Əziz dost, zəhmətkeş alim
Azərbaycan ikinci dəfə müstəqillik qazanana qədər Nazif Qəhrəmanlının ancaq imzasını tanımışam. Professor Vaqif Arzumanlının rəhbərlik etdiyi Milli Münasibətlər İnstitutunda professor Qəmərşah Cavadovun yaradıcılıq yoluna həsr edilmiş elmi məclisdən (1993) sonra N.Qəhrəmanlı özü mənə yaxınlaşıb, çıxışıma xoş münasibət bildirərək əlavə etmişdi ki, Azərnəşrdə çapdan çıxmış “Əsrlərin əks-sədası” (1992) kitabınızı həvəslə oxumuşam... Təşəkkür edib demişdim ki, imzanızla çoxdan tanışam. Nə yaxşı ki, bu gün ilk görüşümüz baş tutdu. Əsərlərini sevə-sevə oxuduğum bir adaşınız da var: Nazif Ələkbərli. Onu da qismət olsa, tanıyaram. Gülümsünüb demişdi:
- Hər iki imza mənimdir. Elmi əsərlərimi Nazif Qəhrəmanlı, ədəbi əsərlərimi Nazif Ələkbərli imzası ilə yazıram.
Qəhrəmanlı və Ələkbərli imzalarının ona mənsub olduğunu ilk dəfə bu söhbət zamanı bilmişəm. Hər iki imza ilə yazılan əsərlərdə yenilik, dəqiqlik, obyektivlik, yığcamlıq, koloritli dil məziyyətləri diqqətimi daha çox çəkən amillərdən olmuşdur. Bu istiqamətdəki söhbətlərin birində Nazif müəllim utancaq görkəm alıb demişdi:
- Əlim oxuculara çatmaya bilər, fikirlərim çatsa, sevinməyə dəyər.
O, həqiqətən sevilməyə layiq ziyalı idi. Çünki illər boyu itirdiyi - vaxt, ərsəyə gətirdiyi - əsər, qazandığı - oxucu sevinci və təşəkkürü olub.
Bir dəfə onun “Quba abidələri” məqaləsində XI-XII əsr Azərbaycan alimi Ibrahim Qrızinin adına rast gələndə Bağdad Universitetini bitirmiş bu naməlum müəllifin kimliyinin izinə düşmək həvəsi məni “İbrahim Qrızi haqqında nə bilirik?” adlı məqalə yazmağa ruhlandırmışdı. Bakı, “Azərbaycan Ensiklopediyası” NPB, 2000, s.113-116). N.Qəhrəmanlının məqaləsinin səmərəli təsirindən sonra qədim elmi mənbələrdən aldığım yaradıcılıq təkanının köməyi ilə bu naməlum azərbaycanlı (qubalı) ziyalı haqqında bəzi məlumatların üzə çıxarılması faktı göstərdi ki, orta əsr mənbələrində hələ açıqlanmamış çox sirlər yatır.
Nədənsə, səhvlərlə, təhriflərlə və boşluqlarla dolu “Quba və qubalılar” kitabında bu barədə verilən məlumatda elmi həqiqət təhrif edilmiş, adı çəkilən məqalə və kitabın müəllifi dəyişik düşmüşdür.
N.Qəhrəmanlı mətbuatı müntəzəm izləyən ziyalılardan idi. Məşhur qubalı qaçaq Molla Nur haqqında Aşıq Tağı Xaltanlının yazdığı “Ellərdən soruş” qoşmasını ilk dəfə anamın dilindən qələmə alıb “Üç əsri görmüş qubalı müdrik haqqında ilk kitab” adlı məqaləmdə oxucuların diqqətinə çatdırandan sonra oxuyub məni təbrik etmiş və həmkarlarının (Azad Nəbiyev, Ağalar Mirzə, Əkrəm Qaflanoğlu...) verdiyi yüksək dəyərlə razılaşaraq “böyük tapıntı” adlandırdığı həmin şeri özünün çapa hazırladığı “Quba haqqında nəğmələr” kitabına da daxil etməyi lazım bilmişdi.
Görkəmli ədəbiyyat tarixçisi və tənqidçisi f.Köçərlinin müasirlərinə yazdığı məktubların birində Xaltanlı Tağının adını “Qonaqkəndli şair Tağı” kimi çəkməsi və əsərlərini toplamağa çalışdığını bildirməsi haqqında ilk məlumatla onu tanış etməyimdən aldığı estetik zövqdən necə vəcdə gəldiyini də yaxşı xatırlayıram. Molla Nur, həmçinin şəxsiyyəti bu günə qədər öyrənilməmiş “Qeyri-adi insan” olan Əli adlı azərbaycanlı gənc ilə dünya şöhrətli rus yazıçısı f.M.Dostoyevskinin (1821-1881) Omsk dustaqxanasında dörd il (1850 yanvar - 1854, fevral) cəza çəkməsi, onları “cəsur vətənpərvər... mərd və qorxmaz qəhrəman”, “bahadır kimi qüvvətli, igid bir insan, öz xalqının istiqlaliyyəti uğrunda vuruşmuş nəcib bir mübariz” kimi təqdir etməsi də Nazif müəllimi çox heyrətləndirmişdi ... Bu kimi çoxsaylı misalların köməyilə müşahidə etmişəm ki, o, məhsuldar bir alim, yazıçı və tənqidçi kimi oxuduğu kitab və məqalələrdə səhvlərlə qarşılaşanda mütəəssir olurdusa, bir yenilik görəndə elə sevinərdi ki, sanki böyük bir xəzinə tapıb.
O, tərifi də, tənqidi də eyni səmimiyyətlə qəbul edirdi. Hərdən zarafatla deyərdi ki, tərif məni yatırdır, tənqid isə ayıldır. Bu həqiqəti nəzərə alıb onun çox səmimi avtoqraf yazdığı, “əziz dost, zəhmətkeş alim, ən gözəl insan” sözləri ilə mənə bağışladığı “Quba haqqında nəğmələr” kitabını oxuyub telefonda xoş təəssüratımı söyləyəndə demişdim ki, 6-cı səhifədə Aşıq Valehin adına getmiş üç bəndlik “Sambur” şeri Nəsrəddin Qarayevin tərtib etdiyi “Poetik məclislər” (XIX-XX əsr Azərbaycan ədəbi məclisləri nümayəndələrinin yaradıcılığından seçmələr) kitabında şair, xəttat Sədi Xaltaninin (Aşıq Tağı Xaltanlının oğludur) adına getmişdir. Həcmi beş bənddir. Tanınmış şair, alim, əməkdar incəsənət xadimi Ağalar Mirzənin “Xaltanlı Tağı” kitabında həmin şeir Aşıq Tağının adı ilə çap olunmuşdur. Həcmi dörd bənddir. Mətn fərqlərinə baxmayaraq, Aşıq Tağının və oğlu Sədinin adı ilə çap olunmuş “Sambur” şeri daha dəqiq, səlis və oxunaqlıdır ...
Üç müəllifə aid edilən bu şerə aydınlıq gətirməyin unudulmasına münasibətimi bildirəndə Nazif müəllimin inciyəcəyini xəyalıma da gətirməmişdim. Çünki incimək və kimisə incitmək onun təbiətinə yad idi. Bu mənada, bizi bir-birinə bağlayan amillər sırasında fikir mübadiləsi zamanı sözümüzün yerə yox, yerinə düşməsi həmişə böyük önəm daşımışdır.
Bəzi səfərlərdə, elmi məclislərdə, kitab müzakirələrində birlikdə iştirak etməyimizi də yaxşı xatırlayıram. Lazım gəldikdə məqalə və kitablarımızın əlyazmalarını biri-birimizə göstərərdik ki, nəzərdən qaçan səhvlər varsa, düzəldək, boşluqlar varsa, dolduraq, qırışlar varsa, ütüləyək. Belə əlaqələrlə yanaşı, səmimi avtoqraf yazıb bir-birimizə bağışladığımız kitablar da ədəbi, elmi, şəxsi əlaqələrimizin getdikcə möhkəmlənməsinə səmərəli təsir göstərmiş, beynimizə qida, ağlımıza şəffaflıq, dostluğumuza möhkəmlik bəxş etmişdir. Öz dövrünün görkəmli şəxsiyyətlərindən olan Səməd Mənsurun həyat və yaradıcılığından bəhs edən “Bir ömrün rəngləri” kitabının elmi redaktorluğunu mənə etibar etməsi də həmin nəcib məqsəddən irəli gəlmişdir.
Klassik irs və müasir elmi düşüncə öyrədir ki, hər bir nüfuzlu müəllif öz müasirlərinə və sonrakı nəsillərə tükənməz qida və ilham mənbəyi ilə yanaşı, həm də etibarlı söz silahı verir. Burada əsas məsələ həmin silahın əldən-ələ keçməsi deyil, onun kimin əlində olması, ondan necə və nə üçün istifadə etməsi daha böyük önəm daşıyır. N.Qəhrəmanlı oxuduqlarına və yazdıqlarına bu mövqedən yanaşan istedadlı qələm sahibi idi. O, nəyi oxuyurdusa, nəyi tədqiq edirdisə, orada dəqiq müşahidə, yenilik, novatorluq, qaranlıqları əridən işıq şüası axtarırdı. Yazanda da, danışanda da bu məziyyətlərə üstünlük verirdi. Tələbkarlığını artırardı ki, qələmindən və dilindən nə çıxsa, təravətini zaman-zaman saxlamağa qadir olsun. Qələmini çox yorsa da, oxucuları yormağı sevməzdi. Buna görə söz üzərində əsim-əsim əsərdi. Nə yaxşı ki, bədii və elmi siqlətini milli dəyər səviyyəsinə qaldırmağa çalışdığı əsərlərinin geniş oxucu auditoriyası qazanmasına göstərdiyi səylər hədər getməmişdir.
Belə bir parlaq istedad sahibinin ailəsini, dostlarını tez tərk edəcəyini heç kəs gümanına gətirə bilməzdi. Onun qəfil ölüm xəbərini ilk dəfə qələm dostum Ələkbər Salahzadədən eşidəndə pərişanlıq əzabı məni bir neçə gün tərk etməmişdi.
“Ədəbiyyat qəzeti”ndə tanınmış yazıçı Əli Əmirlinin ürək dağlayan vida sözünü oxuyub Nazif müəllimin ailəsinə telefonla başsağlığı verəndə hiss etdim ki, xanımının da, yeganə məktəbli qızının da göz yaşları hələ qurumayıb. Ömrün Nazifsiz keçən günlərini necə başa vuracaqları onlara dərd olmuşdu. Sanki dünyanın nisgili ürəklərinə dolmuşdu. Axı onlar vəfalı həyat yoldaşı, xeyirxah və alicənab ata itirmişdilər. Azərbaycan ədəbiyyatşünaslığı isə Qarabağ dərdini ürəyində, elmin yükünü çiyinlərində daşıyan görkəmli alimlərimizdən birini itirmişdir. Azərbaycan Yazıçılar Birliyinin nekroloqunda da, professor Nazif Qəhrəmanlının yaxın dostu, qardaşı, sirdaşı Əli Əmirlinin vida sözündə də onun vəfatı agır itki kimi dəyərləndirilmişdir.
Nə yaxşı ki, onun cismani yoxluğunu bizə unutduran, dərdli ürəyimizi ovunduran çoxsaylı əsərləri xalqımıza miras qalmışdır.
İmaməddin Zəkiyev
Ədəbiyyat qəzeti.- 2013.- 30
avqust.- S. 7.