Xalq şairi Məmməd Arazın

80 illik yubileyi qeyd edildi

  

Noyabrın 29-da Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

Mədəniyyət və Turizm NazirliyiMilli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə rəsmi nümayəndələr, elm və mədəniyyət xadimləri iştirak etmişlər.

AzərTAc xəbər verir ki, kitabxananın foyesində “Məmməd Araz–80” elektron məlumat bazası və “Poeziyamızın Məmməd Araz zirvəsi” adlı kitab, qəzet və jurnal materiallarından ibarət sərgisi nümayiş etdirilmişdir.

Mərasimdə Məmməd Arazın özünün səsləndirdiyi şeirlərin və ulu öndər Heydər Əliyevin şair haqqında söylədiyi dəyərli fikirlərin əks olunduğu videogörüntü nümayiş etdirilmişdir.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev şairin həyat və yaradıcılığından söhbət açmışdır. O, Azərbaycanın vətənpərvər şairi Məmməd Arazın 80 illik yubileyinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qeyd olunmasını şairin yaradıcılığına verilən ən böyük qiymət kimi dəyərləndirmişdir.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Nizami Cəfərov Məmməd Arazı zəngin, həddi-hüdudu olmayan yaradıcılıq imkanlarına malik böyük Azərbaycan şairi adlandırmışdır. Natiq, şairi Azərbaycanın klassik poeziyasını, düşüncə tərzini yaşadan, dövlətçilik təfəkkürünü təbliğ edən bənzərsiz söz sərrafı kimi xarakterizə etmişdir.

Bildirilmişdir ki, Məmməd Arazın zəngin yaradıcılığını Azərbaycanın coğrafiyası və tarixinin simvolu adlandırmaq olar.

Tədbirdə ədəbiyyatşünas alimlər, filologiya elmləri doktorları Vaqif Yusifli, Buludxan Xəlilov, Milli Məclisi deputatı, xalq şairi Sabir Rüstəmxanlı və başqaları Məmməd Arazın poeziyasının insanda heyrət doğurduğunu vurğulamışlar.

Sakit təbiətli Məmməd Araz Vətənin dar günündə qəddini düzəldir, sərtləşir və millətini ayağa qalxmağa, oğullarını alov dilli ox olmağa səsləyir. Məmməd Araz qələmi gah qəhrəman olub Vətən uğrunda vuruşan qılınca, gah da ruhları oxşayan incə rübaba çevrilir.

Məmməd Araz poeziyası haqdan gələn ilahi bir duyğunun, ilahi bir səsin, sözün məcmusudur. Onun hər hansı bir şeri, sözü bütün xalqa səslənir. O, ömrü boyu Vətənin keşiyində durmuş, Vətəndən, onun vüqarlı dağlarından, büllur bulaqlarından, torpağından, daşından yazıb-yaratmışdır.

Vurğulanmışdır ki, dövlətimiz tərəfindən ədəbi fəaliyyəti hər zaman yüksək qiymətləndirilən Məmməd Arazın bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir.

Tədbirdə əməkdar artistlər - qiraət ustası Ağalar Bayramov şairin şeirlərini səsləndirmiş, Firuz Səxavət isə sözlərinə yazılmış mahnıları ifa etmişdir.

Tədbirin sonunda şairin ailəsi adından Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş və şairlə bağlı xatirələrini söyləmişdir.

 

Ədəbiyyat qəzeti.- 2013.- 6 dekabr.- S.8.