Söz sənətinin fədaisi

  

Tofiq Bayram haqqında danışmaq mənim üçün həm şirindir, həm də acı…

Ona görə şirindir ki, ömrümün Tofiqlə xoş keçən günlərinə qayıdıram, demək olar ki, onunla üzbəüz dayanıb danışıram. Ona görə acıdır ki, bu xatirələrimin çətin bir vaxtında onunla istədiyim kimi danışa bilmirəm.

Bu vaxt mən Tofiqi daha qarşımda görə bilmirəm. Hər iki halda böyük həyəcan keçirirəm.

Mən Tofiqlə orta məktəb illərini, ali məktəbdə oxuduğumuz illəri və 35 il ailə həyatı qurduğumuz illəri həyəcansız xatırlaya bilmirəm.

Mən Tofiq haqqında xatirə yazmaq fikrində deyildim. Ancaq Tofiqin dostları, onu tanıyanlar sadəcə olaraq, onu sevənlər həmişə mənə deyirlər ki, sən niyə onun haqqında öz xatirələrini yazmırsan.

Rəhmətlik İslam Səfərli həmişə deyərdi ki, Tofiq ilə Zərifə haqqında bir dastan yazacağam, əfsus ki, İslam Səfərlinin ömrü qısa oldu. Cəmi 50 il mənalı həyat sürdü. Arzusu həyata keçmədi. Nə etməli, Tofiq haqqında çoxlu xatirələrim var, indi istəyirəm ki, onlardan yadımda qalanları yazım.

Mən onunla 10 il orta məktəb illərini, 5 il ali məktəb illərini və 35 il ailə həyatımı şirin və mənalı keçirmişəm.

Tofiqin qısa həyatının hər günü, hər saatı mənim üçün unudulmazdır.

Deyə bilərəm ki, Tofiqin odlu-alovlu, qaynar həyatının, xüsusən ömrünün son dövrünün bircə gününü qələmə alsan, maraqlı bir kitab yazmaq olar.

Ən əziz adam həyatdan gedəndə, onun ölüm xəbərini eşidəndə kədərlənirsən, belə vaxtda istər-istəməz onun gördüyü işləri və xatiiələri haqqında düşünürsən.

Tofiq Bayram tələbkar insan, həqiqəti üzə deyən, şeirlə nəfəs alan odlu-alovlu bir şair kimi təsəvvürümdə qalıb.

Tofiqi tanıyan hər kəsi belə bir sual düşündürür:

O, bu qədər sevgini, nüfuzu, populyarlığı necə qazanmışdı?

Mən belə deyərdim: O, şirin canına qəsd edib, vaxt-bivaxt qatlaşdığı əziyyətə, halal əməyinin bəhrəsinə görə!..

Tofiq Bayram xalqa, onun müxtəlif təbəqələrinə ürəkdən bağlı olan əsl ziyalı idi.

O, savadlı, ağıllı, elmli olduğu qədər də sadə, təvazökar, alicənab insan idi. Sözün həqiqi mənasında, enisklopedik biliyə malik bir şair, hər cür yaradıcılıq axtarışlarına qatlaşıb kamilliyə, müdrikliyə, ucalığa doğru hərəkət edən bir sənətkar olmuşdur.

Bir tərəfdən ona qibtə edirsən, digər tərəfdən heyifsilənirsən.

Müasir Azərbaycan poeziyasında tanınmış şairlər arasında ən görkəmli yerlərdən birini tutan Tofiq Bayramdır. 40 ilə yaxın gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. Tofiq Bayram xalq tərəfindən sevilən və həmişə böyük rəğbət hissi ilə qarşılanan bir şair idi.

Süleyman Rüstəm yazırdı: "Tofiq Bayram özünün fitri şairlik istedadı sayəsində hələ gənc yaşlarından oxucuların sevməyə başladığı, həmişə diqqətlə izlədiyi və böyük ümid bəslədiyi xoşbəxt şairlərdəndir.

Mən onun məclislərdə, oxucu konfranslarında, ədəbi gecələrdə gurultulu alqışlarla qarşılandığını, təkrar-təkrar şeir oxumağa məcbur edildiyini çox görmüşəm. Onun lirik şeirlərini əzbərləyən və ağız-dolusu tərifləyən oxuculara da çox rast gəlmişəm. Bu səbəbdən də o, həmişə qızğın axtarışlarla məşğul olmuşdur".

Mirzə İbrahimov onun 50 illik yubileyində belə demişdir: "Tofiq Bayram həyatla, zamanla yaşayan, xalqı maraqlandıran bir sıra canlı məsələlərə bədii sözlə cavab verən düşünən və düşündürən şairdir".

O, 1959-cu ildə Azərbaycan şairi Füzulinin həyatı haqqında "Şairin şikayəti" pyesini yazmışdır.

Tofiq Bayram o şairlərdəndir ki, onunla təmasda olan, onunla ünsiyyət bağlayan, şeirlərini oxuyan hər bir şəxs daxilən zənginləşir.

Mən həmişə bir oxucu kimi Tofiq Bayram haqqında düşünəndə onu yüksək mədəniyyətə, dərin biliyə, dəqiq ifadələr seçmək və sözü məqamında işlətmək qabiliyyətinə, fikri sərrast və konkret ifadə etmək ustalığına, həyat həqiqətini demək cəsarətinə malik şair kimi xatırlayıram.

O, qadınlar haqqında gözəl, mənalı sözlər deməkdən doymazdı. Həmişə deyərdi ki, qadın nəfəsi pak və müqəddəsdir. Hər bir qadın həyatda qədrini bilənə qismət olaydı. Qadınlar dünyanın ən cəfakeşi, ən bəxtəvəridir. Nankorlar qadın və ana məhəbbətini başa düşməz. Onun qadınlar, analar haqqında şeirləri çoxdur.

Tofiq Bayramı dünya xalqlarının poeziyasını yüksək peşəkarlıqla Azərbaycan dilinə çevirən sənətkarlardan biri kimi tanıyırlar.

Şairin uğurlu tərcümələrində Azərbaycan oxucuları A.Tvardoskinin "Üfüqlərdən-üfüqlərə" (1966), "Yaddaşın hökmü" poemalarını, Rəsul Həmzətovun "Durnalar" (1973), "Dostları qoruyun" (1989), Puşkinin "MotsartSalyeri", Anna Axmatovanın "Rekviyem" əsərlərini oxumuşlar.

Onun "Ürəkdən-ürəyə" tərcümə kitabı (1975) çapdan çıxmışdır. Bundan əlavə, ispan dramaturqu Lope de Veqanın "Hiyləgər" pyesini tərcümə etmişdir.

Şairin tərcümə sahəsindəki uğurları hər şeydən əvvəl onunla fərqlənir ki, o, Azərbaycan dilinə həqiqi sənət əsərlərini seçib çevirmişdir.

Ömrünün yarısını tərcüməyə sərf edən Tofiq Bayram bu işi əmanət sayrıdı. O, deyirdi ki, "əmanətə xəyanət olmaz". Tərcümə prosesini "qanköçürmə əməliyyatına bənzədirdi". "Qanköçürmədə" qan qrupu uyğun olmayanda xəstə ölür.

Tofiq Bayramın tərcümə işi xalqlararası ədəbi əlaqələr yolunda əvəzsiz xidmət olduğuna görə diqqətəlayiqdir.

Öz əsərləri ilə Azərbaycana verdiyi töhfələrə görə ona 1984-cü ildə əməkdar incəsənət xadimi, dünya xalqlarının poeziyasından Azərbaycan dilinə tərcümə edilməsinə görə 1988-ci ildə "Maksim Qorki" adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adları verilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Bakının Əmircan (Xilə) kəndində istirahət parkı Tofiq Bayramın adına verilmişparkda əzəmətli büstü qoyulmuşdur. Parkın açılışında şəxsən iştirak edən, ədəbiyyatımızın böyük qayğıkeşi Heydər Əliyev şairin yaradıcılığına yüksək qiymət vermişdir:

"Suraxanı torpağı Azərbaycan xalqına böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycana gözəl şeirləri, şeirlərinə bəstələnmiş mahnıları ilə tanınmış və məşhur olmuşdur. Düşünürəm ki, o, xalqımızın yaddaşında əbədi yaşamaq haqqını qazanmış söz sənətkarıdır.

 

Zərifə Bayramova

 

Ədəbiyyat qəzeti.- 2013.- 6 dekabr.- S.6.