Bakıda xalq şairi Məmməd
Arazın 80 illiyinə
həsr olunmuş
yubiley tədbiri keçirildi
Dekabrın 9-da Mədəniyyət
və Turizm Nazirliyinin
təşkilatçılığı ilə Azərbaycan
Dövlət Akademik Milli
Dram Teatrında xalq şairi Məmməd Arazın 80 illiyinə həsr
olunmuş təntənəli yubiley tədbiri keçirilmişdir.
AzərTAc
xəbər verir ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
sərəncamına əsasən keçirilən tədbirdə
dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm
və mədəniyyət xadimləri, ədəbi ictimaiyyətin
nümayəndələri iştirak etmişlər.
Tədbirdə
çıxış edən AMEA-nın müxbir
üzvü, Milli Məclisin
mədəniyyət komitəsinin sədri Nizami
Cəfərov milli poeziyamızın
görkəmli nümayəndəsi Məmməd Arazın həyat
və yaradıcılığından
danışmışdır.
Bildirilmişdir ki, Azərbaycanda istiqlal təfəkkürünün
formalaşmasında və təkamülündə Məmməd
Araz yaradıcılığının xüsusi rolu olmuşdur. Onun poeziyasının həyat fəlsəfəsi milyonlarla insanı valeh etmiş, onlara insanpərvərlik
ruhu və mənəvi paklıq nuru bəxş etmişdir.
Şairin xalqımızın əsrlərlə
formalaşmış yüksək mənəvi dəyərlərini
tərənnüm edən əsərləri insanlara
vətənpərvərlik və mübarizlik
ruhu aşılamışdır. Diqqətə
çatdırılmışdır ki, vətəndaşlıq
hisslərinin tərənnümü, fikir
dərinliyi və sadəlik, poetik təfəkkürün
genişliyi Məmməd Araz
şeirlərinin səciyyəvi xüsusiyyətləridir. Məhz
bu kimi yüksək bədii
keyfiyyətlərə görə şairin
qələminə məxsus əsərlər geniş
oxucu kütləsinin rəğbətini
qazanmışdır.
Nizami Cəfərov demişdir
ki, Məmməd Araz
Azərbaycan poeziyasına yeni üslub və düşüncə,
üsyankarlıq və tarix gətirmişdir.
Onun özünəməxsus üslubu zaman keçdikdə
daha da seviləcəkdir.
Qeyd edilmişdir ki, zamanın təqibləri Məmməd
Arazın poetik iradəsini sındıra
bilməmişdir. Onun olduqca
sadə dilinin arxasında mürəkkəb
mətləblər və mülahizələr vardır. O,
artıq Azərbaycan xalqının təfəkküründə
ədəbi obraza çevrilmişdir.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Məmməd Arazla bağlı xatirələrini bölüşmüşdür. Bildirmişdir ki, Məmməd
Araz yaradıcılığı tarix boyu
yaşayacaqdır. Çünki onun əbədiyaşar poeziyası Azərbaycanın
hər bir guşəsində sevilir.
Şairin ailəsi adından
çıxış edən yazıçı, Milli Məclisin deputatı Aqil
Abbas Məmməd Arazın 80 illik yubileyinin dövlət
səviyyəsində keçirilməsi üçün
Prezident İlham
Əliyevin imzaladığı sərəncamın əhəmiyyətindən
danışmış, dövlətimizin
başçısına minnətdarlığını bildirmişdir.
Tədbirdə, həmçinin
şairin sözlərinə bəstələnmiş
mahnılar ifa edilmiş,
şeirlərindən nümunələr səsləndirilmişdir.
Ədəbiyyat qəzeti.- 2013.- 13 dekabr.- S.8.