Ürəyim yaz havasına

 

Xoş gəlmisən, payızım,

Xoş gəlmisən!

Səni gözlədiyimi, sənə bənzədiyimi

hardan bilmisən?

Çılğın rüzgarınla döyürsən

budaqların başına.

Baxmırsan ağacların

göz yaşına.

Küləklərin acıqlı əsir,

yarpaqların ömrünü kəsir.

Mənim ovqatım səninkinə bənzəyir,

Tale küləyim yurd

yerlərimi gəzir.

Addım-addım məni izləyir,

söndürür odumu, alır üstümü,

kəsir tüstümü.

Ürəyim torpağa düşən

Bir sarı yarpaq kimidir.

haqq davası gözəlyən

yaralı torpaq kimidir.

Torpaq həsrətdir haqq davasına,

ürəyim yaz havasına.

 

 

Qocalar evində

 

İsti kürkdə, gözündə qara eynək,

Əlində balaca bağlama

bahalı maşından oğul düşür hövlnak,

hirsindən, hikkəsindən

dodaqları qapanıb bərk-bərk.

Nəzər salır dörd yana,

Sığal çəkir geyiminə,

deyinə-deyinə.

Pəncərə önündə ixtiyar ana

qəlbində layla çalır

ilk eşqi, sonbeşiyi oğluna.

Baxışlarını narın yağış kimi

dua, alqış kimi

səpir yollara.

Qəfildən

Diksinir tanış səsə,

içində səksəkə.

Bu axşamkı yuxusu

Çin olub bəlkə.

Birdən qolları havanı yarır

"oğul" deyə-deyə,

Soyuq baxışlar yeyə-yeyə:

- Bu soyuqda, bu yağışda

gəlmək hardan düşdü ağlına

qıymır oğluna.

Əlləri əsə-əsə

balaca bağlamanı alır əlinə,

Salamlar göndərir

Nəvəsinə, gəlninə

 

 

Oğuz nəğməsi çalınır

 

Yenə baxışlarım itir

Göylərin dərinliyində.

Azdırır məni saflığında,

təmizliyində.

Təmizliyin nuru üzümü yuyur,

Göy mavisi

gözlərimə enib uyuyur.

Ulduzları tabaq-tabaq qucağıma yığıram,

sinəmə sıxıram.

Göylər dağa-daşa, torpağa

Bulud-bulud bağışlanır.

Dağların döşü gözümdə

çiçək-çiçək naxışlanır,

Səs-səs rənglənir,

rəng-rəng səslənir.

Səslərdən, rənglərdən

bir ahəng alınır.

Hardasa qopuz dinir,

oğuz nəğməsi çalınır.

İstanbul - 2010

 

 

Xatirəmə sığınmışam

 

Kirpiyim sübhədək qovuşmur yenə,

Bilmirəm hardasan, indi necəsən?

Qorxuram gözlərim qapanan kimi

Sən gəlib yuxumdan keçib gedəsən.

 

İşıq tək gəlmişdin tutqun könlümə,

O işıq könlümdən düşübdür uzaq.

Bir axşam ümid tək qayıtsan yenə

Tanış xatirələr səni tapacaq.

 

Bilsəydim sahilsiz göylərdəsən sən

Mən sənə göyləri bağışlayardım.

Bilsəydim hardasa yer üzündəsən,

Sevgimlə dünyanı naxışlayardım.

 

Saralıb, tökülüb yaşıl illərim,

Səninçün bir xəyal, yuxuymuşam mən.

Xatirədən özgə nəyim var mənim,

Demə xatirəsiz yoxuymuşam mən.

 

 

Açıl, səhərim, açıl

 

Xalq şairi Rəsul Rzaya

 

Tanrım cüt yaradıb səhəri, axşamı,

qaranlığı-işığı.

Sevmirəm qaranlığı,

Onun yer üzünə çəkdiyi

Zülməti ,

Qoynunda gizlətdiyi, sükutla izlədiyi

min bir cinayəti

O qanlı "şənbə gecəsi"ndə,

Xocalı faciəsində

Olduğu kimi,

Əli qanlı cəlladların qara üzünə

qara pərdə saldığı kimi.

Sevirəm buludsuz, dumansız

mavi göyləri,

işıqlı, gülgün səhəri.

Qaranlıq anamız günəşin

Qarşısını kəssə yenə,

Tufan, qasırğa qədər güclü

əssə yenə,

yenə yer üzünə şəfəq dolacaq,

işıq qaranlığı boğacaq.

Açıl, gül üzlü səhərim, açıl!

Qaranlığın ayağı yerdən üzülsün,

İnsanların qəlbinə işıq süzülsün.

Başlansın ümid dolu günlərimiz.

Gəlsin qələbə müjdəli illərimiz.

Çəkilsin yer üzündən qatı duman,

Dünyamız azad olsun

qaranlıq adlı kabusdan.

 

 

Şövkət Zərin Horovlu

 

Ədəbiyyat qəzeti.- 2013.- 26 aprel.- S.5.