Yazıçı Anarla görüş

    

Bu günlərdə Səbail rayonu, O.Mirzəyev adına 190 saylı tam orta məktəbdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın 75 illik yubileyi təntənəli qeyd olundu. Görüşü giriş sözü ilə məktəbin direktoru, əməkdar müəllim A.Bakıxanova açdı. O, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, yazıçı, dramaturq, publisist Anarın işinin çox olmasına baxmayaraq, məktəbə gəlişini xüsusi hadisə hesab edib dəyərləndirdi. Məktəbin "Təbəssüm" rəqs qrupu yazıçını musiqi və rəqslə salamladı. Balaca qızların "Nəlbəki" xalq rəqsini maraqla müşahidə edən yazıçının üzündən məmnunluq yağırdı.

Sonra A.Bakıxanova tədbiri aparmaq üçün sözü məktəbin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Qənirə Əmircanovaya verdi. Q.Əmircanovanın təşkilatçılığı və Anarın əsərlərindən seçmələr ilə düzənlənmiş ssenari əsasında maraqlı çıxışlar oldu. Şagirdlərin xüsusi səy və bacarıqla hazırladıqları slaydlar, çəkdiyi filmlərdən fraqmentlər nümayiş etdirildi. Məktəb proqramına daxil olan "Keçən ilin son gecəsi" tamaşasından parçalar IXd sinif şagirdləri - Nigar, Ayişə, Leyla, Fidan, Fərdi, Sahibin iştirakı ilə səhnələşdirilmiş tamaşa maraqla qarşılandı. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" və bir sıra satirik hekayələrindən ibarət kiçik həcmli tamaşalar alqışlarla qarşılandı. Yazıçı Anarın yaradıcılıq yolunu yenidən şagirdlərin diqqətinə çatdıran Q.Əmircanova müəllifin elmi-fəlsəfi əsərlərindən, roman və dramlarından bəhs edərək Anarı gözəl düşünüb, gözəl yazan, həyat həqiqətlərini C.Məmmədquluzadə təbirindən təsvir etdiyini söylədi. O, XX əsr Azərbaycan ədəbiyyatının hansı köklərdən gəlib hansı yönlərə budaqlandığını Anarın və bu qəbildən olan yazıçı və şairlərin yaradıcılığında müəyyənləşdiyini xüsusi vurğuladı. Tədbirin sonunda Anara söz verildi. Yazıçı Anar gözəl təqdimat və ssenari üçün məktəbin direktorluğuna, çıxışlar üçün şagirdlərə təşəkkür etdi.

Tədbirdə həmçinin "Azərbaycan məktəbi" jurnalının baş redaktoru, pedaqogika üzrə fəlsəfə doktoru N.Nəcəfov, Bakı Təhsil idarəsinin məsul işçisi Simuzər xanım, Xalq təhsili muzeyinin direktoru Lalə İsmayılova, Yazıçılar Birliyinin sədr müavini Ədalət Əsgəroğlu və başqaları yazıçı Anarın yaradıcılığından xüsusi vurğunluqla danışdılar. Verilən suallara cavab verən Anar öz arzusunu gizlətməyərək bildirdi ki, 80 illik yubileyiminbu məktəbdə qeyd olunması nəsibim olsun. Tədbirin sonunda yazıçı Anar el arasında Sona xanımın adı ilə tanınan 190 saylı məktəbin müəllim, şagird kollektivinə dərin təşəkkürünü bildirdi.

 

 

Ədəbiyyat qəzeti.- 2013.- 26 aprel.- S.8.