Habildən sonrakı Qabil

             

Bunu mənə hazırda İsraildə yaşayıb-yaradan şair Vaqif Əliyev danışıb. Deməli, ənənəvi ədəbi-bədii gecələrdən birində xalq artisti Habil Əliyev "Habil segahı"nı ifa edir. Və təbii ki, dinləyən hər kəsin ruhunu özündən alıb aparır. Sürəkli alqışlama da ki, öz yerində - bitmir ki, bitmir… Alqış səsləri kəsilər-kəsilməz aparıcı çıxış üçün şair Qabilə söz verir. Qabil müəllim də hövsələsini tribunaya çatanacan saxlaya bilərdimi? Elə yarıyoldaca qayıdır ki: - Habildən sonraQabil?!

Elə o ikicə kəlməlik söz həmin ədəbi-bədii gecənin yaddaş saxlancına dönür. Habildən sonrakı Qabili alqış leysanına bələyir. Qızılın yanına qoyulan qızıl mislində dəyərləndirilir. Habil Habilliyində, ancaq Qabilin də Qabilliyindən doymaq olmur ki, olmur

Özünün yazdıqlarıdı: "Tirdə donuq fiqur da var, hərəkət edən fiqur da. Hərəkət edən fiqurları hər adam düzgün nişan ala bilmir. Çünki bundan ötrü yalnız görmək azdır. fitri, qeyri-adi istedad birinci şərtdi…"

Yaradıcılıqda olduğu kimiQabil məhz həmin o qeyri-adi, fitri istedadın görkü, Qabili idi. Böyük satirik M.Ə.Sabiri qiyaslandırdığı misraları elə eynilə onun özü haqqında dil ucuna gətirmək olar ki, Qabil köhnəliyin vəlvələsiydi, milli idrakımızın zəlzələsiydi…

Bir silsilə görkəmli səhnə ustalarımız var ki, hətta anım günlərində, məzarları başında belə adları çəkiləndə sifətlərə kədər əvəzinə xoş bir təbəssüm qonur; Lütvəli Abdullayev, Əlağa Ağayev, Səyavuş Aslan, Nəsibə Zeynalova və başqaları kimi… Şeir-sənət dünyamızın Qabili məhz bu qəbildən olan böyük sənətkar idi. Onun obrazı göz önündə dirilik, şuxluq, ötkəmlik şəkillənməsi kimi durur.

Dünyadan köçməsinin 2-ci ildönümündə oğlu Mahir, şair dostu Ramiq Muxtar, bir neçə həmsöhbəti ilə bərabər fəxri xiyabandakı məzarı başında ruhunu yad edərkən kədərdən çox həmin xoş duyğularla göz önünə gətirdik Qabil müəllimi. Elə bil canlıydı. Durub bizimlə bərabər ustad Rəsul Rzanın anım gününə gəlmişdi. Həmin anım günlərindən birində hər kəs ustad R.Rzanın fiziki yoxluğundan dərin kədər hissiylə söz açırdı. Qabil müəllimsə gözlənilmədən cavan bir şairin "Park" şerindən söz açdı, onu bolluca təriflədi, təqdir etdi, üstəlik çıxış üçün sözverdi. O məqamda bunu ancaq Qabil müəllim kimi tam azad, ölçü-biçisiz bir sənətkar edə bilərdi…

Gənclik illərimdə həmyerlim Qəşəm Nəcəfzadə ilə sözləşdik ki, Bakıya gedəndə şeirlərimizi şəxsən "Ədəbiyyat və incəsənt" qəzetinin baş redaktoru Nəriman Həsənzadəyə təqdim edək. O da Gəncədə təhsil almışdı, bu baxımdan Nəriman müəllimi özümüzə bir köynək yaxın hesab edirdik. Gəldik qəbuluna. İçəri keçməyə tərəddüd edirdik. Özümüzü toparlayınca kimsə ötkəm addımlarla yanımızdan keçib içəri daxil oldu. Qəşəm ehmalca "şair Qabildi" - dedi.

Xeyli vaxt keçdi. İçəridəki söhbətin uzanması hövsələmizi daraltmışdı. Handan-hana qapı açıldı. Qabil müəllim qapıdan çıxa-çıxa eyni ötkəmliklə "Nöş qapıda gözləyirsiniz" - deyib dəhlizə doğru yeridi

Deyəsən qapı ağzında bunca gözlədiyimizin əsəri güc gəldiyindən arxasınca "Qoyursunuz ki!" - deyə pıçıldadım. Eşidəcəyini gözləmirdim. Ancaq o, dayandı. Eyni ötkəmliklə dönüb qapını açdı. Dərin bir səmimiyyətlə "Nəriman müəllim, sən Allah, bu cavanların ürəyini sevindir, bax gör nə yazıblar" - deyə bizi Nəriman müəllimə təqdim etdi.

Hərdən düşünürəm ki, Qabil müəllimin o qəfil, ötkəm gəlişi olmasaydı, heç biz Nəriman müəllimin qapısını açıb içəri keçməyə özümüzdə təpər tapmayacaqdıq.

Sonralar hər dəfə Qabil müəllimlə üzbəüz gələndə o gözəl təsadüfün şükranlığını yenidən yaşayırdım.

Təbii ki, Qabil fitri, qeyri-adi istedada malik bir şair olmaqla bərabər, özünün də yazdığı kimi "hesablamaq, ölçüb-biçmək, fiziki, riyazi termin, hədəfin hərəkət sürəti, güllənin sürəti, qövsü, trayektoriyası, havanın müqaviməti" və sair nəsnələrin dəqiq məqamlarına yetərincə bələd olan yetkin bir şəxsiyyət idi. Gəlimin də, gedimin də sərhəd ölçülərinin haracanlığını yaxşı bilirdi. Məhəmməd Hadinin ruhu ruhuna əyan olanlardan, cahanın zindan olmasına Hadinin gözləriylə boylana bilməyən xoşbəxtlərindən idi. Bu lütlər-bütlər dünyasında hər kəsin üryanlığı könlünün qübarıydı. Hər bir rəssamdan, şəkilçidən daha yaxşısını özü öz əlləriylə yazıb qoymuşdu qənşərimizə:

 

Gözüm oynaq, xəyalım quş,

Saçım çal, saqqalım çaldı.

Vücüdum, ruhum ancaq ki,

Cavan oğlandı əslində…

 

Hər dəfə Qabilin bu misralarını oxuyanda xalq şairi Sabir Rüstəmxanlının 60 illik yubiley mərasimi şadyanalığında yaşanan unudulmaz bir səhnə gözlərin önünə gəlir. Deməli, mərasim sonu layiqli bir süfrə məclisi düzənləndi. Meydan çal-çağıra verildi.

Lap başdan Qabil müəllimin sifarişi oldu ki, "Çaxı çax, çaxmağı çax, çırağı yandırmamışam" mahnısı ifa edilsin, Sabir bəylə özüm oynayacam!"

Deyilən musiqi çalındı. Qabil müəllim Sabir bəyi ortaya dəvət etdi. Cavan yazarlardan bir neçəsi onları meydanda tək qoymamaq üçün, ehtiram əlaməti olaraq təklifsiz-filansız hər iki sənətkarı oraya alıb oyuna qoşulmaq istədilər. Elə bu zaman Qabil müəllim sərt şəkildə oyunu dayandırdı. Heç kəsin gözləmədiyi halda "nöş qoymursunuz oynamağımızı oynayaq?" - deyə etirazını etdi. Ani anlaşılmazlıqdan sonra gənclər öz yerlərinə çəkildilər. Rəqs bundan sonra davam etdi. İkisi oynayırdı. Ancaq indinin özündə də mən hesab edirəm ki, o, oyundan daha çox uzun ömür yaşamış iki istedadlı insanın, iki vətəndaşın, şairin vaxtbaxt hücrəsinə çəkilərək ömrə verilən hesabatdı. Məhz öz gizli, özlərinə məxsus dünyanın hesabatı. Özünün yazdıqlarıdı:

 

Ölüm xofu mənə aşkar,

Ölüm vəhmində sonsuzluq

Ölüm bir andı əslində!

 

Bilirdi belə olduğunu. Ən çox qorxduğu, xoflandığı ölüm deyilən qaçılmazlıq idi. Ancaq ən çox ehtiyat etdiyi, qorxduğu da uzunçuluğuydu. Görən gözü yox idi qarayaxaları, sözü saqqız kimi çeynəyənlərin, bivec yaşamağın qənimiydi. Bu xüsusda nə düşünürdüsə eləcə də yazırdı:

 

Yığışdır əl-ayağını,

Bu söz, bu söhbətin, Qabil!

Uzatma mətləbi bunca,

Sənə nöqsandı əslində…

 

Dediyi kimietdi, bu dünyayla haqq-hesabını çox da uzatmadı. Vaxtında, qədir-qiymətincə çəkib getməyi bacardı. O biri dünyadan bu dünyamıza ağayana məktublarını yazıb göndərmək səlahiyyətini, göz önündə "şux, gözü oynaq, xəyalı quş, vücudu, ruhu cavan" qalmaq səlahiyyətini özündə saxlayaraq getdi. Yenə də gözlərim önündədi, ənənəvi Sabir günlərinin birində Balaxanıda, Sabirin dərs dediyi məkana ziyarət edəsi bir dəstə yazar avtobuslarda əyləşib səbirsizliklə hərəkət anını gözləyirdi. Səlahiyyət sahibi olan Qabil müəllim özünəməxsus tələskənliklə tez-tez saata baxır, var-gəl edir, yolu gözlənilən kəsin yubanmasından dolayı narahatlıq keçirirdi. Yolu gözlənilən adam insafsızcasına gəlib çıxmır, yubanırdı. Vaxt keçirdi. Qabil müəllimsə gözləməyə israrlı idi. Sonacan gözlətdi də!

Həmin andan o, eynən öz yazdığının şəkli kimi görünürdü; gözü oynaq, xəyalı quş, saçı-saqqalı çal, ruhu cavan. Elə bil məhz həmin anda yazmışdı: "Mən səni sevəndən qorxaq olmuşam…"

Bu, o idi - sərt, ötkəm… və vəfalı Qabil müəllim…

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2013.- 23 avqust.- S. 7.