Ədəbiyyat fədaisi
İntiqam Qasımzadənin 70 yaşı
tamam oldu. İntiqam mənim
gənclik və qocalıq dostumdur. «Gənclik dostu»
söz birləşməsi
nə qədər təbii səslənirsə,
«qocalıq dostu» ifadəsi bir o qədər qəribə görünür. Axı heç
kəs qocalığını
etiraf etmək istəmir. Amma nə deyirsiz-deyin, 70 yaş da, 75 yaş da hər
halda cavanlıq deyil. Doğrudur, hər yaşda
gənclik şövqünü,
gənclik həvəsini,
gənclik enerjisini saxlamaq mümkündür.
Təki
«insanın ruhu cavan olsun». Şablon ifadədir, amma bilirsinizmi nəyə görə bəzi deyimlər şablon sayılır? Həqiqət olduqlarına görə.
Həqiqət olduğu üçün
belə sözlər sıx-sıx işlənir
və şablona çevrilir, fəqət şablon olmaları heç də onların gerçəkliyini
azaltmır.
İntiqam hərdən xəstəliklərindən
şikayətlənib, necə
deyərlər, «nazik əyirsə» də, ruhən cavan adamdır və bu, çox vacibdir.
Uzaq gəncliyimizdə
İntiqam şeir yazırdı. Bilmirəm sonrakı illərdə
də yazdımı.
Yazıbsa, hər halda
mənim bundan xəbərim yoxdur. Cavanlığında yazdığı şeirlərindən aldığım
təəssürat beləydi
ki, İntiqamın poeziyası o nəsildən
olan ən istedadlı yaşıdı
şairlərin yazılarından
heç də geri deyil - orijinal
ifadələriylə, maraqlı
deyim tərziylə.
Amma…
Boris Pasternakın ilk gəncliyin
şeir həvəsinə
aid dəqiq misraları
var:
Başladığım zaman bilirdim məgər
Bu işin axırı
belə olacaq.
Adamın
qanını tökür
sətirlər -
Boğazın tutulub qanla dolacaq…
Bəlkə də İntiqam bu təhlükəli peşənin qan bahasına başa gəldiyini çox erkən yaşlarından dərk etdiyi üçün şairliyin daşın atdı. Bəlkə də bunun ayrı səbəbi ya səbəbləri vardı, bilmirəm. Amma yenə də yadıma başqa bir böyük şairin misraları düşür. Nazim Hikmət Mikayıl Rəfiliyə ağısında yazırdı:
Şair
ola bilərdin,
professor oldun.
İntiqam professor da olmadı,
halbuki ola
bilərdi və çox-çox professorlardan
daha artıq buna istedadı da, savadı da, ağlı da çatardı.
Uzun illər kinostudiyada redaktor işlədi və əminəm ki, redaktə etdiyi ssenarilərin çoxundan daha mükəmməl bədii
film ssenariləri yarada
bilərdi…
Ola bilərdi, edə bilərdi… bütün bu gümanları ifadə edən cümlələrin mənası nədir? Mənası odur ki, İntiqam həyatda bütün bu peşələrdən heç də aşağı olmayan başqa mühüm bir missiyanın daşıyıcısı oldu - ədəbiyyatımızın, kinomuzun şərəfli fədaisi kimi. Onun haçansa kino sahəsində, son onilliklərdə isə ədəbiyyat sahəsində fədakar xidməti neçə-neçə müəllifin yazdığı yaxşı-pis əsərdən daha mühüm, daha qiymətli, daha dəyərlidir. Jurnallarımız, qəzetimiz dövlət büdcəsinə daxil olunmadığı və bu barədə təkliflərimizə qəribə bir etinasızlıqla yanaşıldığı illərdə mən bir çıxışımda demişdim ki, müstəqilliyin əsas göstəricilərindən biri,bəlkə də birincisi - Ana dilidir. Dilin yaşaması üçün isə ədəbiyyat yaşamalıdır, necə ki, sovet dövründə Azərbaycan dilini əsasən ədəbiyyat yaşatdı (indi bəzi nankorlar bunu inkar etsə də)… Ədəbiyyatın yaşaması üçünsə ilk növbədə bizim ədəbi orqanlar və onların sırasında birinci olaraq «Azərbaycan» jurnalı yaşamalıdır. Buna görə ədəbi nəşrlərimiz dövlət büdcəsindən maliyyələşdirilməlidir, bu dövlətin sədəqəsi deyil, borcudur. Tutalım səhiyyəyə, təhsilə, elmə dövlət tərəfindən vəsait ayrıldığı kimi, ədəbiyyata da vəsait ayrılmalıdır. Bunun nəticəsində heç kəsə «saray həkimi», «saray müəllimi», «saray alimi» demək məqbul olmadığı kimi, bəzi bədxahlarımızın dilindən düşməyən «saray şairi», «saray yazıçısı» ifadələri də ucuz demoqogiyadır. İndi elə bir dövr gəlib ki, hər bir varlı-karlı şəxs öz hesabına bədii dəyərindən asılı olmayaraq, kitabını nəşr etdirir. Müəlliflərin hesabına deyil, əksinə, onlara qonorar ödəyərək əsərlərini çap edən ədəbi orqanlar isə bədii ölçülərin, ədəbi meyarların bəlkə də son istehkamıdır. Bunun əhəmiyyətini hələ də çoxları layiqincə dərk etmir. Bu baxımdan «Azərbaycan» jurnalının həqiqi ədəbiyyatımız və deməli saf ana dilimiz qarşısında müstəsna xidməti danılmazdır.
Jurnalın keçmiş və indiki əməkdaşlarının zəhmətlərini layiqincə yüksək dəyərləndirməklə bərabər onu da etiraf etməliyik ki, bu gün «Azərbaycan» jurnalının ən ağır yükünü İntiqam Qasımzadə çəkir… Ədəbiyyata bu təmənnasız xidmətinin, fədakarlığının əvəzində isə heç vaxt heç bir imtiyazlara, mükafatlara, fəxri adlara iddiaçı olmayıb. Çünki onu da yaxşı bilir ki, namuslu ədəbiyyat fədaisi olmaqdan yüksək ad yoxdur.
Əziz İntiqam, səninlə birlikdə keçirdiyimiz sevincli və kədərli, təlaşlı və ümidli, nigaran və fərəhli, şən və qəmli illəri qəribsəmə hissləriylə xatırlayıram. Bu illərdə neçə doğma, yaxın ailə üzvümüzü, neçə yaxın dostumuzu itirdik, indi yalnız ara-sıra onların hərəkətlərini, məzəli sözlərini,zarafatlarını xatırlamaqla təsəlli tapırıq. Arazsız, Yusifsiz, Eminsiz, Toğrulsuz və Şuşasız qaldığımız dünya daha əvvəlki dünyamız deyil. Əfsus ki, gedən dostlarımızı qaytara bilməyəcəyik. Amma Şuşamızı hökmən qaytaracağıq. Buna bütün varlığımla inanıram.
Sən müharibə illərində Şuşada doğulmusan. Atan, müharibə iştirakçısı gözəl şairmiz Böyükağa Qasımzadə davadan zəfərlə çıxacağımıza və yağıdan qisas alacağımıza inandığı üçün sənin adını İntiqam qoyub. Şübhəsiz, Şuşamızı yağmalayanlardan nə şəkildəsə qisasımızı alacayıq. İnanıram ki, zəfər və intiqam gününü səninlə birlikdə Şuşamızda ömrümüzün ən böyük bayramı kimi qeyd edəcəyik.Sənə uzun-uzun illər, həmişəki kimi təmənnasız bir ömür - ədəbiyyat fədaisi ömrü arzulayıram.
Anar
22 avqust 2013
Ədəbiyyat qəzeti.- 2013.- 30
avqust.- S. 6.