Cəbhə bölgələrində

unudulmaz görüşlər

  

Məmməd Arazla bağlı çoxlu xatirələrim var. Görkəmli ədibin, vətənpərvər şairin 80 illik yubileyini qeyd etdiyimiz günlərdə onunla birlikdə cəbhə bölgələrinə olan çoxsaylı səfərləri, əsgərlərlə keçirdiyimiz bir-birindən maraqlı görüşləri indi yenidən yada salır, xəyalən o günlərə qayıdıram.

Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən imtina edərək Vətənin çağırışıyla mən də əsgər libası geyinmişkönüllü döyüşçülərə qoşulmuşdum. Daha səsim mədəniyyət saraylarından, teatrlaşdırılmış kütləvi mərasimlərdən, muzeykitabxanalardan, xitabət kürsülərindən deyil, döyüş bölgələrindən, qanlı səngərlərdən gəlirdi.

Keçən əsrin 90-cı illərinin əvvələri idi. Təcavüzkar Ermənistanın silahlı qüvvələri torpaq iddiaları ilə hər tərəfdən hücuma keçmişdilər. Başıpozuq, vahid komandanlığa tabe olmayan milli ordu hissələri ilə arxalı, hiyləgər və məkrli düşmənin qarşısında dayanmaq çox çətin idi. Azərbaycanın dəliqanlı oğulları son damla qanlarına, son nəfəslərinə, son patronlarınadək Vətən torpağını mərdliklə qoruyurdular. Hər gün neçə-neçə silahdaşımız həlak olaraq şəhidlik zirvəsinə ucalırdı. Lakin ruhdan düşmürdük.

Belə bir müdhiş zamanda Azərbaycan əsgərinin silahdan-sursatdan, tankdan, topdan da əvvəl döyüşə ruhlandıran, qələbəyə çağıran müdrik ağsaqqal məsləhətinə, şair sözünə, ümumiyyətlə, mənəvi qidaya böyük ehtiyacı var idi. Doğrudur, incəsənət ustaları, şair-yazıçılar tez-tez əsgərlər arasında görünürdülər. Çox vaxt da görüşlər adətən ehtiyat hissələrində keçirilirdi. Ancaq bu, Böyük Vətən müharibəsi illərində olduğu kimi, planlı, mütəşəkkil şəkildə təşkil olunmurdu.

Bir gün komandir Fəxrəddin Cəbrayılovla (indi o Azərbaycanın Milli Qəhrəmanıdır) belə qərara gəldik ki, əsgərlərin mənəvi-psixoloji hazırlığını yüksəltmək, döyüş ruhunu artırmaq, itkilərin yaratdığı sarsıntılardan şəxsi heyəti xilas etmək üçün yeni hücum əməliyyatı ərəfəsində Məmməd Arazı Murovdağa dəvət edək.

Şairi dəvət üçün ertəsi gün Bakıya yollandım. Məmməd Arazla evində görüşdüm, xeyli söhbət etdik. Köks ötürərək elə beləcə də dedi:

 

- Neçə yazdır düşmür yolum,

Yəqin dağlar küsüb məndən…

 

Mən isə şairi inandıra bildim ki, dağlar heç vaxt sizdən küsməmiş və küsməyəcəkdir də. Vaxtilə ağban çadırlar cərgələnən göy yaylaqlar sizsiz yaman qəribsəyib. Bir vaxtlar qartalların qıy vurduqları zirvələrdə indi vətən oğulları gecə-gündüz keşik çəkirlər. Onlar Məmməd Araz xeyir-duasını gözləyirlər. Onlar Məmməd Araz şeirlərini səngərlərindən, tüfənglərindən, elə ürəklərinin başından asmışlar. Onların soyuq səngərini Məmməd Araz şeirləri isidir. Hər dəfə komandir onları Məmməd Arazın odlu-alovlu misraları ilə döyüşə yola salır.

 

Vətən daşı olmayandan

Olmaz ölkə vətəndaşı…

 

***

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim…

***

İndi bizim ölümlə çarpışan çağımızdı,

Ölümün boğazından yapışan çağımızdı.

Qılınc qap, Vətən oğlu, bizi Vətən çağırır!

 

Bir daha şairə cəbhə bölgəsindəki əsgərlərin arzu və istəklərini bildirdim. Onu cəbhə bölgəsində görmək ümidi ilə yaşadıqlarını dedim. Hətta Murovdağda şəhid olan bir əsgərin son nəfəsdə «Vətən mənə oğul dedi…» deyərək gözlərini yumduğunu da şairin nəzərinə çatdırdım. Həmin andaca Məmməd Araz qəhər boğa-boğa «Nə ixtiyarım var, əsgər çağırışını cavabsız qoyam», - deyib köks ötürdü. Bir-iki günə Murov döyüşçüləri ilə görüşə gələcəyinə söz verdi.

Bu hadisədən 20 ildən də çox bir vaxt keçdikdən sonra şairin ömür-gün yoldaşı Gülxanım bacı o günləri belə xatırlayacaqdı:

«Murovdağ döyüşçüləri ilə görüş ərəfəsində Məmməd yerə-göyə sığmırdı. Ümumiyyətlə, onun qəlbi həmişə vətən müdafiəçilərinin yanında idi. Yağış yağdımı, sanki evimiz damırdı. Deyərdi ki, səngərdəki bala islandı. Qar yağdımı, şaxtalar düşdümü, deyərdi ki, isti otaqda üşüyürəm. Yəqin əsgər balaya soyuq oldu, əl-ayaqlarını don vurdu.

Hər bir əsgərin taleyini öz balalarının taleyi kimi düşünərdi. Televiziya ekranlarında hərbi vətənpərvərlik proqramlarının birini də nəzərdən qaçırmazdı. «Sənə inanıram, qaraşın oğlan!» deyəndə Azərbaycan əsgərini tərənnüm edər, onun gücünə, qüdrətinə inanardı. Murova getməyə razılıq verdikdən sonra dedim ki, Məmməd, havalar soyuqdu, yəqin cəbhə bölgəsində, dağlarda indi qar başlayıb, yağışlar ara vermir. Bəlkə bu görüşü yaza saxlayaq?! Acıqlandı. Cavab verdi ki, cəbhə bölgəsində qış-yaz olmur. Birki, yazda hamı dağlara gedəcək. Allı-güllü bulaqların başında oturmağa, məclislər qurmağavar ki… Əsgərlər məni gözləyir, deməli, getməliyəm, vəssalam. Dedim, ay Məmməd, səhhətin də imkan vermir, bir az yaxşılaş, sonra gedərik, əsgərlər qaçmır ki... Yenə də üzümə acıqlı-acıqlı baxdı. Daha heç nə demədim, səfər tədarükünə başladım…».

İki gündən sonra Məmməd Araz və Gülxanım bacı ilə birlikdə cəbhə bölgəsinə yola düşdük. Heç yadımdan çıxmır, Kürdəmirə az qılmış yolun sağ tərəfində irigövdəli bir ağac tüstülənirdi. Bu, Məmməd Arazın diqqətindən yayınmadı. Maşını saxladıq. Həmin ağaca vurulmuş odu söndürməyincə oradan ayrılmadıq. Məmməd Araz danışmır, indi də həmin söyüd ağacının xiffətini eləyirdi. «Ay namərdlər, qol-qanadını baltaladığınız bəs deyilmi, indiquru gövdəsinə od vurmusunuz», - deyə yanıxırdı.

Gəncəyə çatanda şəhər rəhbərlyinin dəvətinə baxmayaraq, əvvəl nahara deyil, birbaşa hərbi hospitala getdik. Hospitalın həyəti adamlarla dolu idi. Onlar övladlarından xəbər tutmaq üçün respublikanın ayrı-ayrı şəhər və kəndlərindən gəlmiş əsgər valideynləri idilər. Dərhal şairi dövrəyə aldılar.

O gün Məmməd Araz yaralı əsgərlərlə də görüşdü. Zorla ayaq üstə dayanan şairi görcək ən ağır yaralılar belə yastıqlarından baş qaldıraraq yenidən döyüş meydanına atılmağa hazır olduqlarını bildirib, şairin həm kitab, həm də şirniyyat sovqatını minnətdarlıqla qəbul etdilər.

Xanlarda (indiki Göy göl), Hacıkənddə, Toğanada da əsgərlərlə görüş oldu. Qarşıda isə şairi başı qarlı, əzəmətli Murov gözləyirdi.

Hərbi maşınlara əyləşib Kürəkçayın sahili ilə üzü Murova qalxırdıq. Məmməd Arazın «Murova qar yağırdı» şerinin ilk misraları göyərirdi bu yollarda:

 

Axşamdan başlamışdı,

Murova qar yağırdı;

Qar altda donmuşların

üstünə qar yağırdı…

Murova qar yağırdı…

Hardasa, kimlərinsə

dəminə qar yağırdı…

Nigaran anaların

qəlbinə qar yağırdı.

Bir azdan qar tutacaq

keçidləri, yolları:

Bircə əsgər nəfəsi,

Sayıq əsgər nəfəsi

Əridəcək o qarı!

 

Artıq zirvədəydik. Əsgərlər Ömərdağın ətəyində gecə-gündüz çağlayan Turşsu bulağının başında şairi qarşıladılar. Elə buradaca həmin bulağa «Məmməd Araz bulağı» adını verdi əsgərlərimiz. Sonra yenə zirvəyə qalxdıq. Artıq ön səngərdə idik, burdan o yana yol yox idi. Düşmənlər yenə də rahat oturmurdular. Atəş səsləri dağlarda əks-səda verirdi. Güllə tutmayan bir tərəfdə Murovdağ döyüşçüləriylə şairin görüşünə başladıq. Əsgərlər elə sevinirdilər ki, elə bil ən əziz, ən doğma adamları onların görüşünə gəlmişdi. Əsgərlər sanki bu gün bir az da böyümüş, bir az da boy atmışdılar. Şairi əmin edirdilər ki, bu gəliş, bu görüş onları daha böyük uğurlar qazanmağa ruhlandıracaq. Onlar Məmməd Arazın şeirlərini elə həvəslə söyləyirdilər ki, şair bu mənzərəni seyr etməkdən böyük qürur duyurdu.

Kəlbəcərli şair Sücaət, Dastançı şair Əli Qurbanov da özlərini bura yetirmişdilər. Kəlbəcərli günlər, Məmməd Arazla görüşlər şirin bir xatirə kimi yada düşürdü. Sücaət elə yoldaca yazdığı şeirlə Məmməd Arazı salamlayırdı:

 

Məmmədi qoca gördüm,

Dağlar yadıma düşdü.

Məmmədi uca gördüm,

Dağlar yadıma düşdü.

 

Ömür keçən, gün keçən,

Duman keçən, çən keçən,

Bir-birindən şən keçən

Çağlar yadıma düşdü.

 

Bir səs gəlir:- Pərim, hey,

Ay eşqimin Kürü, hey,

Yeddi qızın biri hey

Ağlar yadıma düşdü.

 

Sücaəti anbaan

Üzür bir dəli hicran,

Məmmədi qucaqlayan

Bağlar yadıma düşdü.

 

O gün Məmməd Arazı «Murovun fəxri döyüşçüsü» elan etdik. Murovdağ döyüşçülərindən ayrılanda Məmməd müəllimin son sözü bu oldu ki, «Murovdağ döyüşçüsünün bir gününü yaşamaq bir ömrə bərabərdir». 20 ildən çoxdur ki, bu sözlər deyildiyi yerdə bir sıldırım qayanın üzərinə həkk edilmişdir. Bu sözlər bəlkə də Murovdağ döyüşçüsünün xidmətinə verilən ən yüksək mükafatdır.

Məmməd Araz Murovdağ cəbhə bölgəsindən xoş təəssüratla ayrıldı. Hacıkəndə az qalmış şair maşını saxlatdırdı və Murova tərəf həsrətlə baxaraq dərindən bir ah çəkdi:

 

Bulaq gördüm: uşaq kimi ərköyün;

Məni gəzər məndən qaçan ürkəyim;

Salamat qal bu dağlarda, ürəyim,

Salamat qal,

Salamat!

 

Murovdağ səfərindən sonra Məmməd Arazla hərbi hissələrdə, zabitlər evlərində, xüsusi təyinatlı təhsil müəssisələrində də xeyli görüşlərimiz olmuşdur. Bütün görüşlər haqqında danışmaq imkanımız xaricindədir. Ancaq 2001-ci ilin dekabr ayında cəbhə bölgələrinə üçgünlük səfərimiz barədə daha ətraflı söhbət açmaq istərdim. Bu səfər həm şairin, həm də döyüşçülərimizin həyatında unudulmaz hadisəyə çevrilmişdir.

Həmin ilin noyabr ayının son günləri idi. Yenə də cəbhə bölgəsinə getmişdim. Özümlə birlikdə xalq artistləri Aftandil İsrafilovu, Zaur Rzayevi və Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının bir qrup üzvünü də götürmüşdüm. Bir gündə 3-4 görüş-konsertimiz oldu. Ertəsi gün döyüşçülərdən ayrılanda arzu və istəkləri ilə maraqlandım. Məmməd Arazla görüşmək arzusunda olduqlarını bildirdilər. Oradaca şairin evinə telefon açdım. Dəvəti məmnuniyyətlə qəbul etdi. Bakıya qayıtdıqdan sonra şairin evinə də getdim. Dedi ki, söz vermişəm, gedəcəyəm. Gülxanım bacı bu səfəri təxirə salmaq istəsə də, Məmməd Araz inadından dönmədi:

- Görürsən, şıdırğı yağış yağır, sən də deyirsən cəbhə bölgəsinə getməyək. Əsgərin ürəyini qırmaq olarmı? Biz isti mənzildə oturmuşuq, o isə yağışın altında keşik çəkir…

Yenə də Gülxanım bacı şairə yalvarmağa başladı:

- Məmməd, yol-iz qorxuludu, komandirlər də yazıqdılar. Allah eləməsin, bir hadisə baş verərsə, onlar da peşiman olarlar. Gəl bu daşı ətəyindən tök, səfəri təxirə salaq. Heç kim səndən inciməz, onsuz da yazdığın şeirlər onları ruhlandırır. Hər bir əsgər bilir ki, Məmməd Araz onlarla nəfəs alır, onların qüdrətinə inananır.

Gülxanım bacı nə illah elədisə şair onunla razılaşmadı. Hələ üstəlik dedi ki, 65 illiyimdə dağıstanlıların hədiyyə etdiyi yapıncını da götürməyi unutma, cəbhə bölgəsinin karıdı, əsgərləri qardan, şaxtadan qoruyar.

Gülxanım bacı Məmməd müəllimlə razılaşmalı oldu: «Əsgərlərin qəlbini qırmaq olmaz

Məmməd Araz şeirlərinin mahir qiraətçisi Ağalar Bayramovla, xalq atristi Niyaməddin Musayevlə də əlaqə saxladım. Onlar da sözümü yerə salmadılar. Ertəsi gün cəbhə bölgəsinə getməyə razılıq verdilər.

Yenə də yağış ara vermərdən yağırdı. Bakının küçələrində sel gedirdi. Yola düşməzdən bir az öncə Gülxanım bacı yenə də Məmməd Arazı bu səfərdən döndərmək istədi. Odur ki, üzünü mənə tutub, - kişiyə soyuq olacaq, bəlkə…

Qapının kandarında dayanmış Məmməd Araz həyat yoldaşının sözünü yarımçıq kəsdi:

- Elə əsl kişi havasıdır, haydı getdik!

Gülxanım bacı bir daha hiss etdi ki, şairi yolundan saxlmaq olmaz. Nə sel, qar-boran, nə də tufan onu yolundan döndərə bilməz. O, sözündən dönəsi deyil.

- Ay Məmməd, yenə də sən qələbə çaldın. Yaxşı, sən deyən olsun, əsl kişi havasıdır. Elə isə getdik, mən də səninləyəm,- deyə Gülxanım bacı da bizə qoşuldu.

Artıq maşınlarımız cəbhə bölgəsinə doğru irəliləyirdi. Yağış yağdığından, xüsusilə də İpək yolunun çəkilişi ilə əlaqədar təmir-tikinti işləri aparıldığından yollar çətin və təhlükəli idi.

Çox avtomobillər bizi ötüb keçdilər. Hətta yanacaqdoldurma məntəqəsinə çataçatda maşınlarımızdan birinin yanacağı da qurtardı. Ancaq yolda qalmadıq. Qarşıdan gələn maşındakı zabit bizi tanıdı və köməyimizə çatdı. Məmməd Araz kefini də pozmadan dedi:

- Qoy biri mənzil başına qatarla, biri təyyarə ilə, digəri gəmi ilə getsin. Məsələ bu gedişin sürətində deyil, məsələ hansı yük aparmağındadır...

Doğrudan da biz elə bir yüklə gedirdik ki, onun ağırlığını ölçü vahidləri ilə qiymətləndirmək qeyri-mümkündür. Biz cəbhə bölgəsinə Məmməd Araz dünyasını aparırdıq. Bilirdik ki, gecənin tən yarısında mənzil başına çatsaq da, Məmməd Araz işığına yüzlərlə insan yığılacaq, zülmət gecə nurlanacaq. Elə biz düşündüyümüz kimi də oldu.

Ağcabədidə rayonun məsul vəzifəli şəxsləri, ordu nümayəndələri bizi böyük hormət və ehtiramla qarşıladılar. Bir az istirahət etdikdən sonra «Ədalət» qəzetinin yazdığı kimi, şəhərin Mədəniyyət evində şairlə böyük bir görüş keçirildi. Dədə Qorqudun, Məhəmməd Füzulinin, Bayat Abbasın, Pənah Xanın, Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Həmidə xanımın həmyerliləri xalqın sevimlisinə çevrilmiş Məmməd Arazı maşından düşəndən sonra hətta görüşə çiyinlərində aparmaq istədilər. Ağcabədililərin bu sevgisindən riqqətə gəlib kövrəlmiş şair təbii ki, buna razı olmadı.

Mədəniyyət evində iynə atsaydın yerə düşməzdi. Alqış səsləri bir-birinə qarışmışdı. Hamı Məmməd Arazı görmək istəyirdi. Cəbhə bölgəsindəki hərbi hissələrin nümayəndələri də burada idilər. Bu gün xalq şairimiz, dünyaya gəldiyi gündən müsəlləh əsgər olan, qələminin qüdrətiylə yanardağlar yaradan mübariz şairimizin iştirakı ilə cəbhə bölgəsində ilk tədbir keçiriləcəkdi. Bu tədbir «Ordu-millət əl-ələ» adlanırdı. Xalq şairi Məmməd Arazın gəlişi ordu ilə xalqın birliyinin bundan sonra daha da qüdrətlənməsinə təkan verəcək, ordu-millət əlbir olaraq işğal edilmiş ərazilərimizi düşmənlərdən azad etmək uğrunda yeni ruhla fəaliyyətə başlayacaqdılar.

Məmməd Araz yenə də tamaşa salonunda idi. Xalqın arasında idi xalqın şairi. Səhnədə isə onun vətənpərvərlik şeirləri, sözlərinə yazılmış mahnılar səslənirdi.

Bədii qiraət ustası Ağalar Bayramovun söylədiyi hər bir şeir hərarətlə qarşılanırdı.

 

Bu gün gərək hər anımız Vətən desin!

Təxminimiz, gümanımız Vətən desin!

Qılıncımız, qalxanımız Vətən desin!

Qəlbimizin hər duyğusu, hər vurğusu

Vətən desin!

Əgər varsa zərrə qədər imanımız -

İmanımız Vətən desin!

 

Xalq artisti Niyaməddin Musayevin «Dünya sənin, dünya mənim, dünya heç kimin» mahnısı neçə illərdir ki, repertuardan düşmür. Bu mahnının sözləri bütün zamanlarda təzədir, düşündürəndir və insanı nəcib əməllərlə, ülvi duyğularla zənginləşdirəndir. Dərin fəlsəfi dəyərlər üstündə yaranıb bu əsər. Hər bir insan övladını bəd əməllərdən çəkindirir, insanları dostluğa, qardaşlığa, sevib-sevilməyə, həyatın qədrini bilməyə, bu fani dünyada təmiz adla, qeyrətlə, namusla yaşamağa çağırır.

 

Bu get-gəllər dünyasına dəvədir dünya,

Bu ömür-gün naxısına həvədir dünya...

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev vaxtilə bu mahnı haqqında demişdir:

«Mahnını eşidəndə mənim qəlbimə həm həyəcan gəldi, həm də sevgi gəldi. Ona görə mən bu mahnını həmişə sevirəm və hər dəfə bu mahnını dinləyəndə kövrəlirəm.

Həqiqətən bizim böyük şairimiz Məmməd Araz çox düzgün yazıbdır: «Dünya sənin, dünya mənim, dünya heç kimin». Ona görə heç kəs düşünməsin ki, bu dünya kimindir. Dünya sənindir, dünya mənimdir, eyni zamanda, biz yox olduq - dünya heç kimindir».

Ağcabədidə keçirilən görüş gecəsində də Niyaməddin bu mahnını oxudu və bütün salonu alqışlara qərq etdi.

Tamaşa salonunda həyəcanını gizlədə bilməyən Dilarə adlı bir qadın Məmməd Araza həsr etdiyi şeri oxudu. Şairin Ağcabədiyə gəlişini, rayon əhalisinin işıqsızlıqla, yanacaqsızlıqla imtahana çəkildiyi bir vaxtda onlara işıq, nur, istilik gətirdiyini alqışladı, istər Ağcabədi camaatının, istərsə də bu ərazidə məskunlaşan qaçqınların, əsgərlərin qəlblərində ümid qığılcımları közərtdiyini dedi.

Ağalar Bayramov şairin Silahlı Qüvvələrimizin əsgərlərinə həsr etdiyi «Əsgər oğul» şerini oxuyanda salon lərzəyə gəldi, əsgər oğullar ayağa qalxaraq alqışları ilə şairin arzuladığı kimi «nəfəsi od püskürən», «yağıları süpürəcək» əsgər olduqlarını, şairin arzusunu doğruldacaqlarını bəyan etdilər.

Salonda onlardan nəhəngi, qüdrətlisi, güclüsü, cəsarətlisi yox idi. Hətta məktəblilər, çağırışyaşlı gənclər də onlardan geri qalmırdılar.

 

Sən bu yurda söykəlisən, bu yurd sənə,

Keşiyində dursan belə neçə sənə;

Ayaq üstə yatsan belə neçə sənə:

Sən bu yurda söykəlisən, bu yurd sənə!

 

Xalq şairi Məmməd Arazın cəbhə bölgəsinə gəlişini yüksək qiymətləndirən rayonun icra başçısı bu görüşdən xatirə olaraq istiqlal fədaisinə «Qızıl at» fiqurunu bağışladı və əhd etdi ki, gün o gün olsun Qarabağ ordumuzun, xalqımızın gücü ilə azad edilsin və Şuşada, Cıdır düzündə şairə əsl Qarabağ kəhərini bağışlamaq boynumuzda deyim olsun.

Mərasim iştirakçıları bu arzuyla, bu ümidlə evlərinə, ailələrinə, səngərlərinə şair hərarətini, şair nəfəsini, şair alovunu aparacaqdılar.

Tədbir sona yetsə də, şair avtomobilə oturanacan heç kim onun ətrafından ayrılmırdı.

Biz xoş təəssürat hissi, unudulmaz xatirələrlə Ağcabədidən Beyləqan bölgəsinə yola düşdük.

Dekabr ayının beşidir. Dünənki yağışlı-yağmurlu havadan, çən-dumandan əsər-əlamət də qalmamışdı. Günəş parlaq şəfəqlərini yer üzünə səpələyirdi. Sanki yaz havasıydı. Hər yandan torpaq qoxusu, çəmən iyi gəlirdi. Maşın karvanı çala-çuxur, yararsız hala düşmüş yollarla üzü Beyləqana doğru irəliləyirdi.

Beyləqan şəhərinə daxil oluruq. Məmməd Araz bu yerlərdə çox olub. Qəhrəman əmək adamları ilə görüşüb. Milin qəhrəmanları ilə üz-üzə oturub, onların əməyini yüksək qiymətləndirib. Şair Əlibala Şirinovu, Sərdar İmrəliyevi xatırlayır. Sovet İttifaqı Qəhrəmanı qvardiya serjantı Gəray Lətif oğlu Əsədovun bu bölgədə doğulub boya-başa çatmasından, əfsanəvi qəhrəmanlıqlarından söhbət açır.

Yol boyunca şair Beyləqan və beyləqanlılar barədə düşünür. Haramı düzlərinə gəldiyi anları yada salır. İndi dövran dəyişib, həyat dəyişib. İndi bu yerlər əsgərlərin oylağı olub. Elə hər bir beyləqanlı da, Beyləqanda məskunlaşmış məcburi köçkün də bu gün əsgərdir. Onlar əsgər olmasaydılar, 1993-cü ilin elə bu vaxtları düşmən Beyləqanı işğal etmişdi. Mərmilər düz şəhərin mərkəzində partlayırdı. Hər yandan qan qoxusu gəlirdi. Beyləqan mühasirəyə düşmək, işğal olunmaq təhlükəsi qarşısında qalmışdı. Hər tərəfdən düşmən irəliləyirdi. Elə bu vaxt Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Heydər Əliyev bölgəyə gəldi. Əhali ilə görüşdü, səngərləri bir-bir gəzdi, əsgərlərin problemləri ilə, qayğılarıyla maraqlandı. Onları düşmən qabağında möhkəm durmağa, iradəli, mətin olmağa, ata-babaların şanlı döyüş ənənələrini təkrarlamağa səslədi. «Bilin ki, sizin hər birinizin arxanızda böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır, - dedi, - ona görə də hər birinizə və ümumiyyətlə, hamınıza cansağlığı, səadət arzulayıram. Bu şərəfli vəzifənizi - Vətəni müdafiə etmək vəzifənizi yerinə yetirməkdə qəhrəmanlıq ənənələri göstərməyinizi arzulayıram

1993-cü ilin dekabrında Prezidentin Beyləqana gəlişiylə cəbhə bölgəsində böyük dəyişikliklər oldu. Üzərində «Vətən uğrunda, «Heydər Əliyev uğrunda!» sözləri yazılmış tanklar düşmənin qeyri-bərabər gücə malikliyinə baxmayaraq, şimşək kimi düşmən üzərinə şığıdılar. Beyləqan əhalisi əsgərlərə dayaq oldu. Beyləqan möhtəşəm, alınmaz bir qalaya çevrildi. Babalardan bizə miras qalan barlı-bərəkətli torpaqlarımız qeyrətlə qorundu. Və bu gün Məmməd Araz bu torpaqda, qəhrəman əsgərlərlə görüşə gəlmişdi. O, Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi, azadlığı naminə canlarını qurban vermiş şəhid oğullarımızın xatirəsini yad edəcək, qazi oğulların şəninə söz deyəcək, onları zəfərli vuruşlara səsləyəcəkdir.

«N» kəndində yerləşən qərargahın qarşısında bir abidə var. Şəhidlərin xatirəsinə ucaldılmış abidə. Bunu döyüşçülərin özləri inşa ediblər. Hər səhər zabitlər bu abidənin önündə əmrlər, tapşırıqlar alar və burada da gördükləri iş barədə hərbi hissənin komandanlığı qarşısında raport verərlər.

Məmməd Araz abidə önündə dayanır. Danışmır, heç nə demir. Ancaq bu sükut, bu səssizlik cəbhə bölgəsinin əsgərlərinə çox şey deyir. Vətən əsgərləri şairin daxili səsini eşidir, onu duyur, hiss edir, dinləyirlər. Məmməd Arazın dodaqları tərpənmir, Məmməd Araz danışmır, Məmməd Araz dinmir. Ancaq böyük şairin səsini əsgərlər eşidirlər. Məmməd Arazın səsi qılıncların, güllələrin, tankların, topların səsindən də möhtəşəmdir. Onu Azərbaycan əsgəri eşidir. Və bu əzəmətli, səfərbəredici səsin ovsunladığı oğullar şəhidlərin qisasını almaq üçün ayaqlarını ana torpağa daha möhkəm basır, silahlarından bərk yapışır və hücum əmri gözləyirlər.

Məmməd Araz deyir:

- Qüruru ölməz, qüruru əyilməzlər şəhiddirlər. Onlar əyilsəydilər sınardılar, şəhidlər sınmadılar. İndən belə şəhid qəbirləri yanından gözü yaşlı keçməyin, qəhərinizi boğun, böyük ehtiramla onlara salam verin, az sonra ürəyinizə qulaq kəsilin. Ürəyinizin döyüntüsündə onların səsini eşidəcəksiniz… İndi onlara matəm səsi çatmaz, onları daim azad saxlayan qeyrətli, cürətli səsimiz olacaq... Şəhidlərin ruhu qarşısında çox borcumuz qalır. Bizə birinci növbədə Vətən birliyi, vətəndaş birliyi lazımdır. Millət ayrılığına, qeyrət ayrılığına son qoyan şüarı şərqiyə çevirib ucadan oxuyaq. Nəcib insan əməllərini yurdumuzun torpağına dən kimi səpək.

Təkrar edirəm: pakdan pak şəhid ruhuna ən böyük ehtiramımız - onların hansı məslək, hansı əqidə yolunda qurban getdiklərini əbədi səsə çevirmək, gələcək nəslin qulağında sırğa etməkdir…

(Ardı var)

 

Abdulla Qurbani

 

Ədəbiyyat qəzeti.- 2013.- 6 dekabr.- S.6.