Sadəliyin
şeriyyəti
Ədəbi aləmdə hamı onu sadə, səmimi bir insan kimi tanıyırdı. O, cavanlarla da, orta nəsillə də, öz yaşıdları olan və artıq ağsaqqallıq sərhədinə çatan yaşlı dostlarıyla da ünsiyyət qurmağı bacarırdı. Özü deyirdi ki, Moskvada, Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil alanda, müxtəlif millətlərdən olan tələbələrlə dostluq edirdim. Onlardan biri də Yevgeni Yevtuşenko idi. Deyirdi ki, o illərdə (1953-1957) biz azərbaycanlı tələbələr tez-tez Moskvada yaşayan böyük şair Nazim Hikmətin yanına gedərdik. Dəfələrlə Nazimin evində olmuşam, o da Bakıya gələndə bizim evin qonağı olub.
Ramiz Heydər Bakıda, müəllim ailəsində anadan olmuşdu. Anası Rübabə xanım onun müəllimi olmuşdu. 16 yaşında, məktəbli ikən «Pioner» jurnalında ilk şeri dərc edildi. Orta məktəbi bitirən kimi (1951) arzularının arxasınca getdi, APİ-nin dil və ədəbiyyat fakültəsinə daxil oldu, ancaq bir ildən sonra təhsilini Moskvada, Dünya Ədəbiyyatı İnstitutunda davam etdirdi. Onun iş yerləri də istedadına və bacarığına görə müəyyənləşirdi: «Kommunist» qəzeti redaksiyasında ədəbi işçi, Radio və Televiziya Verilişləri Şirkətində redaktor, Mədəniyyət Nazirliyində - teatr və konsert müəssisələri idarəsində böyük redaktor, MEA-da - Memarlıq və İncəsənət İnstitutunda baş elmi işçi (o, sənətşünaslıq namizədi idi)…
O, ədəbi nəsil etibarilə «əllincilər»ə aiddir. Müharibədən sonra - qırxıncı illərin sonlarında, əllinci illərin əvvəllərində ədəbiyyata yeni bir nəsil gəldi. Məmməd Araz, Əli Kərim, Cabir Novruz, Nəriman Həsənzadə, Xəlil Rza, Rüfət Zəbioğlu, Atif Zeynallı bu nəsildən olan cavan şairlər idi, onlar ustad şairlər qarşısında çəkinə-çəkinə, sıxıla-sıxıla poeziya imtahanı verdilər və bu imtahandan uğurla çıxdılar. Uşaqlığı və ilk gəncliyi maddi və mənəvi məhrumiyyətlər içində keçən bu nəsil xoşbəxtliyini poeziyada tapdı. Ramiz Heydər də həmin nəslin nümayəndəsi idi və şair xoşbəxtliyi onun da taleyinə, qismətinə yazıldı.
Ramiz Heydər «Həyəcan», «Mən Bakı küləyiyəm», «Oğlumla söhbət», «Ayrılma məndən», «Mənim sevgi dünyam», «Bir əsrin insanları», «Bir ovuc günəş», «Ömrümün laylası», «Əgər sevgim olmasa», «İlhamlı gələcək» («Qaradağ simfoniyası»), «Mən-Bakı neftçisiyəm» şeirlər-poemalar kitablarının müəllifidir. Hərçənd o, bir dramaturq kimi də fəaliyyət göstərib: «Zəng səsləri», «Bu ev kimin evidir», «Bahar qız», «Cırtdan kosmosa uçur», «Sınaq pillələri», «Paralelimin nəbzi», «Günəş küləyi», «Qızıl toy», «Şəngülüm, Şüngülüm, Məngülüm» pyeslərini qələmə alıb və bu əsərlər müxtəlif teatrlarda uğurla tamaşaya qoyulub. Ancaq Ramiz Heydəri ədəbi ictimaiyyət, çoxsaylı oxucular bir şair kimi tanıyırlar.
Ramiz Heydərin şeirləri, poemaları bir neçə əsas mövzunu əhatə edir. Təbii ki, o da müasirləri olan şairlər kimi ənənəvi mövzulara üz tutub: Azərbaycanın - Vətənin tərənnümü, Arazlı şeirlər, təbiət mövzusunda olan şeirlər, sevgi lirikası, fəhlə həyatı…Bundan başqa lirik «mən»in ifadəsi olan şeirlər (dünya, həyat, cəmiyyət haqqında düşüncələr) də az deyil. Bu mövzular içində fəhlə həyatı, konkret desək, Bakı neftçilərinə, onların şərəfli əməyinə həsr olunan şeirlər, poemalar mühüm yer tutur. O, fəhləni - əməyiylə xariqələr yaradan insanı şeirlərinin baş qəhrəmanına çevirmişdi. Yazırdı ki:
fəhlə əməyidir ən böyük meyar,
Böyüklük, kiçiklik burda ölçülür.
Kim zəhmət çəkirsə-külli ixtiyar,
Kim boş dolanırsa, gözdə kiçilir.
Dolan, gəz Vətənin hər guşəsini,
Görərsən hər fəhlə bir qəhrəman, ər.
Hər kəs öz işinin, öz peşəsinin
Şərəfli fəhləsi deyilmi məgər?
Bir ölçü, bir meyar qoy olsun vicdan,
Axsın ürəklərə, axsın nur, ziya.
fəhlə əməyilə qoyulsun vicdan
Daima müqəddəs daş-tərəziyə.
Ramiz Heydərin «Mən Bakı neftçisiyəm» kitabı başdan-başa neftçiləri vəsf edir. Xalq şairi Nəriman Həsənzadə həmin kitaba yazdığı müqəddimədə deyir: «R.Heydər həmişə Azərbaycan neftçilərinin həyatı ilə yaxından maraqlanmış, müxtəlif illərdə onların haqqında bir sıra sanballı şeirlər, poemalar yazmışdır. Neft mövzusunda ayrı-ayrı vaxtlarda müəllif tərəfindən müxtəlif şeirlərdən bir çoxuna bəstəkarlar tərəfindən mahnılar bəstələnmişdir. Hazırda kitabda oxuculara təqdim olunan şeirlərin bir çoxu ünvanlı şeirlərdir-ayrı-ayrı şəxslərə, neftçilərə həsr olunub, onların həyatından, fəaliyyətindən bəhs edir. Bu qəhrəmanların hər birinin özünə məxsus xüsusiyyəti, həyat tərzi, obrazı var, biri digərindən tamam fərqlənir. Hər bir şeir konkret bir fakta əsaslanır, məhz təsvir olunan qəhrəmanın məziyyətləri üzə çıxarılır, əlvan boyalarla təsvir olunur».
Kimdir bu qəhrəmanlar? Neft sənayesinin görkəmli xadimi Süleyman Vəzirov,Sosialist Əməyi Qəhrəmanı, Sibir neftini kəşf edən fərman Salmanov, neft sahəsinin böyük mütəxəssisi Xoşbəxt Yusifzadə, Azərbaycan neft sənayesinin inkişafında misilsiz xidmətləri olan, «Neft daşları»nın ilk kəşfiyyatçısı, iki dəfə Dövlət mükafatı laureatı Yusif Səfərov, Sosialist Əməyi Qəhrəmanı Bəxtiyar Məmmədov, akademik Azad Mirzəcanzadə. Neft Akademiyasının professoru Arif Məmmədzadə, dəniz neft ustası Kamran Əmirov və s. Bu şəxsiyyətlərin hər biri Azərbaycan neftinin fədaisi olmuşdur. «Xəzərin neft fatehi» - böyük bir poemadır və bu poema Yusif Səfərovun anadan olmasının 100 illiyi münasibətilə qələmə alınmışdır. Yusif Səfərov (1907-1963) praktiki əməyi və elmi tədqiqatları ilə dəniz neft yataqlarının kəşf edilib mənimsənilməsində böyük işlər görmüş bir insan idi. Poemada bu insanın - qəhrəmanın keçdiyi ömür yolu səhifə-səhifə varaqlanır, onun heç bir çətinlikdən qorxmayaraq bütün maneələri dəf edib əmək və şöhrət zirvəsinə qalxması təsvir olunur. Lakin müəllif bu obrazı işləyərkən daha çox bədii ştrixlərə, müqayisələrə yer vermişdir. Bakı-Yusif, Neft daşları-Yusif, Xəzər-Yusif paralelləri poemada əhəmiyyətli yer tutur:
Dənizə
can atdın sən, daim elə dənizə,
Dəniz ilə dayandın elə hər vaxt üz-üzə.
Dəniz
sənin doğmandı, dəniz sənin anandı,
Taleyində, bəxtində bir ləkəsiz aynandı.
Elə
Neft daşlarında bitirdin sən günləri,
Dalğalarla birbəbir saydın ötən illəri.
Nə
dağa yolun düşdü, nə də, nə də arana,
Bağladın sən ömrünü dəniz
dalğalarına.
Hər
arzun da burdaydı, diləyin də burdaydı,
Yatmağın da burdaydı, yeməyin də burdaydı.
Burda
ayrı düşmüşdün sən sərin bulaqlardan,
Burda ayrı düşmüşdün o səfalı
dağlardan.
Ramiz Heydər həyatı, insanları kitablardan deyil, elə
həyatın özündən, insanlardan öyrənirdi. Belə ki, o, «Qaradağ
simfoniyası» poemasını yazmaq üçün bir
neçə il Qaradağda, dəniz
sahilində yaşamış, dəniz neft buruqlarında
olmuş, neftçilərlə ünsiyyət
bağlamış, onların həyatı və məişəti
ilə yaxından maraqlanmışdır. R.Heydərin
«Dalğalar qoynunda ucalan məzar» poeması (əsər
Bayıl neft mədənlərində çalışan
polşalı mühəndis Pavel Pototskiyə həsr olunub),
«Neft - Vətənin sabahı», «Sahil ayağa qalxıb»,
«Amerikaya axır neftim», «Qocaman neftçi», «Dalğalar
qoynundayıq», «Bir batan buruğun dərdi, məlalı», «Mən
Xəzərdə şəhər gördüm», «Növbədən
qayıdır fəhlələr», «Bakı buruqları Sibirə
gəlib», «Bakının ən böyük buruğu», «Sən
neft havasıyla nəfəs alırsan» və s.onlarla şeirləri
neftçilərin həyatına, onların romantik aləminə
həsr olunub.
Əlbəttə, Ramiz Heydərin bu mövzuda xeyli
şeirlər, poemalar yazması səbəbsiz deyildi. O,uşaqlıqdan
fəhlə əməyinə, neftçilərin həyatına
maraq göstərmiş, neftçi olan əmisi ilə mədənlərə
getmiş, onların nə işlər görməsiylə
maraqlanmış və beləliklə, gələcək
yazılarının əsası qoyulmuşdur.
Ramiz Heydər
Bakıda doğulmuşdu və uşaqlıq
çağlarında bir müddət Astarada yaşamasına
baxmayaraq, bütün həyatı Bakı ilə bağlı
olmuşdur.Bakının da özünün gözəl təbiəti
var: dəniz, yaşıllıqlar, gözəl parklar, əncir,
üzüm, zeytun bağları və s. Amma Bakıda dağ
yoxdur, meşə yoxdur. Ramiz Heydər isə öz şeirlərində
dağları, meşələri, ağacları tərənnüm
edirdi. Beləliklə, sübut edirdi ki, dağların qoynunda
dünyaya gəlmədən də, uşaqlıqda meşələri,
çölləri, çəmənləri gəzib-dolaşmadan
da təbiətə gözəl şeirlər həsr etmək
olar.
Ulduzlar
doğulur dağlar başında,
Dağlar
elə bil ki, ulduz yaradır.
Cilvələnən
göylər parlayır par-par,
İşıqlanan yollar, küçələr mənim.
Dağlarda
doğulan zərli ulduzlar
Səpilir yuxuma gecələr mənim.
R.Heydərin dağlarla bağlı onlarla şeri var və o şeirlərin hər birini oxuduqda fikirləşirsən ki, bu adam dağları ki, bu qədər sevir, elə dağlarda doğulub. Özü də bu şeirlərin bir məziyyətini də nəzərə çarpdırmaq istəyirəm: R.Heydərin təbiət şeirlərində insan-təbiət vəhdəti daha ön plandadır. Yəni şair təbiətdə insanı, onun niyyət və arzularını görür, insanı da təbii olmağa səsləyirdi. Təbiət həm də insanda gözəl hisslər, kövrək duyğular oyadır:
Köksümdəki duyğular coşqun dağ sellərimi,
Unutmaq mümkünmü heç uşaqlıq illərimi?
Elə bil ki, şövq ilə uzadıb əllərimi
Ötüb keçən günləri saxlamaq istəyirəm,
Çinarları görəndə ağlamaq istəyirəm.
Qəlbim uçunub gedir, olur kövrəkdən kövrək,
Varlığım, təbiətim olur ipəkdən ipək.
Budaqlardan asılır köksümdən qopan ürək,
Ötən günlərdən qalan bir yarpaq istəyirəm,
Çinarları görəndə ağlamaq istəyirəm.
Ramiz Heydər şeirlərinin birində yazırdı ki: «Mən analı şairəm». Bu da səbəbsiz deyildi. Onun anasına və ümumiyyətlə, analara həsr etdiyi şeirlər ayrıca bir silsilə təşkil edir. O, anası Rübabə xanımı hədsiz dərəcədə sevirdi. Anasının ölümü ona onlarla şeirlər yazdırdı. Deyə bilərəm ki, Ramiz Heydərin analı şeirləri son otuz-qırx ildə analara həsr olunan şeirlər içərisində seçilir, fərqlənir:
Nə qədər arzusu, muradı vardı,
Yetim arzuları indi çin olub.
Anamı
ay çəkdi, ulduz apardı,-
O göylərə
uçan göyərçin olub.
Anacan,
darıxır bahar da sənsiz
Əbədi
yuxuya sən uyumusan.
Bir qəriblik
duyur divar da sənsiz-
Sanki saatı da yetim qoymusan.
Azərbaycan poeziyasında ərsəyə gələn
sevgi şeirlərinin əksəriyyəti hicran motivləri
üstündə qurulub. Dahi füzulidən üzü bəri haqq
aşiqləri - gözəllik aşiqləri hicran atəşilə
yanıb-qovrulmuş, üzünü Tanrıya tutub «Ya rəbb,
bəlayi-eşq ilə qıl aşina məni» söyləmişlər.
Ramiz Heydərin gənclik illərində
yazdığı sevgi şeirlərində də hicrandan,
ayrılıqdan qorxular, giley-güzarlar diqqəti cəlb edir,
amma sonrakı illərdə motiv dəyişir, hicranı
vüsaldan doğan xoşbəxtlik duyğuları əvəz
edir. Burda da deyə bilərəm ki,
poeziyamızda vüsaldan yaranan sevginin ən ilhamlı tərənnümçülərindən
biri Ramiz Heydərdir. «Əgər sevgim
olmasa» şeirlər kitabı başdan-ayağa sevgi
lirikasından və şairin həyat yoldaşına - evlənmələrinin
50 illiyilə əlaqədar qələmə aldığı
iki poemadan ibarətdir. Xalq şairi Nəriman Həsənzadə
həmin kitaba yazdığı müqəddimədə qeyd
edir ki: «Şair dostumun poetik sevgi aləmi necə də
geniş və mənalıdır…İlahidən hər kəsə
bir ömür bəxş olunub. Əgər bu
ömür sevdalı keçirsə, əlvan duyğularla zənginləşirsə,
demək mənalıdır, şairin belə bir ömürlə
qürrələnməyə haqqı var.Bu şeirlərin
çoxu da onun həyat yoldaşı Tamilla xanımla
bağlıdır».
İstər
sevgi şeri olsun, istər fəhlə həyatını,
neftçilərin dünyasını təsvir edən
şeirlər, istər analı şeirlər, istərsə də
ictimai mövzuda yazılanlar… Ramiz Heydərin
şeirləri öz sadəliyi, səlisliyi ilə diqqəti
cəlb edir, bu şeirləri çox zaman bir musiqi ahəngi,
ritm və melodiya müşayiət edir ki, bunlar da həmin
şeirlərin öz içindədir. Elə
bu səbəbdəndir ki, Ramiz Heydərin şeirlərinə
200-dən çox mahnı bəstələnib. Emin
Sabitoğlu, Elza İbrahimova, Oqtay Kazımi kimi
tanınmış bəstəkarlar Ramiz Heydərin sevgidən,
insan məhəbbətindən yoğrulan şeirlərinə
biganə qalmayıblar. Özü də bu
mahnıların bir çoxu ilk oxunuşdan bu günə kimi
səslənməkdədir və onların bundan sonra da
yaşayacağına heç bir şübhə yoxdur.
«Mənim yaşıdım qızlar», «Ayrılma məndən»,
«İnanmaram», «Özümdən küsürəm»,
«Yaşadaq sevgini» və s. mahnıları Mirzə Babayev,
Şövkət Ələkbərova kimi ustad müğənnilər
oxuyublar, indi onları cavanlar oxuyur.
«Bülbüllər nəğməsiylə, Çaylar
zümzüməsiylə, Deyir, deyir, deyir, deyir Ayrılma məndən».
«O
gözlərdən küsərəmmi? Ayrılığa
dözərəmmi? Yarın həsrətinə
dözərəm hər vaxt, Durub yollarında gözlərəm
hər vaxt».
Əlbəttə, bir yazıda altmış il ədəbi yaradıcılıqla məşğul olan, bütün varlığı ilə öz doğma xalqına, bu xalqın yaratdığı mənəvi sərvətlərə, şeir dünyasına bağlı bir şairin bütün əsərləri barədə söz açmaq mümkün deyil. Biz onun 30-a yaxın irili-xırdalı poemalarından, böyük Səməd Vurğuna həsr etdiyi şeirlər silsiləsindən, sözlə, şeirlə, yaradıcılığın məsuliyyəti ilə bağlı şeirlərindən söz açmadıq.
Və sonda: Ramiz Heydər Vətənini - Azərbaycanını ürəkdən sevirdi. Bu sevgini ifadə edən misralarla sözümüzü bitiririk:
Vətən - mənəm, vətən - sənsən,
vətən - bizik…
Azərbaycan!
Səninlədir ürəyim də, taleyim də, varlığım da,
Yaşayıram qoynunda mən,
sənsə bütün varlığımda.
Vaqif
YUSİfLİ
Ədəbiyyat qəzeti.- 2013.- 23
avqust.- S. 7; 8.