Musiqiyə sonsuz sevgi ilə
M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanası bu günlərdə oxuculara “Musiqidə
keçən ömür” adlı nəfis tərtibatlı bir
kitab təqdim etmişdir. Kitab əməkdar incəsənət
xadimi, musiqişünas İmruz Əfəndiyevanın 75 illik
yubileyinə həsr olunmuşdur. “Musiqidə keçən
ömür” xalq artisti, professor Fərhad Bədəlbəylinin
“Yüksəlişə gedən yol” məqaləsi ilə
açılır.
Müxtəlif nəslə mənsub
musiqi xadimlərimizin yubilyar haqqında ürək sözləri
toplanmış həmin kitabdan bir məqaləni təqdim edirik.
İmruz Əfəndiyeva… Bu ad, bu imza çoxdan bəri həm mütəxəssislərə, həm də geniş musiqi ictimaiyyətinə bəllidir. Musiqişünas-alim, pedaqoq, sənət haqqında maraqlı bədii-publisistik, tənqidi materialların müəllifi. Heç də hamıya musiqişünas peşəsinin çeşidli təzahürlərini öz yaradıcılığında ehtiva etmək müyəssər olmur. Kimsə öz iş otağına qapanıb ciddi elmi araşdırmalarla məşğul olur, kimsə əsas vaxtını əziyyətli, amma nəcib, xeyirxah bir işə - gənc kadrların yetişdirilməsinə sərf edir, kimsə maarifçiliyə, musiqinin təbliğinə üstünlük verir. İmruz xanım barədə düşünərkən, mən onun fəaliyyətinin müxtəlif qollarını, şaxələrini bir-birindən ayırd etməyə çətinlik çəkirəm, çünki onların hamısı çox üzvi şəkildə bir-birini tamamlayır, zənginləşdirir, qanadlandırır. Əlbəttə, desəm ki, İmruz xanım bir çoxları üçün ilk əvvəl tələbkar, fədakar, diqqətcil bir müəllimdir - yəqin yanılmaram. Neçə ildir ki, doğma tədris ocağında - Musiqi Akademiyasında (akademiyanı onun ikinci evi adlandırardım, çünki İmruz xanım qəlbən bu məkana olduqca bağlıdır) dərs deyir və zəngin biliklərini öz çoxsaylı tələbələrinə ötürməyə çalışır. O, şübhəsiz, BMA-nın "Musiqi nəzəriyyəçi" kafedrasının kreativ, son dərəcə əzmkar, mütəhərrik müəllimlərindən biridir. Yadımdadır, ötən əsrin 80-ci illərində konservatoriyada oxuyarkən birinci kursda hamıdan çox məhz İmruz xanımla görüşürdük, çünki o, birdən-birə bizlərə 3 (!) fərqli fəndən dərs deyirdi: solfecio, harmoniyanın tarixi, xalq yaradıcılığı. Yəni əsl peşəkar kimi o, müxtəlif tədris kurslarını mənimsəyib, tələbələrə kifayət qədər yüksək səviyyədə çatdırmaq iqtiarında idi. İmruz xanım dərslərə yaradıcı münasibət sərgiləyər, hər dəfə fərqli tapşırıqlar yerinə yetirməyi təklif edər, bizi - tələbələrini, konservatoriyanın qonağı olan tanınmış mütəxəssislərlə görüşdürməyə - özümüzü sınayaq deyə - lazım bilərdi. Məsələn, dərs vəsaitlərini öyrənə-öyrənə püxtələşdiyimiz məşhur nəzəriyyəçi B.Alekseyevin İmruz xanımın təkidi ilə məşğul olduğumuz 221 saylı auditoriyaya - yeri gəlmişkən, bu xudmani, sahibəsinin səyləri nəticəsində həmişə səliqə-sahmanlı məkan, el içində elə "İmruz xanımın sinfi" kimi tanınır, - baş çəkməsi, harmoniya fənninin həqiqi metri ilə bahəm solfecio dərsliyindən nümunələrin oxunması, müəyyən çalışmaların icra olunması yaddaşımda silinməz iz buraxıb. Və ya bir də görürsən İmruz xanım qəfildən "əcaib" tapşırıq verirdi: hər hansı bir məşhur mahnını yaddaşda bərpa edib nota köçürmək, el havasına harmoniyalar qoşmaq. Xatırlayıram ki, məşğələlərdən birində biz "Aman ovçu"nun harmonik tərtibatı üzərində həvəslə çalışmışdıq. Sonradan müəllimimiz bütün nümunələri bir-bir çalıb, təhlil etmiş, əyər-əskiyimizi üzə çıxarmış, Azərbaycan musiqisinin melodik, lad xüsusiyyətlərinə xələl gətirməyərək işləməyi tövsiyə etmişdi. İmruz xanımın Tələbə Elmi Cəmiyyətinin rəhbəri kimi səmərəli işi, bu qurumun fəaliyyətini canlandırmaq cəhdləri, təşkil etdiyi saysız-hesabsız mövzuca rəngarəng konfranslar, neçə-neçə gənci elmi yaradıcılığa cəlb etməsi və s. kimi əhəmiyyətli addımlar, xeyirxah əməllər də mütləq xatırlanmalıdır.
Bir alim tək İ.Əfəndiyeva elm aləmində gözəçarpan hadisə adlandırıla bilən bir neçə tədqiqatların, dərs vəsaitlərinin, onlarla məqalələrin müəllifidir. Məsələn, "Azərbaycan sovet mahnısı" monoqrafiyasında İ.Əfəndiyeva bu janrın təşəkkülü və inkişafı tarixini izləyə bilmiş, al-əlvan mahnı ümmanında dürüst təsnifat aparmış, bulanıq sularda itib-batmayaraq əsl inciləri üzə çıxarmış, başlıca təmayülləri ayırd edə bilmişdir. İndinin özündə mahnı ilə bağlı bu və ya digər məlumata ehtiyac yaranarsa, ən etibarlı vəsait kimi məhz bu həcmcə o qədər də böyük olmayan, amma kifayət qədər informativ mənbəyə üz tuturam. Öz əsas tədqiqatında musiqişünas Vasif Adıgözəlovun - XX əsr Azərbaycan musiqisində önəmli yer tutan bu sənətkarın dolğun portretini yaratmağı, onun musiqiyə bəxş etdiyi töhfələri araşdırmağı bacarmışdı. İ.Əfəndiyevanın geniş kontekstdə yerinə yetirdiyi təhlil inandırıcıdır, dəqiqdir, bəzi fraqmentlərdə hətta estetik zərifliyi ilə fəqlənir. Ümumiyyətlə, düşünürəm ki, alimin sanballı monoqrafiyasından sonra V.Adıgözəlov barədə təzə, təravətli söz söyləmək o qədər də asan vəzifə olmayacaq.
O ki, qaldı İmruz xanımın publisist və jurnalist kimi fəaliyyətinə - bu barədə lap çox, ağızdolusu danışıb-yazmaq olardı. Maraq, habelə məlumat almaq xatirinə mən internetdə İmruz Əfəndiyeva ilə əlaqədar sorğu verdim və açığını deyim, "Google" axtarış sisteminin təqdim etdiyi nəticələrdən heyrətə gəldim: çeşidli qəzet və jurnallar üçün onlarla irili-xırdalı məqalə, valehedici mövzu rəngarəngliyi (muğamdan caza kimi, simfonik musiqidən mahnıya kimi), musiqişünasın müxtəlif tədbirlərdə - konfranslarda, prezentasiyalarda, yubiley gecələrində iştirakını işıqlandıran materiallar. Ölkəmizdə son zamanlar intişar tapmış iri festivalların müfəssəl icmalı, yeni nəşrlərə resenziyalar, müasirlərimizin yaradıcılığı, sənət korifeyləri haqqında xatirə xarakterli materiallar - bütün bunlar İmruz xanımın maraq dairəsinin, dünyagörüşünün genişliyinə dəlalət edir.
Bir sıra məqalələr İ.Əfəndiyevanın müəllimlərinə, yaşca özündən böyük olan həmkarlarına minnətdarlıq, sayğı hissi ilə qələmə alınaraq, məxsusi lirik intonasiyası ilə məftun edir. Mən İmruz xanımın İkinci Dünya müharibəsinin od-alovu içində gənc ikən həlak olmuş atası - ictimai xadim, istedadlı teatrşünas, vaxtilə sənət aləminin tanınmış simalarından biri olmuş Məmməd Sadıx Əfəndiyevin xatirəsini yaşatmaq naminə etdiklərini - apardığı araşdırmaları, yazdığı məqalələri xüsusən qeyd edərdim. Bu məqamda övlad borcunu yerinə yetirmiş İmruz xanıma xitabən demək istərdim: Halal olsun sizə! Və bir də M.S.Əfəndiyev irsi ilə tanış olarkən mən İmruz xanımın sənətə sonsuz sevgisinin haradan qaynaqlandığını anladım…
Nədənsə, İ.Əfəndiyeva haqqında düşünərkən məşhur rus simfonistinin bir fikri yadıma düşür: əsl peşəkar odur ki, daim işləsin, daim yeni əsərlər sorağında olsun. Yaratmaların miqdarca çoxluğu istedada dəlalət edən amillərdəndir. İmruz xanımın illər uzunu yazdığı işlərin siyahısı ilə, onun bir an belə səngiməyən yaradıcılıq fəaliyyəti ilə ötəri tanışlıq belə, bu insanı sözün həqiqi mənasında peşəkar adlandırmaq imkanı verir. Önəmlidir ki, alim həmişə araşdırdığı mövzuların çərçivəsini genişləndirir, yeni ədəbiyyatla işləməyə çalışır, sanki daim oxuyub-öyrənməyə can atır. Bir də işlər bolluğu içində İmruz xanım vaxt tapıb həmkarlarının, gənclərin elmi yaradıcılığını müntəzəm izləyir, yaxşı məqaləyə, uğurlu çıxışa qiymət verməyi, səmimi-qəlbdən sevinməyi bacarır. Nə deyim, bizim bir qədər mürəkkəb cəmiyyətimizdə çox da geniş intişar tapmayan bir keyfiyyətdir. Bu və ya digər yazını bəyənsələr də, bu barədə danışmamağı, susmağı - sanki xəbərsizdirlər - üstün tutanlar az deyil. Burada qeyd etməyə bilmərəm ki, şəxsən özümə İmruz xanım dəfələrlə zəng çalıb, hər hansı çıxışımla, məqaləmlə əlaqədar xoş sözlər söyləyib, məni bir növ ruhlandırıb.
İmruz Əfəndiyevanın nailiyyətləri onun daşıdığı fəxri və elmi adlarda təsbit olunub. Bu zirvəyə musiqişünas nadir bacarıq, inadkarlıq, ağır gündəlik zəhmət, sənətə sonsuz məhəbbət, peşəsinə sədaqət, hətta deyərdim, nəvaziş dolu münasibət sayəsində ucalıb. Həmişə olduğu kimi, bu gün də İmruz xanım sanki öz adı ilə tam rabitədə (gözəl səslənməsi ilə fərqlənən "İmruz" adı fars dilindən "bu gün" kimi tərcümə olunur) - qaynar musiqi həyatımızın, yeniləşən tədrisimizin episentrindədir. Azərbaycan Bəstəkarlar İttifaqının tədbirlərində fəal iştirak edir, çeşidli konfranslarda çıxışlar edir, məqalələr yazır, həvəslə televiziya verilişlərinə qatılır, mühazirələr oxuyur - özünəməxsus tərzdə - səriştə, coşqu və şövqlə. İmruz xanım, qoy həmişə belə olsun! Yazıb-yaratmaq eşqiniz heç zaman tükənməsin!
Zümrüd Dadaşzadə,
əməkdar incəsənət
xadimi,
Ü.Hacıbəyli adına BMA-nın professor
Ədəbiyyat qəzeti.- 2013.-
30 avqust.- S. 8.