İntiqam Qasımzadə - 70

                                     

Hörmətli İntiqam müəllim!

 

Sizi - tanınmış tənqidçi və tərcüməçini anadan olmanızın 70 illiyi münasibətilə təbrik edirik.

Siz 1965-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmisiniz. Elə o vaxtdan ədəbiyyatla ciddi məşğul olmuş, şeirlər yazmış, ilk ədəbi-tənqidi məqalələrinizi dərc etdirmisiniz. 1965-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspiranturasına qəbul olunmuş, 1967-1974-cü illərdə Cəfər Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü kimi səmərəli fəaliyyət göstərmisiniz. 1976-cı ildən «Azərbaycan» jurnalında öncə ədəbi işçi, sonralar tənqid şöbəsinin müdiri, məsul katib, baş redaktor müavini vəzifələrində çalışmısınız. Hazırda həmin jurnalın baş redaktorusunuz. 1980-ci ildən başlayaraq uzun müddət Azərbaycan Dövlət Televiziyası ilə göstərilən «Bayatı» ədəbi televiziya almanaxının müəllifi olmusunuz.

«60-cılar» ədəbi nəslinin yaradıcılığı barədə qələmə aldığınız ilk ədəbi-tənqidi məqalələriniz sizi bədii söz sənətimizdə yeniliyin tədqiqatçısı təbliğatçısı kimi tanıtmışdır. Bədii tərcümə ilə ciddi məşğul olursunuz. Bir sıra tanınmış yazıçıların, o cümlədən Kamil Yaşenin «Darmadağın. General Rəhimov. Namus məhəbbət», Sandor Radonun «Dora», Vasil Bıkovun «Kruqlyan körpüsü» kitabları sizin çevirmənizdə Azərbaycan oxucusuna çatdırılmışdır. Həmçinin rusdilli Azərbaycan nasirlərinin əsərlərini ana dilimizə çevirmisiniz. Ssenarist kimi fəaliyyətiniz diqqətəlayiqdir. Azərbaycanın tanınmış şəxsiyyətlərinə - Mehdi Hüseynzadəyə, Qara Qarayevə, İmran Qasımova, Cahangir Cahangirova, Xəyyam Mirzəzadəyə, milli miniatür sənətimizə həsr olunmuş sənədli filmlərin, bir neçə cizgi filminin ssenari müəllifisiniz.

Ədəbi xidmətləriniz yüksək qiymətləndirilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif edilmiş, «Əməkdar incəsənət xadimi» fəxri adına layiq görülmüsünüz.

Hörmətli İntiqam müəllim, sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2013.- 30 avqust.- S. 6.