Ölüm mələyi

 

Romandan parça

 

Yeməkdən sonra oğlan divandaca yatdı. O da qabları götürüb mətbəxə keçən qadına kömək elədi. Onun ağlına da gəlmirdi ki, mətbəxdə ilk dəfə oturduğu köhnə kreslo sonralar onun üçün necə doğmalaşacaq; yəqin indi qabları yuyan qadın da bilmirdi ki, sonralar o, kreslodakı kişinin dizləri üstündə oturub dəlicəsinə öpüşməkdən, başını onun üzünə dayamaqdan, asta-asta kişinin sinəsini tumarlamaqdan çəkinməyəcək. Kişini sevirdi, bunu da gizlətmirdi. Bir az əvvəl o, özünü saxlaya bilməmişdi, qadını ayaqüstü qucaqlamışdı. Qadın dönməsə də, onu qucaqlamasa da, hər halda itələməmişdi. Onun qucağından çıxmaq istəməmişdi. O, qucaqladığı qadının həyəcanını hiss eləyirdi, nəfəsinin təngiməyini görürdü. Əyilib onun boynundan öpəndə qadının qəribə bir səs çıxardığını da eşitdi. Dodaqlarından öpəndə də onun əlindən çıxmağa, bunun qarşısını almağa cəhd eləmədi. Yoxsa həyəcandan boğulduğu, bədəninin uçunduğu, əllərinin titrədiyi bir vaxtda qadının dodaqlarını belə tez, asanlıqla tapa bilməzdi. Hər halda Şeytan dərəsində, ağacın kölgəsində özünü-sözünü bilməyən qadın belə eləməmişdi. O, qadının indi bütün bunlarla razılaşdığını, onu bərk-bərk qucaqlayıb dəli kimi öpən kişiyə yovuşduğunu duyurdı. Onu da duyurdu ki, qadının hissləri zorla, çox çətinliklə qayıdır; ağır-ağır nəfəs almağı, qucağındakı bədənin titrəməsi, qadının sifətindəki əzab, üzüntü də buna görədir. Harasınasa toxunanda qadın birdən, elə bil, yuxudan ayıldı, sinəsindən itələyib onun qucağından çıxdı, çəkilib bir qıraqda durdu:

- Neyləyirsən? - dedi. - Nə qayırırsan? Yoxsa sən də başqaları kimisən? Bu illər ərzində inanmışam ki, sən çoxlarından fərqlisən. İnamımı öldürmə… qoy öyrənim, alışım sənə. Qapımı sənin üzünə açmağım, yəni sənə heç nəyi demir? Ərim öləndən sonra ağlıma da gətirməzdim ki, bu qapını bir kişinin üzünə açacağam.

Qadının göz yaşlarını görüb özünü lap itirdi. Ona elə gəldi ki, qadının ona məhəbbətindən, inamından yox, təkliyindən, köməksizliyindən istifadə eləyib. Halbuki neçə illərdi özünü onun arxası, köməyi kimi göstərirdi. Yəqin ki, qadın indi belə fikirləşir.

- Bilirsən, - qadın dedi, - o vaxt sən məni Şeytan dərəsində öpəndə sarsıldım, heydən düşdüm. Bəlkə də qəribə gələcək sənə: öpdüyün dodaqlarım elə o axşam uçuqladı. Bəxtimdən sabahı narın bir yağış yağdı. Gedib durdum yağışın altında.

- Yağışın altında niyə?

- Deyirlər, narın yağış günahları yuyub təmizləyir.

- İnanırsan belə şeylərə?

- Niyə inanmayım? Özüm canımla hiss elədim. Yağış məni yuduqca narahatlığım keçib gedirdi. O günü yaşadığım əzablar, dilxorluğum azalırdı. Sən buna da inanmayacaqsan ki, yağışdan bir-iki saat sonra dodaqlarımdakı uçuqlar da sovulub getmişdi.

Səhəri işdə altdan-altdan qadına göz qoyurdu. Qadın gülümsündü:

- Yəqin bilmək istəyirsən ki, dodaqlarım yenə uçuqlayıb. Baxma, uçuqlamayıb, ya yox.

- Onda sənə daha altında durmağa narın yağış lazım olmayacaq.

- Onsuz da, hər gecə yuxularımda narın yağışlar yağır, - hiss elədi ki, qadın qəsdən belə deyir. Hər ikisi gülüşdülər. Qadın:

- Neyləmisənsə oğlum sənə yaman bağlanıb. Səhər soruşur ki, o tək qalırsa, bəs harda yemək yeyir. Denən, hər gün yeməyə bizə gəlsin, - dedi.

Qadının əhvalı yaxşı idi. Yoxsa oğlunun sözlərini qətiyyən dilinə gətirməzdi, ona catdırmazdı. Məhz elə buna oxşar əhvalda olanda demişdi ki, Şeytan dərəsində sən hisslərini cilovlamayıb, zorla o hərəkəti eləyəndən sonra mənim üzüm səndən dönmədisə, daha biz ayrılmayacağıq. Bununla qadın onların evlənməsinin mümkünlüyünə işarə vurmuşdu.

Hər cümə axşamı oğlunu da götürüb qəbiristanlığa, ərinin qəbri üstünə gedən bu qadın ürəyində olan hər sözü həmişə çox sakitcə deyə bilirdi. Qəbrin yanında oğlundan göz yaşlarını gizlədirdi. İstəmirəm, - deyirdi, - uşağın qəlbinə xal düşsün, nəyəsə şəkk eləsin. Şəkk eləmək yaman şeydi. Bizim nəslə şəkk eləməkdən hamı qorxur. Sonra da demişdi ki, anasıgil uşaq olanda bunların evlərinə bir qadın gəlir. Yorğun-arğın, ac-susuz yol adamıymış. Nənəsinin yazığı gəlir, qadını ağırlayır, əzizləyir, həm də hiss eləyir ki, qonağı indiyəcən gördüyü adamlara oxşamır. Baxışları adamın ürəyini dəlib-keçir, elə bilirsən bundan heç nəyi gizlədəmməzsən, ürəyində olan hər şeyi bircə baxışdan başa düşür. Səsi də fərqli imiş, gülməyi-zadı da yoxuymuş, qaşqabaqlı deyilmiş, ancaq zəhmliymiş. Onun baxışları altında əzilirmişsən, canına bir ağırlıq çökürmüş. Bu baxışların altında elə bilirmişsən üst-başında nəsə çatmır, baş-yaxanı, ətəyini dartışdırırmışsan, üst-başında çatışmayanı tapıb yerinə qoymaq istəyirmişsən. Sənə elə gəlirmiş qolunun biri o birindən gödəkdi, qıçının biri o birindən uzundu. Di gəl bu qadında nəsə başqa bir şey də varmış, adamı elə bil, sehirləyirmiş, özünə bağlayırmış, ondan gözünü çəkəmmirmişsən, istəyirmişsən elə yanında olasan. Nə qədər eləyirlər qadın axşamı qalmır, gedəndə deyir:

- Sən yaxşı adamsan. Ancaq bir şey məni qorxutdu. İstəmirdim deyəm. Çörəyini kəsmişəm, deməsəm də özüm pis olaram, elədiyim yaxşılıqlar burnumdan gələr. Ay arvad, sənin üç qızın, bir oğlun var. Oğlun da, iki qızın da çox yaşayacaq, ancaq qızlarından biri əlindən çox cavan gedəcək. Qızlarından muğayat ol.

Qadın falçıymış-nəymiş, bu evə bir ağırlıq qoyub gedir. Nənələrinin ürəyinə şəkk salır. Anası deyirmiş, oğlu neyniyirdisə, başına nə gəlirdisə, nənə vecinə almırdı, bizim başımız ağrıyan kimi dəli olurdu. Yalvarırdıq ki, niyə belə eləyirsən, yəqin, falçı ağzına gələni deyib, sən niyə onun sözünə belə inanmısan?

Nənəsi qorxu içində pıçıldayırmış:

- O, yalan danışana oxşamırdı. Bir başqa cür inandım ona. İçimə bir şəkk saldı, getdi.

Anası deyirmiş:

- Arvad neçə ili beləcə şəkk içində yaşadı. Dərd adamdan əl çəkmədiyi kimi, şəkk də bu arvaddan əl çəkmədi. Vahimə içində yaşadı, gün-gündən xasiyyəti də, hərəkətləri də dəyişdi. Özügözümüzün qabağında əriyib gedirdi. Qapı açılırdı, nigaran-nigaran bizə baxırdı, külək əsirdi, yağış yağırdı, toyuq öz balalarının üstünə qaçan kimi, bu arvad da bizim üstümüzə qaçırdı. İşə bax ki, falçının dediyi düz çıxdı, bacılarımın biri çox cavan öldü. Sonralar anam həmişə özünü günahkar bilirdi, Allah məni öldürsün, - deyirdi, - o cür şəkk eləməsəydim, bəlkə də, balam əlimnən getməyəcəkdi.

Sevdiyi qadın bunları ona danışanda, qızın cavan, nisgilli ölümünə təsirlənsə də, hirsini yiyə bilmədi:

- Bütün bunlara sən necə inana bilirsən?

Qadınsa onun dediklərini eynilə təkrarladı:

- Bütün bunlara sən necə inanmaya bilirsən? Falçının dedikləri düz çıxıb. İllər boyu da bizimkilər bundan danışıb. Fikirləş ki, bizimkilər bundan sonra falçı görəndə ondan qaçıblar ki, yenə nəsə eşidərlər, ürəklərinə şəkk düşər.

Bütün bunları qadın, elə bil, yuxulu-yuxulu demişdi; elə bil, ağır yük altında idi, bu yük hərdən onu çiyinlərindən basırdı, hərdən də ürəyinin başından.

Yəqin ki, bir neçə saatlıq onun nənəsigildə olmuş, bir-iki kəlmə sözlə bu ailənin əhvalını dəyişmiş falçı yadına düşəndə qadın beləcə özünü-sözünü bilməmişdi, qanı qaralmışdı, cavan ölmüş qohumunu xatırlamışdı, onun gözündə falçı həmişə nağıllardan çıxıb gəlmiş sehrbazlara oxşamışdı. Falçının bir sözüylə daşlar danışmışdı, ağaclar şaqqanaq çəkib gülmüşdü. Bir neçə paltarı üst-üstə geymiş falçının zəhmli baxışları altında sular, qayalar da yəqin haldan-hala düşərsiz. Qadın bu barədə heç deməsə , ağlına bundan da betər şeylər gətirdiyini o hiss eləyirdi. Falçının sözlərindən sonra cavan çağında ölmüş xalasına, bütün bunları fikirləşəndə, yəqin qadının lap yazığı gəlir; belə vaxtlarda onun gözündə xalası da nağıllardakı gözləri bəxti kimi qara, dərdi başından aşan köməksiz gözəllərə oxşayırdı. Yəqin, belədə falçı onun gözlərinə lap dəhşətli, qorxunc görsənirdi, xalası daha məsum, köməksiz, dərdli mələk kimi görsənirdi.

 

Rafiq Babayev

 

Ədəbiyyat qəzeti.- 2013.- 6 dekabr.- S.7.