Sevimli nəğmələr                     

 

Üstü yasəmən şəkilli göy cildli kitab - «Şeirlər». Biz onu gözəl bir aləmin qapısı kimi açırıq. Bu kitab ağıllı məsləhətləri, gözəl əsərləri ilə biz gənc yazıçılara müəllimlik edən sevimli şairimiz Əhməd Cəmilindir. Kitabdakı əsərlərin çoxu yeni deyildir. Lakin biz onları oxuyanda qəlbimizdə təzə duyğular baş qaldırır. Əzbər bildiyimiz bu lirik nəğmələri nə üçünsə sevinclə bir oxuyanda, hər gün açılan səhərin, doğan günəşin ömrümüz boyu gözümüzü yormadığı yadımıza düşür. Bu şeirlərdə gurultu yerinə insan səsi, parıltı yerinə ürəyi qızdıran bir hərarət vardır. Onlarda xılt, yerinə düşməmiş kəlmə tapmaq çətindir.

Əhməd Cəmil bu cəhətdən bizim ədəbiyyatımızda nadir sənətkardır. Yağışdan sonrakı bahar havası kimi şəffaf, ətirli şeirlər müəllifi olan şairin kəmiyyətcə az yazmasının səbəbi də budur.

 

Gülür günəş, gülür çəmən,

Açır bənövşə, yasəmən.

Pıçıldayır axan sular:

- Baharın özgə hüsnü var,

Vurulmuşam bahara mən...

 

Bir-birini ötməyə tələsirmiş kimi, axan bu sözlərin düzülüşünə, axıcılığına heyran qalmamaq olarmı? «Kənddə bahar axşamına» yersiz gur işıq salınmadığı üçün bütün rənglər öz yerində qalmışdır. Burada heç bir qeyri-təbii boya yoxdur. Təsvir olunan közəllik də vəziyyətdən asılı olaraq bir qədər pərişan və dalğın verilmişdir. Burada «Sıra dağların fikrə cumması, ağacların duvaq örtmüş gəlin kimi durması, uçan durnanın, sönən qürubun nağılları andırması» xəyala qərq olmuş bir şair qəlbinin incə müşahidələridir.

Bu şeirlərdə hər şey birdən-birə açıq deyilmir. Şair götürdüyü mənzərəni, insanı pis valideyn övladını tərifləyən kimi tərifləmir, əksinə, doğma balasının hüsnünə, kamalına inandığı və onun səhv edəcəyindən qorxmadığı üçün övladını olduğu kimi bizə təqdim edir, özü çəkilib kənarda durur, övlad danışır, ona qiyməti biz veririk.

Kitabda müxtəlif vaxtlarda (1931-1957), müxtəlif mövzularda, müxtəlif formalarda yazılmış əsərlər vardır. Hamısının eyni səviyyədə olduğunu demək düz olmazdı. Lakin hamısı səmimidir. Onlarda sakit-sakit, lakin daima yanan bir alov, romantik bir işıqda görünən mənzərə, utancaq bir gözəllik vardır.

...Bax, könlüm bir sazdır

istəyirsən al.

Ya onu mehriban ruhunla dindir,

Ya da istəyirsən

Daşdan-daşa çal,

Nə deyim? Özün bil!

Könlüm sənindir!

 

Burda həm sevən, həm qayğı çəkən, həm məhəbbət üçün hər çətinliyə dözən, həm inanan, bütün telləri səmimi hisslərdən ibarət olan bir könül sazının bəmini və zilini eşidirik. Bu çoxtelli ürək sazı illər keçdikcə daha ucadan, daha inamla, heç bir xaric xal vurmadan səslənir.

Əhməd Cəmilin «Can nənə, bir nağıl de», «Nişan üzüyü», «Qaçqınlar», «Məni yada salırmı?» və bir sıra gözəl əsərləri əsgərlərimizlə Berlinədək getmiş, bəzən təsəlli, bəzən güc vermiş, gah güldürmüş, gah ağlatmışdır. Müharibənin dəhşətləri əleyhinə yazılmış bu əsərlər adamı sözün əsl mənasında sarsıdır. Onların haqqında hələ çox yazılmalı, onların təsir .qüvvəsinin sirri daha dərindən açılmalıdır. Bu şeirlər həcmcə kiçikdirlər. Lakin onların hər biri əhatə dairəsi və təsir qüvvəsi etibarilə poemadır. Onları sürətlə oxuyub qurtarsan da hadisələrin ardı zehnində davam edir, sözaltı mənalar aydınlaşdıqca obrazların yeni cəhətləri açılır, şeir uzanıb poemaya dönür. Həmişə sənət əsəri belədir: epiloq ona son yox, bəlkə də ikinci bir başlanğıc olur. Müasir poeziyamızda süjetli və predmetli şerin gözəl nümunələrini yaratmış Əhməd Cəmilin «Nişan üzüyü» əsərini diqqətlə nəzərdən keçirsək, onun həssas novator, zəngin dilimizin xəzinədarı olduğunu görərik. Əsərdə bütün sözlər öz yerində, öz vəzifəsindədir; onların işsizi yoxdur.

 

Susma, qatil, danış bir-bir

həqiqəti gəl, indi,

Söylə, hansı nişanlı qız, hansı

bədbəxt gəlindi.

Bir üzükçün qılıncınla barmağını

üzdüyün?

O ellərin nakam qızı yaşayırmı

de bu gün?

Yoxsa çoxdan qarlar onu kəfənə bürümüş,

Nəm torpaqda o gənc qızın tabutu

da çürümüş?

 

Bu sətirlərdə sözlər gözə görünməyən, amma möhkəm olan sapa düzülmüş mərcan kimidir; onların birini qoparsan, o birilər də açılıb töküləcəkdir. Bu əsərlərə kompozisiya cəhətdən fikir versək, onların əsas məsələdən başlayıb necə gərgin etdiyini görərik. Odur ki, istər-istəməz dramatik əsərlər yada düşür.

«Nişan üzüyü»ndə bədbəxt olmuş nakam qızın taleyindən təsirlənmiş əsgərlərin ürək çırpıntısı, düşüncəsi görün necə vasitə ilə açılmış, romantik bir yüksəkliyə qaldırılmışdır.

 

...Şam əriyir, ocaq sönür,

hamı dalğın, hamı lal...

Buz bağlamış pəncərədən baxır

solğun bir xəyal,

O tanıcaq üzüyünü ala gözləri dolur,

Sonra yenə buz bağlamış pəncərədə

yox olur.

Düşür qızın ürək dələn hıçqırığı

düzlərə,

Evdə isə kədər qonur alınlara,

üzlərə...

 

Əsgərlərin biri qanlı üzüyü «öz bəxti» kimi ovcunda tutur:

 

Sonra köks ötürərək deyir ki,

bir vaxt da mən,

Nişanlımın barmağına taxmışdım

bu üzükdən.

 

Başqası olsaydı, çox güman ki, bundan sonra əsgərin fikrini deyər, nakam qızın intiqamını alacağını açıq-açığına bildirər və elə burada da şeriyyət qurtarardı. Əhməd Cəmil isə fikrindəki aydınlığa, oxucusunun ağlına, hissinə inanır, məsələnin ardını onun öhdəsinə buraxır. Oxucu da hadisənin nə ilə bitəcəyini özü fikirləşib tapmaq istəyir və elə buna görə də kitabı qurtaran kimi kənara tullamır. «Can nənə, bir nağıl de» kimi dildən-dilə düşmüş, haqqında çox yazılmış əsərdə də eyni halı görürük. Bu şeri oxuyanda kitabı da, müəllifi də, özünü də unudursan. Təsvir olunan uşağı və nənəni bağrına basıb öpmək istəyirsən.

 

...Bəs ay nənə atam indi haradadır

görəsən

- Bıy, başıma nələr, oğul, yatmayıbsan

hələ sən?

- Axı, nənə, heç demirsən atam haçan

gələcək,

İndi onu səngərdə bəs üşütmürmü

qar-külək?

- Ömrüm-günüm, körpə quzum, qurban

olum adına,

Niyə köks ötürürsən o düşəndə

yadına?...

 

Dekorasiyasız, aktyorsuz gözümüzün qarşısında canlanan bu gözəl səhnə, səmimi dialoq şairin həm yaşlı, həm də uşaq ürəyinə sirdaş olduğunu sübut edir.

Nəhayət:

 

...Körpə özü hiss etmədən onu yuxu

apardı

Çöldə isə bütün gecə külək tufan

qopardı!

 

Burada sözlər öz ilk mənaları ilə məhdudlaşıb qalmır, yeni məna da kəsb edir. «Küləyin bütün gecə tufan qoparmasını» biz eyni zamanda müharibənin dəhşəti kimi başa düşürük. Sözlərin bax, bu cür bir neçə bədii yükü olmasına biz başqa əsərlərimizdə az rast gəlirik. Müharibənin müsibətindən danışan «Qaçqınlar»ın süjeti gərgin, dialoqları son dərəcə sərrastdır. Hiss olunur ki, Əhməd Cəmil yenə də mövzunu axtarmamış, mövzu onu arayıb tapmış, tanımış, onu xəyal kimi izləmiş, bakirə qız kimi şairinə vurulmuş, şair də onunla gecələr diz-dizə oturmuş, könül verib, könül almış, onun nazı, xahişi və təkidi ilə yazmağa başlamışdır. Burada da yenə həyatın ən gərgin hadisələrindən biri seçilmişdir. Yurdundan-yuvasından olmuş ana və balanı bir yad daxmasında iki sərxoş gestapo nəfəri haqlayır. Başına gələcək müsibətləri əvvəlcədən bilən ana doğma balasını «özgələrin uşağıdır» - deyə özündən uzaqlaşdıranda baş verən hadisə ən daş ürəkli adamı belə sarsıda bilər:

 

... - Ana məni qoyub getmə, ana, ana,

yazığam,

Axı sənin qəşəng qızın, sözə baxan

Qızınam.

Ana, getmə, apar məni,

Ana, getmə!..

 

Şeirdə hər söz, ifadə baş verən müsibəti göstərməyə xidmət edir, vəzn də yazıq ananın qəlbi kimi parçalanır. Sonluq daha təsirlidir. Bu sətirləri oxuyan mütəəssir olub ağlaya !bilər, lakin göz yaşlarını bərk-bərk sıxılmış yumruğu ilə silir. Bu əsl sənət əsərinin başlıca xüsusiyyətidir. Belə əsərlərdə bütün rənglərdən ayrı-ayrı, həm də onların qarışığından bacarıqla istifadə olunur. Bir vaxtda həm kədər, həm də intiqam hisslərini oyatmaq, insan ürəyinin bir yox, bir neçə qütbünə nüfuz eləmək hər sənətkara qismət olan səadət deyil. Bu xoşbəxtliyə tam ürəklə yazan şair yetişə bilər. Bu kitabda sözlər şəffaf olduğundan özləri görünmür, həyatı bizə göstərirlər. Bu cəhətdən kitabdakı şeirləri sözsüz mahnılar da adlandırmaq olar. Əhməd Cəmil belə deyir:

 

Dəniz elə gözəldi,

Qələm, fırça yox, ancaq

Nəğmə deyə bilərdi ondakı

şeriyyəti...

 

Əhməd Cəmilin şeirləri də nəğmədir. Onlar ruhla yazıldığından könlü yerindən oynadır. «Gecə dənizə baxdım». Məgər elə bu başlıqdan şeriyyət duyulmurmu, oxucunun qəlbinə duyğular, xatirələr axmırmı?

 

...Çox xəyala getmişəm

Dənizlə baş-başa mən...

 

Bu misralardan şairin öz təbiəti görünür. Onun dənizi canlı bir xilqət kimi sevməsinə ürəkdən inanırsan. Kitabı oxuyarkən saf ürəkli, şahin xəyallı, bütün varlığı ilə insanı, təbiəti sevən, bizi yüksəklərə səsləyən bir şair obrazını görürük. Bu obraz hərdən görünüb hadisəyə münasibətini bildirir, yenə yox olur. Bəzən isə («Gecə dənizə baxdım») öz nəğməsini axıra qədər deyir. Bu şeirlərdə qar altından təzəcə baş qaldıran növruzgülü təravəti, cəbhələr yarmış əsgər əzəməti vardır.

Onlar sözün əsl mənasında, qoşmaçılığı alqışlayan oxuculara, epiqon şairlərə də bir örnək olmalıdır. Bu kitabı sevmək azdır. Biz gənc yazıçıların sevimli müəllimimizə təşəkkürümüz - onun əsərlərini dərindən öyrənmək ola bilər. Yazılış tarixindən asılı olmayaraq, bütün bu yeni şeirlər üçün sevimli şairə dönə-dönə təşəkkür etməliyik. Əziz müəllim, yeni əsərlərinizi gözləyirik, səbirsizliklə gözləyirik!

 

Ədəbiyyat qəzeti.- 2013.- 30 avqust.- S. 4.