Mövlud Süleymanlı - 70

 

Respublika Baş nazirinin müavini, xalq yazıçısı Elçin qələm dostu, xalq yazıçısı Mövlud Süleymanlıya 70 yaşı münasibətilə təbrik teleqramı göndərmişdir. Teleqramda deyilir:

 

"Əziz Mövlud!

Səni - müasir ədəbiyyatımızın görkəmli nümayəndəsini anadan olmağının yetmiş illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sən bu "70" rəqəmini həm nüfuzlu bir sənətkar, həm də mərd və səmimi insan kimi alnıaçıq qarşılayırsan və mənim üçün çox xoşdur "70 rəqəmi"nin sanbalına baxmayaraq bu gün sən yenə də eyni gənclik həvəsi ilə yazıb-yaradırsan.

Sən ədəbiyyata öz dəst-xəttinlə gəldin, oxucular o dəst-xəttə görə səni dərhal qəbul etdibir yazıçı kimi sevdi. O məxsusi "Mövlud Süleymanlı dəst-xətti" bu gün də səninlədir və o da "70"-in həmin sanbalına baxmayaraq qətiyyən qocalmayıb, bu gün də təzə-təravətlidir.

Əziz dostum! Səni bir daha ürəkdən təbrik edir, sənə uzun ömür, cansağlığı, xoşbəxtlik arzulayıram. Yeni-yeni əsərlərinlə bizi sevindirəcəyinə isə heç bir şübhə yoxdur.

 

Elçin

17.04.13"

 

 

Ədəbiyyat qəzeti.- 2013.- 26 aprel.- S.4.