Diri və
ölü sözlər
Söz - silah,
iş, sevgi və çörəkdir!
Buna görə sözə borcluyam, onu qoruyuram, sevirəm və qısqanıram.
Sözün yolu - xalqın yoludur. Hər ikisi
ürəyimi titrədir. Hər ikisi sirli və sehirlidir. Hər ikisinin
kökü, başlanğıcı Tanrıdan başqa kimsəyə
bəlli deyil. Ağlım kəsəndən
hər gün xəyalən bu yolu geriyə qayıdıram.
Görürəm ki, hər sözdən
xalqın uzaq keçmişinə, yaranmasına və təfəkkürünə,
dünyanı qavrama tərzinə bir pəncərə
açılır. Görürəm ki,
tarixin hər səhifəsindən yeni-yeni sözlər
cücərir, onu yaradanla birgə boy atıb yaşayır və
yayılır.
Sözün də öz ömrü - doğuşu, olumu
və ölümü var. Söz da xalqların yol yoldaşıdır;
tər töküb ölkə qurur, vuruşur,
döyüşə aparır, şənlik edir, yas
saxlayır, qocalır, yorulur və itir. Tarix - zamanın
unutqanlığında, yolları ot
basır, söz paslanır, əldən və dildən
düşür...
Amma sözlərin ölümü təkcə
qocalıb əldən düşməklə gəlmir, lap elə
cavan, işlək vaxtında dəyərini itirən,
gücünü və əhəmiyyətini qeyb edən
sözlər də var ki, cavan ölür, yaxud diriykən
ölüyə çevrilir.
Burası
da var ki, ən bahalı geyimlər əprimiş bədənlərə
təravət gətirə bilmədiyi kimi, ən parlaq
sözlər də sirinsimiş ruhlara qanad taxa bilməz...
Ən iti qılınclar gücsüz əldə
oyuncağa çevrilir, ən çevik atlar qorxaq süvarinin
altında qatıra dönür.
Söz
millətin ruhudur! Kərpic-kərpic binalar
tikilir, söz-söz ruh abidələri - əsərlər.
Zaman Qobustan qayalarındakı yazıları
pozur, Sfinksin burnunu ovur, ehramları əridir, göylərə
əl atmaq ehtirasıyla ucaldılan qüllələri
böyrü üstə qoyur, amma sözün gözünə
də üfürə bilmir. Sözlə
qurulan abidələr daha etibarlı və
uzunömürlüdür.
Millət
- sözü, söz - milləti qoruyur!
Söz də özünü qorumaq və yaşamaq
uğrunda qanlı savaşlardan, ölüm-dirim mübarizələrindən
keçib.
Qalalar - qorunmaq, abidələr - unudulmamaq ümidləridir. Sözün də
qalalara sığındığı və
ucaltdığı abidələr sayəsində yaşaya
bildiyi vaxtlar olmuşdur.
Millətin ruhu və ümidi qırılanda, sözlər
də qoşun kimi pərən-pərən düşür.
Monqolustanda - Tonyukukda və ya Orxon nəhri vadisində
ölən sərkərdələr üstündə deyilən
ağılar ulusun sonsuz ağrısını qoruya bilməyəndə,
o ağrını, dərdi və çarəsiz, çətin
durumu daşa köçürüblər.
Ağıllarına gəlməyib ki, bu ölüm
türk dilinə, özəlliklə, oğuz-azəri
türkcəsinə dirilik vəsiqəsi verəcək.
Baş
daşları - dilin beşiyinə və əbədiyyət
ünvanına çevriləcək!..
Çöllərdə
nida işarəsi kimi ucalan o ağ mərmər
sütunları qucaqlayıb, əlimi yuxarıdan
aşağıya doğru yazılmış doğma kəlmələrə
sürtəndə - elə bildim, sütunların içində
bir ürək döyünür, üstündə
yazılmış "Tanrı", "türk",
"yer", "oğuz", "bəy"... sözləri
kimi, bu daşların özü də min üç yüz
ildir canlıdır və bu məğrur ucalığından
min üç yüz ildir sonsuz düzəngahlara göz dikib
nəyisə gözləyir.
Türkoğuz,
türkazər dilinin hər kəlməsiylə həm tarix, həm
bu gün olan, min beş yüz ilin ruhunu bu
günə daşıyan başqa bir abidəsi də Dədə
Qorqud kitabıdır. Dədə Qorqud kitabı dilimizin
İçərişəhəridir: hər boyu bir Qız
qalası, bir Çıraqqala, saray, abidə, bürc...
Dədə
Qorqud boylarındakı real və mifik tarixlərin də
İçərişəhər kimi yaşını bilən
yoxdur; daş altından daş, söz altından söz
çıxır; hər süjet bir minillikdən, əfsanəyə
dönmüş bir həqiqətdən gəlir, sonra Dədə
Qorduq adına bağlanır, onun dilində zaman sərhədləri
itir, keçmişi canlandırır, canlı olanı tarixə
çevirir. Yaşından asılı olmadan Dədə
Qorqud sözü həmişə işlək və
yaşarıdır; İçərişəhər muzey
cansızlığını qəbul etməyən canlı
bir həyat içində olduğu kimi, Dədə Qorqud
sözü də bugünkü dilimizin ən işlək
qatıdır...
Türkazər
dili min beş yüz il əvvəlki cilvəsi ilə Dədə
Qorqud boylarına köçüb bir qalaya, bir abidəyə
çevrilsə də, Orxon və Tonyukuk daşları kimi, bu
abidələrin də ürək döyüntüsü
aydın eşidilir.
Quran da ərəb
dilinin ölümsüz abidəsidir; amma bu bir ziyarətgahdır!
Nə Dədə
Qorqud boyları kimi yaşayışı olan, nə də
ziyarətgaha dönən qalalar da var! Ölü dillərin
yadigarı!
Söz
Tanrıya bağlananda işıqdır, əbədiyyətdir,
baldır; İblisin dilinə düşəndə zülmətdir,
şərdir, zəhərdir...
Yaşı bilinməyən İçərişəhərdə
yaşamağa, işləməyə bu gün də
üstünlük kimi baxılır, orda rahatlıq
tapırlar.
Xarici firmalar, səfirliklər də ora can atır, orda məskunlaşmağa
çalışırlar.
Heç kim İçərişəhər məhəllələrində
tapdığı rahatlığı,
canayatımlığı mikrorayon məhəllələrində
tapa bilməz!
İçərişəhərin hər bir evi qədim
olduğu kimi, həm də müasir, hər gələn nəsil
üçün yenidir; mikrorayonların yelçəkən
küçələri, evləri və mənzilləri yeni
olsa da, yeniliyilə adamı qovan, yeniliyində köhnələndir.
Qədim olduğu qədər canlı olan sözlərin
cazibəsiylə, anadan ölü doğulan yeni sözlərin
müqayisəsi də elə bu cürdür.
Kiminsə
tutarlı bir ifadəsi yadıma düşür:
"Şüar - söz deyil, sözün
ölümüdür!"
Yəqin
ki, burda "şüar" vərdiş elədiyimizdən
daha geniş anlamda qəbul edilməlidir...
Əslində, şüar da, söyüş də, mədhiyyə
də haqqı inkar edən sözlərin qanını sorur,
onları cansızlaşdırır və gözdən
salır.
Bu gün
Milli Məclisdən tutmuş televiziya verilişlərinədək,
qəzet məqalələrindən tutmuş nəfis nəşr
edilmiş kitablaradək - dövlət dili səlahiyyətiylə
qol-qanad açmış dilimizin nəhayət ki,
sıxıntılardan qurtarmasından qürur duyuruq... Amma bu dil meydanında hərdən özümü,
nədənsə, mikrorayon evlərindəki kimi naqolay hiss edirəm,
rahatlıq tapa bilmirəm. Hərdən də dil elə
şəkil alır ki, özümü ölü sözlər
arasında, ölü sözlər qəbiristanlığında
hiss edirəm!
Hansı
yüksəklikdən səslənir-səslənsin, hansı
dəbdə geyinir-geyinsin, söz həqiqəti ifadə etmirsə,
yalan və riyakarlıqdan doğulursa, elə
doğuluşundan ölüdür!
Dil həm də əxlaq göstəricisidir. Bəzən
elə bil mədhiyyə yarışı gedir. Bəziləri
başının üstündəkinə bəy tərifi
deyir: müəllim direktoruna, həkim baş həkimə... Beləsinə deyən lazımdır ki, el məsəlidir
- “dil işi yox əl işi” gərəkdir.
Həyatın dibindən gələn bir haq söz ən
yüksək kürsüdən deyilən nahaq sözdən
ucadır.
Dil
bazarçısı yalandır, varmazam bazarinə,
Gerçək olmaz, əgridir, inanmazam iqrarinə.
Sadiq oldur
dilini könlü ilə bir eyləyə
Əgri
dildən nəsnə gəlməz, durmuşam inkarinə...
Bu,
altı yüz il öncənin Nəsimi əxlaqı
və Nəsimi dilidir.
Təəssüf ki, əyridillilər altı yüz ildən
sonra da var və bəlkə də Nəsimi dövründən
daha çoxdurlar.
İşlək dil elliyindir, hər kəsin
malıdır.
Torpaq kimi, kim istəsə, əkib-becərə
bilər... Amma torpaqdan nəsə yaratmaq sənətkar
işidir. Təəssüf ki, söz
yaradıcılığı, söz meydanı da saxta söz
"xiridarları"ndan xali deyil. Neçələri
tam bir cəzasızlıq şəraitində, ictimai
qınaqdan kənarda meydan sulayırlar...
Təkcə
qəzetlər deyil... Bu günlərdə biri mənə bir
şeir toplusu verdi; nəinki şeir,
düzgün, təmiz ana dilində yazılmış bircə
misra tapa bilmədim orda. "Burda bircə dənə də
şeir yoxdur" - dedim. Bir neçə müddət sonra zəng
vurdular: "O kitabı işləyib hazırlayıblar. Bəlkə ona ön söz yazasınız?"
Kim təzədən yazmışdı onu?
Cansız və ruhsuz, mənasız söz
yığınlarını qafiyələndirib, şeir
görüntüsü yaradılsa, nə olacaq ki?! Tabuta
ha bəzək vur!
"Min
bir mahnı" kitabı var. Xeyirxah iş görüblər.
Burda mahnı mətnlərinin çoxu yanlış
köçürülüb, yaddaşlarında necə
qalıbsa, elə qeyd eləyiblər, buna dözmək olar;
amma kitabda mahnı adına oxucuya
sırınan mətnlərin çox böyük hissəsinin
bədii sözə aidiyyəti yoxdur. Cəmiyyətə
sırınan yüzlərcə mənasız mahnı var... ölü sözlərdən doğulub. Bu
cür mətnləri hansı musiqiylə bəzəyirsən-bəzə,
heç kim onlara can və ömür verə
bilməz. Təəssüf ki, bu gün
mahnı yaradıcılığındakı, poeziyadakı
"həvəskarlıq" epidemiyası sürətlə
yayılır və ölü sözlərin, ölü
şeirlərin, ölü mahnıların sayı gündən-günə
artır.
Dilin gələcəyi, taleyi - işləkliyi,
yayılma dairəsi, rəsmi statusu,
daşıdığı informasiya yükü, qorunması ilə
yanaşı, həm də onun mənəvi enerjisindən,
sözünün sehrindən, gücü və
canlılığından asılıdır.
Şərait dəyişiləndə, quruluşlarla,
ictimai sistemlərlə birgə sözün də dəyişmə
prosesi gedir. SSRİ zamanında parıltılı görünən
nə qədər söz bu gün zahirən arxaikləşib,
fəal leksikondan çıxıb. Bu gün cazibədar
görünən bir sıra bəzəkli sözlər də
sabah mənasını itirəcək. Mayası olmayan taxıl tez qaralıb
çürüdüyü kimi, puç, mayasız sözlər
də çürüyüb töküləcək.
Dili qorumaq üçün təkcə Dil Qanunu yetərli
deyil. Ruhumuz və mühitimiz kimi, sözümüzün
də kəsərini, gücünü,
canlılığını, düzlüyünü qoruyub
saxlamağı bacarmalıyıq.
Sabir
RÜSTƏMXANLI
Ədəbiyyat qəzeti.- 2013.- 30
avqust.- S. 7.