Folklor İnstitutunda
Beynəlxalq elmi konfrans
Dekabrın
5-də AMEA-nın əsas binasında Folklor İnstitutu və
“Aşıq Şəmşir” Mədəniyyət
Ocağı İctimai Birliyinin
birgə təşkilatçılığı ilə
Aşıq Şəmşirin anadan
olmasının 120 illiyinə həsr olunmuş
“Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir
mərhələsi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.
Öncə Aşıq Şəmşirin həyat və
yaradıcılığını əks etdirən videoçarx nümayiş
etdirilib.
Tədbirdə Azərbaycan,
Türkiyə, İran, Rusiya
(Dağıstan) və Qırğızıstandan qabaqcıl elm və tədris müəssisələrini
təmsil edən nümayəndələr iştirak
edib.
Konfransı
giriş sözü
ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə
elmlər doktoru Muxtar
Kazımoğlu (İmanov) açıb,
iştirakçıları salamlayaraq bildirib ki, tədbirin
keçirilməsində əsas məqsəd 120 illik yubileyi münasibətilə
böyük sənətkarı bir daha yad
etmək, onun
yaradıcılığının işığında aşıq sənətimizin
dünəninə, bugününə, bəlkə də
müəyyən mənada problemlərinə baxmaqdır: “İbn Haldunun fikridir, deyir,
keçmişlə bu gün
o qədər bir-birinə bənzəyir,
necə ki, sular
bir-birinə bənzəyir. Aşıq Şəmşiri
müəyyən mənada Xəstə Qasıma, Aşıq
Ələsgərə, digər klassik
aşıqlara bənzətmək olar.
Aşıq Şəmşir dərin köklərlə,
qırılmaz tellərlə özündən əvvəlki klassik aşıq sənətinə
bağlıdır və özündən sonrakı nəslə
bir mənəvi körpüdür.
O, 70-dən çox saz
havasını məharətlə ifa edib, lentə yazdırıb. Aşıq Şəmşir
500-dən çox şeir
yazıb, 20-yə yaxın dastanı məclislərdə
canlı şəkildə söyləyib, xalq
arasında dastan
ifaçılığının böyük
zirvəsini fəth edib. Nəhayət,
aşıq sənətinin vacib tələblərindən
biri olaraq 30-dan şox şagird yetişdirib. Aşıq Şəmşirin
şeirləri də, ifa etdiyi
saz havaları da, şagird yetişdirməsi də bir məcrada – dastan ətrafında
birləşib. Bizim aşıq sənəti
qonşu xalqların musiqisinə, mədəniyyətinə,
ədəbiyyatına məhz dastan vasitəsilə
təsir göstərib. Beləliklə, Aşıq Şəmşir
bizi çox mətləblərdən
hali edir”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın ən
zəngin folklor sərvətlərinə malik ölkələrdən biri
olduğunu bildirib. Qeyd edib ki,
ölkəmizdə aşıq sənətinə həsr olunmuş tədbirlərin keçirilməsi
Azərbaycanın milli-mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir.
Aşıq Şəmşirin irsi
yalnız Azərbaycanın deyil, türk xalqlarının və onlarla
eyni mədəni məkanda yaşayan qonşu
xalqların da filoloq və
musiqişünas alimləri üçün maraqlı və dəyərli
tədqiqat obyektidir. O, Aşıq Şəmşirlə
Səməd Vurğunun məşhur
deyişməsini “böyük ədəbi
hadisə” adlandırıb: “Bu, nadir deyişmədir, özündə dastan elementlərini birləşdirir”.
Sonra çıxış edən AMEA Humanitar
və ictimai elmlər bölməsinin akademik-katibi, AMEA-nın müxbir
üzvü Kamal Abdullayev Azərbaycan xalqının folklorda yaşayan tarixinə
və tarixi şəxsiyyətlərinə
yeni meyarlar müstəvisində
nəzər salınması baxımından konfransın dəyərini
xüsusi olaraq
vurğulayıb:
“Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş konfrans bizi qədim mədəniyyətlərə aparmaya bilməz. Belədə dünya
mədəniyyətinin ümumi ahənginə
qovuşmuş oluruq”.
Abant İzzət Baysal Universitetinin (Türkiyə) professoru
Əli Yaman Türkiyədə və Azərbaycanda
dədəlik anlayışının tarixi
köklərinə diqqət çəkib, çağdaş
dövrdə həmin məsələ ilə bağlı fərqləri
aydınlaşdırıb. Bildirib ki, Türkiyədə artıq dədə
anlayışı ozanlıqdan çıxıb, dini müstəvidə anlaşılır, Azərbaycanda
isə aşıq sənətində yaşadılır.
Qırğızıstan
Texniki Universitetinin fəlsəfə
və sosial elmlər kafedrasının professoru, manasçı Talantaalı Bakçiyev xalqlarımızı birləşdirən
mənəvi tellərin qorunması gərəkliyindən
danışıb. Onun məşhur “Manas” dastanından bir parça ifası
iştirakçıların ciddi
marağına səbəb olub,
alqışlarla qarşılanıb.
Dağıstan
Respublikasının Qarabudaq Kənd
Gimnaziyasının müəllimi, filologiya
elmləri namizədi Ruqaniyat Musayeva, şair Məmməd
Aslan, professor Şirindil Alışanlı
çıxış edərək aşıq sənətinin
dünəni və bugünü ilə
bağlı, eyni zamanda,
Aşıq Şəmşir
yaradıcılığının məxsusi cəhətləri ilə ilgili mülahizələrini
iştirakçıların diqqətinə
çatdırıblar.
Sonda çıxış edən şair-publisist,
ictimai xadim,
“Aşıq Şəmşir” Mədəniyyət
Ocağı İctimai Birliyinin
sədri Qənbər Şəmşiroğlu Aşıq
Şəmşir irsinə göstərilən diqqət və
qayğıya görə ölkə rəhbərliyinə, bu möhtəşəm konfransı keçirən
Folklor İnstitutuna minnətdarlığını
bildirib.
Tədbirdə qumuq aqaç-kumuzçusu
(Dağıstan), Savə (İran) cökürçüsünün ifaları da maraqla dinlənilib.
Konfrans öz işini “Qurbani”, “Dadaloğlu”, “Manas”,
“Aşıq Ələsgər” adlı bölmələrdə
davam etdirib, həmin
toplantı-yığıncaqlarda 30-dan artıq elmi məruzə dinlənilib, məruzələr
ətrafında müzakirələr aparılıb.
A. Savalan
Ədəbiyyat
qəzeti.- 2013.- 13 dekabr.- S.6.