"Vətən unudulmur, vətən unutmur…"

 

Müsahibimiz İsraildə yaşayıb-yaradan şair Vaqif Əliyevdir

                           

- Vaqif müəllim, ilk müsahibsiniz ki, sizinlə belə açıq havada, gənclik illərinizdə, necə deyərlər, eninə-boyuna gəzib-dolaşıdığınız məşhur sahil parkında söhbətləşirik. Belə baxanda görürəm ki, doğma vətənin müstəqil yaşamına, hər addımbaşı hiss olunan inkişafa, ümumiyyətlə, yaxşılığa doğru hərəkətdə olanvarsa, hamısına görkəmli türk şairi Kamələddin Kamunun dililə desəm, könlünüzü yayla yapan insanlardansınız.

- Açığını deyim ki, qısa vaxt ərzində doğma, unudulmaz Azərbaycanı, xüsusilə Bakı şəhərini bu qədər sürətlə inkişaf edən, müasirləşən görüb çox böyük qürur hissi keçirdim. Lap möcüzəyə bənzəyir; nağıllarda balıqçı sehrli balıqdan abad, büllur saray istəyir və bir göz qırpımında istəyi hasil olur. Həmin o büllur sarayın real təcəssümünü, var olmasını görürəm mən doğma Bakımızın müasirləşən, gözəlləşən simasında. Yaxşı oldu ki, biz burada görüşəsi olduq və mən həm gənclik xatirələrimə döndüm, həm də buradakı təqdirəlayiq inkişafı görə bildim. Bilirsinizmi, ümumiyyətlə, mən Azərbaycan təbiətindən, Azərbaycan insanından heç vaxt doymamışam. Suyundan çörəyinə, havasına qədər bənzərsiz bir diyardı bura: insanları sədaqətli, açıq ürəkli, mərd. Lap təbiətin özü kimi. Mən buradakı auranı həmişə çox sevmişəm. Düz on bir ildir ki, ailəmlə bərabər İsrailin Təl-Əviv şəhərinə köçmüşəm. Ancaq bircə gün olmayıb ki, mən gözəlimiz Azərbaycansız yaşayım - mavi Xəzərin neft ətirli havasını həmişə burnumda hiss etməmiş olum. Hələ İsmayıllı rayonu, bənzərsiz Basqal kəndi… Mən o kənddə 1947-ci ildə dünyaya göz açmışam. Orada böyümüşəm. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib iqtisadçı kimi əmək fəaliyyətinə başladığım ilk gündən etibarən bu xalqa, bu torpağa vəfalı olmuşam. Müxtəlif illərdə rəhbər vəzifələrdə işlədim, pulum, evim-eşiyim, maşınım oldu, ancaq bircə dəfə də olsun kiməsə yuxarıdan aşağı baxdığım olmadı, kiməsə paxıllıq etmədim, kiminsə yolunda kötüyə dönmədim. Ən sadə, zəhmətkeş insanlarla bir arada daşıdım ömrümü. Sevinclərini sevincim, kədərlərini kədərim bildim. Əldə etdiyim hər şey üçün ədəbiyyata, şerə-sənətə minnətdaram. Məhz ədəbiyyat məni həyata könlü-gözü tox, sədaqətli hazırladı. Qürurum, insanlara xoş münasibətim ədəbiyyatdan gəlir. Bizim yaş nəslinə mənsub olanlar bir növ ədəbiyyatın övladları kimidi, ədəbiyyatın təlqin etdiyi, ortaya qoyduğu pak dünyadan gəlir. O gözəl dünya düşünə bilənlərin dünyasıdı, xalqları, millətləri sülh, əmin-amanlıq çevrəsində görmək dünyasıdı. Dünya xalqları arasında Azərbaycan xalqı qədər istiqanlı, mehriban, dostcanlı, vəfalı xalq yoxdur - desəm, mübaliğə olmaz. Bu təbiət onun ədəbiyyata, xüsusən də poeziyaya olan marağından, sevgisindən gəlir. Bu gün dünyanın ən müxtəlif ölkələrinə yayılan İsrail övladları heç yerdə özlərini Azərbaycanda olduğu kimi rahat, qayğıyla əhatə olunmuş görə bilməzlər. Burda vəfa, etibar çox önəmlidir. Təbii ki, ədəbiyyat da hər şeydən əvvəl məhz bu dəyərləri tərənnüm edir. Xalq yazıçısı Anar, xalq şairi fikrət Qoca bir neçə il bundan əvvəl İsraildə dağ yəhudiləri ilə görüşəndə də bu barədə söz açdılar. Onların İsrailə gəlişi çox əziz idi. Elə bil özlərilə bütöv Azərbaycan torpağını, onun unudulmaz ətrini gətirmişdilər. Həmin görüş zamanı Təl-Əvivdə Azərbaycan Yazıçılar Birliyinin bölməsi təsis olundu. Mənim üçün çox xoşdu ki, həm İsrail, həm də Azərbaycan Yazıçılar birliklərinin üzvüyəm. Şeirlərim hər iki ölkədə oxunur.

- Görürəm ki, Azərbaycan ədəbiyyatına, buradakı ədəbi mühitə kifayət qədər bələdsiniz…

- Tələbəlik illərim Bakıda keçib. Həmin illərdə mən rəhmətlik Tofiq Bayramla, o zaman ilk şeirlərini çap etdirən Seyran Səxavətlə çox yaxın idim, tez-tez görüşər, ədəbi müzakirələrdə bir yerdə olardıq. Sonra elə gətirdi ki, mən bir müddət doğulub boya-başa yetdiyim İsmayıllıda məsul vəzifələrdə çalışdım. İstehsalat sahəsi yaradıcılığımı arxa plana keçirdi. Nə yaxşı ki, o zaman Musa Yaqub İsmayıllıda yaşayırdı. İmkan düşən kimi görüşürdük. Onunla olan söhbətlərim məni yenidən şerə-sənətə kökləyirdi. Musanın "Şəlalə" adlı bir şeri var, oxuduğumdan bəri heç unutduğum olmadı. Eləcə də "Öyrətmə özünü, öyrətmə mənə" şeri. O şeirdəki "Yaman qəribədi dünyanın işi; heç vaxt yollarında dayanmadığım, heç həndəvərində dolanmadığın gəlib birdən sənə nə şirin olur" fikri necə də həyati və qaçılmazdı. Hərdən elə bilirəm o şeir mənim dilimdən yazılıb: "Bala anasına qovuşan kimi, leylək yuvasına yovuşan kimi, arı gül-çiçəyə uyuşan kimi eh, mən də adama tez yovuşanam, sevgi atəşində tez alışanam…"

- Sevgi atəşinin qətliamı o tərəflərdə hansı havanı çalır?

- Hayıf ki, ömür keçdiİndi o illərdən mənə bənövşə ətirli, bənövşə xətirli xatirələr qalıb… Bu barədə şerimvar

- Oxumuşam, Basqalın ətri gəlir o şeirdən.

- Bilirsənmi, indi o bənzərsiz kəndlə bağlı xatirələrim ömrüm içindəki ömür kimidi. Hər dəfə Azərbaycana gəlişimdə mütləq baş çəkirəm. Ot-ələf uzanıb, lap meşə kimiTam bir yetimlik, kimsəsizlik havası hökm sürür. Ancaq səliqə-sahman yaratmağa da adamın əli gəlmir. Boyu boyumdan uca olan o ot-ələf doğma həyət-bacanın mənsiz günlərinin abidəsi kimidi. Onların səfini pozmağa qıymıram.

- Dediyiniz otun-ələfin içində gözləriniz təbii ki, ilk olaraq boynu bükük bənövşəni arayır…

- Demə, demə… Mənim o bənövşəyə deyiləsi o qədər sözlərim var ki... Dizimi qoyub elə bitdiyi yerdəcə qoxlamaq, şeh düşmüş ləçəyini tutiyə kimi dodaqlarıma sıxmaq necə də keçir könlümdən. Uzaq Təl-Əvivdən də, budey, elə Bakının özündən də mən həmin o bənövşəyə boylanırmış kimiyəm. Mahnıda deyildiyi kimi: "Kaş əlim sənə çata, kaş ünüm sənə yetə…" Ancaq necə? Vaxtmı var? Hər şeyi qayğılar alıb apardı. Çox kasıb ailədə böyümüşəm. Ta uşaqlıqdan əlimi sənətə öyrətmişəm - toxuma, rəngləmə işləri ata-baba sənətimizdi. Öz çörəyimi həmişə özüm qazanmışam - halallıqla, nuşcanlıqla.

Dünyanın çox ölkələrində olmuşam. Ancaq Basqalda bənövşənin bitdiyi o kol dibini heç vaxt unutduğum olmayıb.

- Təl-Əvivin ədəbi həyatı hansı havadadı?

- Təbii ki, dostluq, qardaşlıq, səmimiyyət havasında. İsrail Yazıçılar Birliyi elə bil Azərbaycan həyatının bir parçasıdı. Azərbaycandan köçüb getmiş dağ yəhudilərini bir araya gətirir. Azərbaycan-İsrail Mədəniyyət Mərkəzinin (Aziz) direktoru Yeganə xanım Salmanovanın zəhmətini xüsusi olaraq qeyd etmək istəyirəm. Sağ olsun, həmişə diqqət göstərir. Orada yaşayıb-yaradan şairlərin şeirlərindən ibarət poeziya toplusunun nəşr olunması da məhz Yeganə xanımın zəhmətinin bəhrəsidi. Bu cəmiyyət İsraildə Azərbaycan havasının yaşadılmasına bolluca xidmət edir. İsrail Yazıçılar Birliyinin sədri Eldar Kurçumovun fəaliyyətini çox səmərəli hesab edirəm. Tez-tez Simax Şeyda ilə zəngləşir, hal-əhval tutur, azərbaycanlı dostlarımızdan söz açırıq. Ömür bir növ xatirələr qoynunda üzən qayığa bənzəyir. Könlümüzün-gözümüzün səmti Azərbaycana tuşdu. Günəbaxanlar kimiyik - günəşimiz Azərbaycandır. Bizi Azərbaycana əbədi sevgi hissləri bağlayır.

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2013.- 23 avqust.- S. 8.