İki "Leyli və Məcnun"
Əvvəli
ötən sayımızda
Nizami sənətkarlığı ilə
Füzuli sənətkarlığı arasındakı bənzərliklə
ayrılığı xüsusən Leyli ilə Məcnunun
baş-başa qaldıqları vüsal səhnəsi aydın
göstərir.
Yuxarıda qeyd etdiyimiz kimi, Nizamidə Məcnun
ilə Leyli iki dəfə görüşmüşlər. Bu
görüşmələrin ikisi də Leylinin araması və
Zeydin vasitəsi ilə olmuşdur. Birinci görüşmə
İbni Səlamın sağlığında olmuş və
Leyli bu görüşməyi müəyyən bir şərtlə
bağlamışdır: iki sevgili bir-birindən aralı
oturacaqlar. Məcnun şeir söyləyəcək, Leyli də
dinləyəcəkdir. Bundan özgə hərəkətə
qətiyyən meydan verilməyəcəkdir. Çünki felən
İbni Səlamı sevmirsə də, Leyli, necə olsa da, rəsmən
onun qadınıdır və mühitin
ayıbladığı şeydən çəkinmək gərəkdir.
Bu görüşmə əsnasında Leyli ilə
həsb-hal edən Məcnunun qoyulan şərtdən mütəəssir
olduğunu görürük: sevgilisinə xitabında, məsələn,
bu sözlər vardır:
Namədə rəftən in çe naz əst,
Na keşte drodən in çe saz əst?
Türkcəsi:
Gəlmədən getmək - bu nə
naz?!
Əkmədən biçmək - bu nə
saz?!
"Gəlmədən getməyi, əkmədən
biçməyi" şərt qoyan bu "nazlı" yara,
min bir dillə, özlərinin "iki bədəndə bir
ruh" olduqlarını anladıb duran Məcnun nəhayətdə:
An dozd buvəd ke əz səri-rənc,
Dər tariki taleb konəd gənc, -
yəni: "Qaranlıqda xəzinə
axtaran oğrudur" deyə yerindən qalxır və "sərxoş
olub saçlarını əlimə dolasaydım və səni
küçələrdə sərxoşcasına gəzdirsəydim
və hər addımda bir qədəh içərəm, hər
nəfəsdə bir zəfər qazansaydım nə
yaxşı olardı?!" deyir və ən axırda "Yarəb,
belə bir günü mənə nəsib et!" nərəsiylə
yerindən qalxıb çöllərə qaçır.
Nizami Leyli ilə Məcnunu ikinci dəfə
də görüşdürür. Bu
görüşmə İbni Səlamın vəfatından
sonra olur. Leyli artıq evli deyildir. Dul qadın üçün istəklisiylə şərtsiz
və qeydsiz görüşməyə heç bir əngəl
qalmamışdır; onu xalqa ayıblatdıracaq səbəb
ortadan qalxmışdır.
Vəfalı Zeyd Məcnunun yanına gəlir. Leylinin onu vüsala
çağırdığını müjdələyir.
Məcnun durmayıb gəlir. Sevincinin həddi yoxdur. Sevgililər
tapışırlar. Sarmaşıb
qalırlar. Sevinc və həyəcanlarından
məst və bayğın düşürlər. Bərk-bərk qucaqlaşırlar. Mənən bir ruh daşıyan bu iki vücudu cismən
də, demək olar, tək bir vücud halına qoymaq istəyirlər.
Məcnun vüsalın ona verdiyi həyəcandan
söyləməz olur. Quruyub qalır. Leyli "Ayrı ikən daima nalə və afqanda
idin, boyuma şeir söylərdin, indi nə oldu ki, susdun?"
- deyə soruşur. Məcnun
"Bütün nalələrim sənə yetmək
üçün idi; ayrılıq növhələriydi;
yanında və ağuşunda isə bəhs edəcəyim
söz yoxdur" deyir. Məcnuna görə
"arayandır ki, çağırır;
aradığını tapınca məsələ
qalmır"; onun tapdığı Leylidir, özü isə
Leylidə qaibdir; Leylinin varlığı yetər, onun
özünə nə ehtiyac. Məcnun
kimdir və nədir, Leylinin kölgəsindən başqa bir
şeymidir? Məcnun artıq yoxdur; Leyli ilə oturan adam xəyalının surətidir. Mənən özünü Leyli deyə sanan Məcnun
zahirdəki ikiliyə heyrandır.
Leylinin hərimi-vüsalında bu qəbildən Nizamicə
təşbihlər və istiarələrlə dolu həsbi-halını
təkrarlaya-təkrarlaya Məcnunun məcnunluğu getdikcə
artır və danışdığı yerdə
"özündən keçişin badəsiylə sərxoş
olaraq ayaqdan düşür, əldən
çıxır" və "bir nərə çəkərək
çöllərə qaçır"; Nizami bu
qaçışı "qılıncı başından,
başını da ləyəndən qaçırdı"
misrası ilə təfsir edir.
Burada, diqqətli olanlar "Bəs
hanı, Məcnun Leylini saçından tutub küçələrdə
gəzdirəcəkdi?" - deyə
soruşa bilərlər.
Nizami bu sorğunun da cavabını özünə xas
istiarə ilə verir:
Məcnunun bu dəfəki
qaçışı, ilk dəfəsində olduğu kimi,
yar hərimindəki qeyddən qaçışa bənzəməz;
bu dəfəki qaçış vüsal nəşəsinin
verdiyi sevincdəndir. Məcnun artıq
yarından ayrı düşmüş bir zavallı deyil, ona
yetmiş məsud bir aşiqdir. Bu məsud
halıyla o artıq ağlamır; böyük bir sevinc
içində Leyli eşqinə vüsal qəsidələri
söyləyib gəzir və özünün yar ilə bir
olduğunu deyib durur.
Zeyd isə bu yüksək şeirləri dinləyərək
onu öyür və
Eşqi ke be isməti-xodaist,
An eşq nə şəhvəti-həvaist. -
yəni, Allahın ismətinə
bağlanan eşqin şəhvət ehtirası ilə əlaqəsi
yoxdur, - deyir.
Budur, Nizaminin Məcnunla Leyli arasında təsvir
etdiyi vüsal səhnələrinin xülasəsi.
Füzuliyə gəlincə: Şair iki sevgilini
yalnız bir dəfə baş-başa buraxmışdır. Bu vüsal səhnəsi, əsasdakı "birləşmə"
fikri müstəsna olmaqla, Nizaminin verdiyi təfsilatdan
başqadır.
Zeydin bu görüşmədə
heç bir rolu yoxdur. Görüşmə
tamamilə mərhəmdir. Görüşməyi Leyli
istəyərək hazırlamamışdır: bu sırf bir
təsadüf nəticəsidir.
Bir yerdən digər tərəfə gedən
karvanda minmiş olduğu dəvəyə dərd tökən
Leyli öz-özünə söylənirkən təəssüfündən
düşüncəyə dalmış və bu
dalğınlıqla müvazinətini itirərək dəvədən
yıxılmış, bayılmışdır;
bayğınlığı keçincə də karvandan geri
qaldığını fürsət bilən Leyli
çöldə Məcnunu aramış və
tapmışdır.
Öz aləmində, düşüncələr
girdabında boğulmuş aşiq ayağına qədər
gəlmiş Leylini ilkin tanıya bilmir; çünki
"ağlından ayrılmış, könlü
üzülmüş və gözlərinə qanlı su
enmişdir".
Fəqət bir az
danışdıqdan və
Çün məndə yox ehtimali-idrak,
Sən söylə özün ki,
kimsən ey pak?! -
xitabı üzərinə
Leyli özünü ətraflı tanışlıq verdikdən
sonra, Məcnun gələnin kim olduğunu anlayaraq sevinirsə
də bundan artıq bir yaxınlıq göstərmir. Leyli - fürsət gəldi, - deyir; Məcnunu
vüsala dəvət edir; əmanətini al, - deyir. Fəqət Məcnun bütün bu arzulara və
müsaidələrə etinasız qalır. Bundan təsirlənən
Leyliyə isə aşiq, vəziyyətini belə anladır:
Xəyalilə təsəllidir, könül
meyli-vüsal etməz,
Könüldən dışra bir yar
olduğun aşiq xəyal etməz.
Həqiqi eşq çün müstəvcibi -
nöqsan degil, mütləq,
Özün əhli-həqiqət valehi-hüsnü
cəmal etməz.
Bu qəzəldəki eyni fikri şair, Leylisinə xitab
edən Məcnuna söylətdiyi aşağıdakı beytlərdə
bir daha təsdiq etməkdədir:
Eşq etdi binayi-vəsli möhkəm,
Manidə məni səninlə həmdəm.
Rəf oldu bu etibari-surət,
Haşa ki, olam şikari-surət.
Əsas məsələni ələ almaqdakı şəkil
və metod fərqi, iki şairin Leylinin məzarı
başında ölən Məcnun haqqındakı təsvirlərində
də görünməkdədir:
Nizamiyə görə, Məcnun Leylinin məzarı
başında günlərlə çırpınır;
başına vurur; köksünü didib-dağıdır. Çığırtılar, bağırtılar
içində nərələr çəkir,
hönkür-hönkür ağlayır. Ətrafdakı
camaatın ürəyini yaxan təsirli mərsiyələr
söyləyir. Hətta
düşdüyü fəlakət haqqında, Bağdaddan onu
görməyə gələn ədəbiyyatçı Səlama
- əsrimizin təbiriylə desək, matəm müsahibəsi
verir. Və nəhayət, məzarın
üstünə yıxılaraq "canını canına tərk
edir".
Halbuki Füzuliyə görə bu səhnə olduqca səssiz
keçməkdədir: Məcnun Leylisinin məzarını
tapır və dərhal üzərinə qapanaraq
torpaqlarını öpür və tam bir sükunət və
hüzr içində:
İlahi, bana cismü can gərəkməz,
Canan yox isə cahan gərəkməz. -
deyərək can verir.
Leylinin ölərkən anasına Məcnuna
aid etirafiylə vəsiyyətinin də iki şairdə fərqli
olması məzar başındakı ölüm səhnəsiylə
ahəngdardır.
Nizamiyə görə, Leyli anasına
"zavallı aşiqim məzarım üstünə gələrsə
ona - Leyli son nəfəsində səni xatırladı - deyərsən"
deyə vəsiyyət edir.
Füzuli isə Leylinin ölürkən anasına
etdiyi vəsiyyəti belə anladır:
Söylə məni-zari mübtəladən
Key, eşqdə laf edən vəfadən,
Xəlvətgahi-ünsə mərhəm oldum,
Azadəvü şadü xürrəm
oldum.
Sən həm gələ gör təəllül etmə,
Mən müntəzirəm təğafül
etmə.
Gər sadiq isən bu yolda sən həm,
Səbr eyləmə, eylə tərki-aləm.
Gəl kami-dil ilə olalım yar,
Bir yerdə ki, yoxdur anda əğyar.
İki şairin hadisələr təmasındakı
ayrılıqda, göründüyü kimi, hadisələri
anlayışlarında, başqa cür desək, motivlərində
də özlərinə xas özəlliklər vardır:
Məcnunun heyvanlarla olan münasibətinə dastani bir
şəkil və önəm verən Nizami vəhşi
heyvanların Məcnuna ram və arkadaş olmalarını əlinə
düşən azuqəsini bu heyvanlara paylaşdırması
ilə izah edir. Hətta bu fikrin həqiqətə
uyğunluğunu isbat üçün, xatırlarsınız
ki, şair bizə "Padşahın nədimi ilə
azğın köpəklər" təmsilini belə misal gətirir.
Halbuki Füzuli öz hekayəsində heç Nizami qədər
məşğul olmadığı bu əhvalatın hikmətini
də çox yığcam anladır:
Çün ol bəşəriyyətin unutdu,
Ahu həm anınla üns tutdu.
Anın səbəbiylə həm çox ahu
Səhrada anınla tutdular xu.
Füzuli Məcnunun fövqəltəbiiliyini göstərən
hər hərəkətini aşiqin bir an
unutmadığı məşuqu düşünməsiylə
açıqlayır. Məsələn, Məcnun dağla dost
olur; çünki Leyli haqqındakı təəssürlərindən
ibarət qəzəllərini oxuyarkən ondan əks-sədalar
eşidir. Demək ki, aşinadır. Çeşmə ilə həsb-hal edir,
çünki tökdüyü göz yaşlarının bu
çeşmə sularıyla bərabər yar məhləsindən
keçməsi ehtimalı var.
Nizamidə - özü kimi matəmlidir, - deyə qara
qarğa ilə həsb-hal edən Məcnun Füzulidə
göyərçinlə danışır; çünki onun
qasidlik edən bir quş olduğunu bilir; bəlkə də
uçar, ondan yara salam yetirər, - deyə
düşünür.
Məcnunu belə olduğu kimi, Füzulinin Leylisi də
elədir: ayla danışır, buluda dərdini deyir, səhər
yelinə sirr açır və bütün bunlardan
eşitdiklərini onun avarəsinə yetirmələrini rica
edir.
Nizami "Leyli və Məcnun"u yazarkən
material olaraq ərəb əfsanəsinə aid dürlü
kitablarda tapılan rəvayətlərlə "Məcnun"
deyə tanınmış ərəb şairi Qeysin eşq nəşidələrini
qələmə almışdır. Demək
olar ki, şair işlədiyi mənzumənin
materialını da maddi halda tapmışdır. Bu materialdan bir eşq dastanının ədəbi binasını
qurarkən şair əfsanənin rəvayət edildiyi şəklə
az-çox bağlı qalmışdır. Buna görədir ki, biz Nizaminin əsərində
mövzunu zaman və məkana bağlayan coğrafi və tərcümeyi-hal
faktları tapırıq. Eyni zamanda
Nizaminin əsəri surətlərlə hadisələrin təsvirində
normal həyat gərəkləri ilə şeylərin hər
kəsə bəlli təbiətlərinə sadiq
qalmışdır.
Bir tərəfdən belə olmaqla bərabər,
Nizami, digər tərəfdən də bu ərəb hekayəsini
özünə xas fantaziya və dastanlarla süsləyə
bildiyi qədər süsləmişdir.
Bir sözlə söyləmək
lazım gələrsə, Nizami mümkün olduğu qədər
əslinə sadiq qaldığı bu ərəb hekayəsini
özünə xas sənətlə canlandırmış; bu
həzin mövzunu həvəslə oxunacaq bir roman halına gətirmişdir.
Füzulinin "Leyli-Məcnun"u isə
başqadır. Əvvələn, bu əsər
Nizamidən sonra keçən dörd yüz illik uzun bir
müddətdə yaranmış böyük ədəbi məhsulun
təhlil və tərkibindən meydana gəlmişdir.
Füzuli hekayəni anladarkən ərəb əfsanəsinin əslinə
sadiq qalmağı çox da aramamış, surətlərini
onun zehnindəki təsəvvürə görə ancaq təsvir
etmiş və Məcnunun Bağdadlı Səlamın rəvayətlərindən,
tamamilə deyiləcək qədər, müstəqil, öz
mistikliyini xəyallandırdığı şəkildə
yazmışdır.
Bunun üçündür ki, Nizamidə
adi bəşəri duyğu və əlaqələrdən
tamamilə ayrılmamış görünən Məcnun,
Füzulidə "bəşəriliyindən" tamamilə
ayrılmış bir şəxsiyyət halındadır.
İki əsər arasındakı bu əsaslı
fərq yalnız iki şair arasında keçən dörd
yüz illik zaman ayrılığı ilə izah edilə bilməz;
bu fərqin əsl səbəbini iki şairin ədəbi
şəxsiyyətlərdə və yaradıcılıq
ruhlarının ayrılığında aramaq lazımdır.
"Leyli-Məcnun" hekayəsinə
başlamazdan əvvəl Nizaminin də, Füzulinin də ədəbi
şəxsiyyətləri bəlli və formalaşmış
halda idi.
Şirvanşah Axsitanın bu ərəb rəvayətini
nəzmə çəkmək təklifini alan
Nizami "Xosrov və Şirin" əfsanəsiylə ədəbi
şəxsiyyəti formalaşmış bir şairdi. Bu şəxsiyyətin nə kimi bir özəllik
göstərdiyi barədə burada təfsilat verəcək
deyilik; bu əsərimizlə ətraflı olaraq
anladılmışdır.
Oxucularımıza bu qədər
xatırladaq ki, Nizami ona verilən bu mövzunu nəşəsiz
və yavan halda almış və yazmağa başlamazdan əvvəl
sənətkar ciddən düşünmüşdür. Çünki ədəbi şəxsiyyəti lirik əfsanəçilikdən
ibarət olan nəşə və həyat şairi bu ərəb
rəvayətini hər cür nəşə və şənlik
materialından məhrum halda əldə etmişdir. Halbuki Füzulinin bu çətinliyi həqiqətdə
də çəkdiyinə qane deyilik. Bu
xüsusda onun Nizami ilə həmahəng olması, bizə
görə, adi bir təvazö məsələsidir.
- Nə üçün?
- Çünki Məcnunu yazarkən
Füzuli, bizə görə, bədəvi şairi Qeysi deyil,
şəksiz özünü yazmışdır. "Leyli-Məcnun"u yazmadan əvvəl şairin
formalaşmış olan ədəbi şəxsiyyəti bu
xüsusdə bizə haqq verməkdədir.
Füzuli öz ədəbi mənliyini
"Leyli-Məcnun"da tam olaraq göstərmədən əvvəl
şeir şəkillərindən ən çox sevdiyi qəzəllərində
parça-parça olaraq, adətən, hər gün təkrarlamışdır. Ustadın
çox az qəzəlini tapa bilərsiniz
ki, orada Məcnun surətiylə təlqin etmək istədiyi
eşqdən bir əsər olmasın.
Şəhidi-eşq olub, feyzi-bəqa
kəsb eyləmək
xoşdur,
Nə hasil bivəfa dəhrin
həyati-müstəarindən. -
beytində Füzuli bu
aşiqliyi tərif edir;
Öylə üryan gərək
avareyi-səhrayi-cünun
Ki, təəllüq dikəni tutmaya
qəta ətəgin. -
beytilə də şair bunun əxlaqını
öyrədir;
Hasilim yox səri-kuyində
bəladan qeyri,
Qərəzim yox rəhi-eşqində
fənadən qeyri. -
deməklə də o, bu eşqin
şərtə və qeydə tabe olmadığını
söyləyir:
Ey Füzuli, canə yetmişdim
könüldən, şükr
kim,
Bağladım bir dilbərə,
qurtardım ondan canımı. -
nüktəsiylə də bəlli
bir ideala könül verməklə ancaq Füzuli ruhunun
iztirabdan çıxdığını anladır.
İdeal vurğunluğunun biz şairdə
mümkün olmayan bir sadəliklə anladılan gözəl
bir nüktəsini də tapırıq:
Canı kim cananı
üçün sevsə,
cananın sevər,
Canı üçün kim ki,
cananın
sevər, canın sevər.
Bu təbii şairin:
Yazanda Vamiqü Fərhadü
Məcnun vəsfin əhli-dərd,
Füzuli adını gördüm
səri-tumarə yazmışlar, -
deyə öyünməsində
haqlı olub, özündə "Məcnundan füzun
aşiqlik istedadı" olduğu haqqındakı
Məndə Məcnundan füzun
aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm,
Məcnunun ancaq adı var. -
iddiasının səmimiliyinə, əlbəttə,
şübhə edilə bilməz.
Budur, bu Füzuli "Leyli-Məcnun"
hekayəsini yazarkən ruhunun bütün həyəcanları
ilə düşündüyü surətləri rəvayət-dastan
söyləmələrinə qətiyyən əhəmiyyət
vermədən öz ruhunun istəyinə görə təsvir
etmişdir. Bunun üçündür ki,
artıq təfərrüat və təfsillərə
girişmədən Füzulinin əsərində gözlədilən
ana fikir Nizamidən daha çox qüvvət və
aydınlıqla ifadə olunmuşdur.
Füzulidə fon hissə Nizamiyə
nisbətən zəifdir. Fəqət əslində
hüznü oxşamaq üçün doğulmuş olan
şair, özünün dediyi kimi, "qəm
karvanının başçısı və möhnət səhrasının
yolçusudur". Bu qəmli və dərdli
aşiqin ifadəsi Məcnunun həzin macərasını
anlatmağa "Xosrov və Şirin" kimi bəşəri
eşqi təsvir edən həyat və nəşə
şairinin ifadəsindən daha uyğun
düşdüyünü söylərkən ziddiyyətli
hökm vermək xətasından uzaq qaldığımıza
əminik.
Hər iki şairdən bu fəslin başlığı
altına aldığımız beytlər onların
yaradıcılıqlarındakı iki özəlliyi kəskin
bir şəkildə göstərməkdədir. Biri "nişat və naz" şairi ikən, o
biri "hüznü bəla" şairidir.
Öz təbinin mahiyyətinə daha
uyğun gələn Məcnun ruhunu təhlil edərkən,
şübhəsiz, Nizamiyə nisbətən Füzuli öz
özəlliyinə daha uyğun bir material üzərində
çalışmışdır.
Yuxarıda təsnif və təhlil
etdiyimiz materiallardan görünür ki, mövzu və buna
aşılanan ana fikirdən başqa "Leyli-Məcnun"
hekayəsinin farscası ilə türkcəsi bir-birindən
ayrı orijinal iki sənət əsəridir.
Mövzu eynidir, fəqət bu Füzulinin
olmadığı kimi, Nizaminin də deyildir; ərəbcədən
alınmışdır. Qaynaq ortaqdır. Fikir də eynidir; vəhdəti-vücud əqidəsi
və ilahi eşq fəlsəfəsindən
yoğrulmuşdur. Bu da Nizamiyə məxsus
bir fikir olmadığı kimi, Füzuliyə aid bir fəlsəfə
də deyildir. İkisinin də ortaq
qaynağı Qəzalidən başlayaraq Sokrata qədər
gedən sufiliyin əski yunan panteizmini andıran vəhdəti-vücudçuluğudur.
Hər iki əsərdəki eşq Əflatuni
deyə anılan sevgidir.
Füzulidə, çox diqqətlə aranarsa,
Nizaminin şairanə təşbih və istiarələrindən
bir qisminin tayı tapılar; fəqət bunun adicə bir tərcüməyə
deyil, bir nəzirəyə belə bənzərliyi yoxdur. Məsələn,
Nizaminin qız-oğlan qarışıq uşaq məktəbini
təsvir edərkən yazdığı:
Ba an pəsərani-şuxi-delbənd
Hemloh neşeste doxtəri-çənd. -
beytinə müqabil Füzulinin
məktəbi cənnətə bənzədən bu
misralarını görürük:
Bir səf qız oturdu, bir səf oğlan,
Cəm oldu behiştə hurü
qılman.
Və yaxud Nizaminin:
Bağ ərçe zi bolbolan betab əst,
İncir nəvaleyi-qorab əst.
Ab, əz deli-bağban xorəd nar,
Bişəd ke fitəd bedəsti-bimar. -
beytləriylə anlatdığı fikri Füzuli bu
beytlərlə anladır:
Gül qönçəligində xar iləndir,
Açılsa bir özgə yar iləndir.
Əslində dikən çəkər əzabın,
fəslində həkim alır
gülabın.
Aradakı mövzu və fikir
ortaqlığı üzündən bu bir-birindən
alınmış kimi görünən beytlər və təşbihlərlə
bərabər, Nizami üslubu ilə Füzuli üslubu
arasında fərq böyükdür. Birincisinin
üslubunda hakim olan özəllik lirizmlə yanaşı gedən
dastançılıqdır. Burada ruhi təhlil
və hissi incəlik şairin dərin hissiyyatla zəngin,
parlaq ifadəsindəki bolluca təşbih və çox zaman
qəribə görünən istiarələrlə
uyuşmaqdadırlar. Eyni zamanda, yuxarıda
da qeyd olunduğu üzrə, Nizami digər əfsanələri
kimi, bu mənzuməsini də özünə xas təmsillərlə
süsləmişdir.
Füzulinin yalnız lirizm və hissiyyat
sahəsində ruhi incələmələrə dayanan mənzuməsi
isə üslub baxımından da sadədir. Şair bütün qüvvətini ana fikrini daha qətiyyət,
açıqlıq və olduğu kimi ifadə etməyə
vermişdir. Bunun üçün də hekayə, Nizami
kimi, yeni bir sıra hekayə və təmsillər əlavə
etmək deyil, hətta Məcnun ilə Leylisini belə əslindəki
ərəb rəvayətinin süslədiyi bir çox təfərrüatdan
ayırmış, onları öz həzin ruhuna uyğun olaraq
bir yandan zahirən sadələşdirmiş, bir yandan da hissən
tamamilə kamilləşdirmişdir. Buna görə
də Nizamidə Məcnun ilə Leyli özlərindəki
fövqəlbəşər ehsasata baxmayaraq, bəşəri
alışqanlıq və qayğılarla, necə olsa da,
hesablaşdıqları halda, Füzulidə bu
bağlılıqdan tamamilə qurtulmuşlar.
Bunun üçündür ki, Nizaminin Məcnunu
əsl qayəsinə varıncaya qədər
çalışıb-çarpışır. Məsələn, Nofəlin müdaxiləsindən
ümidini kəsməyincə çöllərə getmir; mənəvi
birləşmənin üstünlüyünə Leyli ilə
sarışdıqdan sonra qane olur. Leyli və
Məcnunla birləşmək üçün tədbirlər
görür; şəxsən təşəbbüslərdə
bulunur. Ərindən gizlicə aşiqi ilə
görüşür. Eyni zamanda
camaatın fikri ilə hesablaşır. Dul
qalarkən Məcnunu rəsmən vüsalına
çağırır. Artıq eşqini
gizləmir.
Halbuki Füzulidə həyati zərurətlərə
aid bu kimi şərti şeylər yoxdur. O,
maddiyyatı, vücudların gərəklərini tamamilə
buraxaraq, yalnız mənəviyyat və ruhları təqib
edir. Buna görə o, iki aşiqin
görüşməsini təsadüfə
buraxdığı kimi, vüsal səhnəsi ilə
ölüm səhnəsini də mənalı bir sükut
içində keçirir. Leyli isə
eşqini ancaq ölərkən anasına açır.
Nizami təbii həyat şərtləri
içində keçən fövqəltəbii bir eşqin
dastanını yazdığı halda, Füzuli bizə təbii
həyat qayğılarından sıyrılan ilahi bir eşqin
xəyalını təsvir etmişdir.
İkisi də öz növündə
orijinal bir şair, hekayətləri də orijinal bir əsərdir. Burada bənzətmədən bəhs oluna bilməz;
hələ tərcümə ağıla belə gəlməz.
Bu iki orijinal əsərdən əcəba
hankısı daha yüksəkdir? - deyə
bir sual qarşısında qala bilərik. Etiraf
edirik ki, belə bir suala cavab verməkdə
özümüzü aciz sayırıq. Çünki
hər iki əsər öz növündə orijinal, öz
növündə böyük və öz növündə
yüksəkdir.
Nizami də, Füzuli də klassik Şərq
ədəbiyyatının ölçüyə gəlməz
bir varlığıdır. Ölçüyə
gəlməyənləri qarşılaşdırmaq da
söhbət mövzusu ola bilməz.
Böyüklük, kiçiklik kimi nisbi anlayış
xaricində iki şah əsərin özünə xas keyfiyyətlərini
söyləmək lazım gəlirsə, ancaq bunu deyə bilərik:
Nizami - Məcnunu şeirləşdirmişsə,
Füzuli - şeri Məcnunlaşdırmışdır!..
6 noyabr 1941-ci il
Buxarest
Məhəmməd Əmin Rəsulzadə
Ədəbiyyat
qəzeti.- 2013.- 6 dekabr.- S.1; 3.