir”. Abay Kunanbayev irsinin Azərbaycanda da yaxşı tanındığını diqqət yetirən ümummilli liderimiz demişdir: “Biz Azərbaycanda Abayın yaradıcılığının əhəmiyyətini yüksək qiymətləndiririk... Şairlərimizin, yazıçılarımızın bir çoxu onun əsərlərini tərcümə etmişdir. Onun şeirləri, poemaları respublikamızda nəşr olunmuşdur”.

Heydər Əliyevin türk xalqları ədəbiyyatlarının müasir mərhələdəki istedadlı nümayəndələri sırasında böyük ehtiram bəslədiyi yazıçılardan biri məşhur qazax ədibi Oljas Süleymenov idi. 4 mart 1999-cu il tarixdə Bakıda O. Süleymenovu qəbul edən dahi rəhbər onun şəxsiyyətinə, ictimai mövqeyinə, Azərbaycana sevgisinə, xalqımızın haqq işini müdafiə etməsinə, soydaşlarımıza qarşı törədilən qəddarlıqları pisləməsinə məxsusi dəyər verdiyini nəzərə çatdırmışdır: “Hesab edirəm ki, siz Azərbaycan xalqının da dostusunuz, mənim də dostumsunuz. Sizə böyük hörmət hissləri bəslənilir. Həm yazıçı kimi, həm də siyasi xadim kimi Azərbaycanda böyük nüfuza maliksiniz. Azərbaycanın 1990-cı ilin yanvarında sovet qoşunları tərəfindən işğalı zamanı sizin fəaliyyətinizi Azərbaycanda yaxşı xatırlayır və yüksək qiymətləndirirlər, sovet qoşunlarının Bakıya yeridilməsinin ikinci günü sizin buraya gəlişinizi xatırlayırlar. Siz buraya gəldiniz, çıxış edib baş verənləri pislədiniz”. Həmin görüşdə ulu öndər Heydər Əliyev Oljas Süleymenovun milli və bəşəri amallara layiqincə xidmət edən bədii və publisistik yaradıcılığına da ayrıca diqqət yetirərək qazax ədibini hələ gənclik illərindən “öz xalqı haqqında, onun taleyi, keçmişi, indisi və gələcəyi barədə düşünməyə qadir olan”, “bu məsələlərdə çoxlarına nisbətən daha böyük yetkinlik nümayiş etdirən” istedadlı və milli ruhlu sənətkar kimi səciyyələndirmişdir.

Oljas Süleymenov ümummilli lider Heydər Əliyevin müdrik şəxsiyyətinə, qlobal siyasətinə, böyük vətənpərvərliyinə, möhtəşəm fəaliyyətinə heyranlığını, pərəstiş etdiyini bir daha dilə gətirmiş, ayrıca vurğulamışdır ki, “Əgər onda, 1990-cı ildə Siz burada olsaydınız, həmin o qara yanvar olmazdı”. Müstəqil Azərbaycan üçün ulu öndər Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasının son dərəcə mühüm olduğunu qeyd edən məşhur qazax yazıçısı demişdir: “Çox vacibdir ki, müstəqilliyin təşəkkül tapdığı məhz bu çətin dövrdə xalqlara Sizin kimi yüksək dərəcəli peşəkarlar, bərkdən-boşdan çıxmış insanlar rəhbərlik etsinlər. Çünki belə bir imkan xalqlara min ildə, bəlkə də, bir dəfə verilir”.

Heydər Əliyev Türkiyə türklərinin ədəbiyyatına da yaxından bələd olmuş, onun bir sıra məşhur sımalarının əsərlərini mütaliə etmiş, müxtəlif vaxtlarda həmin ədiblər və əsərlər haqqında maraqlı fikirlər söyləmişdir.

Ustad Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində 2 noyabr 1994-cü il tarixdəki çıxışında ulu öndər Heydər Əliyev türk ədəbiyyatına, mədəniyyətinə hələ yeniyetməlik dövründən böyük maraq göstərdiyini xatırlamışdır: “Türkiyənin tarixini öyrənirdim, şairlərini öyrənirdim. Gənclik çağlarımda ... Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı bizim hamımızı heyran edən bir əsər idi. Son vaxtlarda “Çalıquşu” yenə yada düşdü, onun əsasında böyük bir film yarandı. O film təkcə türk ölkələrində yox, məsələn, mən bilirəm, Rusiyada da çox böyük hörmət, çox böyük şöhrət qazandı. Ancaq mən “Çalıquşu”nu 13-14 yaşımda oxumuşam. O, məni heyran etmişdi. Bəli, o vaxt yalnız “Çalıquşu”nu oxumaqla kifayətlənmirdik. Türkiyənin böyük şairlərini, yazıçılarını da öyrənirdik. Əbdülhəqq Hamid, Tofiq fikrət və bir neçə başqaları bizim o vaxt, orta məktəbdə oxuduğumuz illərdə ədəbiyyat dərsliklərimizə daxil idi. Ədəbiyyat dərsliklərində Türkiyənin bu böyük yazıçı və şairlərinin rəsmləri indi də gözümün qabağındadır”.

Göründüyü kimi, Heydər Əliyev hələ yeniyetməlik dövründən türk ədəbiyyatı, onun məşhur simalarının əsərləri ilə yaxından tanış olmuş, bu proses sonrakı mərhələlərdə də davam və inkişaf etmiş, genişlənmişdir.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyev həm türk dünyasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsi və inkişafına misilsiz töhfələr vermiş, həm də türk xalqlarının ədəbiyyatının dünəni və bu günü, zəngin şifahi və yazılı söz sənəti, məşhur ədibləri barədə qiymətli, konseptual fikirlər söyləmişdir. Bütün bunlar çağdaş nəsillərin klassik ədəbi-mədəni irsə, bəşəri dəyərlərə, türkçülüyün şanlı ənənələrinə ehtiram ruhunda tərbiyəsində, onlara dərin vətənpərvərlik hisslərinin aşılanmasında böyük əhəmiyyətə malikdır.

 

 

Hüseyn HƏŞİMLİ,

filologiya elmləri doktoru,

əməkdar elm xadimi

 

Ədəbiyyat qəzeti.- 2013.- 19 aprel.- S.4.