Ədəbiyyatşünaslıq abidəsi

  

Ədəbiyyatşünaslığın “Ədəbi tənqid” adlanan müstəqil, kütləvi və çevik bir sahəsi var. Bunu yaradanlar filologiya elminin nəzəri əsaslarını işləyib hazırlayan alimlər və təcrübəli yazıçılar olurlar. Onları bir-birindən fərqləndirmək üçün “professional tənqid” və “yazıçı tənqid”i terminlərindən istifadə edilir. Estetikaya dair elmi araşdırmalarda və incəsənətə dair dərsliklərdə ədəbi tənqidin bu iki növündən başqa rus dilində “promejutoçnaya kritika” (Azərbaycan dilində “aralıq tənqid”) adlanan üçüncü bir tənqiddən də danışılır. Ədəbi tənqidin bu tipinin nümayəndələri qeyri-adi istedad sahibləri, “xüsusi materialdan biçilmiş” insanlar olurlar. Adi alim və yazıçı tənqidçilərdən fərqli olaraq belələri məşhur rus fizioloqu İ.P.Pavlovun isbat etdiyi kimi ali sinir sisteminin fəaliyyətindən asılı olaraq şəxsiyyətlərində məntiqi — idraki və bədii obrazlı təfəkkürə məxsus ümdə keyfiyyətləri və əlamətləri üzvi surətdə birləşdirir və hər ikisindən bərabər səviyyədə istifadə etməyi bacarırlar. Belələri təbiət və cəmiyyətdə nadir hallarda zühur edirlər. Ədəbiyyatşünaslığın tarixində bu tip tənqidçilər az məlumdur. Almaniyada T.E.Lessinq (XVIII əsr), Rusiyada N.Q.Çernışevski (XIX əsr), Azərbaycanda M.F.Axundov (XIX əsr) bu qəbil tənqidçilərdəndir.

Mir Cəlal Paşayevin (1908-1978) XX əsrin 30-70-ci illərində paralel surətdə həm bədii, həm elmi yaradıcılıq sahəsində bərabər çəkidə, müntəzəm surətdə fəaliyyət göstərdiyini, bir tərəfdən realist hekayənin klassik nümunələrini (“Bostan oğrusu”, “Toy”, “Gözün aydın”, “Şəfəqdən qalxanlar” və s. toplular), “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab”, “Təzə şəhər”, “Yolumuz hayanadır?” roman və povestlərini, “Mirzə Xəyal” komediyasını, digər tərəfdən “Füzulinin poetik xüsusiyyətləri”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər” (1905-1917), “Cəlil Məmmədquluzadə realizmi haqqında” monoqrafiyalarını, “XX əsr Azərbaycan ədəbiyyatı” (professor F.Hüseynovla birlikdə), “Ədəbiyyatşünaslığın əsasları” (professor P.Xəlilovla birlikdə) dərslikləri və ədəbiyyat tarixi və cari ədəbi proses, ayrı-ayrı yazıçılar və konkret əsərlərə məqalələr, portret oçerklər (bunların bir qismi “Klassiklər və müasirlər” kitabında toplanmışdır) yazdığını nəzərə alsaq, onu tərəddüd etmədən Mikayıl Rəfili, Mehdi Hüseyn, Mirzə İbrahimov, Elçin Əfəndiyevlə bərabər təfəkküründə məntiqi-idraki və bədii obrazlı keyfiyyətlərini birləşdirən “promejutoçnaya kritika” — aralıq tənqid tipinə aid etmək olar.

Mir Cəlal Paşayev yaradıcılıq dünyasına ötən yüzilliyin 20-ci illərinin sonunda — 1929-cu ildə V.V.Mayakovskinin “Zərbəçi marşı” şeirinin tərcüməsini mətbuatda dərc etməklə gəlmişdi. Əsrin 30-cu illərində klassik və müasir ədəbiyyata dair bir sıra məqalə və resenziya istisna edilərsə, o demək olar ki, əsasən bədii yaradıcılıqla məşğul olmuşdur. Ədibin yaradıcılığında elmi araşdırmaların intensiv və ardıcıl inkişaf mərhələsi 40-cı illərdən başlanmışdır. O, 1941-ci ildə “Füzulinin poetik xüsusiyyətləri” adlı əsərini dissertasiya kimi müdafiə edərək filologiya elmləri namizədi, 6 ildən sonra — 1947-ci ildə “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” mövzusunda monoqrafiyasını yazıb filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. Bunlardan birincisi dissertasiya kimi müdafiə ediləndən 58 il sonra — 2004-cü ildə kitab halında nəşr olunmuşdur. Mən burada bilərəkdən, xüsusi məqsədlə Mir Cəlal müəllimin namizədlik və doktorluq dissertasiyalarının yazılma tarixini qabardıb ön plana çəkdim. Çünki yazıçı ədəbiyyatşünasın alimlik qüdrəti, hazırlıq səviyyəsi, eridusiyası, sanbalı bu məqamlarda açıq şəkildə ifadə olunmuşdur. Bu iki müxtəlif mövzu — orta əsrlərin poetikası ilə yeni dövr, XX əsrin ədəbi məktəbləri problemi arasında dörd yüz illik vaxt məsafəsi vardır. Eyni ölkə və xalqa məxsus mənəvi həyat məsələsi faktı olması istisna edilərsə, demək olar, bu iki müxtəlif zamanın ədəbi problemləri arasında ideya-estetik baxımından əlaqə çox azdır. Elmi araşdırmalar aləmində sabitləşmiş, artıq normaya çevrilmiş bir qayda var. Hər alimin özünəməxsus tədqiqat mərhələsi, konkret mövzusu və problemləri olur. Onlar nadir hallarda, xüsusi zərurət yarananda araşdırdıqları dövrün və mövzunun hüdudlarından kənara çıxıb başqa mövzularda əsərlər yazırlar. Bu isə alimdən özünü geniş miqyasda təkmilləşdirmək və yenidənqurma prosesi tələb edir. Lakin bu vəziyyət həmişə uğurlu nəticələr vermir.

Mir Cəlal müəllim 30-cu illərin gərgin və tələbkar ədəbi mühitində Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əsrin nadir ədəbiyyatşünası Əli Nazimin müdiri olduğu kafedrada aspirantura bitirmişdi. O, ədəbiyyatın nəzəriyyəsinə və tarixinə dair çeşidli materialları dərindən mənimsəmişdi. Bu fənlərdən ali məktəb auditoriyalarında mühazirələr oxumuşdu. Yüksək intellekt və zəngin təcrübə onda qüvvətli tənqidçi fəhmi və durumu formalaşdırmışdı. Buradan irəli gələrək o, müxtəlif dövrlərin və əlvan filoloji faktların məğzini aşkarlayıb üzə çıxarmağı, mənalandırmağı, haqqında dəqiq qənaət yaratmağı məharətlə bacarırdı. Bu kimi keyfiyyətlərdən irəli gələrək o, bir-biri ilə zəif bağları olan bir mövzudan digərinə, Nizami və Füzulinin təmsil etdiyi ədəbi mühitdən Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir dövrünə keçmək üçün təkmilləşmək və yenidən qurulmağa ciddi ehtiyac duymamışdı. Çoxsahəli eridusiya işığında faktları mənalandırmaq bacarığı ona dövründən, janrından asılı olmayaraq, müraciət etdiyi sahələrin hamısında həm orta əsrlər, həm yeni dövr, həm də çağdaş ədəbi proses haqqında orijinal əsərlər yaratmağa imkan vermişdir.

Mir Cəlal müəllimin yaradıcılığında sərt dönüş yaradıb dörd yüz illik vaxt uçurumunun üzərindən ötüb Füzuli poetikasının tədqiqindən XX əsrə istiqamət götürməsini, ədəbi məktəblər mövzusunu araşdırmağa başlamasını hər hansı marağın, bir ictimai sifarişin nəticəsi kimi dəyərləndirmək olmaz. O, 1905-1917-ci illərdə ədəbi məktəblərin yarandığı və formalaşdığı mühitə bələd idi. Yazıçı-alim ömrünün on iki ili bu ədəbiyyatın yarandığı, iyirmi iki ili isə onun görkəmli yaradıcıları olan Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Hüseyn Cavid, Abdulla Şaiq, Seyid Hüseyn və b. bir mühitdə ədəbi təşkilatlarda, yazıçılar ittifaqlarında, digər mədəni qurumlarda keçmişdi. Bundan əlavə o, birinci rus inqilabından sonra dirçələn ədəbi hərəkatın tədqiqi ilə məşğul olmuşdu. Onun əsrin 30-cu illərində Azərbaycan romantizmi haqqında “Dağıstan füqərası” jurnalında məqaləsi dərc olunmuşdu. Abbas Səhhət və Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş əsərləri” onun müqəddiməsi ilə nəşr olunmuşdu. Böyük Vətən müharibəsi illərində Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərəfindən hazırlanmış iki cildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin (1943-1944) “XX əsr ədəbiyyatı” fəslinin müəllifi idi. Abdulla Şaiqin “1905-ci il inqilabından sonra yetişmiş ədəbiyyatımıza səthi bir nəzər” (“Maarif işçisi” jurnalı 1927 N-2-4), Əziz Şərifin “Oktyabr inqilabı və mədəni müvəffəqiyyətlərimiz” (“Dan ulduzu” jurnalı, 1927, N-11), Hənəfi Zeynallının “XX əsr Azərbaycan türk ədəbiyyatı” (“Azərbaycanı öyrənmə yolu” jurnalı, 1930, N-3) məqalələri, Cəfər Xəndanın XX əsrin əvvəllərinin 7 yazıçısı haqqında portret oçerki birləşdirən “Azərbaycan ədəbiyyatı” (“XX əsr” Bakı, 1939) dərs vəsaiti və s. fərdi məsələlərə həsr olunan, eskizi xatırladan yazılar nəzərə alınmazsa, demək olar, “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kursunun elmi-nəzəri konsepsiyasını ilk dəfə Mir Cəlal yaratmışdır. Əlli ildən artıqdır XX əsr Azərbaycan ədəbiyyatının tədqiqi və tədrisi Mir Cəlalın araşdırmalarının zəminində və elmi təlimi əsasında aparılır. “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” monoqrafiyası da başlanğıcını buradan, “Müxtəsər ədəbiyyat tarixi”nin haqqında danışdığımız bölməsindən götürür.

“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” monoqrafiyası siyasi ictimai cəhətdən ağır iqtisadi baxımdan böhranlı bir şəraitdə, obrazlı desəm, iki od arasında, repressiya və müharibə ab-havasında yaranmışdır. Stalinin sosializmin qələbəsi ilə ölkədə sinfi mübarizənin kəskinləşməsi haqqında nəzəriyyəsi sosial həyatın bütün qütblərində olduğu kimi, ədəbiyyat cəbhəsində də ağır nəticələrə səbəb olmuşdu. Onlarla sənətkar proletariatın sinfi mübarizəsinə biganəlikdə, sosializm ideyalarına və quruculuq işlərinə “xəyanətdə” ittiham edilmiş, adlarına “panislamist”, “pantürkist”, “dindar klerikal”, “xalq düşməni” kimi yarlıqlar həkk olunmuş Ə.Hüseynzadə, Ə.Ağaoğlu, N.Nərimanov, H.Cavid, S.M.Qənizadə, Seyid Hüseyn, Y.Vəzirov, Ə.Cavad, T.Şahbazi, B.Talıblı kimi əsrin görkəmli yazıçılarının fəaliyyəti qadağan zonasına çevrilmiş, elmi araşdırmaların hüdudlarından kənarda saxlanmışlar. Qadağalar tədqiqatçının imkanlarını məhdudlaşdırmış, ədəbi mühitin görüş dairəsini yaratmışdı. 37-ci ilin insan doğrayan maşını korlanıb sürətini dayandırmışdı. Lakin onun doğurduğu xof ürəklərdə yaşayır, vahiməsi vətəndaşları hər yerdə təqib edirdi. Qoyulmuş siyasi tabuların dairəsindən kənara çıxmaq, real faktların məntiqindən çıxış edib sərbəst mühakimə yürütmək arzuolunmaz hala çevrilmişdi. Ölkədə müharibə gedirdi. Onun doğurduğu müxtəlif tipli, o cümlədən, iqtisadi çətinlikləri şərh etməyə ehtiyac yoxdur. Uşaqlıq illəri Böyük Vətən müharibəsi dövrünə düşən bu günün yaşlı nəsli onun doğurduğu əzabları yaxşı xatırlayırlar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əziz Mirəhmədovun yazdığı kimi “xalq ağır günlər keçirirdi”. Mir Cəlal da daxil olmaqla Nizami adına Ədəbiyyat və Dil İnstitutunun naharı bəzən pirojki və kiseldən ibarət olan 20-21 nəfər əməkdaşı “vətən naminə mənəvi, maddi və iqtisadi məhrumiyyətlərə tab gətirib, yorulmaq bilmədən gecə-gündüz gərgin vəziyyətdə çalışır, milli folklor və ədəbiyyat nümunələrini toplayır”, çoxəsrlik ədəbi yolu işıqlandıran əsərlər yazırdılar. Bununla yanaşı Mir Cəlal ali məktəblərdə mühazirələr oxuyur, cəbhə bölgələrinə gedib əsgərlərlə görüşür, alman faşizminin əleyhinə qəzəbli hekayələr, məqalələr yazıb nəşr etdirirdi. Bu mürəkkəb şəraitin ağırlığını və gərginliyini nəzərə alsaq, demək olar, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsəri ürək qanı ilə yuxusuz gecələrin hesabına yazılırdı.

Tədqiqatı ciddi maneələrlə qarşılaşan və alimin işini çətinləşdirən digər amillər də var idi. Bunların arasında bədii nümunələrin böyük bir kütləsinin toplanıb nəşr olunmamasını, yazıçılara məxsus müxtəlif tipli sənədlərin pərakəndə halda, şəxsi kolleksiya halında ayrı-ayrı əllərdə qalması, ədəbi məhsulun dövri mətbuat səhifələrindən toplanmamasını da xüsusi qeyd etmək lazımdır. Mir Cəlal Paşayev bu haqda yazırdı: “Bu əsərin yazılmasında rast gəldiyimiz mühüm çətinliklərdən biri mənbələrin, bir çox yazıçı arxivlərinin əldə olmaması idi. Məlumdur ki, bu dövr bədii sənədlərinin çoxu, xüsusilə ikinci, üçüncü dərəcəli yazıçıların əsərləri toplanmamış, yoxlanmamış, nəşr olunmamışdı...”

Bu əsərin əsas hissəsi Böyük Vətən müharibəsi illərində yazılmışdır. O zaman yazılmışdır ki, Akademiyanın əlyazmaları fondu faşizm təcavüzündən bomba və yanğından müdafiə üçün dəmir qutulara yığılır, bağlanır, əmrə müntəzir saxlanırdı. O, tədqiqatın uğurunu təmin etmək üçün indikindən tamamilə fərqli olaraq müxtəlif ünvanlara, adamlara, elmi idarələrə müraciət etməli olurdu. Əsər yazılıb başa çatdıqdan sonra müəllif ağır şəraitdə heç bir çətinliyi və qadağaları nəzərə almayıb ona kömək edənlərə təşəkkür etməyi özünə borc hesab etmişdi: “Bu çətinliyi dəf etmək üçün müəllifə kömək edən arxiv işçilərinə, yazıçı ailələrinə və bir sıra ədəbi hadisələrə şəxsən şəhadət verən adamlar — o zamanın məktəb, mətbuat işçiləri, xüsusilə, qocaman Novruz əmi heç bir xahişdən boyun qaçırmır, cari elmi işə kömək üçün əlindən gələni edir, bütün qutuları axtarmaqla tədqiqatçıların istədiyini tapıb verirdi”. Şübhəsiz, bu deyilənlərin yerinə yetirilməsi dildə ifadə olunduğu qədər də asan deyildi. Bundan ötrü iqtisadi sıxıntıların, müharibənin doğurduğu əzab və iztirabların məngənəsində vaxt, əsəb itirmək və dözüm nümayiş etdirmək lazım gəlirdi.

Azərbaycan ədəbiyyatının XX əsr mərhələsi onun inkişafı tarixində tamamilə yeni və cavan mərhələ idi.

Mir Cəlal Paşayev XX əsrin əvvəlində yaranmış ədəbiyyata dair vulqar sosiologiyanın təsiri altında icra edilən araşdırmaların istiqamətini dəyişdi. Onu tarixi-filoloji faktlara söykənən xronoloji prinsipin dairəsindən dünyagörüş və yaradıcılıq metodu məsələlərinin müstəvisinə keçirdi.

Mir Cəlal araşdırmalarının nəticələri ilk dəfə Böyük Vətən müharibəsi illərində Nizami adına Ədəbiyyat və Dil İnstitutunun hazırlayıb nəşr etdiyi iki cildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin cildinin “XX əsr ədəbiyyatı” fəslində ifadəsini tapdı. O, sələflərindən fərqli olaraq yeni əsrin başlanğıcında ədəbi hərəkat haqqında yeni konsepsiya yaratdı, təzə yanaşma və istiqamətin əsasını qoydu. Onun əsasında elmi araşdırmaların sistemi, orta və ali məktəblərin proqram və dərslikləri tərtib olundu. Mir Cəlal uğurla başa çatmış və elmi ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunmuş elmi konsepsiyasını yeni faktlar, təzə mülahizələr əsasında işləyib daha da dərinləşdirdi, beləliklə, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” adlı fundamental əsəri meydana çıxdı. O, yarandığı gündən xələflərinin elmi araşdırmaları üçün tükənməz mənbəyə çevrildi. XX əsrin əvvəlində ədəbi hərəkatın inkişaf istiqamətlərini və yaradıcılıq problemlərini araşdıran elə bir alim yoxdur ki, Mir Cəlal Paşayevin “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” monoqrafiyasından bəhrələnməsin. Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Kamal Talıbzadə kimi XX əsrin nüfuzlu tədqiqatçılarının əsərlərindən Mir Cəlaldan gətirilmiş sitatlar bunu aydın surətdə nümayiş etdirir. Buna görə də o zaman Mir Cəlalın “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərindən hər kəs bir qaşıq götürüb” deyimi geniş yayılmışdı.

“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” monoqrafiyası “Müqəddimə”dən, “Siyasi-ictimai həyat”, “Realizm ədəbi məktəbi”, “Romantizm ədəbi məktəbi”, “Maarifçi-didaktik yazıçılar”, “Xırda məişət dramları” adlı beş fəsildən və istifadə olunmuş “Ədəbiyyat”ın siyahısından ibarətdir. Fəsillərin bu səpkidə müəyyənləşdirilməsi və düzülüşü XX əsrin əvvəlində ədəbi hərəkatın mürəkkəb mənzərəsini real şəkildə əks etməklə onun inkişaf istiqamətləri haqqında da təsəvvür yaradır.

Mən yuxarıda XX əsr ədəbiyyatını xronoloji prinsip əsasında tədqiq edən sələf və müasirlərindən fərqli olaraq Mir Cəlalın ədəbi təhlilləri, dünyagörüş və yaradıcılıq metodunu estetik kateqoriyaların müstəvisinə keçirdiyini qeyd etdim. Lakin bu heç də o demək deyildir ki, Mir Cəlal ədəbi hadisələrin xronoloji müstəvidə təhlilini gərəksiz hadisə saymış və ondan imtina etmişdir. Əksinə, digər həmkarları kimi, o da elmi araşdırmalarda xronoloji prinsiplərin əhəmiyyətini yaxşı başa düşmüş, araşdırmasının əsas ruhunu və cövhərini təşkil edən realizm və romantizmin təşəkkülünü və səciyyəsini aydınlaşdırmaq üçün zəruri hesab etmişdir. Müəllif özü də bu məsələyə diqqət yetirərək yazırdı: “Azərbaycanda ədəbi məktəblərin tədqiqinə həsr olunan bu əsərdə müəllifin qarşısına qoyduğu vəzifə yalnız əsas üslubların yaranması, inkişaf və xasiyyətnaməsini vermək deyildir. Vəzifə həm də Azərbaycan ədəbiyyatında əmələ gələn tarixi dönüşün, köhnə sxolastik ədəbiyyat ilə yeni ədəbiyyatın fərqini bu spesifik məfkurə sahəsində necə əks olunduğunu göstərməkdən ibarətdir”. Bu baxımdan monoqrafiyanın “Müqəddimə”si və “İctimai-siyasi həyat” fəsli diqqətəlayiqdir. “Müqəddimə”də müəllifin məqsədi Azərbaycan ədəbiyyatının ümumi tarixi inkişafı fonunda XX əsrin əvvəlində yaranan ədəbiyyatın yerini və ümumi təsir dairəsini göstərməkdən ibarətdir. “Mirzə Fətəli Axundova qədər, müəyyən dərəcədə hətta ondan da sonra Azərbaycan klassik şeirinin “aşiq-məşuq” duyğularını, “gül-bülbül, mey-məzə, hicran-vüsal” motivlərini tərənnüm, “saray zadəganları və ruhanilərin təsiri altında” bu məzmunu da dəyişib “aşağı təbəqələrin ictimai arzularına dini rəng və məna vermək”lə “ağlamağı acizlik və yazıqlıq kimi yox”, “möminlik”, “hünər” və “savab əməl” kimi təbliğ etmələrinə diqqət cəlb edən alim XX əsrin əvvəlində Cəlil Məmmədquluzadənin geniş yaradıcılıq aləminə gəlişi, “Molla Nəsrəddin dövrü”nün başlanması ilə sənətdə yeni dövrün doğulduğunu təsdiq edir. C.Məmmədquluzadəni ictimai amala xidmət göstərən realist sənətin “simvolu” adlandıran Mir Cəlal ədibin adı ilə bağlı olan ədəbiyyatın mahiyyətini izah edərək yazırdı: “Bu ad çəkildimi, ədəbiyyatda siyasi ideyaların çarpışması dövrü, müasir, mübariz, həqiqi həyat ədəbiyyatının güclü və cəsarətli bir axınla hücuma keçməsi dövrü təsəvvürdə canlanmış olur”. Bu ədəbiyyatın mahiyyəti nədən ibarətdir? Alim bu suala “Müqəddimə”nin ikinci bölümündə C.Məmmədquluzadə realizminin əsas komponentlərini təhlil etməklə onun döyüşkən təbiətini aydınlaşdırır. Bu yolla XX əsr Azərbaycan bədii sənətinin qüdrəti və sanbalı haqda obyektiv qənaət yaratmağa nail olur. Monoqrafiyanın “İctimai-siyasi həyat” adlanan birinci fəsli adından göründüyü kimi, əsrin realist və romantik ədəbiyyatının təşəkkül və inkişafını şərtləndirən tarixi şəraitin tədqiqinə həsr olunmuşdur. Lakin müəllif təfsilata varıb çoxsaylı tarixi faktları təhlilə cəlb etməklə hadisələrin tarixi fonunu yaratmır. O, faktların ən səciyyəvilərini seçir. Ədəbi hərəkatın dirçəlişinə impuls verən, yüksəlişinə təsir göstərən mədəni faktorların çözülməsi üzərində cəmləşdirir. Onun əsas qütbləri “Mətbuat”, “Maarif”, “Teatr-musiqi”, “Rəssamlıq və memarlıq” bölümlərində XX əsrin əvvəlində milli həyatın müxtəlif sahələrində gedən oyanışın gərgin mənzərəsi nəqş olunur, bunların birbaşa, ya dolayı yolla ədəbi hərəkatla əlaqəsi və təsiri müəyyənləşdirilir. Müəllifin mətbuat və nəfis sənətlərin inkişafı haqqında məlumatı təkcə ədəbi hərəkatı öyrənmək baxımından yox, həm də Azərbaycanda mədəni hərəkatın vəziyyətini və səviyyəsini öyrənmək baxımından əhəmiyyətlidir. Çünki bu məsələlər ilk dəfə ümumiləşdirilib ədəbiyyatşünaslığa dair tədqiqlərə cəlb olunmuşdur. Mir Cəlal nəfis sənətlərlə bir müstəvidə tədqiqata “Ədəbi mübarizələr” adlı bir müstəqil bölmə əlavə edir. XX əsri “Azərbaycan ədəbiyyatında yeni bir intibah dövrünün başlanğıcı” kimi səciyyələndirən müəllif onun başlıca xüsusiyyətlərini fikirlərin müxtəlifliyi ilə izah edir. Osmanlıçılıq, farsçılıq, Avropapərəstlik, “firəngiləqablıq” meylləri təmsil edən ziyalı qruplaşmalarının siyasi görüşləri çoxsaylı bədii faktlar əsasında təhlil olunur. Bu fonda ədəbi hərəkatda fikir plüralizmi, ideya ixtilafları, məslək mübarizələrinin gərgin mənzərəsi əks olunur. “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” monoqrafiyasının əsas məzmunu birbaşa ədəbi prosesin, bədii materialın təhlilinə həsr olunmuş növbəti dörd fəsildə ifadə olunmuşdur. fəsillərdən hər birində birinci rus inqilabının cəmiyyətdə doğurduğu fikir əlvanlığının əmələ gətirdiyi dörd ədəbi məktəbin, müxtəlif yaradıcılıq metodlarının tərkibində birləşən şairlərin, ədiblərin yaradıcılıq fəaliyyəti müstəqil təhlil predimetinə çevrilmiş, monoqrafiyada irili-xırdalı iyirmi dörd yazıçı haqqında portret oçerk verilmişdir. Monoqrafiyada realizmin spesifikası C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Qəmküsar, M.Ə.Möcüz, romantizmin xüsusiyyətləri M.Hadi, A.Səhhət, Ə.Cənnəti, A.Divanbəyoğlu, S.Mənsur, maarifçi didaktik ədəbiyyat, müasir terminologiya ilə desək, maarifçi realizm S.S.Axundov, A.Şaiq, L.Musabəyov, M.Qarayev, naturalizm, xırda məişət dramları yazan M.M.Axundov, Rəşid bəy Əfəndiyev, M.M.Kazımovski, Ə.T.Məlikov yaradıcılığı fonunda təhlil edilmişdir.

XX əsrin əvvəli Azərbaycan ədəbiyyatının məktəbləri, başqa sözlə, yaradıcılıq metodu üzrə təlimi və təfsiri yeni idi. Onu ilk dəfə Mir Cəlal düşünüb kəşf etmiş, ədəbi təhlili təcrübəsinə tətbiq etmişdi.

Mir Cəlalın realizm, romantizm və s. cərəyanlara aid etdiyi “Məktəb” termini mahiyyəti etibarı ilə yayğındır.

Müəllif əsərini birmənalı şəkildə “Ədəbi məktəb” adlandırırsa da, professor Təhsin Mütəllibovun doğru olaraq qeyd etdiyi kimi: “O, ədəbi məktəb anlayışını bəzən müxtəlif modifikasiyalarda, fərqli şəkillərdə, “modellərdə” işlətmişdir. Lakin “Ədəbi məktəb” termini “yaradıcılıq metodu” mənasında daha qabarıq surətdə nəzərə çarpır.”

Monoqrafiyanın bütün məzmunu bu mülahizəni açıq surətdə təsdiq edir. Müxtəlif ədəbi məktəblərdən danışarkən onun tərkibində birləşən sənətkarların dünyagörüşlərində, həyatı görmə və əksetmə prinsiplərində eyniliyin üzə çıxarılması və bədii məhsulun konkret yaradıcılıq komponentlərin işığında təhlili bunu açıq surətdə nümayiş etdirir. Bunu nəzərə alaraq “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” monoqrafiyasını ədəbi cərəyanlar və yaradıcılıq metodları haqqında tədqiqat adlandırmaq olar.

Yaradıcılıq metodu məsələləri 30-cu illərdə sovet ədəbi tənqidinin diqqət yetirdiyi məsələlərdən idi. Lakin realizm, romantizm, naturalizm və s. konkret ədəbi mərhələnin kontekstində, bir yazıçının yaradıcılıq təcrübəsi fonunda müstəqil təhlil obyektinə çevrilməli idi. Onlar ancaq termin olaraq bu və ya digər sənətkara yarlıq kimi yapışdırılmışdı. Konkret ədəbi mərhələnin fonunda realizm və romantizm yaradıcılıq metodlarının tipoloji xüsusiyyətləri və komponentləri ilk dəfə Mir Cəlal tərəfindən tədqiqata cəlb olundu. XX əsr realizminin tənqidi səciyyədə olduğunu qeyd edən alim onu “müəyyən ictimai münasibətin, ictimai inkişafda müəyyən bir mərhələnin məhsulu” kimi dəyərləndirir. Onun əsas mahiyyəti və ictimai funksiyası haqqında yazırdı:

“Tənqidi realizm ictimai münasibətdə şüura sığmaz uyğunsuzluqları açan, insanın və cəmiyyətin düşdüyü böhranı göstərən, feodal və kapital dünyasına qarşı oxucuda ayıq tənqidi fikri qüvvətləndirən bir metod idi”. Onun səciyyəvi xüsusiyyətlərini “obyektiv təsvirin” üstünlüyündən, müəllifin bitərəf mövqeyində görünməməsindən, təhkiyənin “canlılığından və qabarıqlılığından” ibarət hesab edir.

C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Sabir, M.Ə.Möcüz yaradıcılığı bu mövqedən təhlil olunur.

Azərbaycan romantizmini... ədəbi prosesdə üstünlük təşkil edən güclü məktəb hesab edən Mir Cəlal onu XX əsrin əvvəlində ölkədə yaranmış islahatların və onların doğurduğu narazılıq əhval-ruhiyyəsinin ifadəsi kimi dəyərləndirirdi. O yazırdı: “Müasir dövr, yəni ölkənin o zamankı vəziyyəti heç kəsi təmin etmirdi. Feodalizm quruluşu və o zamankı ənənələr kökündən laxlamışdı, ancaq yıxılmamışdı. Buna görə də cəmiyyətdə bir təbəddülat, bir inqilab vahiməsinin əndişəsi yaşanırdı. Nicat yolu, xoşbəxt gələcək arzusu ədəbiyyatda da çox ziddiyyətli şəkildə təzahürünü tapırdı. Bəziləri üzlərini keçmişə tutub islam xəlifələrinin, türk sultanlarının hökmranlığı zamanlarını arzulayırdılar. Ona görə də keçmişə, tarixə, xilafət zamanına qayıdaraq şərqilər, xitabnamələr, dramlar, faciələr yazırdılar. Başqa, daha qüvvətli, get-gedə daha da qanadlanan bir sağlam xəyal da var idi. Bu yəqin ki, yerdə olan, qidasını xalq hərəkatından alan, gələcək arzulardan yaratmaq həvəs və ehtirasından doğan bir xəyal idi. Parlayan bir ümid, işıqlı gələcək, etiqadı XX əsr tərəqqipərvər romantiklərinin əsərlərində başlıca səciyyəvi cəhətdir.

Onun konkret komponentlərini isə müəllif belə ümumiləşdirir:

“Azərbaycan romantiklərində... təbiətə meyl, gələcəyə ümid, kollektivdən çox fərdin qüdrətini tərənnüm, dil üslub təntənəsi, müəyyən dərəcədə mücərrədlik üsyankar xitab və suallardan həzz almaq xüsusiyyətləri vardır.”

Mir Cəlal romantiklərin mənsub olduqları metodun bu və ya digər cəhətinə üstünlük verdiklərini və buna görə də fərdi yaradıcılıq keyfiyyətləri ilə bir-birindən seçildiyini xüsusi vurğu altında qeyd edir. Ona görə də Məhəmməd Hadi, Abbas Səhhət, Əbdülxaliq Cənnəti, Səməd Mənsur, Abdulla Divanbəyoğlunun fərdi yaradıcılıq üslubunu, ideyalar aləmini, ifadə tərzini üzə çıxarmağa səy göstərir. Mir Cəlal tənqidi realistlər və romantiklərlə yanaşı monoqrafiyanın “Maarifçi-didaktik yazıçılar” fəslində “maarifçi realistlər” terminini işlədir. Bu qrupa “məktəb ətrafında toplanmış, maarif, təlim-tərbiyə mövzuları üzrə, uşaq ədəbiyyatı sahəsində” çalışan yazıçılar daxil idi. Onların ictimai funksiyası haqqında Mir Cəlal yazırdı: “Bunlar müəllim yazıçılar idilər. Onların bütün yaradıcılıq fəaliyyəti məktəb, maarif tələblərinə uyğunlaşdırılmış, bu yazıçılar qələmləri ilə məktəbdəki əməli fəaliyyətlərini tamamlayırdılar”. Yaradıcılıq metodlarına gəldikdə, alim onların tənqidi realistlərdən və romantiklərdən fərqləndiyini, özlərinə məxsus həyatı görmə və əks etmə üsuluna malik olduqlarını nəzərə çarpdıraraq yazırdı: “Maarifçi ədiblərin yaradıcılığı bu iki ədəbi məktəblərin hər biri ilə müəyyən dərəcədə səslənsə də, bunların hər ikisindən ayrılırdı. Maarifçi realistlər nə keçmişin tənqidinə o qədər aludə, nə də gələcəyin xəyallarına o qədər məftun idilər. Onlar ən çox adi həyat-məişət qayğılarını qələmə alırdılar, gələcəyi yaratmaq üçün hər kəsdən, hər şeydən əvvəl məktəbə müraciət edirdilər. Məktəbi nəinki mədəniyyət, intibah üçün, hətta ictimai quruluşu düzəltmək üçün də vasitə sayırdılar. Məktəbin əhəmiyyətini həddindən artıq böyüdür və qurtuluş yolunu burada görürdülər”.

Ötən əsrin əvvəlində ədəbi prosesdə qüvvətli mövqe tutan “maarifçi-didaktik” yazıçılar monoqrafiyada S.S.Axundov, A.Şaiq, İ.Musabəyov və M.Qarayev yaradıcılığı ilə təmsil olunur.

Monoqrafiyanın sonuncu beşinci — “Xırda məişət dramları” fəslində mədəni hərəkatın, xüsusilə teatrın inkişafı ilə müxtəlif mövzuda və janrda dram əsərləri yazmağa meyl göstərən M.M.Axundov, R.Əfəndiyev, M.M.Kazımovski və Ə.Q.Məlikov kimi bir qrup yazıçı əhatə olunur. Müəllif bunları “naturalizm” cərəyanına “yaxın” yazıçılar hesab edirdi. Lakin o, bu termini də onların yaradıcılığına “ehtiyatla” tətbiq etməyi məsləhət görürdü. Çünki onların əsərlərində, məsələn, naturalizmin görkəmli nümayəndəsi fransız E.Zolyanın yaradıcılığına məxsus keyfiyyətlər yox idi. O, belə bir qənaətə gəlirdi ki, bunlar “naturalizm”ə doğru istiqamətlənmiş, lakin “sənət səviyyəsinə qalxa bilən” əsərlər yarada bilməmişlər. Buna görə də müəllif onların yaradıcılığını “həyatı kor-koranə təqlid ilə yazan, cəlbedici olmaq üçün həm musiqidən, həm gülüşdən, həm göz yaşından eyni dərəcədə faydalanan “gənclik məktəbi” adlandırırdı.

Tənqidi realizm, maarifçi realizm və romantizmdən fərqli olaraq Mir Cəlal Paşayevin xırda məişət dramlarının müəllifləri haqqında fikirləri mübahisəlidir. Lakin müəllifin naturalizm problemini ədəbiyyatşünaslıq araşdırmalarının dairəsinə daxil etməsi, onun nəzəri köklərini açıqlaması yeni və yerində idi. Çünki bu cərəyanın XX əsrin əvvəlinin ədəbiyyatında nümunələri mövcud idi. Görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədov 1958-ci ildə nəşr etdiyi “Sabir” monoqrafiyasında Haşım bəy yaradıcılığında naturalizmdən söhbət açmışdı. “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” monoqrafiyası qırmızı terror və repressiyadan kənarda qalan 24 yazıçı haqqında portret oçerki əhatə edir. Əsrin 30-cu illərinin sonunda ali məktəb tələbələri üçün nəzərdə tutulmuş dərs vəsaitində cəmi 7 yazıçı haqqında oçerk verildiyini nəzərə alsaq, demək olar, Mir Cəlal böyük şücaət nümayiş etmişdir. Doğrudur, portret-oçerklər eyni səviyyədə yazılmamışdır.

 

 

Xeyrulla Məmmədov

 

Ədəbiyyat qəzeti.- 2013.- 26 aprel.- S.1; 6.