Çalır

 

Solaxaymış Aşıq Ələsgər - deyə,

İndi də bir çoxu solaxay çalır.

Oynadıb sazını qaldırır göyə,

İstəyir ustada olsun tay, çalır.

 

Qatır bir-birinə min bir havanı,

Eləyir məclisi rəqs meydanı,

Səs-küyü bürüyüb tutur hər yanı,

Salıb boş-boşuna o, haray, çalır.

 

Elə bil, ağlayır sazın hər simi,

Mizrab da ah çəkir günahkar kimi.

Tanımaq olmayır "Yanıq Kərəmi".

Çalır "Dilqəmi"də amma, zay çalır.

 

Mir Sabir deyir ki, var elə aşıq,

Yoxdur istedadı onun bir qaşıq.

Oxuyub hər şeyi salır dolaşıq,

Edib öz-özünü o, rüsvay, çalır.

 

 

İçərişəhər

 

Bakının uşaqlığı,

Gəncliyi, qocalığı -

İçərişəhər.

Qaniçən Sisyanovun

Məğrur başını alıb,

Dostuna hədiyyə tək

Bir muştuluq göndərən -

İçərişəhər.

Neçə xain düşməni

Qılıncla yola salıb,

Burdan geri döndərən

İçərişəhər.

Qoçu Nəcəfqulunun

Gözü tək qoruduğu,

Əfsanəvi bir yuxu…

İçərişəhər.

Abbasqulu Ağanın

Canlı şeir dəftəri,

Hər tini, hər döngəsi

Dilimizin əzbəri

İçərişəhər.

Bizim təzə Bakının

Fəxri, başucalığı,

Bu yerin qocalmayan

Müqəddəs qocalığı

İçərişəhər,

İçərişəhər…

 

 

Mir Sabir

 

Ədəbiyyat qəzeti.- 2013.- 26 aprel.- S.5.