Zərif
duyğular şairi
Moris
Potsxişvili gürcü
poeziyasının görkəmli nümayəndələrindən
biridir. Ötən əsrdə
yaşayıb-yaradan və 63 il ömür sürən bu
söz-sənət adamının adı həm öz vətənində, həm də onun sərhədlərindən kənarda həmişə
hörmətlə çəkilmiş, yaradıcılığı,
zəngin poeziyası diqqət mərkəzində olmuşdur.
Onun
uşaqlıq, gənclik illərinə və ümumən həyat
və yaradıcılığına yaxından bələd olan şair dostlarından biri qeyd edir
ki, Moris insan qəlbinin gizli
duyğularına olduqca yaxından bələd
olan şairdir. O, tamaşaçı, dinləyici və oxucu alqışlarından kənarda
qalmadı. Amma bir çox sənət adamları kimi, o, bu
alqışların sədaları altında nə xumarlanaraq məst oldu, nə
də sadiq qaldığı yoldan sapındı. Əksinə, bu alqışların məsuliyyətini duyaraq, özünün şair adını, vətəninin və
xalqının böyük ədibləri
sırasına həkk elədi.
Hələ
sağlığında oxucular onun şeir
kitablarını səbirsizliklə gözləyirdilər. O, öz ölkəsində Qalaktion
Tabidze adına Dövlət
mükafatına layiq görülmüş
ilk şair idi. Moris Potsxişvili
rus oxucularına da yaxşı
tanışdır. Poeziyada, ədəbiyyatda
olduğu kimi, tərcümə
sahəsində də bəxti gətirmişdi. O, digər
xalqların poeziyasından gürcü
dilinə tərcümələr etmiş,
öz şeirləri isə müxtəlif
dillərə tərcümə olunmuşdu.
SSRİ Dövlət mükafatı laureatı, rus poeziyasının klassiklərindən
sayılan Vladimir Sokolov
Moris Potsxişvilini gürcü poeziyasının qəlbi
adlandırırdı. Onun
poeziyasını Rusiyanın çox
görkəmli, sayılıb-seçilən şairləri rus dilinə tərcümə etmişdilər.
Azərbaycan oxucusu
M.Potsxişvili poeziyası ilə çoxdan tanışdır. Ötən əsrin
90-cı illərində - hələ şairin
sağlığında qələm dostumuz
İmir Məmmədli onun
şeirlərinin bir qismini
dilimizə tərcümə edərək, kitab
halında Azərbaycan oxucularına ərməğan etmişdi. Şairin bir neçə şerini ana dilimizə çevirib,
onları Azərbaycan oxucuları ilə bölüşüb,
ruhuna Tanrıdan dualar
diləyirəm.
Taleh Həmid
Ədəbiyyat
qəzeti.- 2013.- 26 aprel.- S.5.