Deyilməmiş sözüm qaldı…
Fikrimcə, hər hansı bir
yazıçı ilə görüşməzdən qabaq qəhrəmanları
ilə görüşmək sənətkarı onlardan "xəbər
almaq" maraqlı olur. Məsələn, tanınmış
yazıçı Yasif Nəsirlinin "Təyyarə geri
dönür" povestindəki vətənsiz və
torpaqsız, qohum-əqrəbasız, dostsuz-tanışsız
yaşaya bilməyən, dərbədər olmuş, yad
torpaqlarda çürümüş Əbdül kişi elə belə bir surətdir. Bir
anlığa təsəvvür edirsən ki, doğma Gəncəsindən
ayrı düşüb sürgünlərdə yaşayan
Əbdül kişi ilə iyirmi il Cəbrayılsız
yaşayan, ən çətin və dar günündə ona
həyan olan, doğma kəndi əlindən çıxan,
yol-yamacını, bulağa su dalınca gedən el
qızlarını ancaq yuxularında görən sadə kəndli
balası Yasif Mirzə (Nəsirli) sanki eyni adamdır. Povestdə
oxuyuruq: "…Təyarə Bakı torpaqlarına enəndə
isə Əbdül kişinin gözləri yaşardı. Ayağı Vətən torpağına dəyəndə
büdrədi, yıxıldı, üzüqoylu
düşdü. Gözlərini
açanda xeyli yüngülləşdi. Ağrıları,
əsəbləri sakitləşsin deyə dərman
içirmişdilər. Günün batar vədəsində
şeylərini vağzalın qabağında dayanmış
boş maşınlardan birinə yüklədilər.
Əbdül kişi arxada əyləşmişdi.
- Hara sürüm? - Sürücü xəbər
aldı.
- Gəncəyə sür… Sür Gəncəyə, Gəncəyə
- yaş onu boğdu, hiss olunurdu ki, bu sözləri güclə
dedi. Başını əlləri arasına alıb,
içindən büküldü…"
Vətənsiz, torpaqsız yaşamaq
Əbdül kişinin faciəsi olaraq qalır. Vətənsiz və torpaqsız (oxu, Cəbrayılsız)
yaşamaq yazıçı Yasif Nəsirli üçün də
ömürlük şikəstlik, sağalmaz xəstəlik
olaraq qalır. Məsələn, fransız
yazıçısı və filosofu Fontenel Bernar (1657-1757)
yazır ki, yazıçı və yaxud şair
üçün vətənsizlik onun ölümü qədər
ağırdır. O yazır: "Vətəni qəsb
edilmiş, əldən getmiş yazıçının
ürəyi arı pətəyinə oxşayır. Amma o pətəkdə
bal olmur… orada ancaq qəm və kədər
olur. Vətənsiz yazıçının ürəyindən
ucu-bucağı görünməyən bir xalı
"toxumaq" mümkündür…"
Məlum olduğu kimi, oxucu məhəbbəti
qazanır ki, orada təsvir olunmuş qəhrəmanlar həmişə
nəfəs alır… diridir… əl vurursan sanki əlin dəyir,
səni özü ilə aparır, gəzdirir. Burada mən yazıçının "Yaslı
evin adamları" hekayəsi üstündə dayanmaq istərdim.
Əslində bu hekayədən daha artıq
çoxhissəli bədii bir filmin ssenarisidir. Əsər
görün necə başlayır: "…Qara köynəyi geyəndən
sonra kəndimizdə heç kəs daha qəlbimə toxunmadı.
Ona görə ki, belə köynəkləri
ancaq yaslı evin adamları geyərdi. Özü
də anamın çitdən tikdiyi qara köynəkdən həmişə
qorxurdum. Qorxurdum ona görə ki, bu köynəyin
qollarından, yaxalığından barıt iyisi gəlirdi…"
Müəllif bu hekayəsini bəlkə
də atasını itirən gün yazmışdı, bunu
heç özü də bilmirdi. Amma bildiyi o idi ki,
yaddaşında ilişib qalan bu idi ki, Gültəpənin evlərini
qapı-qapı gəzib müharibənin "qara
kağızları"nı paylayan, dövrün və
zamanın ən ağır dərdlərini ziyilli
çantasında gəzdirən poçtalyon Lələ
obrazı ədəbiyyatımızda yenidir. Fikrimi belə
açıqlayım ki, yazıçı Yasif Nəsirli bir
alim-tədqiqatçı kimi böyük mütəfəkkir
Cəlil Məmmədquluzadəni tədqiq edib, öyrənib…
Amma onun yazıçı kimi yaratdığı
poçtalyon Lələ Mirzə Cəlilin "Poçt
qutusu"ndakı Novruzəli deyil…
Tanınmış yazıçı Yasif
Nəsirlinin sevə-sevə yaratdığı, qələmə
aldığı poçtalyon Lələ obrazı, mənə
elə gəlir ki, yaşadığı
dövrün-zamanın özünün xarakterini əks etdirən
bir surətdir.
Poçtalyonun təqdiminə baxın: "…Onun evi kəndin
ayağında idi. Həyət dörd tərəfdən
qaratikanla çəpərlənmişdi. Təkcə
qapısı taxtadan idi. Müharibənin ağır
günlərində Lələ o taxta qapını
söküb, odun əvəzinə kimsəsiz qoca qarıya
vermişdi ki, peçə qoyub evini qızdırsın…
İçəri gircək, poçtalyon
Lələ həyətin tən ortasında bitmiş qızılgül
kollarının yanında diz çökdü, ikiqat oldu. Mən ömrümdə ilk dəfə idi ki, Lələni
ağlayan görürdüm. O, haray çəkib,
qışqırırdı: "…Allah məni
öldürsün. Daha bacarmıram… Qara
kağız məni çürütdü. Allah,
aclıq yormadı, susuzluq yormadı, amma qara kağızlar məni
yordu…"
Təxminimə görə bu, ən
gözəl rəsm əsəri olardı. Bir fırça lazım idi ki, bütün
bunları kətana köçürsün. Mənə elə gəlir ki,
yazıçının yaratdığı bu "söz
tablosu" məşhur rus rəssamı, dünyanın ən
böyük "Sülh və mənəviyyat, insanlıq və
ləyaqət" mükafatını almış A.M.Şilovun
"Əsgər anası" tablosundan da güclüdür.
Sadəcə, Vətən və millət
ağrısını çəkə bilən bir rəssam
lazımdır. Hissə qapılmıramsa, elə bilirəm
yazıçı Yasif Nəsirlinin poçtalyon Lələsi
Rusiya çöllərində və Sibir sürgünlərində
təsvir olunmuş poçtalyon Yeqordan da (yazıçı
A. Furmanovun qəhrəmanı), Hindistanın ən
acınacaqlı əyalətlərini gəzən Qara Xanidən
də (yazıçı Z.Çopra), Amerikanın
Alyaskasında özünə heykəl qoyan, öz heykəlini
yaradan Consondan da (yazıçı A. Farl), Fransanın şəhərlərində
yaxşı və təmiz adamların siyahısını tərtib
edən poçtalyon Marseldən də (yazıçı
E.Anri) güclü və qüdrətlidir. Ona görə ki,
azərbaycanlıdır və Yasif Nəsirlinin təsvir etdiyi
poçtalyon Lələ başqa "müharibə
poçtalyonlarından" fərqli olaraq, müharibədə
itirilmiş Azərbaycan kişilərinin
ağrısını, göz yaşlarını
çantasında yox, dərddən
büzüşmüş, qanı sovrulmuş ürəyində
gəzdirirdi… Məncə, əsərdəki
böyüklük, bəşərilik, müasirlik də elə
budur, bu duyğudur. Hekayədə sonra oxuyuruq:
"…Poçtalyon Lələnin adəti idi. Kimə ki, belə
kağız gəlirdi, təkidlə deyirdi: "İnanma, gələcək…
Mütləq gələcək…" Poçtalyon
nədən bu qənaətə gəlir? Müəllif
göstərir ki, poçtalyon Lələnin hər qara
kağızından sonra ürəyi tab gətirməyib
ölənlərin sayı artır. Poçtalyon
bütün bunların qarşısını almaq
üçün, necə deyərlər, əsası olmayan
ümidləri bölür. Əslində
poçtalyon Lələnin həyat fəlsəfəsi də
elə bu idi. O, müharibənin qara kağızı ilə
ümid bölürdü.
Yazıçı Yasif Nəsirli
gördüyünü, daxilən yaşadığını
qələmə alır. O, yaratdığı
obrazlarla nəfəs alan, yaşayan
istedadlı qələm sahibidir. Məsələn,
böyük rus ədibi Mixail Şoloxov "Sakit Don"
romanı ilə bağlı verdiyi müsahibələrin
birində yazır: "Mən romanı bitirər-bitirməz
Don çayının iki
addımlığında dayandım. Elə zənn etdim ki,
romanda təsvir etdiyim kazaklar lap yaxınımdadır… İstədim onları dindirəm. İstədim
deyim ki, "Ehey, kazak… Mən "Sakit Don"u
tamamladım. Sizi böyük bir mükafat
gözləyir. İstəyirsinizmi? Kazaklar susdular. Onu gördüm ki, kazaklar Don çayına girib məndən
uzaqlaşdılar".
Sonra mən bu əhvalatı Don çayının
sərkərdəsi hesab etdiyim dostum Yeqor Sidorova
danışdım. O isə dedi: "Sən səhv etdin,
qardaş. Yaddaşında əbədi saxla ki,
kazaklar mükafat üçün yox, qəhrəmanlıq
üçün döyüşürlər, qəhrəmanlıq
üçün də ölürlər".
Əslində yazıçı Yasif Nəsirli
öz obrazlarını - sevərək yaratdığı qəhrəmanları
mükafat almaq üçün yox, igidlik və mərdlik
nümunəsi kimi yaradır.
Oxuduğumuz və yaxud yaşadığımız
dövrün tarixində üçüncü bir tərəf
olmur: onun bir tərəfi mərddir, o biri tərəfi namərd.
Yazıçı Yasif Nəsirli
çalışır ki, tarixin mərd tərəfində
dayansın. Mərd səhifəsinə
imza atsın. Mərhum professor Qulu Xəlilov vaxtilə
onun haqqında "Ədəbiyyat və incəsənət"
qəzetində yazırdı: "…Yasif Nəsirlinin həyat
yolu çox çətin və mürəkkəb
olmuşdur. Sözün həmişə
düzünü dediyindən, açıq tendensiyalı
şəxsiyyət olduğundan böyük mənəvi-psixoloji
təzyiqlərlə üzləşməli olmuşdur.
Lakin maddi, mənəvi, siyasi çətinliklər bu
böyük, işıqlı, xeyirxah isnanın iradəsini
sındıra bilməmişdir…"
Neçə illər bundan qabaq
yazıçı Yasif Nəsirlinin "…Mənim bildiyim
şeyləri deməyə dilim gəlmir, vicdanım yol vermir,
həm də hüquqi haqqım yoxdur…" - deməsi onun əsl
vətəndaş olduğuna şəhadət verir. Xatırlatmaq istərdim ki, görkəmli qələm
sahibi Yasif Nəsirli uzun müddət Azərbaycan Dövlət
Təhlükəsizlik Komitəsinin (indiki MTN-nin) əks-kəşfiyyat
idarəsinə rəhbərlik edib. O vaxt heç kəs
bilmirdi ki, Yasif Nəsirlinin bu idarəyə rəhbərlik etməsi
ilə onlarla qələm sahibinin, elm və incəsənət
adamının fəlakətdən,
ağrılı-acılı günlərdən xilası
mümkün olub. Araşdırmalarımıza
görə yazıçı Yasif Nəsirli DTK-da işlərkən
çoxlu sayda yazıçının, şairin, alimin, rəssamın,
heykəltəraşın, musiqiçinin… taleyinə
işıq saldı, onların şəxsi işlərinə
heç nədən salınan "qara ləkələr"i
sildi. Bu, bir qələm adamının cəsarəti
idi. Bu, böyük və unudulmaz Heydər
Əliyevin sənət və sənətkara olan sevgisinin, məhəbbətinin
yazıçı Yasif Nəsirli taleyindəki təcəssümü
idi.
Görkəmli ədib, akademik Mirzə İbrahimov onun
haqqında deyirdi: "…Yasif Nəsirlini DTK-ya Allah göndərib…
O, gecə-gündüz bizim üstümüzə atılan
qara ləkələri təmizləməklə məşğuldu…
1937-ci ildə bu idarənin təşəbbüsü ilə
Azərbaycanın ən güclü və ləyaqətli
övladları güllələnib, həbs edilib, Sibir
sürgünlərinə göndərilib… Biz onun cəsarəti
qarşısında hələlik ona heç nə verməmişik…"
Yazıçı Yasif Nəsirli hesab edir
ki, həyatda çox şeyin üstündən xətt
çəkən tale xalq üçün, millət, Vətən
naminə həyata keçirilən və heç vaxt
unudulmayan xidmətləri həmişə əzizləyir, onu
əziz saxlayır.
Yasif Nəsirlinin təsvir etdiyi ədəbi
qəhrəmanların böyük bir qismi müdrikliyilə
seçilən, həyat sevgisi aşıb-daşan,
saflığı və vüqarı, ləyaqəti ilə fərqlənən
adamlardır. Səlis dil, təmiz və mənalı
üslub, lirik və psixoloji düşüncələr, ədalətsiz
və haqsız işlərə qarşı amansız olmaq,
yaxşıları təbliğ etmək, tanıtmaq…
yazıçının bir ömürlük tərbiyə
aldığı ailədən, zəhmət dolu həyatdan irəli
gəlir.
Yaşadığı mühitin naqisliyinə,
əyintilərinə qarşı amansız mövqe
tutması, barışmaz cəbhədə dayanması müəllif,
yazıçı Yasif Nəsirliyə həmişə
uğur və başucalığı gətirib. O, "Qan
qardaşları" hekayəsində yazır: "…Satqın
elə satqındır. İstər Vətən satqını
olsun, istər ailə, dost, yoldaş satqını, dəxli
yoxdur, elə satqındır. Yer üzündə ondan qorxulu,
dəhşətli, müdhiş, simasız varlıq yoxdur və
ola da bilməz. Satqın üzə
çıxıb, satqın gəlib, satqın gedəcək…
Bütün bunlar Vəlini (əsərin
qəhrəmanı - R.N.) elə bil məngənəyə
salıb sıxırdı. Elə bil tale ondan təzədən
intiqam alırdı…"
Yazıçı Yasif Nəsirlinin həyat fəlsəfəsində
özünün məntiqi var. Ona görə yaxşı
yaşamaq, özü də kişi kimi yaşamaq, mehriban və
xüsusi, bənzərsiz bir ləyaqət sahibi olmaq, insanlara əl
tutmuq, sülh və əmin-amanlıq yaratmaq… həyatının
əsas qayəsini təşkil edir.
Yasif Nəsirlinin yazıçı dili və
üslubu başqalarından həmişə fərqlənib. Bunu görməmək, duymamaq mümkün deyil.
Ədəbiyyat və incəsənət
mühitində, ümumiyyətlə, yaradıcı mühitdə
həmişə yenilik axtaran yazıçı Yasif Nəsirli
psixologiyasında təbiidir ki, yaratmaq istəyi həmişə
diqqət mərkəzində olub.
Vaxtaşırı dövlət tədbirləri ilə
əlaqədar Asiyanın, Afrikanın, ABŞ-nın,
Avropanın şəhər və kəndlərini gəzən
yazıçı, professor Yasif Nəsirli fikrincə, qlobal
dünyanın strateji mərkəzində insan və onun
psixoloji durumu həmişə əsas olub.
Onun ürəyinin hərarətini verdiyi
"İşıqlı insan" (akademik, xalq
yazıçısı Mirzə İbrahimov haqqında),
"Bir dəstə gül" (professor, yazıçı
Mir Cəlal Paşayev haqqında), "Kərbəla
dostluğu" (akademik Vasim Məmmədəliyev haqqında),
"Yarımçıq bir ömür" (şair Əhəd
Muxtar haqqında) və başqa bu kimi elmi-fəlsəfi
düşüncələri bu gün də maraqla mütaliə
olunur. Yaxud ədibin lirik bir dillə qələmə
aldığı "Qan qardaşları",
"Ağır yük", "Vətən həsrəti"
povestləri, "Ömür" romanı, "Heykəl
ata", "Ata gözləyir", "Gələn Nəbi
kişi idi" hekayələri günümüzün dərdi-səri,
düşüncəsi olaraq qalır. Şübhəsiz,
bu əsərlər hələ çox oxunacaq, çox
müzakirələrə səbəb olacaq. Bunun ən başlıca səbəbi isə millət,
torpaq, dövlət və Vətən sevgisidir.
Azərbaycan MEA-nın akademiki Ə.Daşdəmirovun
yazıçı Yasif Nəsirli ilə bağlı qeydlərində
oxuyuruq: "…Müasirimiz olan bu insan bizim kimi iki quruluşun,
iki zəmanənin, iki əsrin adamıdır. O,
ömrünün çox hissəsini sosializm dediyimiz ictimai
formasiyada yaşayıb-yaratmışdır. Həmişə
ürək ağrısı ilə xatırladığı
atası Mirzə kişini, anası Dilbər xanımı
vaxtsız olaraq o quruluşda itirmişdir. İndi o cəmiyyətdən
əsər-əlamət qalmamışdır… İndi
isə müstəqil dövlət qururuq. Başqa
bir cəmiyyət qururuq.
…Yasif dağılmış, xaraba qalmış
dünyada özünü itirmədi. Əksinə,
özünün mikromühitini yaratmağı bacardı.
Mürəkkəb ictimai-siyasi burulğanlardan
alnıaçıq, üzüağ çıxdı.
Azərbaycan üçün yararlı, dəyərli insan
olduğunu bir daha təsdiq etdi…
Yasif Nəsirli yetkin, sözü
bütöv, kamil əqidəli insandır. Zəhmət adamıdır. Öz
zəhməti, alın təri ilə böyüyüb. Qeyrət sahibidir. O, ev
yıxmaz, ev tikər. Əldən çörək
almaz, çörək verər. Sədaqəti
ilə ad-san çıxarmışdır. Könlü-gözü toxdur. Qazanıb
da, itirib də. İtirib də, qazanıb
da. Yazıçı yaşadığı
dövrün canlı ensiklopediyasıdır…
Respublikanın Milli Təhlükəsizlik
Nazirliyinin məxfi arxivində saxlanılan "Yasif Nəsirli
qovluğu"nu vərəqləsək, daha ciddi və maraqlı
məqamlara rast gəlmək mümkündür. Yazıçı Vətənin ən çətin
və qanlı günlərində müstəqil Azərbaycanın
qurulmasında iştirak edib, ulu öndərimiz Heydər
Əliyev məktəbini - auditoriyasın tərk etməyib,
ona sadiq olub. Bu özü də çətin
və ölüm-dirim günlərində
çıxarılan ən ciddi və möhkəm mənəvi
hökmlərdən biri olub. Bir
anlığa qələmini süngüyə çevirərək,
Qarabağ torpaqlarında düşmənlə, erməni
separatçıları ilə üz-üzə dayanıb,
vuruşub, yaralanıb.
Müstəqil Azərbaycan dövlətinin
qurulmasında ömrü dinclik bilməyən, rahatlıq
görməyən yazıçı, fədakar çekist
Yasif Nəsirlinin öz payı var, öz haqqı var.
Dünyanın otuzdan artıq ölkəsində olan
yazıçı Yasif Nəsirlinin səsini,
sorağını ölkə parlamentindən eşitdik. Millət
vəkili Yasif Nəsirli…
Mən əməkdar incəsənət xadimi, yazıçı
Yasif Nəsirli dünyasına, taleyinə nəzər
saldım, gücüm çatan sözü dedim. Amma deyilməmiş çoxlu sözüm qaldı.
Qoy qalsın. Çünki irəlidə hələ
yüzillik var…
Rövşən
Novruzoğlu
professor
Ədəbiyyat
qəzeti.- 2013.- 13 dekabr.- S.7.