Mənzilə çatmaq üçün

 

Hər günün öz adı var,

Öz rəngi, öz dadı var.

Günlər insan kimidi -

Qohumu var, yadı var.

 

Hər gün təzə bələdçi,

Hər gün təzə bir elçi.

Gedəni yola salar,

Qarşılar təzə köçü.

 

Gün keçər gün dalınca,

Gün-gündən bac alınca

Ay yığılar il olar,

Üst-üstə qalanınca.

 

Gün var, ömrün ilk ucu,

Gün var, ömrün son ucu.

Bir gün qaytarmalıyıq

Bizə verilən borcu.

 

Gün çıxar batmaq üçün,

Oyanar yatmaq üçün.

Hər gün bir pilləkəndi

Mənzilə çatmaq üçün.

 

 

Şairlər yarımçıq ömür yaşayır

 

Əcəllə ölməyi bacarmır, nədi?

Şairlər yarımçıq ömür yaşayır.

Çoxu heç bilmir ki,

qocalmaq nədi?

Şairlər yarımçıq ömür yaşayır.

 

Otuzu çox bilir, qırxa bəs, deyir.

Şahın qabağında sözü tərs deyir.

Sözünü qaytarmır, doğra, kəs, deyir,

Şairlər yarımçıq ömür yaşayır.

 

Dərisi soyulan, özü diri var,

Çoxunun alnında güllə yeri var.

Şair doğulan da ölümdən qorxar?

Şairlər yarımçıq ömür yaşayır.

 

Lap uşaq ömrü də yaşaya bilər,

Ömrünü təzədən başlaya bilər.

Ölənnən sonra da danışar, gülər,

Şairlər yarımçıq ömür yaşayır.

 

Yüz əsər yaradıb,

dastan qoşsa da,

Yaşı lap doxsanı,

yüzü aşsa da,

Nə qədər, nə qədər çox yaşasa da

Şairlər yarımçıq ömür yaşayır.

Şairlər yarımçıq ömür yaşayır.

 

 

Salam

 

Salam insan dilində

İlk sözdü, ilk kəlmədi.

İlk inam, ilk etibar

Salam - əleykümədi.

Salamla açılır

Hər gün, hər səhər.

Salamla dolanır

Hərə birtəhər.

Bəzisi onunla

Ticarət edir,

Bəzi də salama

Qənaət edir.

Onu saman kimi

Sovuran da var,

Salamla bir qəlbi

Ovudan da var.

Qədrini uca tutan

Salama and içəmmir.

Bəzən canından keçən,

Bir salamdan keçəmmir.

Alınmayan bir salam

Əsrlərə yükdü, yük.

Füzuli salamını

Almaq özü böyüklük.

Beş yüz ildi bu salam

Cavabını gözləyir.

Beş yüz ildi bu salam

Rüşvətxoru izləyir.

Rüşvətin yolu ayrı,

Salamın yolu ayrı.

Salam ki, rüşvət deyil,

Bunu anlayaq barı.

Salam imza kimidi,

Hər kəsin öz salamı.

Salam çörək kimidi,

Var halalı, haramı.

Halalı harama

Qatmasan, salam,

Çörəyi bərk tutub,

Atmasan, salam!

 

 

Bəxtəvərdi, bəxtəvər

 

Dəlidən doğru xəbər,

Ağıllıdan nə xəbər?

Ağıllısı, dəlisi

Bir-birindən bixəbər.

Ağıllı elə bilir

Dəli ona borcludu.

Dəli elə bilir

Ağıllılar suçludu.

Çox danışan sanır ki

Lallar danışa bilmir.

Onu bilmir ki hərif

Lalla danışa bilmir.

Qulağı darı dələn

Deyir ki, kar anlamır.

"Karın könlündəkini"

Anlamır ki anlamır.

Yol azan yol kəsənlə

Qarşılaşır hər dəfə.

Yüz güllə boşa çıxır,

Biri dəymir hədəfə.

Qurğunu quran dəli,

Vuran, vurduran dəli.

Ağıllı gözə dəymir,

Hər tərəf tamam dəli.

Dəlidən doğru xəbər,

Ağıllıdan nə xəbər?

Burda hamı xoşbəxtdi

Bəxtəvərdi, bəxtəvər.

 

 

Zeynalabdin Novruzoğlu

 

Ədəbiyyat qəzeti.- 2013.- 26 aprel.- S.8.