Firidun bəy Köçərlinin Məmmədəli Sidqiyə məktubları

      

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 114 saxlama vahidi altında mühafizə edilən şəxsi arxivi filologiya elmləri doktoru Məmməd Adilov tərəfindən 2006-cı ildə nəşr edilmişdir. Arxivdə Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanıma yazdığı 48 və müxtəlif şəxslərə ünvanladığı 5 məktubu saxlanılır ki, bunlar da sözügedən kitabda verilmişdir. Bununla belə, digər arxivləri araşdırarkən Köçərlinin müxtəlif şəxslərə yazdığı, hələ də işıq üzü görməmiş məktubları üzə çıxır.

Tanınmış ziyalı, mühərrir Məmmədəli Sidqinin Əlyazmalar İnstitutunda saxlanılan şəxsi fondunda müxtəlif şəxslərin ona yazdığı məktublar sırasında Firidun bəy Köçərlinin də üç məktubu vardır. Məktublar 25 dekabr 1910-cu il, 14 noyabr 1913-cü il, 3 dekabr 1916-cı il tarixlərində Qoridən yazılmışdır. Ərəb əlifbasında səliqəli xətlə qələmə alınmış məktubları oxuduqca bu böyük elmmaarif xadiminin, tanınmış ziyalının zəngin mənəvi keyfiyyətləri bir daha göz önündə canlanır. Məktubların Firidun bəy Köçərlinin mənəvi keyfiyyətlərinin işıqlandırılmasında, həyat və fəaliyyətinin müəyyən məqamlarını canlandırmaqda əhəmiyyətini nəzərə alıb, ərəb əlifbasından müasir əlifbaya transfoneliterasiya edərək oxucuların nəzərinə çatdırırıq.

 

Nailə Səmədova

filologiya elmləri doktoru

 

 

Əzizi-mehribanım Məmmədəli!

Salam-duadan sonra yazıb sizdən təvəqqe edirəm ki, məlum edəsiniz, bu halda bəradərim Mirzə Cəlil haradadır və “Molla Nəsrəddin”in işi necə gedir. Tazə ildən jurnal çıxacaqdırmı? Əgər çıxacaqsa, nə üçün jurnalda elan olunmayır? Mirzə Cəlil özü jurnalın işlərinə mübaşir olacaqdırmı, yoxsa siz öhdənizə götürəcəksiniz? Hər halda lazımdır jurnalı işlətmək. Çünki onun nəfi çoxdur. Bizim müsəlmanların tərəqqisinə və ədəbiyyatına “Molla Nəsrəddin” kimi heç bir cəridə xidmət etmir. Çox təvəqqe edirəm ki, Cəlilin adresini mənə məlum edəsən.

 

Məhbubunuz Firidun Köçərli

25 dekabr 1910. Qori

 

Mehribanım Məmmədəli!

İşlərim çoxdur. Ona görə kağızın cavabı təxirə düşdü. Siz mərhum Sidqinin yadigarı olmağa görə mənim əzizlərimdənsiniz. Əgərçi əvvəl mərhum ilə mənim tanışlığım yox idi, vəli qaibanə ona ixlasım var idi. O da məni istəyənlərdən idi. Buna bir neçə şahidlərim vardır. Allah ona rəhmət eləsin və sizə də səlamətlik versin. O ki, qaldı qardaşınızın seminariyaya girməyinə, indidən o barədə bir söz vədə verə bilmərəm. Amma əlimdən gələn köməyi dəxi müzayiqə etmərəm. Ona lazımdır yaxşı hazırlaşmaq. Buranın qarsonu nuri-didəm Əli Qasımov yaxşı bilir, göstərər. Yazısında və oxumağında qüsur olsa, o yenə göstərər və bildirər. Yaxşı hazırlaşmaq onun üçün lazımdır ki, bu axır vaxtlarda imtahana gələnin həddi-hesabı yoxdur. Bir vakansiyanın üstündə yeddi-səkkiz nəfər şagird cəngü-cidal edir və yaxşı cavab verən şagird vakansiyaya sahib olur. Yazırsınız ki, seminariyaya hazırlaşan qardaşınızın 18 yaşı var. O gərəkdir çox yaxşı hazırlaşsın ki, onuncu klasa imtahan verə bilsin. Çünki gələn ildən ... vıdelnı klaslar götürülür.

Hələlikdə ərizə göndərmək lazım deyil. İmtahanlar avqust ayının 25-dən başlanır. Avqustun əvvəllərində ərizə göndərmək olar. Ancaq qardaşınıza bərk tapşırın ki, yaxşı hazırlaşsın. Mən sizdən də artıq xahişhal olaram ki, mərhum Sidqinin övladından birisinə bacarıb təlim və tərbiyə verə biləm. Bax, sizin salamatlığınızı istəyirəm.

 

Firidun Köçərli

14 noyabr 1913. Qori

 

Müşfiqi-mehribanım Məmmədəli!

Keçmişdə siz mənə bir kağız yazmışdınız. Olsun ki, qardaşınızın Qori seminariyasına girməyi barəsində. Mən də onun cavabını seminariyanın proqramması ilə qulluğunuza, Suraxanı stansiyasına göndərmişdim. Belə ki, sizin kağızınız cavabsız qalmayıbdır. Mən özümü cümlənin kağızına cavab verməyi borclu hesab edirəm. Xüsusən, sizin kibi qələm əhlinin kağızını hərgiz cavabsız qoymaram.

Keçək əsl mətləbə. Salman Əsgərov keçən sənə avqust ayının axırlarında buraya gəlmişdi. Aramızda ədəbiyyata dair bir çox söhbətlər olundu. Necə ki, yadımdadır, mərhum Sidqinin barəsində dəxi danışıq oldu və Salman Əsgərov söz verdi ki, Sidqinin onda olan əsərlərindən mənə lazım olan qədər nümunələr göndərsin. Amma sonradan nə mən tələb etdim və nə də o göndərdi. Və mənim istəmədiyimə səbəb bu olubdur ki, Sidqinin əsərlərindən mənim özümdə dəxi kifayətcə məlumat var və bir də ol mərhumun barəsində kitabımın ikinci ya ücüncü cildində bəhs olunacaqdır. Nobət yetişəndə istəyəcəyəm.

Amma mən bilmirəm ki, cənab Salman mərhum pedərinizin əsərlərini sizdən niyə müzayiqə etsin və onları öz yanında saxlamaqdan onun muradı nədir? Hər bir ədibin, onda da Sidqi kimi müqtədir yazıçının əsərləri millət malıdır. Hamı gərək onlardan mərifət və bilik istifadə etməklə nəfbərdar olsun, nəinki vahid bir fərdin sandığında faydasız yatsın. Məlumunuz olsun ki, cənab Salman indiyədək məndən bir şeyi müzayiqə etməyibdir. Deməli, ədəbiyyatımıza məxsus hər bir tərəfə şeir və qəzəl əlinə düşübsə mənə göndəribdir. Əlan Baharın və Nakamın kəlamlarından bir neçəsini göndəribdir ki, nadir tapılan əsərlərdir. Hər halda mən sizin xahişinizə əməl edib mərhum Sidqinin kəlamlarından nümunə istərəm və zənn edirəm ki, hər nə onda varsa tamamını mənə göndərsin. Əlbəttə, niyyətiniz gözəldir. Yaxşı olardı ki, mərhumun əsərlərini zübdələyib gözəl bir divan şəklində çapa verəydiniz, ədəbiyyatımıza böyük bir xidmət göstərmış olardınız. Allah bu işdə sizə tovfiq versin.

Bu günlərdə Salmandan kağız gözləyirəm. Onu alan kibi xahişinizə əməl edərəm. Bax, səlamət və xoşbəxt olmağınızı ürəkdən istiyorum.

 

 

Firidun Köçərli

Əlini görsəniz salam edin. F.K.

3 dekabr 1916. Qori

 

Ədəbiyyat qəzeti.- 2013.- 26 aprel.- S.4.