Onun haqqında çox
eşitmişəm
"Ədəbiyyat və
incəsənət" qezetində işləyəndə bir gün nahar
fasiləsindən qayıdırdım, gördüm
ki, redaktorun kabinetinin qabağındakı qəbul
otağında sadə geyimli,
başında papaq, arıq, qarayanız bir kişi yanpörtü
stola dirsəklənib oturub.
Katibə makinada nə isə yazır, qoca
mat-mat ona tamaşa edirdi.
Katibə qız məni görən kimi dedi:
- Hüseyn müəllim, - kişini göstərdi, -
sizi gozləyir.
Kişi qalxıb Azərbaycan qocalarına xas olan nəzakətlə
salam verdi və çəkinə-çəkinə
divara qısılıb gözlədi. Geyimindən
bilinirdi ki, şəhər sakini deyil, hansı rayondansa gəlib.
Onu bu gün birinci dəfə görsəm də, haradansa,
üzü mənə çox tanış
idi. O vaxt rayonlarımızdan müəyyən məişət
məsələləri ilə əlaqədar redaksiyaya ya mənim,
ya da şöbə müdirlərinin yanına şikayətə
gələnlər olurdu. Belə güman elədim
ki, bu qoca da həmin şikayətçilərdən biridir.
Otağın qapısını açıb ona dedim:
- Əmi, buyurun, keçin içəri!
O heç cürə istəmədi ki, məndən
qabaq kabinetə keçsin.
- Siz buyurun, - dedi.
Mən içəri keçdim, qoca da
arxamca gəldi, yer göstərdim, sıxıla-sıxıla
oturdu.
- Sizi dinləyirəm, əmi, - dedim, - mənə nə
sözünüz var, buyurun! Yazın ortası
idi. Kişi əyninə şala oxşayan
qara parçadan pencək geymişdi. Biçimindən
bilinirdi ki, bu pencəyi rayonda yaşayan dərzi tikib. Qoca pencəyinin cibindən dörd qatlanmış
bir vərəq çıxarıb mənə uzatdı.
Elə bildim ki, şikayət ərizəsidir.
Kağızı açıb oxumadan dedim:
- Əmi, burada yazılanlar öz yerində, qısaca
deyin görüm şikayətiniz nədəndi?
Qoca duruxa-duraxa cavab verdi:
- Mən bura şikayətə gəlməmişəm,
müəllim. Yazı-pozu gətirmişəm,
sizin qəzetçün.
- Çapçün yazı gətirmisiniz?
- Hə. Mən Aşıq Şəmşirəm.
Cavab mənim üçün o qədər
gözlənilməz oldu ki, şaşırdım. Heyrətlə Aşıq Şəmşirə
baxdım. Mən onun haqqında qələm
yoldaşlarımdan, aşıq ədəbiyyatımız ilə
yaxından bağlı olan sənətkarlarımızdan
çox eşitmişdim. Daha doğrusu, bu
mahir xalq nəğməkarının qiyabi vurğunu idim.
Öz təvazökarlığı nəticəsində
bir müddət haqsız olaraq kölgədə qalmış
gözəl sənətkarın geniş ədəbi aləmdə
tanınmasına böyük şairimiz Səməd Vurğun
səbəb olmuşdu. O, 1955-ci ildə İstisuda dincələndə
Aşıq Şəmşiri dinləmiş, sənətinə
valeh olmuşdu.
Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub yada sal məni. -
bəndi ilə
başlamış məşhur "Yada sal məni"
qoşmasını yaratmışdı. Aşıq
Şəmşir də eyni vaxtda ona cavab olaraq "Səni"
rədifli qoşmasını yazmışdı. Ustad
aşıq deyirdi:
Şəmşirlə görüşün qaldı
yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbadiyar
Gəzərəm əlimdə
şam-çıraq səni.
Bu iki qoşmanı - iki böyük
poeziya nümunəsini çoxumuz əzbərdən bilirdik,
dillərə, ağızlara düşmüşdü. Hətta bəzi aşıqlar onları şairlə
aşığın dəyişməsi kimi oxuyurdular. Səməd Vurğunun təşəbbüsü ilə
Azərbaycan Elmlər Akademiyasının nəşriyyatı
Aşıq Şəmşirin ilk şeirlər kitabını
plana daxil elədi. Və 1959-cu ildə Səməd
Vurğunun ölümündən üç il
sonra, onun yaxın dostu, aşıq poeziyamızın mahir
bilicisi Osman Sarıvəllinin tərtibi və redaktorluğu ilə
Aşıq Şəmşirin kitabı buraxıldı. Osman müəllim kitaba məhəbbətlə ön
söz də yazmışdı. İstedadlı
aşığın ilk kitabı tezliklə satılıb
qurtardı. Poeziya həvəskarları, ədəbi tənqid
bu kitaba çox xeyirxahlıqla qiymət verdi.
Osman müəllim aşığın
qoşmalarından, gəraylılarından, təcnislərindən,
müxəmməslərindən qayğı ilə seçib
kitaba salmışdı. Onda hamımız
Səməd Vurğunun Aşıq Şəmşir kimi bir
müdrik sənətkarı kəşf eləyib üzə
çıxarmasından minnətdarlıq hissi ilə
danışırdıq.
Qarşımda əyləşən mülayim təbiətli,
sakit, üzündən nur yağan qocaya baxanda onun haradan mənə
tanış gəlməsini indi
xatırladım. Akademiyanın "Elm" nəşriyyatının
buraxdığı "Aşıq Şəmşir"
kitabında onun şəkli verilmişdi. Aşığın
şəkli ayaq üstə dayanıb saz çalan vəziyyətdə
çəkilmişdi.
- Bağışlayın, mən sizi tanımadım,
Şəmşir dayı. Siz bizim xalqın
barmaqla sayılan qüdrətli sənətkarlarındansınız.
Mən iik görüşdə
Aşıq Şəmşiri tanımadığıma xəcalət
çəkdim, özümü qınadım. Həm də
şeirlərinə vurğun olduğum bu böyük
aşıqla görüşməyimə sevinirdim və yenə
də ondan üzr istədim:
- Bağışlayın, sizi başqasına
oxşatmışdım. O, yumşaq-yumşaq, sözü
uzada-uzada dedi:
- Neynək, neynək, müəllim. Mən
kiməm ki, hamı tanıya.
- Mən sizi tanımalı idim, Şəmşir
dayı, - dedim. - Akademiyanın buraxdığı
kitabınız məndə var, həvəslə oxumuşam. Əla şeirlərdi.
- Şeirdi də.
- Əla şeirlərdi, - deyə mən
sözümü bir də təkrar elədim. Aşıq
Şəmşir təvazökarlıqla cavab verdi:
- Nə bilim, özümçüm elə-belə
yazıram. - Bir müddət susdu. -Eh, heyif Səməd
Vurğun az yaşadı. Rəhmətliyi
mən həmişə yana-yana yad edırəm. Önün boynumda haqq-sayı böyükdü.
Əsl xalq adamıydı. Biz
İstisuda görüşənəcən mən onu elimizin
böyük şair oğlu kimi tanıyırdım. Eşitmişdim ki, kasıb-kusubun,
fağır-fuğurun əlindən tutandı, camaata
qaynayıb-qarışandı. Onunla
görüşüb-danışandan sonra gördüm ki,
deyilənlərin hamısı haqdı.
Aşıq Şəmşirin dediklərinə ara verə-vefə asta-asta
danışığı vardı. Mən də
onun sözünü kəsmir, dinləyirdim.
Katibəyə dedim bizə çay gətirdi. Şeir şöbəsinin müdiri Qabil də gəlib
çıxdı. Aşıq Şəmşirlə
hörmətlə görüşüb salamlaşdı.
O, aşığı tanıyırdı. Redaksiyaya
şeir gətirdiyini bilincə onları məndən alıb
baxdı. Biz Aşıq Şəmşirlə
söhbət eləyəndə, Qabil şeirləri ürəyində
oxudu və sözümüzü kəsib ağızdolusu təriflədi.
- Əla şeirlərdi, aşıq, sağ olun. Vaxtında bunları gətirmisiniz redaksiyaya. -
Qabil məndən şeirləri
oxuyub-oxumadığımı soruşmadan: - Bilirsən necə
gözəl şeirlərdi, - dedi.
- Mən də oxumuşam.
Qabil vərəqləri qabağıma qoyub dedi:
- Onda icazə ver, bir də ikilikdə oxuyaq. Aşıq özü də qulaq assın. Adamın öz şerini başqasının
ağzından eşitməyin ayrı ləzzəti var.
Qabil şeirləri öz əsərləri
kimi avazla, hərarətlə oxudu. Və Aşıq
Şəmşiri bir də təriflədi:
- Aşıq şeri belə olar. Yoxsa indi
bəziləri aşıq şeirləri adı ilə
ağıllarına nə gəldi yazıb göndərirlər
redaksiyaya.
Aşıq Şəmşir ilk görüşdən mənə
az danışan adam təsiri
bağışladı, biz Qabillə əsərləri
haqqında danışırdıq, aşıq susub qulaq
asırdı. Qabil mənim qəti rəyimi gözləmədən
dedi:
- Aşıq, bu şeirləri götürürük,
qəzetdə çap elərik. Məncə, elə
Hüseyn müəllim də bu fikirdədi.
Mən də Qabilin sözlərini təsdiq elədim:
- Şəmşir dayı, sizdən
xahiş edirəm, - dedim, - gələcəkdə bizə
şeir vermək istəsəniz, özünüz gəlməyin,
ya məktubla göndərin, ya da rayonunuzdan Bakıya gələn
olsa, ona verin gətirsin.
Aşıq Şəmşir bizim bu
qayğımızdan xoşhal oldu:
- Hörmətə görə var olun. Yolum
Bakıyaydı. Burda bir para işim vardı.
Dedim ki, gedim özüm verərəm. Yaxşı
ki, gəlib sizi də gördüm.
Aşıq Şəmşir bizim vaxtımızı
çox almadı:
- İş adamısmız. Sizə mane olmaq insafdan deyil. İcazə
verin mürəxxəs olum. Siz də
işinizi görün.
- Getməyinizə sözümüz yoxdu. Ancaq yenə də bizə şeirlərinizdən
göndərin.
- Sağ olun, görüm də. Qabil soruşdu:
- Evdə çap olunmamış şeirləriniz yoxdu?
Aşıq, Şəmşir gülümsündü:
- O qədər var ki.
Mən dedim:
- Onları evdə niyə saxlayırsınız, verin
çap eləyək.
- Baxaram. Sağlıqla qalın.
İkimiz də dəhlizə
çıxıb onu yola saldıq.
Aşıq Şəmşir redaksiyaya
sakit, təvazökarlıqla gəldiyi kimi, elə də
çıxıb getdi. Mən Qabillə otağa
qayıtdım. O dedi:
- Gözəl sənətkardı, təvazökar,
iddiasız adamdı. Amma elə cavan şairlər
var ki, mətbuatda vur-tut üç-dörd yazısı
çıxıb, redaksiyaya şeir gətirəndə elə
danışır ki, deyirsən, müasir ədəbiyyatı
elə o yaradıb.
Aşıq Şəmşirlə ilk
tanışlıq mənə dərin təsir
bağışladı. Onda xalqa, torpağa dərin
köklərlə bağlı, bizim ağsaqqal qocaların
müdrikliyi, sadəliyi, genişürəkliliyi vardı.
Nəcib duyğular oyadan o görüşdən
sonra həmin gün Aşıq Şəmşirin evimizdə
olan şeirlər kitabını götürüb bir də
oxudum. Etiraf edim ki, bu dəfə burdakı
qoşmalar, gəraylılar, müxəmməslər mənə
ayrı cür təsir etdi. Bir daha dərk
elədim ki, Aşıq Şəmşir indi
rayonlarımızda yaşayıb-yaradan onlarla aşıqlardan
xeyli yüksəkdə durur. Bu əsərlər,
Aşıq Ələsgərin sənətin yüksək zirvəsinə
qaldırdığı aşıq poeziyamızın əsl
nümunələrindəndir. Mübaliğəsiz
Aşıq Şəmşiri klassik aşıqlarımız
Tufarqanlı Abbas, Aşıq Alı, Aşıq Ələsgər,
Bozalqanlı Hüseyn, Aşıq Qurbani ilə yanaşı
qoymaq haqqına olar. Səməd Vurğunu
da valeh edən Aşıq Şəmşir poeziyasının
son dərəcə səmimi, şirin və eyni zamanda xəlqi
olması idi.
1969-cu il sentyabrın əvvəli
idi... Aşıq Şəmşir ikinci dəfə
"Ədəbiyyat yə incəsənət" qəzetinə
gəldi. Onda redaksiya Zevin (indikı
Əziz Əliyev - tərt.) küçəsindəki
binanın ikinci mərtəbəsində yerləşirdi.
Ancaq bu dəfə o, şeir şöbəsinə
getmişdi.
Günün ikinci yarısı idi. Məsul katiblə növbəti nömrənin
materiallarına baxıb mətbəəyə göndərmək
üçün ayırmışdıq. Redaktorun
otağının qapısı açıldı, içəri
girən Qabil ehtiramla dedi:
- Hüseyn müəllim, Aşıq Şəmşir gəlib.
Mən
də, Emin Mahmudov da qalxıb
aşığın qabağına
çıxdıq. Otağa dəvət elədik, o gəlmək istəmirdi:
- Sağ olun, uşaqlar, - dedi, - mən getdim. Bir-iki
yazım vardı, verdim Qabil müəllimə, deyəsən,
bəyəndi.
Mən dedim ki, niyə zəhmət çəkirsiniz,
axı sizə demişdim ki, yazınız olanda gəlməyin,
göndərin.
- İşimin adı nədi? Bura tələbə qohumuma dəyməyə gəlmişdim,
- qımışdı. - Necə deyərlər, həm ticarət, həm də ziyarət.
Qabil yenə Aşıq Şəmşirin
gətirdiyi təzə
şeirləri təriflədi:
- Gözəl qoşmalardı.
Aşıq
şəhərdə vacib
işi olmasını
deyib getdi. Qabil şeirləri öz otağında qoymuşdu,
gətirdi birlikdə oxuduq. Ustad aşıq qoşmaları
öz xətti ilə yazmışdı.
Onların üstündə bir vərəq də vardı. Qabil dedi ki,
bu etibarnamədir. Aşıq yazıb ki, qonorarını universitetdə
oxuyan tələbə
qohumu alsın. Aşıq Şəmşirin bu qayğısı xoşumuza
gəldi.
Onun üç qoşması - "İnsan
əlləri", "Yerdə"
və "Duman" həmin il
qəzetin 13 sentyabr nömrəsində dərc
olundu.
1969
Hüseyn Abbaszadə
Ədəbiyyat
qəzeti.- 2013.- 13 dekabr.- S.6.