Nizami Gəncəvi: yaradıcılığının mənşəyi, tipologiyası və funksiyası

  

  Nizami Gəncəvi yaradıcılığının mənşəyi, tipologiyası və funksional xüsusiyyətləri barədə gedən konstruktiv söhbət hər hansı halda Azərbaycan ədəbiyyatının qədim (ümumi) türk ədəbiyyatına tarixi münasibətini diqqət mərkəzinə çəkir, bu isə Azərbaycan (və ümumən türk) ədəbiyyatı tarixinin mühüm bir metodoloji problemi üzərində düşünməyə zəngin material verir, halbuki nizamişünaslıq bir qayda olaraq, dahi şairin "təhlil"ini metodologiyasızlaşdırmaq istiqamətində inkişaf etmişdir.

Azərbaycan ədəbiyyatının qədim (ümumi) türk ədəbiyyatına tarixi münasibəti, bir tərəfdən, ümumi türk ədəbiyyatının diferensiasiyası problemi ilə bağlıdırsa, digər tərəfdən, Azərbaycan ədəbiyyatının təşəkkülü problemi ilə əlaqədardır - müşahidələr göstərir ki, V əsrdən X əsrə qədərki dövr həmin diferensiasiya və təşəkkül proseslərinin ilk və ən intensiv dövrüdür; IX-XI əsrlərdə isə artıq üç mühüm türk etnik-mədəni regionu funksional-normativ səviyyədə formalaşır, - bunlar Mərkəzi (Orta) Asiya, Qafqaz - Kiçik AsiyaUral-Volqaboyu regionlarından ibarətdir. Azərbaycan ədəbiyyatının təşəkkülü problemi, haqqında danışılan etnik-mədəni regionların formalaşması prosesinin tərkib hissəsidir. Əlbəttə, məsələnin bu şəkildə qoyuluşu bir sıra kifayət qədər mürəkkəb problemlərin əlaqəli şərhini tələb edir ki, hazırkı halda türkoloji tədqiqatların qeyri-inteqrativ xarakteri buna itmkan vermir. Və ancaq bir etnik-mədəni regionda gedən proseslərin genezisini, tipologiyasını və funksional xüsusiyyətlərini araşdırmaq metodoloji cəhətdən nə qədər qeyri-kamil olsa da, hazırkı halda məqbuldur.

N.Gəncəvinin yaradıcılıq tipologiyası, heç şübhəsiz, Qafqaz - Kiçik Asiya türk etnik-mədəni regionunun formalaşması prosesində müəyyənləşmişdir, bu isə o deməkdir ki, N.Gəncəvini "genezisi və coğrafiyası mücərrəd" olan hər hansı intibah hərəkatı yox, ümumən haqqında danışılan etnik-mədəni regionu formalaşdıran tarixi potensiya yetirmişdir. Məsələnin bu cür qoyuluşu isə XI-XII əsrlər Azərbaycan intibahı ideyasını buya digər dərəcədə təkzib edir.

Məlum olduğu kimi, dahi şairin yaradıcılığının əsasını təşkil edən "Xəmsə" əvvəlcədən düşünülərək (sonrakı "Xəmsə"lərdən fərqli olaraq) yaradılmışdır - hər bir poema müstəqil əsər olub mükəmməl poetik struktura malikdir; bu da məlumdur ki, "Xəmsə" eyni təfəkkür tipinin təkamülünü əks etdirir - burada söhbət, hər şeydən əvvəl, regionallaşmış qədim türk epos təfəkküründən gedir.

Qədim türk epos təfəkkürü qədim türk ədəbiyyatının, daha sonra isə müxtəlif türk ədəbiyyatlarının genetik əsasını təşkil etmiş və həmin ədəbiyyatların tarixi təkamülünün başlıca şərti olmuşdur, ona görə də qədim türk epos təfəkkürünü prinsip etibarilə, "ümumtürk epos təfəkkürü" adlandırmaq da mümkündür - bizim birinci termini "klassik" formasında (yəni janr - ifadə diferensiasiyasına qədərki şəkildə işlətməyimiz) bəhs etmək ehtiyacından irəli gəlir.

Qədim türk epos təfəkkürü e.ə. I minilliyin ortalarında Mərkəzi Asiyanın geniş çöllərində formalaşmışdır, lakin, heç şübhəsiz, həmin proses hazırda təxmini müəyyənləşdirilməsi belə qeyri-mümkün olan ən qədim zamanlardan başlamışdır. Və tamamilə təbii olaraq, qədim türklərin yaşadıqları coğrafi mühit, onların ictimai həyat tərzi epos təfəkkürünün formalaşması prosesinə və tipologiyasına öz həlledici təsirini göstərmişdir - qədim türk eposu tamamilə orijinal hadisə olub, türk intellektinin və emosiyasının "özünümüdafiə" imkanlarını əks etdirir. Bununla belə, Ön və Mərkəzi Asiyada meydana çıxmış, genetik mənsubiyyəti mübahisəli olan bir sıra eposlarla (xüsusilə Şumer eposu) qədim türk epos təfəkkürü arasnıda tarixi əlaqə vardır. Həmin əlaqənin nə qədər sıx olub-olmamasına baxmayaraq, tədqiqatlar göstərir ki, qədim türk epos təfəkkürü formalaşdığı etnik-ictimai mühitin məhsuludur.

E.ə. I minilliyin sonlarından etibarən qədim türk epos təfəkkürü "süqut edir", tədricən qədim türk ədəbiyyatı formalaşır və IX-XI əsrlərdə İslam dininin türklər arasında yayılması ilə bağlı olaraq epos təfəkkürü deformasiyaya məruz qalır - regionallaşır, "müsəlmanlaşır"… Nizaminin "Xəmsə"sində və ümumən XI-XIII əsrlər Mərkəzi (Orta) Asiya, Qafqaz - Kiçik AsiyaUral-Volqaboyu türk etnik-mədəni regionlarında məhz azya çox "müsəlmanlaşmış" türk epos təfəkkürü öz əksini tapır.

Nizami yaradıcılığındakı rasionalizm, hər şeydən əvvəl, qədim türk eposundakı "naturalizm"dən gəlir - hadisələrin epik təmkinlə təsviri, xarakterlərin "fundamentallığ"ı, irəlicədən müəyyənləşdirilməsi, "təbiiliy"i və s. bunun nəticəsidir. "Alp Ər Tonqa", "Oğuz kafan", "Göy türk", "Köç" və s. qədim türk dastanlarının qalıqları üzərindəki müşahidələr göstərir ki, qədim türk eposu humanist, çevik və obrazlı təfəkkürün məhsuludur - həmin təfəkkür "Xəmsə"də təkcə İslamlaşmamış, həmçinin İslamı özündə ehtiva etmişdir.

"Xəmsə"nin əsas qəhrəmanı ideal (tədricən idellaşan!) hökmdardır: "Sirlər xəzinəsi"ndən "İsgəndərnamə"yə qədər Nizamini getdikcə daha dərindən və şübhəsiz, daha geniş problemlər kontekstində düşündürən bu ideya qədim türk eposunun mərkəzində dayanır. Xosrov, Bəhram, xüsusilə İsgəndər obrazları qədim türk eposundakı mürəkkəb tarixi ideal təkamülünün faktı kimi müəyyənləşmiş "epik qəhrəman"ın varisidir - həm qədim türk eposunun, həm də "Xəmsə"nin "epik qəhrəman"ı dünyada universal nizam yaratmaq cəhdinin ifadəsinə xidmət edir.

"Sirlər xəzinəsi"ndə ümumən humanizmin hakimiyyətindən bəhs olunurbu, dünyada universal nizam axtarışının "ibtidai" formasıdır - "axtarıcı"nın mükəmməl obrazı yoxdur… "Xosrov və Şirin"də, "Leyli və Məcnun"da həmin obraz var - bu məhəbbətdən kamilləşmiş, lakin kamilliyin ictimai funksiyası olmayan "epik qəhrəman"dır; "Yeddi gözəl"də isə haqqında bəhs edilən funksiya ancaq potensial şəkildə mövcuddur… "İsgəndərnamə"də epik qəhrəman" dünyada universal nizam axtarışının bilavasitə ifadəsidir…

Qədim türk eposu Nizaminin yaradıcılığı üçün potensiyadırsa, qədim türk ədəbiyyatı təcrübi başlanğıcdır və bunun məhz belə olduğunu görmək üçün Yusif Balasaqunlunun "Kutadqu biliq", Əhməd Yüqnəkinin "Atibətül-həqaiq" və Əhməd Yəsəvinin "Divani-hikmət" əsərlərini Nizami "Xəmsə"si ilə müqayisə etmək kifayətdir. Y.Balasqunlu dünyanı idarə etməyin və dünyada idarə olunmağın müvəffəqiyyətinin "biliyə"ə əsaslandığını deyir, eyni fikri "Atibətül-həqaiq" müəllifi də müdafiə edir. Və Nizamiyə qədərki türk ədəbiyyatı bütün tarixi təkamül məntiqi ilə Nizamiyə gətirib çıxarır - haqqında bəhs olunan "epik qəhrəman"ın müsəlmanlaşması da, əslində, Nizamiyə qədər gedir.

Nizami "Xəmsə"sinin fəlsəfi əsaslarını, əgər belə demək mümkünsə, əl-fərabi (IX-X əsrlər) müəyyən etmişdir. dahi türk şairinin yaratdığı, demək olar ki, bütün poetik obrazların fəlsəfi sxemi dahi türk filosofunda mövcuddur - hökmdarın "qeyri-adi kamilliyi", "ideal idarə sistemi", "etik intellektualizm", "qneseoloji optimizm" və s. məsələlər Nizamiyə əl-fərabidən gəlir. Əgər nəzərə alsaq ki, Nizaminin dönə-dönə müraciət etdiyi antik fəlsəfənin Şərqdə ilk və ən mükəmməl şərhçisi də əl-fərabidir, onda aydın olar ki, dahi türk filosofunun dahi türk şairinə müəllimliyi geniş müqyaslıdır. Əl-fərabi etiraf edirdi ki, insan ağlı "ilahi intellekt"in fəaliyyət sferasına nüfuz etmək imkanına malikdir - bu inqilabi mövqeyi Nizami də müdafiə etmişdir.

Nizami fenomeninin mənşəyi məsələsinin həlli, şübhəsiz, həmin fenomenin konteksti məsələsini aradan qaldırmır - heç kəs inkar etmir ki, Nizami müsəlman şərqinin hadisəsidir… Və "Xəmsə"nin metodologizm"i də təsdiq edir ki, dahi şairin təfəkküründə mənşə ilə sistemin münasibəti funksionaldır, yəni elə məqamlar tapmaq mümkündür ki, yalnız mənşə, yaxud yalnız sistem münasibətini ifadə edir. "Xəmsə"nin poetikasında qədim (ümumi) türk əlaməti genotip kimi, ümumşərq əlaməti isə fövqəltip kimi özünü göstərir - sistem isə genotiplə fövqəltipin mürəkkəb münasibəti əsasında müəyyənləşir.

Beləliklə, N.Gəncəvinin yaradıcılığı XI-XII əsrlər Azərbaycan ədəbiyyatının tarixi xarakterini ifadə edir və həmin ədəbiyyatın təşəkkülü prosesinin məntiqini bütün mükəmməlliyi ilə əks etdirir: Azərbaycan ədəbiyyatı qədim tarixə malik ümumtürk ədəbiyyatının "müsəlmanlaşması", regionallaşması və ümümşərq keyfiyyətləri qazanması nəticəsində təşəkkül tapmışdır - bu isə o deməkdir ki, Azərbaycan ədəbiyyatının genezisi etibarilə müstəqil" - yəni qeyri-türk mənşəli hadisə olması barədəki nöqteyi-nəzərin əsası yoxdur. Və N.Gəncəvi yaradıcılığının əsasında duran etnik mənbələr, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının etnik mənbələrini təşkil edir ki, bunlar da qədim (ümumi) türk səciyyəlidir.

 

Nizami Cəfərov,

 

professor, Azərbaycan MEA-nın müxbir üzvü

 

Ədəbiyyat qəzeti.- 2013.- 23 avqust.- S. 6.