Vətən sevdası

 

Bir vətən sevdası gəzir başımda,

Qeyri bir aşiqlik yox yaddaşımda.

Yurdumun hər yeri əzizdir mənə,

Ayrılsam qərq ollam gözüm yaşında.

 

Elə bu sevgidir yaşadan məni,

Belə yaradıbdır Yaradan məni.

Sevdim insanı da mən özüm kimi,

Köçürdüm könlümə dağı, çəməni.

 

Vətən övladları canımdır mənim,

Analar ruhumdur, qanımdır mənim.

Əziz atalara qardaş deyirəm,

Onlar şöhrətimdir, şanımdır mənim.

 

Şəhidlər həm qəmim, həm qüdrətimdir,

İgidlər həm fəxrim, həm qeyrətimdir.

Şəhriyar, Bəxtiyar, Müşfiqim mənim

Sözlər diyarımda şərafətimdir.

 

Bir vətən sevdası gəzir başımda,

Qeyri bir aşiqlik yox yaddaşımda.

Yurdum başdan-başa əzizdir mənə,

Bu sevda əzəldən tacdır başımda.

 

Mən azəri qızıyam

 

Mən azəri qızıyam, fəxr edirəm bu adla,

Vətən torpaqlarında gəzirəm bu büsatla.

Bu dünyanın ən gözəl bir guşəsi mənimdir,

Azərbaycan deyilən bir ölkə vətənimdir.

Xəzəri, Göy gölü var, yaranışı qədimdir,

Neyləyirəm dünyanı, elə bu yer bəsimdir.

Nur yağır göylərindən, lalələr badəsidir,

Çəmənlər sağlıq deyir, çiçəkləri rəqs edir.

Tanrım əsirgəməyib burdan gözəllikləri,

Bura salam göndərir göylərin mələkləri.

Qayaları, dağları əfsanələr yatağı,

Meşələri - xalısı, günəşdir çilçırağı.

Müqəddəslər yurdudur, imanlıdır insanı,

Onun şanı, şöhrəti gəzir bütün cahanı.

Onun Füzulisi var, Cavidi, Müşfiqi var,

Nizaminin şöhrəti yayılıb diyar-diyar.

Torpağının uğrunda canlar qurban verəndir,

Xoşbəxt belə diyarda ömrü başa vurandır.

Mən azəri qızıyam, Azərbaycan vətənim, -

Fəxrimdir, şöhrətimdir, ürəyimdir o mənim.

 

Kəmalə Ağayeva

 

Ədəbiyyat qəzeti .- 2013.- 6 dekabr.- S.8.