Azərbaycanlı alimin YUNESCO-ya

müraciəti müsbət nəticə vermişdir

  

Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal aparan Azərbaycan yalnız ölkəmizi və xalqımızı daha geniş şəkildə təqdim və təbliğ etməyə deyil, həm də milli maraqlarımızı ardıcıl surətdə qorumağa çalışır. Ən sıx əməkdaşlıq etdiyimiz beynəlxalq qurumlardan olan YUNESCO-da əldə edilmiş son uğur bunun bariz nümunəsidir.

Dünyanın bu mötəbər elm, təhsil və mədəniyyət təşkilatının qəbul edilmiş qaydalarına müvafiq olaraq noyabr ayında bir həftə davam edən Baş Konfransın iclaslarında 2014-2015-ci illər üçün ölkələrin təqdim etdiyi siyahılar üzrə YUNESCO tərəfindən yubileyləri keçirilməli olan şəxsiyyətlər, tarixi hadisələr və dəyərlər təsdiqlənməli idi. Lakin həmin siyahıda XV əsrin görkəmli Azərbaycan musiqişünası və ensiklopedik zəka sahibi Əbdülqadir Marağayinin “Məqasid ül-əlhan” əsəri müəllifinin adı göstərilmədən İran İslam Respublikasının irəli sürdüyü nominasiya kimi keçirdi. İlkin olaraq həmin məsələ artıq YUNESCO-nun İcra Şurasında rəsmən təsdiq edilmişdi və noyabrın 9-da Baş Konfransda yekun olaraq qəbul ediləcəkdi. Amma bu məsələdən xəbər tutan azərbaycanlı alim, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov müfəssəl və elmi şəkildə əsaslandırılmış məktubla YUNESCO-nun baş direktoru İrina Bokovaya müraciət etmiş, həm bir tədqiqatçı, həm də Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü kimi buraxılmış səhvin təcili olaraq düzəldilməsini tələb etmişdi. Rafael Hüseynovun məktubunda ilk növbədə 600 illiyinin qeyd edilməsi nəzərdə tutulan “Məqasid ül-əlhan” risaləsinin anonim bir əsər olmadığı, həmin qiymətli kitabın böyük Azərbaycan alimi Əbdülqadir Marağayi tərəfindən yaradıldığı bildirilir, bu adın YUNESCO sənədlərində göstərilməməsindən təəssüf ifadə edilir və Azərbaycan xalqının öz böyük övladının müəlliflik hüququnu qorumağa hazır olduğu bəyan edilirdi. Rafael Hüseynovun xanım İ.Bokovaya ünvanladığı məktubla bağlı AzərTAc-ın operativ olaraq yaydığı xəbərdə diqqətə çatdırılırdı ki, YUNESCO-nun xətti ilə yubileyin keçirilməsini iddia edən ölkədən bu təşkilata təqdim edilmiş məlumatlarda “Məqasid ül-əlhan” əsərinin İran musiqisini təhlil və tədqiq edən bir mənbə olduğu göstərilmişdir. Halbuki həmin əsər Azərbaycan-türk musiqisinin materialları əsasında qələmə alınmışdır. Eyni zamanda, Rafael Hüseynovun məktubunda vurğulanırdı ki, Əbdülqadir Marağayi Azərbaycan xalqının oğlu, dahi Azərbaycan alimi və sənətkarı olmaqla yanaşı, həm də zəngin irsi ilə bütün Yaxın və Orta Şərqin mənəvi övladıdır. O, ömrü boyu səyahətlərdə olmuş, yalnız Vətəni Azərbaycanda deyil, uzun müddət Bağdadda, Səmərqənddə, Bursada, Heratda da yaşamış, ayrı-ayrı əsərlərini də həmin ərazilərdə yaratmışdır. Bütün bunları nəzərə alaraq azərbaycanlı alim Rafael Hüseynov Əbdülqadir Marağayinin “Məqasid ül-əlhan” əsərinin 600 illik yubileyinin YUNESCO təqviminə təkcə İranın deyil, məsələnin obyektiv və ədalətli həllini tapması üçün Azərbaycan da daxil olmaqla bir sıra əlaqədar ölkələrin qatılması ilə daxil edilməsi təklifini irəli sürürdü.

Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu məktub təsirsiz ötüşməmiş, məsələ araşdırıldıqdan və müvafiq məsləhətləşmələr aparıldıqdan sonra müraciətə müsbət cavab verilmişdir. Bununla əlaqədar olaraq Rafael Hüseynov AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində demişdir: “Ayrı-ayrı siyasi, mədəni, elmi dünya təşkilatlarında, xüsusən də son 13 il ərzində Avropa Şurasındakı fəaliyyətlərimiz, qatıldığımız saysız müzakirələr bizə belə böyük həqiqəti aşılamışdır ki, beynəlxalq sənədlərdə bəzən bir söz və ifadə mahiyyətə təsir edən çox ciddi məna daşıyır və ona görə də ölkənin, xalqın maraqları baxımından həmişə bizi tam təmin edən mətnlərin qəbul edilməsinə çalışmalıyıq. Burada isə məsələ daha mühüm idi. Azərbaycan xalqının görkəmli bir şəxsiyyətinin adı gizlədilir və əsərinin də başqa bir xalqın sərvəti kimi təqdim olunmasına cəhd edilirdi. XX əsrdə də, yeni başlanmış yüzillikdə də dəfələrlə bunun şahidi olmuşuq ki, yalnız torpaqlarımızı, sərvətlərimizi deyil, tarixi şəxsiyyətlərimizi də mənimsəməyə təşəbbüslər olmuşdur. Ən azı Nizami Gəncəviyə münasibətdə biz buna az şahid olmamışıq. Həmin səbəblər bizi daim ayıq-sayıq olmağa, çox zaman üzdən mədəniyyət hadisəsi kimi görünən məsələlərin də ardında siyasi hədəflərin dayandığını unutmamağa səfərbər edir.

Niyə biz Əbdülqadir Marağayi ilə bağlı nominasiyanın şərikli təqdimatı təklifini irəli sürdük? Məsələ ondadır ki, ən müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın da irəli sürmüş olduğu təkliflər araşdırıldıqdan sonra YUNESCO-da birinci mərhələdə təsdiq edilmişdi. Başqa ölkə tərəfindən irəli sürülsə də, “Məqasid ül-əlhan” artıq siyahıda var idi. Həmin nominasiyanın siyahıdan çıxarılmasına nail olmaqla biz heç nə qazanmazdıq. Lakin əsərin müəllifini dəqiqləşdirməklə, onun azərbaycanlı olmasını elan etməklə və özümüzünbu nominasiyaya qoşulmağımıza nail olmaqla irəli düşərək 2014-cü ildə YUNESCO səviyyəsində daha bir dahimizin yubileyinin keçirilməsinə müvəffəq ola bilərdik. Nəticə etibarilə buna da nail olduq. Həm də elə etdik ki, çevrə bir az da böyüdü, Azərbaycan klassiki Əbdülqadir Marağayinin əsərinin 600 illik bayramı növbəti ildə bir neçə ölkənin alim və mədəniyyət xadimlərinin iştirakı ilə daha təntənəli şəkil alacaqdır. Azərbaycan və İrandan başqa artıq YUNESCO tərəfindən Türkiyə və Tacikistanın da bu nominasiyada iştirakı Baş Konfransda noyabrın 19-da rəsmən təsdiqləndi. İndi məqsədimiz ilk növbədə gələn il YUNESCO-da Azərbaycanın Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin, eləcə də Milli Elmlər Akademiyasının birgə səyləri ilə Əbdülqadir Marağayionun “Məqasid ül-əlhan” əsəri ilə bağlı mükəmməl bir konfransın keçirilməsinə nail olmaqdır”.

Rafael Hüseynov bildirmişdir ki, 2014-cü ildə Əbdülqadir Marağayinin “Məqasid ül-əlhan” əsərinin 600 illiyinin YUNESCO-da Azərbaycan və bir neçə başqa ölkənin müştərək nominasiyası kimi qeyd ediləcəyi ilə bağlı əhəmiyyətli bir uğura nail olduqdan sonra yaxın aylar üçün əsas vəzifəmiz həmin dəyərli elm abidəsinin və onun ölməz müəllifinin dünya ictimaiyyətinə daha yaxşı tanıdılması məqsədi ilə genişmiqyaslı hazırlıq işləri aparmaqdan ibarətdir.

 

Əsgər ƏLİYEV

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Ədəbiyyat qəzeti.- 2013.- 6 dekabr.- S.5.