Yasif Nəsirli - 75

  

Əziz qələm dostumuz Yasif müəllim!

Sizi - tanınmış nasir, publisist, tənqidçi, tərcüməçi, alim və ictimai xadimi anadan olmanızın yetmiş beş illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Siz 23 dekabr 1938-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində dünyaya göz açmısınız. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda və Ali Komsomol Məktəbində, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali məktəbində təhsil almısınız.

İmzanız oxuculara ötən əsrin altmışıncı illərindən tanışdır. Universitetin dördüncü kursunda oxuyarkən sizin "Araz daşan yerdə" və "Qırmızı qərənfil" sənədli hekayələr kitablarınız nəşr olunmuşdur.

Cəlil Məmmədquluzadə yaradıcılığına dair tədqiqi məqalələriniz, həmçinin çağdaş nəsrimiz barədə təhlili yazılarınız dövri mətbuatda ardıcıl dərc edilmişdir.

"Cəlil Məmmədquluzadənin ilk əsərlərində sənətkarlıq" və "Azərbaycan şerinin inkişafı" mövzusunda yazdığınız namizədlik və doktorluq dissertasiyalarınız, çap etdirdiyiniz monoqrafiyalar ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Sonralar sizin "İnsanlar, görüşlər", "Adsız təpə", "İntizar", "Çinar vüqarı", "Qayıdacağam" (rus dilində), "Görə bilmədin", "Azərbaycan şeri" və başqa povest, hekayə, pyes və elmi kitablarınız işıq üzü görmüşdür.

2006-2013-cü illərdə "Ömür", "Dünya", "Zaman" adlı üçcildliyiniz, "Günəşlə görüş" və "Mənalı ömür" əsərləriniz çap edilmişdir.

"Liftdə hadisə", "Təyyarə geri dönür", "Qan qardaşları" pyesləriniz dəfələrlə Azərbaycan Dövlət Televiziyası vasitəsilə göstərilmişdir.

Siz tərcüməçi kimi də oxuculara yaxşı tanışsınız. G.Markovun "Sibir" romanını, A.Dıqanskinin "Filosof və paltaryuyan qız" povestini, "Polşa hekayələri" kitabını, Mariya Mayerovanın "Dünyanın ən yaxşısı" romanını, Ş. Ələddinin "Mərmər pillələr" povestini tərcümə etmiş və hər birini ayrıca kitab kimi nəşr etdirmisiniz. Bundan başqa çoxlu sayda xarici yazıçıların əsərlərini tərcümə etmiş, onların dövri mətbuatda işıq üzü görməsinə nail olmusunuz.

Sizin 50 illik əmək fəaliyyətinizin daim dövlət və ictimai işlərdə keçməsinə baxmayaraq, bədii və elmi yaradıcılıqla da məşğul olmusunuz. Siz hələ tələbə olarkən Azərbaycan Dövlət Universitetinin Elmi Cəmiyyətinin sədri və universitet qəzetinin redaktor müavini kimi çalışmısınız. Sonra uzun müddət Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində məsul vəzifələrdə işləmisiniz.

"Ulduz" ədəbi-bədii və ictimai-siyasi jurnalının ilk baş redaktoru olmusunuz. Redaktor olduğunuz müddətdə "Ulduz" respublikada nəşr edilən bütün digər jurnallardan daha böyük tirajla çıxmış və həcmini şəxsi təşəbbüsünüzlə 34 səhifədən 64 səhifəyə qaldıra bilmişdiniz. Xeyli vaxt "Novruz" qəzeti sizin redaktorluğunuzla çap edilib. Bir çox jurnal və qəzetlərin redaksiya heyətinin üzvüsünüz.

Hörmətli Yasif müəllim!

Siz mənalı ömrünüzü Vətənə, dövlətə və xalqa ləyaqətlə xidmətə həsr etmisiniz. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafı naminə göstərdiyiniz əməli fəaliyyətiniz də təqdirəlayiqdir.

Siz respublikada kifayət qədər tanınmış ictimai-siyasi xadimsiniz və xalqımız qarşısında böyük xidmətləriniz vardır. Ömrünüzün xeyli hissəsini Azərbaycan Dövlət Təhlükəsizlik (indiki Milli Təhlükəsizlik Nazirliyi) orqanlarında keçirmisiniz. Orada idarə rəisi və kollegiya üzvü olmusunuz. İşlədiyiniz müddətdə yaradıcı ziyalılarımıza lazımi qayğınızı əsirgəməmisiniz.

Uzun zaman Azərbaycan KP Mərkəzi Komitəsinin müxtəlif şöbələrinə rəhbərlik etmisiniz. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Şurasının (Tbilisi şəhəri) üzvü kimi həmin Şuranın qərarı ilə 1990-cı ilin may ayında general-mayor rütbəsinə layiq görülmüsünüz. Respublika Ali Sovetin (sonradan Milli Məclis) deputatı seçilmisiniz.

SSRİ-nin fəxri çekistisiniz.

Siz həm də Qarabağ müharibə veteranısınız.

Qarabağ Təşkilat Komitəsi sədrinin birinci müavini kimi erməni yaraqlılarının vətənimizdən qovulmasında, Goranboy rayonunun, Çaykəndi və onunla qonşu olan ətraf kəndlərinin ermənilərdən azad edilməsində, sərhədlərimizin möhkəmlənməsində unudulmaz xidmətlər göstərmiş və ağır yaralanmısınız.

Qarabağın azad edilməsi uğrunda apardığınız mübarizə və səyləriniz təqdirə layiqdir.

Siz hazırda Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzinin prezidentisiniz. Bağdad şəhərində keçirilən VII və VIII Ümumdünya İslam Konfranslarının iştirakçısı olmusunuz. İngiltərə, Fransa, Yaponiya, Türkiyə, Malta, Kuba və başqa dövlətlərdə respublika nümayəndə heyətinə başçılıq etmisiniz.

Həmçinin "Veteran" Xeyriyyə Fondunun prezidenti, Azərbaycan Ziyalılar Akademiyasının həqiqi üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Ukraynadakı Azərbaycan diasporunun fəxri sədri, bir çox xarici ölkə universitetlərinin fəxri doktorusunuz. Siz belə geniş və gərəkli fəaliyyətinizlə beynəlxalq aləmdə Azərbaycanın tanınması, ədəbiyyat və incəsənətimizin təbliği üçün var qüvvənizi sərf edirsiniz.

Qarabağ, Xocalı və Qərbi Azərbaycanda ermənilərin törətdiyi faciələrin, yeritdikləri işğalçılıq siyasətinin dünya xalqlarına çatdırılmasında böyük rolunuz vardır.

Azərbaycan yazıçılarının axırıncı qurultayında hərbi-vətənpərvərlik komissiyası sədrinin müavini seçilmisiniz. Xidmətlərinizə görə bir çox dövlət mükafatları almış və bir neçə ədəbi mükafatlar laureatısınız. "Əbədi prezident" qızıldan döş nişanı ilə təltif edilmisiniz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkiaşfındakı xidmətlərinizə görə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüsünüz.

Hörmətli qələm dostumuz!

Sizi bir daha 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2013.- 13 dekabr.- S.7.