“...Mən zəmanət verərəm”
Dəfələrlə xatirə yazmaq istəmişəm, amma yaza bilməmişəm. Səbəbi o olub ki, görmüşəm kövrəlirəm, inanın, uşaq kimi ağlamaq istəyirəm. Axı o illər ömrümdən quş kimi uçub gedib. Və bir daha geri qayıtmayıb... O illərdə “nələr edə bilərdim?” düşüncəsi başlayıb qəlbimi odsuz-közsüz yandırmağa. Mənim üçün nə qədər ağrılı olsa da, bu xatirəni - xalq yazıçısı Sabir Əhmədli ilə bağlı xatirəni yazmağı qərara aldım.
...Sabir müəllim “Ədəbiyyat və incəsənət”də (”Ədəbiyyat qəzeti”...) şöbə müdiri işləyən vaxtlar idi. Haqqında çox eşitmişdim. Bəzi əsərlərini də oxumuşdum. Məsələ onda deyil. Məsələ ondadır ki, onun çox yaxşı adam olduğunu deyirdilər. Deyirdilər ki, nə qədər yaxşı yazıçıdırsa, bir o qədər də yaxşı insandır. Məni ona sarı çəkən, onunla görüşməyə vadar edən də məhz onun yaxşı adam olması idi.
...Bilgəh sanatoriyasında dincəlirdim. Planlaşdırmışdım ki, Sabir müəllimlə görüşəm, yazılarımı verəm ona. Xahiş edəm ki, oxusun, fikrini desin... Təbii ki, bəyəndiyi hekayələrin qəzetdə çap olunmasını istərdim... İnanın ki, yazılarımla bağlı onun fikri mənim üçün önəmli idi.
Hər gün istəyirdim ki, gedəm onunla görüşəm, amma cəsarət eləmirdim. Deyirdim ki, birdən yazılarım haqqında nəsə xoşagəlməz bir şey deyər, ümidlərim alt-üst olar.
Bir gün özümdə cəsarət tapdım.Redaksiyaya getdim.Sabir müəllimi soruşdum. Dedilər ki, indi harda olsa gələcək. Doğrudan da heç beş-altı dəqiqə keçmədi ki, gəldi. Salamlaşdım və fikrimi ona dedim. Yazılarımı verib ondan ayrıldım. Üstündən heç iki həhtə keçmədi ki, qəzetin səhifələrində adım göründü. Amma necə?! Nə görsəm yaxşıdır? Mənim adım bir neçə yazıçı ilə birlikdə ədəbi xülasədə çəkilmişdi.Daha doğrusu, tənqid edilmişdi. Qeyd olunmuşdu ki,mən və o yazıçılar mövzu axtarışında çətinlik çəkirik, şablon yazılar yazırıq, tələm-tələsik çap olunmaq istəyirik... Biz çox az mütaliə etdiyimizə görə müasir oxucunun tələblərinə cavab verən əsərlər yaza bilmirik...
Necə vəziyyətə düşdüyümü təsəvvür edirsiniz? Axı biz belə danışmamışdıq. Mən yalnız ondan xahiş eləmişdim ki, hekayələrim barədə öz fikrini desin. Ta belə, necə deyərlər, yıxıb sürüməsin ki... Bir də ki, belə kəskin ifadəyə heç əsas da yox idi. Çünki mənim fikrimcə, hekayələrimin mövzusu da aktual idi, ifadə forması da...
Onda bəs mənim adımı “köhnə mövzulardan” yazan yazıçıların siyahısına niyə salmışdı? Baş aça bilmirdim. Amma fakt faktlığında qalırdı... Bu məsələni aydınlaşdırmalı idim. Amma bunu telefonla eləmək olmazdı. Naxçıvandan Bakıya gəlmək lazım idi. “Sabah gedərəm Bakıya,birisi gün gedərəm Bakıya” deyə-deyə təxminən beş ay keçdi. Xülasə, bir gün qatara minib (o vaxt bədnam qonşularımız yolumuzu kəsməmişdilər) Bakıya gəldim və Sabir müəllimi tapıb əhvalatı ona danışdım.
O da olanlara aydınlıq
gətirdi. Dedi ki, hamısını düz deyirsən, günah məndə olub. Sən mənə yazılarını
verəndən sonra baş redaktor məni çağırıb
tapşırdı ki,
redaksiyaya daxil olan zəif əsərlər haqqına
bir xülasə yazım. Nə yazacağım bəlli
idi. Oturub yazdım. Yazan zaman
birdən gözüm
sənin də yazılarına sataşdı.
Mənə elə gəldi ki,sən
də onlar kimi bir yazıçısan.
Və sənin də adını xülasəyə
saldım. Düzü, bilmədim
bu necə oldu. Yanında yazı varsa,
ver baxım qoyum səhifəyə.
- Yanımda yoxdur, - dedim. - Əslində
var idi. Ehtiyat etdim. Düşündüm ki, birdən
bu dəfə məni əvvəlkindən
də pis günə qoyar.
- Yaxşı, onda göndərərsən, hökmən
göndərərsən, - deyib güldü. - Günahlarımı yuyaram.
Çox götür-qoydan
sonra hekayələrimi ona
göndərdim. Hekayələri alan kimi çap elədi. İkisini birdən. Sonra da mənə məktub yazıb bildirdi ki, iri bir
hekayəmi göndərim.
“Zinyət xala”
adlı hekayəmi Sabir müəllimə göndərdim və onu da dərhal
çap elədi.
Sabir müəllimlə
görüşümdə minnətdarlığımı bildirdim. O birdən məndən
soruşdu:
- Yazıçılar İttifaqının
(o vaxt Birlik deyildi, İttifaq idi) üzvüsən?
- Yox, - dedim, bir
neçə dəfə
sənədlərimi Naxçıvandan
təqdim ediblər, amma burada - yəni
Yazıçılar İttifaqında
itib-batıb. Uzaqdır da
gəlib-gedə bilmirəm.
Bir də ki, gəlsəm
nə xeyri var? Orda mənim kimim
var? Görürəm adamsız mümkün
deyil.Mənimsə... - Sənin
adamın mən.
Mən zəmanət verərəm.
Yazıçı dostlarım da.
Sənədlərini hazırla.
Bu mənim onunla
son görüşüm oldu.
Daha sonra müstəqilliyimiz uğrunda gedən hadisələr baş verdi... Bir
neçə ildən
sonrasa Azərbaycan Yazıçılar Birliyinin
üzvü oldum...
O vaxtdan neçə il keçib. Neçə il də keçəcək. Lakin Sabir Əhmədlinin qayğısını unutmamışam və heç vaxt da unutmayacağam. Axı o mənim inamımı özümə qaytarıb...
Bayram İsgəndərli
Ədəbiyyat qəzeti.- 2013.- 30
avqust.- S. 4.