Müasirimiz Şamil Salmanov

                                     

O, yetmiş üç il yaşadı. Ömrünün əlli üç ilini sevdiyi söz sənətinə - ədəbi tənqidə həsr elədi.

1933-cü ildə Bakının Yeni Suraxanı qəsəbəsində bir fəhlə ailəsində dünyaya göz açan Şamil Məmməd oğlu Salmanov Bülbülədə orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinə daxil oldu.

1953-1958-ci illər - tələbəlik həyatı..

Azərbaycanın ən görkəmli ədəbiyyatşünasları və dilçiləri onun müəllimləri oldular: görün kimlər - Əli Sultanlı, Həmid Araslı, Cəfər Xəndan, Məmməd Cəfər, Muxtar Hüseynzadə, Səlim Cəfərov, Bəxtiyar Vahabzadə…

Bir faktı da nəzərinizə çatdırıram: Şamil Salmanov gələcəkdə- Azərbaycan cəmiyyətində sayılan-seçilən bir sıra görkəmli elm və sənət adamları ilə eyni fakültədə, eyni kursda təhsil alırdı. Görün kimlərlə: XX əsr Azərbaycan ədəbi tənqidinin sonuncu böyük zirvəsi - Yaşar Qarayevlə, görkəmli dilçi-türkoloq Tofiq Hacıyevlə, tanınmış şair-şərqşünas Hüseyn Kürdoğlu ilə, müasir Azərbaycan poeziyasının kifayət qədər tanınmış nümayəndələri-Ağacavad Əlizadə, İbrahim Göyçaylı və Vaqif Hüseynovla, gözəl nəsr əsərlərinin müəllifi firidun Ağayevlə, Azərbaycan dramaturgiyasının son yetmiş illik mənzərəsini gözlərimiz qarşısında janlandıran Arif Səfiyevlə… Çox təəssüf ki, indi bu «durna qatarı»ndan yalnız ikisi sağ-salamatdır: Tofiq Hacıyev və Arif Səfiyev. Allah onların ömrünü uzun eləsin! Dünyadan köçənlərin isə ruhu şad olsun!

Arif Səfiyev Şamil müəllimin «Poeziya və tənqid» kitabına («Yazıçı», 1987) yazdığı ön sözdə deyir: «Tədqiqat dairəsi çox geniş olsa da, yəni ədəbiyyatın bütün canrlarından və müxtəlif məsələlərindən yazsa da, tənqidçinin öz mövzusu var: şeir və tənqid. Şamil ədəbiyyata da şeirlə gəlmişdir. Hətta «Sabahınız xeyir, insanlar» adlı şeir kitabı da çap etdirmişdir. Sonralar janrı dəyişsə də, ruhu dəyişmədi, şeir ruhu tənqiddə davam etdi. Bu, özünü həm şeri duymaq və təhlil etmək bacarığında, həm də təhlil üslubunda büruzə verir; təhlildə emosionallıqla elmiliyin vəhdəti də, görünür,buradan doğmuşdurbu, onun tənqidçi «mən»inin özünəməxsusluğunu müəyyənləşdirən əlamətlərdən biridir».

Arif Səfiyev tamamilə doğru deyirbu fikri isbat etmək üçün yalnız və yalnız Şamil Salmanovun müxtəlif illərdə poeziyaya həsr olunmuş məqalələrini, icmallarını, resenziyalarını oxumaq lazımdır. Mənim fikrimcə, poeziyadan söz açan, şairlərin yaradıcılığından danışan tənqidçi mütləq emosional adam olmalıdır, şeri şairin özü qədər duymalıdır, həm də şeir texnologiyasına, strukturuna, vəzn məsələlərinə yaxşı bələd olmalıdır ki, fikir və mülahizələrini doğru-dürüst əsaslandıra bilsin.Təbii ki, nəzəri cəhətdən də silahlanmalıdır. Klassik poeziyaya da yaxşı bələd olmalıdır. Şamil Salmanov məhz belə bir tənqidçi idionun elmi-tənqidi fəaliyyətinin böyük bir qismi poeziyanın tədqiqinə həsr olunub. Elə buna görə də öncə onun bir poeziya araşdırıcısı kimi özünəməxsusluğundan söz açmaq istərdim.

Amma lap öncə Şamil Salmanovun şairliyi barədə. Bütün ömrü boyu onun yalnız bircə şeir kitabı çıxdı: «Sabahınız xeyir, insanlar» (1966). Sonralar o, heç bir şeir kitabı çap etdirmədi, hətta deyərdim ki, aylarla, illərlə şeir də yazmadı (ömrünün son illərində yenə şerə qayıtmışdı, o şeirləri çap etdirməsə də, müdiri olduğu Ədəbiyyat nəzəriyyəsi şöbəsində bizə oxuyurdu, hətta ölümünü bir gün əvvəl duyrmuş kimi «Vəsiyyət» adlı şeir də yazmışdı və o şeri, institutumuzun o zamankı direktoru, akademik Bəkir Nəbiyev onun məzarı başında oxudu - V.Y.)

Niyə yazmadı və şairliyini tənqidçiliyə dəyişdi? Bu suala özü cavab verib deyirdi ki, elmi işlə şeir bir araya sığmadı. Baxıb gördüm ki, mənim təfəkkürüm, düşüncələr aləmim elmə doğru yol alıb.

Sizi inandırıram ki, o, şeir yolunu davam etdirsəydi, bir şair kimi də tanınacaqdı. Böyük şairimiz, altmışıncı illər ədəbi gəncliyinin qayğıkeş hamisi Rəsul Rza 1961-ci ildə «Yolun çətinliyi səni qorxutmasın» adlı çox geniş bir məqalə yazmışdı və bu məqalənin çox hissəsi Şamil Salmanovun şeirlərinə həsr olunmuşdu. R.Rza Ş.Salmanovun şeirlərini təhlillə çəkməklə əslində, o, üzünü Şamil yaşda olan cavanlara tuturdu, onlara xeyir-dua verirdi, yol göstərirdi. Rəsul müəllim yazırdı ki: «Şeirlərindən aldığım ümumi təsir budur ki, səndə poetik istedad vardır. Sən yaxşı şair ola bilərsən. Bəlkə də bu cümləyə bir də qayıdıb «ola bilərsən» sözünü təkrar-təkrar oxuyacaqsan. Demək, bu yazdıqlarım şeir deyil? - deyə soruşacaqsan. Yox, əzizim! Sən şair olmaq istəyirsənsə, bunun üçün bir neçə şeir yazmaq azdır. Şairlik çətin sənətdir. O, insan qəlbinin bir hissəsini deyil, hamısını tələb edir, həris bir varlıq kimi əqlin, zehnin, hissin töhfələrindən doymaq bilmir».

Rəsul Rzanın bu poeziya dərslərinin həm Şamilin şeir yaradıcılığında, həm də bir tənqidçi kimi formalaşmasında mühüm rol oynadığı danılmazdır.

Şamil Salmanovun bir tənqidçi kimi özünəməxsusluğundan söz açmamışdan əvvəl iki mühüm məsələyə də toxunmaq istəyirəm. Birincisi, Şamil Salmanovun yaradıcılıq dünyasında - elmi-tənqidi fəaliyyətində bir sıra böyük sənətkarların təsiri və rolu olmamış deyil, amma iki böyük sənətkarı burada xüsusi qeyd etmək lazımdır. Onlardan biri Mikayıl Rəfili, digəri isə Rəsul Rzadır.

Mikayıl Rəfili otuzuncu illərdə sərbəst şeir hərəkatının önündə gedən, bu prosesdə həm bir eksperimentçi şair, həm də nəzəriyyəçi alim kimi fəallığı ilə seçilən bir söz adamı idi. Şamil Salmanovun bir neçə məqaləsi Mikayıl Rəfilinin yaradıcılığına həsr olunub; o yazılarda Mikayıl Rəfili həm şair, həm də görkəmli alim kimi tədqiq olunurbunu deməyə tam qətiyyətliyəm ki, Azərbaycanda Rəfilini öz həqiqi, layiq olduğu sferada qiymətləndirən, həm də səhvləri və yanlışlıqları ilə təhlil hədəfinə çevirən bir neçə tədqiqatçı varsa, Şamil müəllim heç şübhəsiz, birincidir. O, «Azərbaycan sovet şerinin ənənə və novatorluq problemi» (1980) monoqrafiyasının böyük bir fəslini Rəfilinin sərbəst şeirlə bağlı fikir və mülahizələrinə həsr edib. Rəfilinin ölümündən sonra çap olunan kitablarını nəşrə hazırlayan, redaktor və tərtibçi də Ş.Salmanov olmuşdur.

O ki qaldı Şamil Salmanov-Rəsul Rza münasibətlərinə, burada ustad-tələbə münasibətindən daha çox, böyük poeziyaya böyük məhəbbətin ifadəsindən söz açmaq daha məqsədəuyğundur..

Şamil Salmanovun, müasir poeziyaya, onun müxtəlif inkişaf meylləri və tendensiyalarına münasibətini Rəsul Rza poeziyasına münasibəti kimi də səciyyələndirmək olar. Tənqidçi müasir poeziyaya aid yazdığı onlarla məqalələrində iki problemi xüsusilə diqqət mərkəzinə çəkirdi - biri novatorluq, digəri isə müasirlik. Və onun fikrincə, Rəsul Rza poeziyası həmişə öz müasirliyinovatorluğu ilə seçilmiş, təkcə milli poeziyanın yox, dünya poeziyasının da öncüllərindən olmuşdur: «Rəsul Rzanın şeri hər cəhətdən müasirdir: mövzusuna, həyati-fəlsəfi problemlərinə görə, varlığa, zəmanəyə, insana münasibətinə görə, lirik qəhrəmanın mənəvi sifətlərinə, axtarışlarına görə müasirdir.Lakin bu da azdır. Rəsul Rza şeri bir də formasına, bədii imkanları və vasitələrinə görə müasirdirbu mənada mütərəqqi Azərbaycan şerinin böyük ənənələrinə bağlıdır. Rəsul Rzanın yaradıcılığı, onun estetik prinsipləri millidünya poeziyasının mütərəqqi əsasları üzərində yüksəlir, novator-poetik amillərdən qidalanır».

İkinci mühüm məsələ ondan ibarətdir ki, Şamil Salmanov məktəb görmüş, məktəb keçmiş tənqidçi-ədəbiyyatşünasdır. Biz onu XX əsrin iki böyük tənqidçisinin - Məmməd Arifin və Məmməd Cəfərin layiqli varislərindən biri hesab edirik. Şamil Salmanov müasiri olduğu bu ustad tənqidçilərdən həqiqəti, obyektivliyi, prinsipiallığı, nəzəriyyəçi alim kimi dərinliklərə baş vurmağı, həssaslığı, humanizmi və Azərbaycan ədəbiyyatına sonsuz Sevgini əxz etmişdir. Məmməd Arif haqqında yazırdı: «M.Arif sözün həqiqi mənasında tənqidçi idi, müasir ədəbiyyatın tədqiqatçısı idi. Müasir bədii prosesə fəal, canlı münasibət, onun mahiyyət və məzmununu, estetik ləyaqətini dərk etmək hissi, müasir ədəbiyyatı istiqamətləndirmək həvəsi onun yaradıcılığının ən bariz keyfiyyətlərindən idi». Ustad Məmməd Arif haqqında bu fikri onun tələbəsi Şamil Salmanov haqqında da söyləyə bilərik. Bax, elə bu məqamda Şamil Salmanovun bir tənqidçi-ədəbiyyatşünas, xüsusilə poeziya tədqiqatçısı kimi özünəməxsusluğundan söz açmaq vaxtıdır.

1. Ədəbi tənqiddə fərdi üslubun böyük önəmi varbu o deməkdir ki, tənqidçi də yaradıcı adamdır, öz fərdi, bənzərsiz dəst-xəttini, yazı manerasını və fərqli düşüncə tərzini ortaya qoymuş olur. Bu xüsusiyyəti biz Azərbaycan ədəbi tənqidinin tanınmış üzvlərinin yaradıcılığı timsalında izləyə bilərik. Deyə bilərik ki, güclü, potensial imkanlara və ənənəyə, özünəməxsus fərdi estetik simaya malik Azərbaycan ədəbi tənqidində Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Əkbər Ağayev, Asif Əfəndiyev, Qulu Xəlilov, Yaşar Qarayev, Akif Hüseynov, Şamil Salmanov, Elçin Əfəndiyev öz fərdi tənqidçi üslubu ilə seçilmiş, fərqlənmişlər. Məmməd Arifin sadə, amma son dərəcə obyektiv fikirlərlə zəngin olan yazı tərzini səciyyələndirən elmi-publisistik üslubu, Məmməd Cəfərin geniş informasiya və bilgilərlə diqqəti cəlb edən, həm elmi, həm də pedoqoji xarakter daşıyan üslub tərzi, Cəfər Cəfərovun emosional, həm də bişkin təfəkkür tərzini nümayiş etdirən yazılı nitqi, Əkbər Ağayevin səlis, ədəbi reallığı əks etdirən yazı mədəniyyəti, Bəkir Nəbiyevin əksərən parlaq cümlələrlə ifadə olunan oynaqçevik təhkiyə forması, Asif Əfəndiyevin emosional və canlı, yığcam və polemik ifadə üsulunu səciyyələndirən assosiativ ifadə üsulu, Qulu Xəlilovun «xalq tənqidi» kimi formalaşan açıq publisistik yazı manerası, Yaşar Qarayevin fəlsəfi-intellektual, emosionallıqla rasionallığın vəhdətindən yaranan üslubu, Elçin Əfəndiyevin polemika, «SOS» siqnalı üstündə qurulan, oyadıcı, həyəcanlandırıcı missiyanı yerinə yetirməyə səfərbər olunan tənqidi-publisistik ifadə tərzi, Akif Hüseynovun daha çox mətnə, yazıçıların yaradıcılıq laborotoriyasına birbaşa müdaxiləsi ilə şərtlənən ləngərli, oxunuşda bir qədər «ağır» təsir bağışlayan təhkiyə üsulu… onları bir tənqidçi kimi səciyyələndirən özəl xüsusiyyətlərdir. Şamil Salmanovun fərdi üslubu isə bir qədər sintetik xarakter daşıyır: burada onun şairliyindən irəli gələn bir ruh əksər yazılarını gəzib-dolaşır. Burada həmçinin ədəbiyyat təzkirəçiliyi ənənəsindən irəli gələn faktları birər-birər, səliqəli şəkildə düzümləmək məharəti də gözdən yayınmır. Xüsusilə onun «Ədəbi proses» məcmuələrindəki «Tənqid və ədəbiyyatşünaslıq» icmallarına diqqət yetirin, o, ədəbi faktların heç birinin üzərindən sükutla keçmir, lakin hamısından yox, lazım olanlarından söz açır. Ş.Salmanovun əksər yazılarında problem var, həmin problemin elmi-tənqidi şərhi varsonda mütləq nəticə var. Nəhayət, onun fərdi üslubunu müəyyənləşdirən bir cəhəti də qeyd etmək istəyirəm: Ş.Salmanov mübahisə, polemika mədəniyyətinə yiyələnən tənqidçi idi və hətta yanlış bir mülahizə yürütsə də, həmin mədəniyyəti, daha doğrusu, tənqidçi əxlaqını hifz edə bilirdi (xatırlayaq onun 1968-ci ildə M.Arazın «Ömür karvanı» kitabındakı şeirlərlə bağo qədər də obyektiv olmayan məqaləsini). Yazı tərzinə gəldikdə, onun təhkiyə üsulu sadə idi, amma bu sadəlik ədəbiyyatşünas-tənqidçi qələminə məxsus sadəlikdi.

2. Şamil Salmanovun tənqidçi-ədəbiyyatşünas obrazında bu iki sahənin vəhdəti o dərəcədə aydın hiss olunur ki, onları bir-birindən ayırmaq qətiyyən mümkün deyil. Yəni müəyyən yazılarına görə onu tənqidçi, digər yazılarına görə isə ədəbiyyatşünas adlandırmaq doğru olmazdı. «Azərbaycan sovet ədəbiyyatı tarixi»nin ikicildliyində (1967) Şamil müəllimin ayrı-ayrı ədəbi dövrlərlə bağlı bir neçə «Poeziya» icmalı var. Bundan başqa «Ədəbi proses» kitablarında da «Tənqid və ədəbiyyatşünaslıq» və «Poeziya» icmallarını da o yazmışdır.Bu icmallarda tənqidçi təfəkkürü ilə ədəbiyyatşünas düşüncəsi vəhdət halındadır. Bu cəhəti biz əksər tənqidçilərdə görə bilmirik.

3.Onun təhlilləri öz aydınlığı və konkret səciyyəsi ilə diqqəti cəlb edirdi. Xüsusilə, Ş.Salmanovun poeziya təhlilləri ən azı görüb-götürmək, öyrənmək üçün bir nümunə idi. Hiss olunurdu ki, tənqidçi haqqında söz açdığı, şeirlərini təhlil etdiyi şairlərin ruhuna, şair dünyasına yaxşı bələddir. İki kiçik misal gətirək.

Birinci misal Rəsul Rza haqqında: «Diqqətəlayiq hadisədir ki, təhkiyə, təsvir Rəsul Rza şeirlərinin lirik hərarətini heç vaxt azaltmır. Çünki şair nədən danışırsa, nəyi təsvir edirsə fərqi yoxdur, bu onun həyatı, taleyi, düşüncəsi ilə, həyata və insanlara inamı ilə bilavasitə bağlıdır. Elə bunun üçündür ki, onun şeirlərində daha çox ictimai səslənən motivlər eyni zamanda şəxsi motivlər təsiri bağışlayır. Belə motivləri poeziya faktına çevirərkən Rəsul Rza müəllif «mən»inə üstünlük verməkdən qorxmur».

İkinci misal Vaqif Səmədoğlu haqqında: «Vaqif Səmədoğlunun qəhrəmanı ilk baxışda tək-tənha görünə bilər. Ancaq bu ilk baxışda belə görünür. Əslində o, bu dünyada tamam tək-tənha deyildir;şam ağacının kölgəsi altında nə vaxtsa oturmuş müdrik, nurlu atanın obrazı, qəlbin kövrək yaddaşı, səhər quşları, köhnə məktublar, uşaq gülüşü, yağışdan sonrakı park, gecə coşmuş dəniz və s. bu qəhrəmanın dünyasında qərar tutubdur. Bəli, V.Səmədoğlunun şeirlərində bir hüzn vardır, çünki bu silsilədə o, həyatın elə anlarını yaşayır ki, bunları hüznsüz təsəvvür etmək olmur. Yağış yağıb. Şam ağacının yarpaqları arasından günəşin şüaları süzülür. Belə halda bizim lirik qəhrəman kimi xatırlayır? Nə vaxtsa bu ağacın altında oturub düşünən atanı. O daha yoxdur bu günəşli şam ağacının altında. Ancaq dəli bir həsrət deyir ki, gərək olaydı».

4.Şamil Salmanovu bir poeziya tədqiqatçısı kimi tanıyırdıq (qeyd edim ki, onun nəsrlə, dramaturgiya ilə bağlı yazıları da az deyil), onun mətbuatda dərc olunan hər bir məqaləsi, yaxud resenziyası bizim intizarla gözlədiyimiz yazılar idi. İndi aradan illər keçib, amma o yazıların bir çoxu hələ də yaddaşımızda dövr edir. «Rəsul Rza haqqında üç məqalə», Əliağa Kürçaylı yaradıcılığından söz açan «Şerin çətin yolunda», Yetmişinci illər ədəbi gəncliyinin axtarışlarından bəhs edən «Böyük səfərin başlanğıcı»,«Mikayıl Rəfili», «Poeziya-79», «Son illərin poeziyası» (70-ci illərin poeziyya nümunələri təhlil olunur), Nəbi Xəzri poeziyasına həsr olunan «Yüksək ideallar poeziyası». Mikayıl Müşfiqin, Əhməd Cəmilin, Bəxtiyar Vahabzadənin, İsa İsmayılzadənin və b. şairlər haqqında yazılan elmi-publisistik oçerklər. Burada sayıb-sadalamaq işini bir kənara qoyuram. Son altmış ildə yazıb-yaradan elə bir şair yoxdur ki, poeziya tənqidçisi Şamil Salmanov onun yaradıcılığından söz açmasın.

Ancaq onu təkcə poeziya tənqidçisi kimi qələmə vermək və bütün uğurlarını burada arayıb-axtarmaq doğru olmazdı. Onun ədəbi tənqidlə bağlı araşdırmaları da kifayət qədərdir, həm də tənqid tariximizin tədqiqində bu yazıların rolu danılmazdır. «Ədəbi proses - 77», «Ədəbi proses - 81», «Ədəbi proses - 82», «Ədəbi proses - 83», «Ədəbi proses - 84» məcmuələrindəki «Tənqid və ədəbiyyatşünaslıq» icmallarının müəllifi Şamil Salmanov idi. Bundan əlavə, onun ayrı-ayrı görkəmli tənqidçilərin yaradıcılığına həsr olunmuş məqalələri, həmçinin çoxlu sayda tənqid və ədəbiyyatşünaslıq kitabları barədə resenziyaları da diqqətdən yayınmamalıdır.

Bir tənqidçinin məşğul olduğu fəaliyyət sahəsi və həmkarlarının yaradıcılığı ilə bağlı tədqiqlərə meyl etməsi ədəbi prosesdə birinci hadisə deyil. M.Arifin, M.Cəfərin, K.Talıbzadənin, B.Nəbiyevin, Y.Qarayevin də ədəbi tənqid və onun problemləri ilə bağlı yazıları olmuşdurbu yazılarda bizim ədəbi prosesdə «karvanbaşı» rolunu oynayan tənqidin axtarışları təhlil hədəfinə çevrilib. Şamil Salmanov «Tənqidin sosial fəallığı» adlı məqaləsində tənqidlə ədəbiyyatın qarşılıqlı əlaqəsindən söz açır və bu iki sahənin bir-birilə münasibətini kifayət qədər dəqiq şərh edərək yazırdı: «Tənqid ədəbiyyata bir əlavə deyil, bəlkə əksinə, o, bədii ədəbiyyatın, ədəbi inkişafın daxili hərəkətverici amilidir. Onun vəzifəsi ədəbiyyatı sadəcə şərh etmək, ədəbiyyat haqqında məlumat vermək də deyildir. Tənqidin vəzifəsi daha geniş və mürəkkəbdir. Tənqid ədəbiyyatın özünüdərkidir. Tənqid ədəbiyyatın şüuru, onun mühakiməsidir. O, ədəbiyyatın sosial təfəkkürüdür. O, ədəbiyyatdan, ədəbi prosesdən, yaradıcılıq aləmindən kənarda yaranmır, fəaliyyət göstərmir. Tənqid və ədəbiyyat arasında sıx, möhkəm, çoxcəhətli, qarşılıqlı təmas, əlaqə və təsir hökm sürür. Belinski belə hesab edir ki, ədəbiyyat mühakimə və təhlildir, deməli, ədəbiyyat tənqiddir. Böyük tənqidçinin bu konsepsiyasına əsasən müasir tədqiqatçı doğru iqrar edir ki, həyatı idrakın iki formasının fəal qiymətləndirmə tərəfi: həm ədəbiyyat, həm də tənqid üçün ümumi olan cəhətdir».

Şamil Salmanovun tənqidlə bağlı yazıları ilə poeziyaya həsr etdiyi məqalə və resenziyaları arasında bir əsas fərqi görürük ki, o da şairanə ruhun, emosionallığın birinci tip yazılarda sırf akademik yazı tərzi ilə əvəz olunmasıdır. İkinci bir fərq varsa, o da mübahisəlipolemik məqamların tənqiddən söz açan yazılarda daha çox yer almasıdır.

5. Şamil Salmanovun tənqidi irsindən faydalanmaq, öyrənmək, görüb-götürmək olar və ədəbi tənqidlə məşğul olmağa başlayan hər bir gəncin bu irsə sevgiylə-sayğayla yanaşmasını arzulayardıq. Şəxsən bir tənqidçi kimi mən Şamil müəllimin yazılarından indinin özündə də faydalanıram.

6. Nəhayət, bu yazıda görkəmli tənqidçinin şəxsiyyəti haqda da söz açmaq yerinə düşər. O, dünyasını dəyişərkən Nizami adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri idi. Şamil müəllimin bundan böyük vəzifəsi olmayıb. Amma fikrimizcə, onun ən böyük vəzifəsi tənqitçi idi. Şamil müəllim çox xeyirxah adam idi. Onun rəhbərlik elədiyi şöbə Nizami İnstitutunda ən aparıcı şöbə səviyyəsinə yüksəlmişdi. Burada elə həftə olmazdı ki, hansı bir elmi işinsə (məqalə, məruzə, dissertasiya işis.) müzakirəsi olmasın. Şöbə müdiri olduğu illərdə neçə cavan tədqiqatçının elmi uğurlarını gördük. O, cavanların dostu idi, son illərdə institutun dəhlizində həmişə onların əhatəsində olardı.

O, təpədən-dırnağa müasir insan idi. Həyata, insanlara, ədəbiyyata münasibəti müasirlik meyarı üzərində qurulmuşdu. bu səbəbdən o, indi bizim müasirimizdir. Çünki yeniliklə, novatorluqla bağlı fikirləri, duyğu düşüncələri ölməyib.

 

Vaqif Yusifli

 

Ədəbiyyat qəzeti.- 2013.- 30 avqust.- S. 5.