Yalvarış

 

Ana, yenə…

…yenə yuxuma gəl,

Ana,

Məndən istə nə istəyirsən.

Dolama pillələrlə qalx yanıma,

Bir ağrı kimi…

Ucal, fikirlərimin külündən

Sönməyən köz kimi.

Qaranquştək qanadlan,

Çəkdiyim rəsmlərin göylərindən,

Yan keçmə suyu sıxılmış

Şeirlərimdən.

O qəmli gözlərindən

Yenə, yenə üstümə

İşıq saçıb, nur ələ…

 

 

Alqı-satqı

 

Əgər həyat -

Ancaq alqı-satqıdırsa,

Hər şey çox sadədi.

Əzab çəkməyə dəyməz -

Sən satırsan, səni satırlar…

 

Yer üzünün bu köhnə bazarı

Nə vaxt bağlı qalacaq,

Haçan bu satqılara

Bir son tapılacaq?

Elə bu həyat - əzəldən-axıra

Ancaq alqı-satqı olacaq…

 

 

Vəzir qambiti

 

Tez hücuma keçmək məqsədilə piyadanın qurban verilməsi

 

Bütün günü şahmat

Lövhəsini seyr eləsən də -

Sonda piyadaya yazığın gələcək.

Zavallı piyada!

O, məhkumdur.

Qisməti budur,

Ya duanın, ya istehzanın

Buyruğudur.

 

Amma bizim cəsur şah

Hökm ilə buyurduğutək,

Dəyişsə tacını, dəbilqəyə dəyişəcək.

Ah, şleyfə azacıq toxunub,

Kraliçanın şərəfinə

Necə idi ölmək?

 

Oyunçular yoruldu,

Hər şey bitdi.

Ura!

Açıldı qutu,

Piyada da, şah da

Atıldı ora.

 

Bunun üçün heyif ki,

Ağıla ehtiyac azdır.

Papağı da, tacı da

Bir yerə yığmaq

Nə qədər mənasızdır!

 

Şərəf və müharibə naminə

Biz düşmənə sinə gəririk,

Sonda isə hamımız

Hiss edirik bərabərik.

Kənardan baxan

Yorulmayan hakimdir.

Biz oynarkən bizimlə,

Görən, oynayan kimdir?

Nədən lövhə

Dama-dama bölünüb?

Taxta döyüşcü

Sonda hansı nəticəyə gəldi?

Adsız bir fiqurun dəli ahı

Sonsuz kədər olub

Göyə yüksəldi…

 

 

Çörək tikəsi

 

Asfaltın üstünə atılı qalıb

Bir tikə çörək!

Müharibə illərinin -

Üç günlük payı.

Hamı ondan yan keçir,

Kimsə gəzişir, kimsə tələsir,

Heç kəs diqqət eləmir,

Başqası üzünü çevirib keçir.

Biri diz çökərək,

Ehtiyatla yerdən qaldırır onu.

Çiçək kimi,

Sonra ehmalca

Surahının üstünə qoyur.

 

Kim onun gözlərindəki

Şeir kitablarında

Misralara çökmüş kimi

Əzab və ağrıları oxuyacaq?

 

Təsadüfən keçən yolçu

İnsanların axınında

Birdən qeybə çəkilir,

Çoxsaylı nöqtələrtəki

Taxta ayağının

Səsləri gəlir -

Tıq…tıq…tıq…

 

 

Coşqun axır bizdə çay

 

Hədsiz sərin və dərindi bizdə çay,

Nabələd adam.

Coşqun, iti axır o,

Biləsən, müdam.

 

Əgər dost və qardaş kimi

Gəlməyəcəksənsə,

Nabələd adam,

Yoxdur üstündə

Körpülər bizim çayın.

Geriyə dön,

Biz tərəfə baxmayın.

 

 

Tənha qadın haqqında

ballada

 

İndi o, getməyir daha heç yana,

Vaxtın ağrısından doyubdur cana.

Dostlar qapısını döyürlər hərdən,

Unutmaq öyrətsin kədəri ona.

 

Çiçəklər, gülüşlər - unudulan pay,

Neçə xatirə var - dost bilibdi o,

Büllur nəlbəkidə buza dönür çay,

Bir zaman sevibdi, sevilibdi o.

 

Hər yanda həsrətin gizli izləri,

Şkafda kitablar mürgülü, oyaq,

Acı balladadır şirin illəri,

Sakit gümbüldənir qarılarsayaq…

 

***

 

Nəyə gərəkdi

Sizin sualınız -

"Necə yaşayırsınız?"

Əgər vacib deyilsə sizə

Mənim cavabım.

Onu gözləmədən

Çıxıb gedəcəksinizsə?

 

Çaşqın, əzgin bu halımla

Vurnuxurkən küçələrdə

Yanıma düşmüş qanadlarımla

Dilimin ucundan bir söz yüksəlir -

"Ölürəm!"

Fəqət, eşitməyəcəksinizsə siz məni,

Nəyə gərəkdi axı bu sualınız -

"Necə yaşayırsınız?"

 

 

Moris Potsxişvili

 

Tərcümə edən İmir Məmmədli

 

Ədəbiyyat qəzeti.- 2013.- 26 aprel.- S.5.